Azərbaycanın haqq işi qalib gələcək

Ermənistan "Sürix protokolu"nun ratifikasiyasını dayandırmaqla regionda sülhə və tərəqqiyə böyük təhlükə olduğunu bir daha təsdiqlədi
Dövlətimizin sosial-iqtisadi inkişafı və siyasi qətiyyəti beynəlxalq aləmdəki erməni lobbisinin və türk bədxahlarının sərsəmləmələrinin yaratdığı cəfəng auranı tamamilə alt-üst edir. Bu gün dünyanın elə bir guşəsi yoxdur ki, Azərbaycan həqiqətləri layiqincə qiymətləndirilməsin. İstənilən beynəlxalq təşkilatda bizim regionla bağlı məsələ gündəliyə çıxarılırsa, ilk növbədə Azərbaycan və Türkiyənin mövqeyi öyrənilir, maraqları nəzərə alınır. Bəzi siyasi dairələrdə sözü keçən erməni lobbisinin diktəsi ilə İrəvanın başını tumarlayanlar isə son nəticədə yaxşılıq etmək istədikləri xalqa pislik etmiş olurlar. Bunu Ermənistan prezidentinin Vaşinqtona səfərindən sonra atdığı addımlar bir daha sübut etdi. Yazının ilk abzasında qələmə aldığımız məqamlar barədə bir qədər ətraflı şəkildə söz açaq.
Əvvəlcə Azərbaycan dövlətinin siyasətini və dövlət başçımızın fəaliyyətini yüksək qiymətləndirən üç ünvandan eşitdiyimiz soraqları yada salaq. Əslində, bu üç ünvan elə bütövlükdə dünya deməkdir: Avropa, Rusiya Federasiyası və ABŞ. Sıralamanı bu şəkildə qələmə alsaq da, eşitdiyimiz soraqların yada salınmasına ABŞ-dan başlayaq. Bu ölkədəki nüfuzlu "Haffinqton Post" qəzeti Azərbaycan həqiqətləri barədə söz açarkən ABŞ konqresmenlərindən və siyasətçilərindən fərqli olaraq müstəqil münasibət bildirmək nümunəsi göstərirlər. Yəni onlar hansısa cümləni qələmə alarkən hansısa erməni milyarderinin arzusunu, istəyini yazmır, kiminsə əlinə baxmırlar. "Haffinqton Post" yazır: "Azərbaycan tərəqqipərvər, müxtəlif mədəniyyətlərin təmsilçisi olan insanların yaşadığı açıq, dünyəvi ölkədir. Yeni infrastruktura malik bu postsovet respublikasında vətəndaşlar yaxşı maaşlı işlərlə, hər cür rahatlıqla təmin olunmuşlar. Prezident İlham Əliyev Azərbaycanı tərəqqiyə aparan geniş infrastruktur, sosial xidmət, sənaye və kənd təsərrüfatı, habelə müasir yollar, neft-kimya və enerji sahələrində möhtəşəm layihələrin təşəbbüskarıdır. İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sabitlik, davamlı iqtisadi inkişaf hökm sürür, ölkənin beynəlxalq aləmdə nüfuzu getdikcə artır, Azərbaycan Avratlantik məkana uğurla inteqrasiya edir".
Bəs bu qəbildən olan təqdiredici fikirlərin hansınısa Ermənistana şamil etmək mümkündürmü? Əsla yox. Çünki indi Ermənistana prezidentlik edən Serj Sarkisyan bu ölkəni tənəzzülə aparan qorxunc yolu başlayanlardan biridir. Sarkisyan Ermənistanın iqtisadi imkanlarının bir hissəsini ələ keçirmiş, bir hissəsini şirkətlərə satmışdır. Ordudakı dözülməz şərait erməni əsgərlərini nəinki regionun başqa ölkələrinə, hətta müharibə vəziyyətində olan Azərbaycana qaçmağa məcbur edir. Bu son 6 ayda daha intensiv şəkil almışdır. Çörək qazanmaq üçün hansısa ölkəyə üz tutmaq istəyən mülki vətəndaşlar isə hökuməti tərəfindən həlli mümkün olmayan bir problemlə üz-üzə qoyulur. Bir tikə çörək dalınca xaricə getmək istəyənlərdən tələb edilir ki, dövlətin büdcəsinə 1000 (min) dollar ödəsin. Onların bu qədər pulu olsaydı, xaricdə nə ölümləri vardı? Serj Sarkisyan siyasətçi olmadığını bir də onunla sübut etdi ki, Vaşinqtonda görüşlərdən ruhlanaraq İrəvana qayıdan kimi "Sürix protokolu" kimi tarixə düşmüş sənədi parlamentin müzakirəsindən geri çağırdı. Vaşinqton Ermənistanı iqtisadi tənəzzüldən xilas etmək üçün Türkiyə-Ermənistan sərhədlərinin açılması təşəbbüsü ilə çıxış edir, Ankaraya müxtəlif təsirlər göstərməyə çalışırdı. Ermənistan prezidenti isə öz xalqı üçün açılacaq bu boyda perspektivin üstündən xətt çəkdi. Bu addımla Ermənistanın iqtisadi böhranını qat-qat dərinləşdirən Sarkisyan növbəti dəfə öz xalqının qəzəb və nifrətini qazandı. "Serj, bu sərhədlərin açılması sənə yox, erməni xalqına lazım idi. Sənin ehtiyacın olmadığına görə xalqı daha ağır bəlalara düçar etdin. Bu günahları yuya bilməyəcəksən". Müxalifətin önündə gedən erməni ziyalıları Sarkisyanın "Sürix protokolunu" arxivə göndərməsi müqabilində belə deyirlər.
Müraciət edəcəyimiz ikinci ünvandan eşitdiyimiz məlumatlara diqqət edək. Rusiya Federasiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsi üçün rəsmi Bakının mövqeyini açıq şəkildə dəstəkləyir. Hətta, Moskva Azərbaycanın belə bir təşəbbüsünə də müsbət cavab verir ki, Minsk qrupu həmsədrlərinin sırasına Türkiyə Cümhuriyyəti də əlavə edilsin. İrəvan isə küsmüş uşağın hər şeydən imtina etməsini xatırladan şıltaq addımlarını davam etdirir: yeniləşmiş Madrid prinsiplərinə münasibət bildirmir, Türkiyənin həmsədrliyinə "hə" və ya "yox" demir, sərhədlərin açılması məsələsini tarixin arxivinə göndərir, Azərbaycana "hər hansı hərbi müdaxilənin yolverilməz olduğunu" təmin edəcək saziş təklifi göndərir, həmin təklifin ertəsi günü Dağlıq Qarabağda "parlament seçkiləri" keçirmək üçün qərar verir və sairə. Bir sözlə, Moskvadakı erməni icması rəhbərlərinin dediyi kimi, Sarkisyan sadəcə başını itirib.
Şimal qonşumuzdan aldığımız başqa bir məlumat isə Rusiya Milli Demokratik Federativ Hərəkatının lideri Pyotr Xomyakovun Azərbaycan həqiqətləri barədə söylədikləridir. Rusiyalı siyasətçinin fikirlərinə diqqət edək: "Prezident İlham Əliyev öz ölkəsinin maraqlarını güclü qoruyur. Bunu onun Dağlıq Qarabağ məsələsi ilə bağlı tutduğu mövqedən və bu istiqamətdə apardığı danışıqlardan aydın görmək olar". Görünür cənab Xomyakov Azərbaycan Prezidentinin öz xalqının mənafeyinin hətta ən güclü dövlətlərin rəhbəri və ən mötəbər beynəlxalq təşkilatların rəsmiləri ilə görüşlərdə də qətiyyətlə qoruduğunu, heç nədə güzəştə getmədiyini nəzərdə tutur. Xüsusən, son bir ildə Prezident İlham Əliyevin nümayiş etdirdiyi lider qətiyyəti ona nəinki regionda, hətta, bütün türk dünyasında və postsovet məkanında böyük nüfuz qazandırmışdır.
Nəhayət, yuxarıda sadaladığımız üç ünvandan sonuncusu - Avropa barədə. Əslində, Avropa ölkələri Azərbaycana, dövlətimizin haqq səsinə olan münasibətini son 15 ildə dönə-dönə nümayiş etdirib. Prezident İlham Əliyev Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri olduğu illərdə qurumda Ermənistanın işğalçı ölkə kimi tanınmasını təklif etmiş, bu məsələnin müzakirəsinə nail olmuşdu. Başda qardaş Türkiyənin təmsilçiləri olmaqla ədalətli Avropa deputatlarının hamısı bu təklifə müsbət rəy vermiş, AŞPA Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etmişdi. Dünən razılaşdığı məsələdən bu gün imtina edən, dünən eşitdiyi faktı bu gün yalana çıxarmağa çalışan ermənilər ötən ay AŞPA-nın həmin tarixi sənədinə də şübhə ilə baxmağa başlamışdılar. Həmişəki kimi çox gec oyanmışdılar. Bu, ötən ay olmuşdu. AŞPA sədri cənab Mövlud Çavuşoğlu isə Azərbaycan həqiqətləri barədə söz açarkən yüksək təqdiredici fikirlər söyləmiş, ölkəmizin müstəqillik əldə etdikdən sonrakı qısa vaxt ərzində çox böyük məsafə qət etdiyini dilə gətirmişdir.
Göründüyü kimi, ABŞ, Rusiya və Avropadan gələn soraqların hamısında Azərbaycanın haqq işi dəstəklənir, ölkəmizin uğurları təqdir olunur. Bunun arxasında isə bir həqiqət dayanır - Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyəti, siyasi kursun düzgün qurulması və lazım olan şəkildə icra edilməsi və ən başlıcası dövlət başçısının xalq tərəfindən ən yüksək səviyyədə dəstəklənməsi. Azərbaycanın bugünkü uğurlarının səbəbi məhz həmin amillərdir.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında