Milli Məclisin növbədənkənar sessiyası keçirilmişdir

İyunun 10-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyası keçirilmişdir. 
Milli Məclisin sədri Oqtay Əsədov sessiyanı açıq elan etmiş, Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Sessiyada əvvəlcə cari məsələlərə baxılmış, O.Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanmışdır. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında" Qanuna və Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər barədə məlumat vermişdir. "Əmək pensiyaları haqqında" Qanuna təklif edilən dəyişikliyin mahiyyətini açıqlayan komitə sədri bildirmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yuxarı həddinin 65 yaş müəyyənləşdirilməsi ilə əlaqədar parlamentdə aparılan müzakirələrdə bir sıra deputatlar qeyd etmişdilər ki, elmi-tədqiqat institutlarında və ali məktəblərdə 65 yaş senzinin tətbiqi müəyyən problemlər yarada bilər. Hazırkı dəyişiklik işləməyən alimlərin əmək pensiyasının artırılmasına xidmət edir. Layihəyə görə, elmi-tədqiqat və ya təhsil müəssisəsində 25 il iş stajı olan və pensiyaya çıxan elmlər doktorunun əmək pensiyasının baza hissəsinə 200 manat, fəlsəfə doktorunun, yəni elmlər namizədinin əmək pensiyasının baza hissəsinə isə 120 manat əlavə ediləcəkdir.
Əmək Məcəlləsinin 4-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən isə, "Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi tədqiqat müəssisələrinə şamil edilmir".
Müzakirələrdən sonra hər iki qanuna təklif olunan dəyişiklik səsə qoyularaq təsdiqləndi.
Sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məhkəmə-hüquq islahatları nəticəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər barədə məlumat vermişdir. Bildirilmişdir ki, artıq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə və Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə mövcud olmadığına görə bu ifadələr "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanundan çıxarılır. Həmçinin "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinə dəyişiklik edilərək yalnız hərbi prokurorluğun hərbi qulluqçularının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlar barəsində müəyyən tədbirlərin tətbiq olunması qüvvədə saxlanılır.
Komitə sədri bildirmişdir ki, məhkəmə-hüquq islahatları ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Cinayət və Mülki məcəllələrinə, həmçinin "İcra məmurları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "İcra haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunlara, Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli qanunu ilə təsdiq edilmiş "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi, o cümlədən "Azərbaycan Respublikası Ali Məhkəməsi və İqtisadi Məhkəməsi hakimlərinin xidməti vəsiqəsinin nümunələrinin təsdiq edilməsi haqqında" Milli Məclisin 2000-ci il 30 sentyabr tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi təklif olunur. Qeyd edilmişdir ki, miqrasiya məsələlərinin tənzimlənməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə təklif olunan digər bir dəyişiklikdə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri ölkəyə dəvət etmiş və onlara yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları üçün də məsuliyyət müəyyən edilir.
Deputatlar bu dəyişikliklərin ölkənin qanunvericilik sisteminin inkişafına xidmət etdiyini nəzərə alaraq onları təsdiq etmişlər.
Axşam iclasında "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə məsələ müzakirə olunmuşdur. Dəyişiklikdə deyilir ki, qaçqın vəsiqəsinin və yol sənədinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Bu məbləğ 5 manatdır və bundan sonra gələ biləcək qaçqınlara şamil olunacaqdır.
Bu dəyişiklik də təsdiq olunduqdan sonra Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər haqqında məlumat vermişdir. Vitse-spiker bildirmişdir ki, sənədin 106-cı, 122-ci, 164-cü və 183-cü maddələrinə dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur.
Məcəllənin 106-cı maddəsinə edilən əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin mülkiyyətində olan törəmə müəssisələrin birinin balansından digərinin balansına əvəzsiz verilən aktivlərin, o cümlədən digər hüquqi şəxsə əvəzsiz verilmiş əsas vəsaitlərin dəyəri, neft-qaz ehtiyatları ilə bağlı sazişlərə uyğun olaraq əsas fondların, daşınan əmlakın və digər aktivlərin ölkəmizi təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar vergidən azad olunur.
Məcəllənin ödəmə mənbəyində dividenddən vergi tutulmasından bəhs edən 122-ci maddəsinə də əlavələr olunacaqdır. Bu əlavədə deyilir: "Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur".
Qanun layihəsinin 183-cü maddəsinə edilən əlavələrdən danışan komitə sədri vurğuladı ki, aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, aksizi malın sahibi (sifarişçi) ödəyəcəkdir.
Çıxış edən deputatlar bu dəyişikliklərin neft sektorunun inkişafına müsbət təsir edəcəyini vurğulamışlar. Layihə səsə qoyularaq qəbul edilmişdir.
İclasda "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişikliklər edilməsi barədə məsələyə də münasibət bildirilmişdir. İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirmişdir ki, 1992-ci ildə qəbul olunmuş bu qanuna edilən dəyişikliklər onun təkmilləşdirilməsi məqsədi daşıyır. Sənəddə bir sıra prinsipial dəyişikliklərlə yanaşı, texniki düzəlişlər edilməsi də nəzərdə tutulmuşdur.
Müzakirələr zamanı dinin məktəblə münasibəti, İslam dini qurumlarının Qafqaz Müsəlmanları İdarəsinə hesabat təqdim etmələri, dini qurumların nizamnamələri, onların dövlət qeydiyyatına alınması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Müzakirələrin sonunda dəyişikliklər səsə qoyularaq qəbul edildi. Bununla da Milli Məclisin iclası başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında