Ermənistan qorxuya düşdüyünü rəsmən etiraf etdi

Nikol Paşinyanın Ermənistanın baş naziri seçildikdən bu günə qədər işğalçı ölkədə vəziyyət gündən-günə pisləşir. Ötən ay Brüsseldə keçirlən NATO-nun sammitindən əli ətəyindən uzun qayıdan yeni baş nazir, deyəsən, anlamaq istəyir ki, işğalçılıq siyasətindən əl çəkməsələr, iflasdan qurtara bilməyəcəklər. 
 
Bunun nəticəsidir ki, hazırda dərin iqtisadi və siyasi böhran içərisində boğulan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Keçmiş prezident Robert Koçaryanın həbsi vəziyyəti daha da gərginləşdirib. Müdafiə Nazirliyinin baş qərargah rəisi Yuri Xaçaturovun da vəziyyəti gərgin olaraq qalır. RİA “Novosti” nin yaydığı məlumata görə, sabiq dövlət başçısı və baş qərargah rəisi 2008-ci il mart ayının 1-də etiraz aksiyasının dağıdılması işi üzrə ittiham edilirlər. Artıq sabiq prezident Robert Koçaryan həbs edilib. Onun vəkilinin verdiyi məlumata görə, məhkəmə həbs qətimkan tədbiri barədə qərar çıxarıb. 
Xatırladaq ki, Robert Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölmüşdü. 
Bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitutsion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barəsində axtarış elan edilib. Digər təfədən isə son vaxtlar nüfuzlu beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünü tanımaq və dəstəkləmək barədə rəsmi sənədlər qəbul etməsi də, işğalçı ölkədə gərginliyi daha da artırıb. 
Xəbər verildiyi kimi, Avropa İttifaqı və NATO kimi nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın NATO sammitində yalvarışlarına əhəmiyyət verən olmayıb. Çünki artıq beynəlxalq təşkilatlar da Ermənistanın işğalçılq siyasətindən təngə gəliblər. NATO sammitində qəbul edilən bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi Nikol Paşinyan hakimiyyətinin bütün ümidlərini puç etdi. Hətta bu sammitdə Paşinyanın Azərbaycan Ordusu barədə “şikayətlərinə” fikir verən olmadı.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə əlaqədar Bakıda keçirilən möhtəşəm hərbi parad və bu zaman nümayiş etdirilən texnika və silahlar işğalçı ölkəni bərk qorxuya salıb. Bu qorxu və təlaş Ermənistan tərəfindən rəsmən etiraf olunub. Bundan əvvəl Azərbaycanı təhdid edən, az qala ölkəmizə meydan oxuyan Ermənistanın müdafiə naziri David Tonoyan hərbi paradda silah-sursatın, müasir texnikanın nümayişindən sonra narahatlığınıaçıq şəkildə bildirb. O, “EADaily” agentliyinə müsahibəsində deyib ki, Yerevan Azərbaycanın bu yaxınlarda Bakıda paradda nümayiş etdirdiyi yeni hərbi texnikadan narahatdır. Onun narahatlığının digər səbəbi özünün dediyi kimi, Azərbaycan qoşunlarının Naxçıvan istiqamətində fəallaşmasıdır. Bu fəalaşma Ermənistan müdafiə nazirində xüsusi narahatlıq doğurub. Onun dediyinə görə, indiyədək burada nisbi sakitlik hökm sürürdü. Bu sahədə istənilən hərbi təxribat böyük böhranla nəticələnə bilər ki, bu da digər regional oyunçuları özünə cəlb edə bilər.
Hərbi paradda diqqət çəkən məqamlardan biri də Azərbaycan və Türkiyə şahinlərinin birgə uçuş manevri etmələri idi. Bu, iki ölkənin dostluq və qardaşlığını bir daha dünyaya nümayiş etdirdi. Ermənistan müdafiə naziri bu qardaşlıqdan da ciddi narahat olduğunu gizlətməyib. Müsahibəsində də bu məsələni xüsusi olaraq qabardıb. Deyib ki, Ermənistanın narahatlığı üçün əsas mənbələrdən biri Türkiyə və Azərbaycan arasındakı hərbi alyansdır: “Bu alyansın siyasəti Ermənistanın milli təhlükəsizlik maraqlarına qarşı yönəlib. Şübhəsiz ki, Azərbaycanın aşkar şəkildə Ermənistanı müharibə ilə təhdid etməsi, Türkiyənin isə Bakının niyyətlərini həyata keçirmək üçün bütün yardımı göstərdiyini nəzərə alsaq, bu iki ölkənin əməkdaşlığı bizim üçün təhlükədir”. 
