Çexiya Respublikasının Prezidenti Vatslav Klausun Azərbaycana rəsmi səfəri

Gəncə beynəlxalq hava limanında qarşılanma

{nl}

Çexiya Respublikasının Prezidenti Vatslav Klaus Azərbaycana rəsmi səfəri çərçivəsində mayın 19-da respublikamızın şimal-qərb bölgəsində olmuşdur. 
Gəncə beynəlxalq hava limanında Çexiya dövlətinin başçısı Vatslav Klausu və xanımı Liviya Klausovanı Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər rəsmi şəxslər qarşıladılar.
Prezident Vatslav Klaus və onu müşayiət edən nümayəndə heyəti buradan Şəkiyə yola düşdülər.
Şəki şəhəri ilə tanışlıq
Çexiya Prezidenti Vatslav Klausun və onu müşayiət edən nümayəndə heyətinin Şəki ilə tanışlığı Kiş kəndindəki qədim Alban məbədindən başlandı.
Şəki ictimaiyyətinin nümayəndələri ali qonağı hərarətlə qarşıladılar.
Çexiya Prezidentinə və xanımına məlumat verildi ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Qeyd olundu ki, əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında burada Azərbaycan-Norveç birgə "Kiş" layihəsi üzrə bərpa işlərinə başlanmış, 2003-cü ilin sentyabında məbədin açılışı olmuşdur. Layihə məşhur norveç alimi Tur Heyerdalın dəstəyi ilə həyata keçirilmişdir. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün məbədin qarşısında onun büstü ucaldılmışdır. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Məbədin həyətindəki ilkin orta əsrlərə aid sərdabələr, içərisində olan tunc dövrünə aid müqəddəs qəbir, Yaloylutəpə mədəniyyətinə aid nümunələr qonaqların xüsusi marağına səbəb olmuşdur.
Qonaqlar məbədin həyətində xatirə şəkli çəkdirdilər.
Sonra Çexiya Prezidenti və xanımı Azərbaycan memarlığının şah əsərlərindən olan Xan sarayını ziyarət etdilər. Qonaqların diqqətinə çatdırıldı ki, Şəki xan sarayı XVIII əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının nadir incisi hesab olunan saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilmişdir. Qeyd olundu ki, inşaat texnologiyasına görə dünyada bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmamışdır. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. Sarayın divar rəsmləri əsasən həndəsi və nəbati naxışlardan ibarətdir. İkinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüş və ov səhnələri xüsusilə böyük maraq doğurur. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunmuşdur. Çexiya dövlətinin başçısı və xanımı sarayın eyvanından Şəkinin qədim məhəllələrinin mənzərəsini maraqla seyr etdilər. Sonra Prezident Vatslav Klaus sarayın fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Ali qonağa Xan sarayına aid kitab hədiyyə olundu.
Daha sonra Çexiya Prezidenti və xanımı "Yuxarı karvansara" mehmanxana kompleksi ilə tanış oldular. Məlumat verildi ki, Şərq memarlığı üslubunda tikilmiş mehmanxana kompleksi şəhərin "Yuxarı baş" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Karvansara XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmişdir. Ümumi sahəsi 6 min kvadratmetr olan kompleks 300-ə yaxın otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarada ticarətlə məşğul olurmuşlar. Bu kompleks öz ölçülərinə və həcminə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansaradır. Hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.
Çexiya Prezidenti və xanımı şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlıya hədiyyə təqdim etdilər.
Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova qədim Şəki şəhəri ilə tanışlıqdan çox məmnun qaldıqlarını bildirdilər. Qeyd olundu ki, füsunkar təbiətə malik, yüksək qonaqpərvərliyi ilə seçilən bu qədim diyarda tarixi abidələrin qorunub saxlanmasına, sənətkarlığın inkişafına göstərilən diqqət xüsusilə ürəkaçandır. Qonaqlar, eyni zamanda, Xan sarayının, "Yuxarı karvansara"nın gözəlliyinə heyran qaldıqlarını, bu tarixi abidələrin çox cəlbedici olduğunu bildirdilər.
Şəkidən xoş təəssüratla ayrılan Çexiya Prezidenti Vatslav Klaus və onu müşayiət edən nümayəndə heyəti həmin gün Gəncə şəhərinə qayıtdı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında