Rəcəb Tayyib Ərdoğan: Biz dost və qardaş Azərbaycanın maraqlarını qoruyuruq və azərbaycanlıların hüquqlarının ermənilər tərəfindən pozulmasını heç cür qəbul edə bilmərik

Biz dost və qardaş Azərbaycanın maraqlarını qoruyuruq. Biz azərbaycanlıların hüquqlarının ermənilər tərəfindən pozulmasını heç cür qəbul edə bilmərik. 
Bu fikirləri AŞPA-nın yaz sessiyasının üçüncü iş günündə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışından sonra Ermənistan nümayəndə heyətinin üzvünün sualına verdiyi cavabda səsləndirmişdir.
AŞPA-nın aprelin 13-də keçirilmiş yığıncağında qardaş Türkiyənin Baş naziri çıxış etmişdir. Çıxışını əsasən mədəniyyətlərarası və dinlərarası mövzusu üzərində quran Rəcəb Tayyib Ərdoğan ölkəsinin 61 il öncə aprel ayının 13-də Avropa Şurasının tam və bərabər hüquqlu üzvlüyünə qəbul edildiyini xatırlatmış, bu gün AŞPA-nın sədri vəzifəsinə türkün seçilməsindən, Nazirlər Komitəsinə Türkiyənin xarici işlər nazirinin rəhbərlik etməsindən məmnunluq hissi keçirdiyini bəyan etmişdir.
Türkiyə hökumətinin başçısı son zamanlar bəzi Avropa ölkələrində rasizm meyillərinin güclənməsindən xalqların narahat olduqlarını, belə meyillərin getdikcə daha da təhlükəli və qorxulu vəziyyət aldığını diqqətə çəkmiş, AŞ-nin üzvü olan ölkələri belə hallara qarşı ciddi mübarizə aparmağa çağırmışdır.
Türkiyənin AŞ-nin əsas prinsipləri olan demokratiyaya , insan hüququna və qanunun aliliyinə hörmətlə yanaşdığını, özünün siyasi fəaliyyətində bu prinsipləri əsas tutduğunu bildirmişdir.
Baş nazir Yaxın Şərqdə, ərəb dünyasında baş verən hadisələrə ölkəsinin mövqeyini açıqlamışdır.
Mədəniyyətlərarası və dinlərarası dialoqun rolundan bəhs etmiş Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, regionda sülhün qorunub saxlanması üçün xalqlar arasında mədəniyyəti qarşılıqlı formada inkişaf etdirmək lazımdır.
Sonda deputatlar Baş nazirə suallar ünvanlamışlar. Ermənistan nümayəndə heyətinin üzvü Armen Rustamyan Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı imzalanmış protokola Türkiyənin nə üçün əməl etmədiyi, türk və erməni xalqlarının Qarsda ucaldılmış dostluq abidəsinin nə üçün söküldüyü barədə sualına cavabında Baş nazir demişdir:
-Əvvələn, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ayrı bir məsələdir. Türkiyədəki erməni əhalisinin hüquqlarının qorunmasına gəldikdə, bu bizim qarşımızda əsas öhdəliklərdən biridir və buna sədaqətliyik. Amma digər tərəfdən bizə dost və qardaş olan Azərbaycanın maraqlarını da qoruyuruq və onların da hüquqlarının ermənilər tərəfindən pozulmasını heç cür qəbul edə bilmərik. Səmimi deyim ki, biz bu problemləri çözməliyik və biz bu gün sərhədləri açmağa hazırıq. Biz həmişə çıxışlarımızda ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal olmağa çağırmışıq. ABŞ, Fransa və Rusiya bu münaqişəni həll etmək üçün səylərini artırmalıdır. Onlar nə zaman bu problemin həllini tapsalar, o zaman biz də sərhəd məsələsində bir həll yolunu tapa bilərik. Əgər onlar öz öhdəliklərini yerinə yetirməsələr, o zaman hər şey çətin olacaqdır. Mənim ölkəmdə hazırda 70 min erməni əsilli vətəndaş yaşayır. Bundan başqa, Türkiyədə Ermənistandan gəlmiş 40 min miqrant erməni də vardır. Biz onları yenidən Ermənistana deportasiya etmirik. Bilirik ki, onlar ehtiyac üzündən ölkələrini tərk ediblər. Biz protokol imzaladıq. Bu addımı o niyyətlə atdıq ki, aramızdakı problemi həll edək. Amma bu gün görürəm ki, Ermənistan tərəfi xaricdəki erməni diasporunun təzyiqləri nəticəsində bu və ya digər mənada arxaya addımlar atır. Bu gün Ermənistan erməni diasporunun girovuna çevrilib və müstəqil hərəkət etməkdə çətinlik çəkir. Ermənistan hökuməti düzgün istiqamətdə daha qətiyyətli və daha ardıcıl addımlar atsaydı, o zaman biz daha çox irəli gedə və sərhədləri aça bilərdik. Bizim Ermənistana və ermənilərə qarşı kin və nifrət hissimiz yoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında