Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının son iş günündə dinlənilən 4 məruzədən biri daha artıq maraq doğurmuşdur.
İsveçrəli deputat F.Con-Kalamın "Biomüxtəliflik və iqlim dəyişikliyi" adlı məruzəsindən yaranan suallar ətrafında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı sənəd aktuallığı ilə seçildiyindən nəşr edilərək yayılmış və AŞPA-nın yaz sessiyasının rəsmi hesabatına daxil edilmişdir.
R.Hüseynovun təqdim etdiyi mətn qlobal təbiət hadisələrini yalnız insan və təbiət münasibətləri baxımından deyil, insan hüquqları və siyasi nöqteyi-nəzərdən də şərh edir: "Bu mövzunun fəlsəfəsi daha dərin və daha ümumbəşəridir, siyasi gedişatın, ictimai həyatın ən müxtəlif sahələrinə aidiyyəti var. Məntiqdənkənar, ümumi qanunauyğunluqlarla uyuşmayan, məlum ahəngi pozan vəziyyətlərdə necə hərəkət etməli? Dünyada havanın istiliyi artdığı kimi, siyasi temperatur da yüksələ, iqlim insanın adət etdiyi çərçivədən kənara çıxdığı kimi, siyasi münasibətlər də yeni zamanın hökmü ilə tamam başqa ölçülər qazana bilər. Bu vaxt nə etməli, necə olmalı, hansı qabaqlayıcı qərarlar qəbul etməli?"
Azərbaycanlı deputat bir neçə gün ərzində bütün dünyada hamını bu və digər dərəcədə narahat etmiş, düşündürmüş hadisə - İslandiya vulkanı ilə əlaqədar yaz sessiyasında ciddi müzakirələr açılmamasını təəssüf hissi ilə qeyd edərək yazır: "Bu məsələ bir tərəfdən ekologiyaya aiddirsə, digər tərəfdən birbaşa iqtisadiyyat və siyasətlə bağlıdır. İslandiya vulkanı yalnız təbiətin şıltağı deyil, həm də hamıya təbiətin verdiyi böyük bir ibrət oldu. Bir neçə gün ərzində ölkələr bir-birindən xeyli uzaqlaşdı, şəhərlər arasında məsafələr böyüdü, həyatın alışdığımız yeyin sürəti səngidi. Vulkanın verdiyi ilk dərs bundan ibarətdir ki, dəyişən dünyada, başqalaşan mühitdə köhnə qaydalarla yaşamaq olmaz və dəyişən aləmə uyğunlaşmanın formaları haqqında fikirləşməliyik.
Yer kürəsi XX yüzilin axırlarından etibarən qlobal dəyişmələr, kataklizmlər dövrünə qədəm qoyub. Qlobal istiləşmə, zəlzələlər, daşqınlar, sellər, tufanlar, ağla gələn və gəlməyən ən çeşidli fəlakətlər intensivləşib. Biz isə əvvəlki qaydada yaşamaqda davam etməkdəyik. Elm, sənaye fövqəladələşən təbii hallarda insanın çaşmaması, daha az itkilərə məruz qalması üçün qüvvələr səfərbər edilməlidir. Sabah hansısa başqa ölkədə daha bir güclü vulkanın püskürməyəcəyinə, ya ayrı oxşar hadisənin təzahür etməyəcəyinə heç kəs zəmanət verə bilməz. Yenə bir günün içərisində minlərlə reys ləğv edilməli, milyonlarla insan aeroportların çarəsiz dustağına çevrilməlidirmi? Uçuş və eniş imkanları planetin təklif etdiyi yeni ekstremal şəraitlərə uyğun hava nəqliyyatının yaradılması, mövcudlarının təkmilləşdirilməsi istiqamətində ardıcıl iş aparılması artıq təxirə salmadan üzərində çalışılmalı ümdə vəzifələr kimi ortaya çıxır. Yaxud baş verəcəyi gözlənilən bu cür fəlakətlər zamanı alternativ nəqliyyat vasitələri irəlicədən səfərbər edilməli, total hərəkətsizlik şokundan çıxmağa hadisə baş verəndən sonra başlanmamalıdır".
Parlament Assambleyasındakı ən fərqli mövzularda çıxışları zamanı və yaydığı sənədlərdə adətən Dağlıq Qarabağ problemi, Ermənistanın ölkəmizə təcavüzü məsələsinə toxunan R.Hüseynov bu dəfə də həmin ənənəyə sadiq qalmışdır: "Superdövlətlər də, çox böyük olmayan ölkələr də bircə vulkanın törətdiyi toz buludları qarşısında aciz qaldı. Mənim ölkəm - Azərbaycan İslandiya vulkanından məsafəcə xeyli uzaqdır. Lakin biz də o vulkan buludlarının fəsadlarından əziyyət çəkdik. Biz də günlərlə uça bilmədik, əlaqələrimiz qırıldı, planlarımız pozuldu. Çünki dünyanın hissələri minbir tellə bir-birinə bağlıdır.
Lakin bizim də öz arzuolunmaz vulkanımız vardır. Həm də İslandiya vulkanından daha dəhşətli və illərdən bəri fasiləsiz püskürən vulkan. Azərbaycan 20 ilə yaxındır ki, dünyanın siyasi həyatında özünəməxsus bir fəlakət olan qonşu Ermənistanın yaratdığı, təbiətin deyil, insana qənim təcavüzkarın törətdiyi vulkan lavaları və tozlarından zillət çəkir. İslandiya vulkanından məhz nə şəkildəsə özü də azacıq olsa belə əziyyətə düçar olduğundan dünyada hər kəs xəbər tutdu və arzuladı ki, bu pis hadisə tez sovuşsun. Amma Ermənistanın doğurduğu, milyonlarla insanın müsibətinə bais olan müharibə, işğal vulkanı haqqında illərdən bəri nə qədər danışsaq, yazsaq, dünyanı məlumatlandırmağa çalışsaq da, səsimiz lazımınca eşidilmir. Faciəni dərk etmək, başqalarının acısına həmdərd olmaq üçün məgər mütləq həmin faciəyə özün də düçar olmalısan? Bəlkə İslandiya vulkanının hamıya təsir edən fəsadlı tozları hər halda yaxşı bir iş də görəcək? Dünyanı, Avropanı bizim vəziyyətimizdə olan, münaqişələrin, müharibələrin, təcavüzlərin vulkanlarından əzab çəkənlərin halını duymağa, bununla bağlı qəti tədbirlər görməyə sövq edəcək? Amma arzu edərdik ki, belə dərsləri dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar vulkanların yaratdığı toz buludlarından, bu cür qlobal bədbəxtliklər törədən fəlakətlərdən almasınlar. Vicdanın, həqiqətin, ədalətin, qanunun səsinə qulaq asaraq hərəkətə gəlsinlər".
Deputatımızın mövqeyi assambleyada maraqla qaşılanmışdır.
{nl}
Əsgər ƏLİYEV AzərTAC-ın xüsusi müxbiri
Strasburq
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.