Dağlıq Qarabağ danışıqların tərəfi kimi tanınmayıb və tanınmayacaq

Ermənistan dövlətinin təcavüzkar siyasəti artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər yaranmış vəziyyətdən istifadə edərək, özlərinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Hazırda Ermənistanın yeni rəhbərliyinin münaqişənin nizama salınmasında nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe uzun illərdir davam edən işğalçılıq siyasətini qoruyub saxlamaq məqsədi daşıyır.
 
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə ifşa edərək, 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyətin tam iflasa uğradığını bildirdi: “Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu”.
Təcavüzkar dövlətdə demoqrafik vəziyyətin acınacaqlı olduğunu və hər il Ermənistandan minimum 50-60 min insanın xarici ölkələrə köç etdiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, iki il bundan əvvəl Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı: “Aprel döyüşləri cinayətkar rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif – guya onların ordusu güclü ordudur– darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam”ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi”.
Azərbaycanın beynəlxalq əlaqələrinin günü-gündən möhkəmləndiyini, ərazi bütövlüyünə dəstəyin artdığını diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Eyni zamanda, əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla təmaslar əsnasında da daim bu mövzu qaldırılır və siyasətimiz böyük dəstək alır.
Bununla yanaşı, dövlət başçısı onu da diqqətə çatdırdı ki, ötən ay keçirilmiş hərbi paradda Azərbaycan  öz ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmiş, eləcə də ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasında olduğunu hərbi parad vasitəsilə göstərmişdir. Eyni zamanda, ordumuzun döyüş qabiliyyətinin çox yüksək səviyyədə olduğunu və bunun yaxın tarixdə sübut edildiyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağımızın işğalçılardan azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir: “Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa, niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən?”
Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüququn prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Eləcə də  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa İttifaqı və NATO-nun zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının zəruriliyi bildirilir. Bu baxımdan Beynəlxalq Böhran Qrupunun rəsmi saytında yerləşdirilmiş 2018-ci il üçün ikinci hesabatda da Ermənistanın yeni rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin nizama salınmasına qeyri-konstruktiv mövqeyi tənqid edilir. Bildirilir ki, daxili problemlərin həllində aciz qalan Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına biganə münasibəti gərginliyin artmasına səbəb ola bilər. 
Münaqişənin həlli istiqamətində hər hansı irəliləyişin olmaması Azərbaycanı öz ərazilərini hərbi yolla qaytarmağa məcbur edə bilər. Bundan əlavə, Ermənistanın yeni rəhbərliyi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilərlər.
Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən görüşlər zamanı danışıqların məhz Ermənistanla Azərbaycan arasında aparıldığını bildirib. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun 1992-ci ildəki mandatına əsasən qərara alınmışdır ki, Azərbaycan və Ermənistan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi danışıqlarda iştirak etməlidirlər. Yəni, bu beynəlxalq formatdır. Bununla yanaşı, əgər Dağlıq Qarabağ erməniləri münaqişə tərəfi olsaydı, onda Ermənistan 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də 1999-cu ildən başlayaraq iki dövlətin prezidentləri səviyyəsində indiyədək keçirilən 50-dən çox görüşdə iştirak edib müvafiq sənədləri imzalamazdı (2008-ci ilin sonunda Moskvada “Mayndorf” qəsrində Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə imzalanmış məlum bəyannamə nəzərdə tutulur – E.Ə.). 
Bununla yanaşı, əgər Dağlıq Qarabağın erməni icması münaqişənin nizama salınması üçün aparılan danışıqlarda iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşə bilərlər. Buna görə də Ermənistan, ilk növbədə, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir. Bu baxımdan, hətta Beynəlxalq Böhran Qrupunun hesabatında Azərbaycanın uzun müddətdir davam edən qeyri-müəyyənlikdən haqlı olaraq narazı olduğu və bunun da onun status-kvonu dəyişdirmək niyyətini gücləndirə biləcəyi qeyd edilir. Eyni zamanda, münaqişənin yenidən alovlanmasının 2016-cı ilin Aprel döyüşlərindən də ağır nəticələrə gətirib çıxaracağı vurğulanan hesabatda deyilir ki, güzəştə getməkdən imtina edən Ermənistan hökuməti sərhəd bölgəsindəki dinc əhalinin, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində raketlərin və artilleriyanın yaxınlığında yaşayan erməninin taleyini düşünməlidir. Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması istiqamətində Azərbaycan dövləti çox mühüm işlər aparır. Xüsusilə, Azərbaycan Prezidentinin qəti və prinsipial mövqeyi, hər zaman Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində çıxışları təcavüzkar Ermənistanı və onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı, heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimin “rəhbərləri”ni təşvişə salır.
Ermənistanın cinayətkar rejiminin çökməsində Azərbaycanın da rolunun olduğunu bildirən dövlət başçısı İlham Əliyev bizim apardığımız siyasət nəticəsində Ermənistanın onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildiyini və nə qədər ki, torpaqlarımız işğal altındadır, bizim təcavüzkara qarşı təcrid siyasəti aparacağımızı bir daha diqqətə çatdırdı: “Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın”.
Ermənistanın işğalçı siyasətinin nəticəsində bu ağır vəziyyətə düşdüklərini bildirən Prezident münaqişənin həllinin yalnız bir yolu olduğunu bəyan edərək dedi ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır: “Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, – əgər kimsə bunu unudubsa, xatırlada bilərəm – erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq”.
Ermənistanın xarici dövlətlərin birbaşa iştirakı və dəstəyi ilə torpaqlarımızı zəbt etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti Dağlıq Qarabağın bizim əzəli tarixi torpağımız olduğunu bir daha vurğulayaraq bildirdi ki, biz ərazi bütövlüyümüzü bərpa etməliyik: “Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən”.
Ermənistanın və qondarma rejimin rəhbərləri unutmamalıdırlar ki, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, biz nəyin bahasına olursa-olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycan bayrağı tarixi torpağımız olan Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bu, Azərbaycan dövlətinin, Prezidentinin və xalqının qəti, prinsipial mövqeyidir. Bunu Ermənistanda və Dağlıq Qarabağdakı qondarma rejimin cinayətkar nümayəndələri heç zaman unutmasınlar. Bu, tezliklə baş verəcək. Onların verdikləri bəyanatlar isə daxili auditoriyaya hesablanıb və insanları təsir altında saxlamağa çalışmaqdan başqa bir şey deyil. Azərbaycan Prezidentinin hər zaman verdiyi bəyanatlar isə həm tarixə, həm hüquqa və həm də ədalətə əsaslanır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Eyni zamanda, o,  Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb. Münaqişə həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca, bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı,  Prezident İlham Əliyev ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Dövlətimizin başçısı, eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu  dünyaya bəyan edib: “Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək”.
Elçin ƏHMƏDOV, 
Azərbaycan Respublikasının Prezidenti yanında 
Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında