Yerji Buzek: "Azərbaycan Avropa İttifaqı üçün önəmli ölkədir"

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin sədri Yerji Buzek mayın 20-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Oqtay Əsədov demişdir ki, Avratlantik məkana inteqrasiya müstəqil Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir: "Əvvəllər münasibətlərimiz ölkəmizə yardımlar səviyyəsində idisə, bu gün bu münasibətlər qarşılıqlı əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. İndi Azərbaycan bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək qlobal layihələrin fəal iştirakçısı və təşəbbüskarıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi sisteminə öz töhfəsini verir. Ümid edirik ki, sizin bu səfəriniz əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacaqdır."
Milli Məclisin sədri bildirmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" münasibətlərimizin hüquqi bazasını təşkil edir: "Azərbaycan "Avropa qonşuluq siyasətinə" qoşulduqdan sonra siyasi əməkdaşlıq daha dinamik xarakter almışdır. "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əlaqələrimiz də yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan proqrama üzv ölkələrin parlament məclisinin - Avronest PA-nın təsisçilərindən biridir. Bu qurumun fəaliyyətə başlaması Avropa Parlamenti ilə əlaqələrimizdə yeni mərhələ açmışdır."
O.Əsədov qeyd etmişdir ki, Azərbaycan insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. Konstitusiyamızın üçdə bir hissəsi insan hüquqlarına həsr olunmuşdur. Ölkədə Avropa standartlarına uyğun qanunvericilik bazası formalaşmışdır. İnsan haqlarının qorunması və demokratikləşmə sahəsində görülən işlər Azərbaycanın milli maraqlarına əsaslanır.
Ötən il mayın 20-də Avropa Parlamentində "Cənubi Qafqaz üzrə Avropa İttifaqı strategiyasına ehtiyac" adlı qətnaməni və bu il aprelin 7-də qəbul edilmiş "Avropa qonşuluq siyasəti - Şərq ölçüsünün icmalı" adlı sənədləri yüksək qiymətləndirən O.Əsədov demişdir ki, bu sənədlərdə Ermənistan qoşunlarının Dağlıq Qarabağdan geri çəkilməsi tələbinin, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının vacibliyinin vurğulanması çox önəmlidir.
Milli Məclisin sədri demişdir ki, münasibətlərimizin yüksək səviyyədə inkişaf etdiyi bir vaxtda bu ayın 12-də insan hüquqları ilə bağlı məsələnin Avropa Parlamentinin müzakirəsinə çıxarılması bizim üçün gözlənilməz olmuşdur. Bu məsələ ilə əlaqədar Milli Məclis Avropa Parlamentinə müraciət edərək narahatlığını ifadə etmişdir: "Biz bu cür məsələlərin Avronest PA kimi təşkilat çərçivəsində müzakirəsinin tərəfdarıyıq. Demokratiyanın inkişafı, Avropaya inteqrasiya Azərbaycan xalqının öz seçimidir. Hesab edirik, hətta inkişaf etmiş ölkələrdə rast gəlinə biləcək müəyyən qüsurlara baxmayaraq, biz tutduğumuz yolda əhəmiyyətli nailiyyətlər əldə etmişik. İnanırıq ki, Avropa Parlamenti ilə əlaqələrimiz bundan sonra da inkişaf edəcəkdir."
Avropa Parlamentinin sədri Yerji Buzek ölkəmizə səfərindən məmnun qaldığını söyləmişdir. O, demişdir: "Qədim və zəngin ənənələrə malik Azərbaycan Avropanın çox dəyərli bir ölkəsidir. Burada olmaq, azərbaycanlı həmkarlarla fikir mübadiləsi aparmaq mənim üçün çox xoşdur. Ümid edirəm ki, səfərim çərçivəsində keçirdiyim görüşlər və müzakirə etdiyim məsələlər hər iki tərəf üçün əhəmiyyətli olacaqdır".
Qonaq ölkəmizin yerləşdiyi bölgədəki proseslərlə səfər zamanı yaxından tanış olduğunu diqqətə çatdırmış və əminliyini bildirmişdir ki, aparılan müzakirələr tərəflər üçün əhəmiyyətli olacaqdır.
Yerji Buzek Avropa Parlamentinin Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəklədiyini xüsusi qeyd etmişdir.
Görüşdən sonra Milli Məclisin sədri Oqtay Əsədov və Avropa Parlamentinin sədri Yerji Buzek kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında