Şriftin ölçüsü:
15.04.2011 05:09 | Oxunma sayı: 708
Aprelin 13-də günün ikinci yarısında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Tomas Hammarberqin rəhbərlik etdiyi təşkilatın 2010-cu ildəki fəaliyyəti ilə bağlı hesabatı dinlənilmişdir. Sonra komissar ona ünvanlanmış suallara cavab vermişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Rafael Hüseynov da T.Hammarberqə sualla müraciət etmişlər.
Qənirə Paşayeva soruşmuşdur: AŞ məkanında ən böyük insan haqları pozuntularından biri - 20 ilə yaxındır ki, öz evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən tapdanan hüquqlarının bərpası istiqamətində insan hüquqları üzrə komissar kimi hansı işləri görürsünüz və ya görməyi planlaşdırırsınız? Bu insanların hüquqları Ermənistan tərəfindən kobud şəkildə pozulmaqda davam edir. Eyni zamanda, mən sizin diqqətinizə bir məsələni də çatdırmaq istəyirəm. Bu il martın 8-də erməni snayperi Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovu hədəfə alaraq qətlə yetirmişdir. Tək övladını itirmiş ana sizdən bir insan hüquqları komissarı kimi bu cinayəti törədənlərin layiqli cəzasını alması istiqamətində dəstək göstərməyinizi gözləyir.
Tomas Hammarberq demişdir: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, hesab edirəm ki, hamımız razılaşarıq kı, bu problemin siyasi və dinc yolla həlli yeganə həll yoludur. Beynəlxalq ictimaiyyət də qəbul edir ki, bu münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bunun məsuliyyəti ilk növbədə Minsk qrupu üçlüyünün üzərinə düşür. Ümid edirəm ki, münaqişənin həllindən sonra artıq humanitar problemlər və insan hüquqları məsələləri ilə məşğul ola biləcəyik. Son vaxtlar həmsədrlər fəallığı artırmışlar.
Milli Məclisin deputatı Rafael Hüseynov komissara bu sualla müraciət etmişdir: Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyona yaxın azərbaycanlının pozulmuş hüquqlarının bərpası ilə əlaqədar son 10 ildə dəfələrlə müraciətlər etmiş, suallar vermişik. Ümumi sözlərdən ibarət cavablar eşidib nəticə görməmişik. İndi sualım daha insanlar haqqında deyil, Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında olan heyvanlarla bağlıdır. Ermənistanın zəbt etdiyi ərazilərdəki suları vaxtaşırı olaraq müxtəlif radioaktiv və bioloji tullantılarla zəhərləməsi nəticəsində bir sıra balıq növləri məhv olmuş, meşələrin amansızcasına qırılması nəticəsində bir sıra quşların və heyvanların normal həyat və artım şəraiti pozulmuş, bu isə öz növbəsində onların kütləvi ölümünə və sürətlə azalmasına gətirib çıxarmışdır. Nəzarətsiz ərazilərdə Ermənistanın saldığı narkotik plantasiyalardan məhsulu topladıqdan sonra izi itirmək üçün həmin torpaqları yandırması səbəbindən bir çox gəmiricilər kütləvi şəkildə qırılmış, bir qisminin nəsli, bir növ kimi, yoxa çıxmışdır. Təbiətdəki balansın pozulması ilə nəticələnən bu hadisələrin də son zərbəsi, əlbəttə ki, insanlara dəyir. Ermənistanın Azərbaycana təcavüzü məsələsində insanların haqlarının qorunması sahəsində öyünüləsi nailiyyətləriniz yoxdur. Heç olmazsa, arzu edilən müəyyən nəticələrin heyvanların hüquqlarının qorunmasında görə biləcəyikmi?
Tomas Hammarberqin cavabı belə olmuşdur: Hesab edirəm ki, insan hüquqları üzrə komissar mandatım heyvan hüquqlarının qorunmasını nəzərdə tutmur. Əlbəttə ki, biomüxtəlifliyin pozulması, heyvanların yetişdirilməsi, düzgün qida, təmiz həyat tərzi keçirmək hüquqları bu və ya digər formada insan hüquqlarına təsir göstərir. Bizim insan haqları sahəsində çoxlu işlərimiz vardır. Mən öz mandatımı bu sahəyə doğru artırmaq istəməzdim. Amma qaldırdığınız məsələlərlə bağlı mənə daha ətraflı məlumat verə bilərsinizsə, bunu nəzərdən keçirə bilərəm.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.