Şriftin ölçüsü:
15.05.2011 07:42 | Oxunma sayı: 420
"Azərbaycan seçdiyi demokratiya yolu ilə inamla və ardıcıl olaraq irəliləməkdədir. Demokratiya, insan hüquqları, söz və mətbuat azadlığı ümumi dəyərlər kimi Azərbaycan cəmiyyətinin də dəyərlər sisteminin tərkib hissəsinə çevrilib. Ölkənin son illər ərzində müşahidə olunan dinamik inkişafında sözügedən dəyərlərin rolunu görməmək mümkün deyil". Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni APA-ya şərh edərkən deyib.
Ə. Əhmədov bildirib ki, cəmiyyətin modernləşməsi siyasəti eyni zamanda siyasi sistemin daha da təkmilləşməsi, demokratiya və insan hüquqlarının dərinləşməsi kimi mütərəqqi meyllərlə müşayiət olunur: "Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan bütün bu sahələrdə Avropa qurumları ilə sıx əməkdaşlıq edir. Əgər sözügedən sahələrdə ölkəmiz Avropanın nüfuzlu qurumları ilə, o cümlədən Avropa İttifaqı ilə geniş əməkdaşlıq xətti götürübsə, deməli niyyət demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi fundamental dəyərlərin daha da inkişaf etdirilməsindən ibarətdir".
Ə. Əhmədov təəssüflə deyib ki, bir sıra halda Azərbaycanın xoş niyyətlərlə əməkdaşlıq əlaqələri qurduğu təşkilatlar ölkənin reallıqlarını təhrif edən və qərəzliliyi ilə seçilən hesabatlar hazırlayır, qətnamələr qəbul edir: "Avropa Parlamentinin son sessiyasında Azərbaycanla bağlı qəbul edilən qətnaməni də deyilən kateqoriyaya aid etmək olar. Qətnamədə Azərbaycanla bağlı səsləndirilən "ittihamların" həqiqətə uyğun olmadığını sübut etməyə bəlkə də ehtiyac yoxdur. Ancaq onu vurğulamaq istəyirəm ki, əməkdaşlığı uğurla davam etdirmək üçün tənqid yolu - xüsusən də o, qərəzli və qeyri-obyektiv olanda - heç də seçilən yol düzgün yol deyil. Azərbaycan Avropa İttifaqı ilə bir çox sahələrdə əməkdaşlıq layihələrini həyata keçirir. Ölkəmiz Avropa İttifaqının "Qonşuluq siyasətinin", "Şərq tərəfdaşlığı proqramının" fəal iştirakçısıdır, "Euronest" təşkilatının təsisçi ölkələrindən biridir. 2010-cu ildən etibarən siyasi dialoq, azadlıq və təhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutan assosiativ saziş üzrə danışıqlar aparılır. Görünür, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın Avropa İttifaqı ilə genişlənən əməkdaşlığına zərbə vurmaq məqsədi güdür. Bu, Avropa Parlamentinin prezidentinin Azərbaycana gözlənilən səfəri ərəfəsində xüsusilə düşündürücüdür. Avropalı parlamentarilərin bu əməkdaşlığa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən etibarlı partnyorluğuna sayğısız yanaşması başqa məqamlardan da xəbər verir. Mən burada siyasi təzyiq elementlərini də açıq görürəm. Hər hansı ciddi araşdırmalar aparmadan, reallığı kobud şəkildə təhrif etməyə gətirib çıxaran şişirtmələrlə Azərbaycanda insan haqları və söz azadlığı kimi həssas sahələrdə nöqsanlar "tapıb" ölkəmizə iradlar tutulmasına başqa ad qoymaq mümkün deyil".
Ə. Əhmədov vurğulayıb ki, bütün bunlar Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığına kölgə salır: "İstənilən əməkdaşlıq tərəflərin hər birinin üzərinə öhdəliklər qoyur. Azərbaycan öhdəliklərinə vicdanla yanaşır. Lakin Azərbaycanın məruz qaldığı təcavüzün aradan qaldırılması yolunda əməkdaşlıq etdiyi Avropa İttifaqı hələ ki, bəzi deklorativ bəyanatlardan savayı, ciddi köməklik göstərməyib. Yaşama hüquqları pozulmuş bir milyona yaxın Azərbaycan vətəndaşlarının hüquqlarının bərpa edilməsi istiqamətində də Avropa qurumlarının fəallığı gözə görünmür. Baxmayaraq ki, danışıqları gedən Avropa İttifaqı ilə Azərbaycan arasında assosiativ saziş əsas etibarilə təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutur".
YAP-ın sədr müavininin sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa geniş planda və böyük perspektiv prizmasından yanaşır: "Lakin Avropa Parlamentindəki bəzi qüvvələrin sağlam olmayan tənqidləri, olmayanları axtarıb tapmaq cəhdləri əməkdaşlığın xoş niyyətinin üzərinə kölgə salır, Azərbaycanı istər-istəməz əməkdaşlığın gələcək taleyi ilə əlaqədar düşünməyə vadar edir. Qərəzli münasibət, əsassız ittihamlar atmosferində əməkdaşlığın uğurla davam etdirilməsi ciddi suallar doğurur. Belə şəraitdə, misal üçün, təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı nəzərdə tutan assosiativ saziş üzrə danışıqların davam etdirilməsi mümkündürmü və ya ona ehtiyac qalırmı? Düşünürəm ki, Avropa Parlamentində bəzi deputatların hərəkətləri Azərbaycanı vadar edir ki, sözügedən layihəyə, o cümlədən bəlkə digər layihələrə də, yenidən baxsın, çünki istənilən əməkdaşlıq qarşılıqlı etimada və hörmətə istinad etməlidir. İnanıram ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibətinə yenidən baxacaq, hər iki tərəf arasında əməkdaşlığın gələcəyinə hörmətlə yanaşacaq və bununla da Avropa İttifaqı ilə Azərbaycanın partnyorluq niyyətlərinin maneəsiz reallaşmasına kömək göstərmiş olacaq".
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.