Şriftin ölçüsü:
27.05.2011 09:59 | Oxunma sayı: 597
Azərbaycanın Belçika Krallığındakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə və Avropa Parlamentinin nüfuzlu deputatlarından olan Böyük britaniyalı Qraham Vatsonun himayəsi ilə mayın 25-də Avropa Parlamentində "Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbirdə Avropa Parlamentinin bir sıra üzvləri və katibliyin rəsmiləri, Brüsseldəki diplomatik korpusun təmsilçiləri və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
"Dəyirmi masa"da çıxış edən Avropa Parlamentinin Latviyadan olan üzvü xanım İnese Vaydere və Almaniyadan seçilmiş türk əsilli deputat İsmayıl Ərtuğ Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində ölkəmizin geosiyasi baxımdan əhəmiyyəti, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd etmiş və eləcə də əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın dünyəvi və müasir bir dövlət olduğunu diqqətə çatdırmışlar. Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş əraziləri və məcburi köçkünlərdən bəhs etmiş deputatlar beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bildirmiş və Avropa İttifaqının münaqişənin tezliklə həllinə öz fəal dəstəyini verməli olduğunu bəyan etmişlər. Azərbaycan xalqının dünya mədəniyyətinin zənginləşməsi və elmin tərəqqisinə verdiyi töhfələri xatırlatmış Qraham Vatson Cənubi Qafqazda mövcud mürəkkəb siyasi durum haqqında fikirlərini bölüşmüş və bu mənada xüsusilə Azərbaycan torpaqlarının işğal olunması faktını önə çəkmişdir. O, Azərbaycan və Avropa İttifaqı arasında bütün məsələlər, o cümlədən demokratiya və insan haqları sahəsində açıq və davamlı dialoqun vacibliyini vurğulamışdır.
Azərbaycandan bu "dəyirmi masa"ya qatılmış Milli Məclisin deputatı və Avronest Parlament Assambleyasının üzvü Azay Quliyev Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafı sahəsində artıq qət olunmuş yolu və əldə olunmuş nailiyyətləri iştirakçıların diqqətinə çatdırmış və Avropa Qonşuluq Siyasəti və xüsusilə Şərq Tərəfdaşlığının təqdim etdiyi yeni əməkdaşlıq perspektivlərini qeyd etmişdir. Deputat Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkarlıq və etnik təmizlə siyasətinin doğurduğu ağır nəticələri vurğulamış və avropalı həmkarlarını münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə həllinə dəstək verməyə çağırmışdır. O, bundan əlavə Avropa Parlamentinin mayın 12-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin Azərbaycan ictimaiyyəti və eləcə də Milli Məclis tərəfindən qərəzli və birtərəfli sənəd kimi qəbul edildiyini söyləmiş və Avropa İttifaqının tərəfdaşı olan Azərbaycanla qətnamə dilində danışılmasının qəbuledilməz olduğunu göstərmişdir.
Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işlərdən bəhs etmiş və Avropaya inteqrasiya sahəsində vətəndaş cəmiyyəti qurumlarının üzərinə düşən işlərdən danışmışdır. O da öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əksəriyyəti üçün bir nömrəli məsələ olduğunu bildirmiş və Azərbaycan torpaqlarının işğalının və məcburi köçkünlər probleminin digər sahələr kimi vətəndaş cəmiyyətinin tam şəkildə inkişafına mənfi təsir etdiyini söyləmişdir.
Azərbaycan Respublikasının Belçikadakı səfiri və Avropa İttifaqı yanında nümayəndəsi Emin Eyyubovun da iştirak etdiyi maraqlı və məzmunlu müzakirələr zamanı Avropa İttifaqı-Azərbaycan münasibətlərinin müxtəlif sahələrini əhatə edən mövzulara dair səsləndirilmiş suallar cavablandırılmışdır. Brüsseldə fəaliyyət göstərən iki erməni təşkilatının tədbirdə iştirak etmiş təmsilçilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanıldıcı fikirləri və təhrikedici suallarına azərbaycanlı natiqlər tərəfindən tutarlı cavablar verilmişdir. Bu cavablar qarşısında erməni iştirakçı yenidən Dağlıq Qarabağ münaqişəsinə dair ancaq özlərinin inandığı məlum tarixçəni təqdim etməyə başladıqda isə onun çıxışı tədbirə sədrlik etmiş Qraham Vatson tərəfindən yarımçıq kəsilmişdir. "Dəyirmi masa"ya yekun vurmuş Qraham Vatson aparılmış müzakirələri yüksək qiymətləndirmiş və tərəflərin bir-birini daha yaxından dərk etmələri üçün belə tədbirlərin gələcəkdə vaxtaşırı təşkilinin təşviqini əhəmiyyətli saymışdır.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.