İşğalçı ölkənin müdafiə naziri, hətta 2008-ci ildə Ermənistanın Türkiyə ilə əlaqələrini normallaşdırmaq üçün cəhd etdiyini də xatırladıb. Ancaq bunun heç bir fayda vermədiyini bildirən işğalçı ölkənin müdafiə naziri deyib ki, Türkiyə ikitərəfli əlaqələrin tənzimlənməsi məsələsini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirməyə davam edir. Onu narahat edən məsələ siyasi yardımla yanaşı, hərbi əməkdaşlığın həcminə görə də Türkiyənin ölkəmizin əsas tərəfdaşı olmasıdır.
Yəni, doğrudanmı, David Tonoyanın bu qardaşlığa, birgə əməkdaşlığın gündən-günə möhkəmlənməsinə şübhəsi var? Bu gün bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığı bəlli olduğu halda, Ermənistan tərəfi hələ də bunu dərk edə bilmir. Müdafiə nazirini bu gün narahat edən, daha doğrusu, qorxuya salan məsələlərdən biri də özünün dediyi kimi, Azərbaycan qoşunlarının Ermənistanla sərhəddə və Qarabağda təmas xətti boyunca cəmləşməsidir. 
Artıq erməni xalqına da bəllidir ki, Nikol Paşinyan hakimiyyəti ölkənin inkişafı üçün heç nə edə bilməyəcək.Yaxın günlərdə veteran pilotların və əsgər analarının hökumət binası qarşısında aksiya keçirməsi də bu inamsızlığın bariz nümunəsidir. Erməni qadınlar oğullarının məzarlarını ziyarət edə bilməmələrindən şikayətləniblər. Bunun əsas səbəbi ölkədə baş alıb gedən yoxsulluqdur. Digər tərəfdən dinc şəraitdə öldürülən erməni əsgərlərinin anaları heç kimə fayda verməyən müharibəyə son qoymağı tələb ediblər. Öldürülən əsgərlərin ailələrinə əvvəllər hər hansı bir yardım verilirdisə, indi bu da kəsilib. Əsgər analarının oğullarının öldürlməsi barədə qaldırılan cinayət işlərinin araşdırılacağına ümidləri qalmayıb. Oğlu hərbi xidmətdə öldürülmüş ana deyib ki, mən oğlumu verdim. Qoy hakimiyyətdə oturanlardan biri də oğlunu versin. 
Veteran pilotlar da övladlarını qeyri-döyüş şəraitində itirən hərbçilərin yaxınlarına qoşulublar. Hökumət binası qarşısında aksiya keçirən keçmiş pilotlar sosial problemlərin aradan qaldırılmasında onlara qarşı laqeyd münasibətdən şikayətləniblər. Veteran pilotlar deyiblər ki, sosial problemlər onları məhv edir. Ermənistanın Vardenis şəhərində hərbi hissədə öldürülən hərbçi Hovanis Melkumyanın ailəsi də hökumətin onlara qarşı göstərdiyi biganə münasibətdən şikayətlənib. Hərbçini qətlə yetirən komandir müavini Sarkis Karapetyana məhkəmənin bəraət verməsi Ermənistanda əsgər ölümlərinə laqeyd münasibət kimi dəyərləndirilib. Onun valideynlərinin sözlərinə görə, ölkədə toyuq oğurlayanı dama basır, adam öldürəni isə azadlığa buraxırlar. Ailəsi deyir ki, Melkumyanın banklara xeyli borcu var idi. O, hərbiyə sosial vəziyyətini düzəltmək üçün getmişdi. Lakin həyatdan birdəfəlik getdi.
Göründüyü kimi, işğalçı ölkədə vəziyyət gündən-günə ağırlaşır. Beynəlxalq təşkilatların, xüsusilə, Avropa İttifaqının, NATO-nun, ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin və Avropanın aparıcı dövlətlərinin son vaxtlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini açıq bəyan etmələri, həmçinin Azərbaycan Ordusunun getdikcə güclənməsi Ermənistanı qorxuya salıb. Bunu artıq işğalçı ölkənin dövlət rəsmiləri də etiraf edirlər
Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında