Prezident İlham ƏLİYEV: Bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli inkişaf yolu keçmişdir

Hazırkı mürəkkəb şəraitdə,  çətin regionda və siyasi, iqtisadi, hərbi böhranların tüğyan etdiyi  bir  dövrdə, eləcə də müasir dünya düzənində Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirməsi, həmçinin  təhlükəsizliyini təmin etməsi  istiqamətində qətiyyətli addımlar atması düzgün müəyyənləşdirilmiş strategiyanın məntiqi nəticəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət Azərbaycanın dünya birliyindəki mövqeyini gündən-günə möhkəmləndirir. Milli maraqlara söykənən  xarici siyasət  ölkəmizin regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq mühiti formalaşdırılmasında mühüm rol oynayıb. 
 
Bu gün respublikamızın  hər hansı bir hərbi-siyasi blokun  üzvü  olmaması hər kəsə  bəllidir.  Ölkədə  yaradılan  xoşməramlı siyasətə, təbii ki,  kənar qüvvələrin hesabına  yox, öz gücümüz,  düşünülmüş  strategiyanın  hesabına nail olmuşuq. Bütün bunların nəticəsi olaraq, bu gün Azərbaycan  dünya birliyində layiqli və etibarlı tərəfdaş kimi qəbul  edilir.  Azərbaycanın  əlaqələrini getdikcə genişləndirməsi, hətta Latın Amerikası, Afrika və Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığı, həmçinin dövlət başçıları tərəfindən həyata keçirilən qarşılıqlı səfərlər, imzalanan sənədlər  ölkəmizlə tərəfdaşlıq etmək istəyən  dövlətlərin  sayının artmasının aydın göstəricisidir. 
Son 15 ildə  uğurla həyata keçirilən siyasi islahatlar, demokratik inkişafla bağlı önəmli qərarların, beynəlxalq standartlara cavab verən qanunların qəbul edilməsi,  qonşu dövlətlərlə münasibətlərin getdikcə yaxşılaşdırılması, iqtisadi sahədə liberallaşma siyasətinin məntiqli nəticəsi ölkəmizi beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirmişdir. 
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bu barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, xarici siyasətdə  təkcə  bu ilin altı ayında  böyük işlər görülmüş və Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilmişdir:  “Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olmuşdur. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi ili” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir”.
 Avropa İttifaqı ilə əlaqələrin daha da möhkəmləndirilməsi məsələsinə münasibət bildirən ölkə rəhbəri bu istiqamətdə yeni saziş üzərində işlənildiyini bildirdi. Qeyd etdi ki,  Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.
Dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş uğurlu strategiya nəticəsində   dünyanın  güc mərkəzlərindən hesab edilən Amerika Birləşmiş Ştatları ilə  əlaqələrimiz yeni mərhələyə  qədəm qoymuşdur.  Bu barədə məlumat verən Azərbaycan Prezidenti  Amerika  Birləşmiş Ştatları Prezidenti cənab Donald Trampın aprel-may aylarında  ona  üç məktub ünvanladığnı xatırlatdı:  “Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək”.
Ölkə başçısı qeyd etdi ki, aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur: “Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq”.
 Son 15 ildə  Azərbaycanın dinamik inkişafı təmin edilmiş , ölkəmiz bütün sahələr üzrə,  demək olar ki, yeni mərhələyə qədəm qoymuşdur.  Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrdən birinə çevrilib.  Ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə  diqqət yetirsək, müstəqil siyasət aparmaq iqtidarında olan dövlətlər bir o qədər də  çox deyil. Azərbaycan  tam müstəqil siyasət aparan dövlətdir.  Bizim siyasətimiz milli maraqlar üzərində qurulub və bu siyasətin  mənbəyi  xalqın maraqlarıdır. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Eyni zamanda, bu uğurların əsas səbəblərindən biri də  “xalq-iqtidar” vəhdətidir.
Son 15 il ərzində  iqtisadi, siyasi, mədəni sahələrdə qazanılan uğurlar, xarici siyasətdəki nailiyyətlər beynəlxalq aləmdə də etiraf olunur. İqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir – Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır və bu, dünya miqyasında analoqu olmayan inkişafdır. Bu inkişaf  böyük valyuta ehtiyatlarımızın  formalaşdırılmasına əlverişli şərait yaratmışdır.  Dövlətimizin başçısının  vurğuladığı kimi, bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuza bərabər səviyyədədir. Bizim xarici borcumuz o səviyyədədir ki, ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir: “Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq, görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Bunu biz özümüz yaratmışıq, heç bir yerdən kömək, yardım almadan, düşünülmüş siyasət, atılan düzgün addımlar nəticəsində. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır”.
Sosial layihələrin reallaşdırılması dövlət siyasətinin prioritetini təşkil edir. Ölkəmizin beynəlxalq aləmdəki əlaqələrinin genişləndirilməsi və  güclü iqtisadiyyat  istənilən sosial  infrastruktur layihələrin icra edilməsinə təkan verir. Sosial sahəyə ayrılan diqqət və qayğı bu istiqamətdə  qarşıya çıxan problemlərin , o cümlədən sosial infrastrukturla bağlı olan layihələrin həllini tapmağa imkan  verir. Son 15 il ərzində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox Olimpiya İdman Mərkəzinin tikilməsi də bundan xəbər verir.  Bütün bunların təməlində həm  uğurlu siyasətimiz, həm də iqtisadi gücümüz dayanır. 
Azərbaycan bu gün  beynəlxalq aləmdə çox böyük nüfuza malik olan ölkədir. Təsadüfi deyildir ki,  dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişik. BMT- dən sonra ikinci böyük təşkilata – Qoşulmama Hərəkatına  növbəti ildə sədrlik edəcəyik. Bir neçə ay əvvəl  Bakıda  “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının Nazirlər Konfransının açılış mərasimində bu məsələ bir daha gündəmə gəlmiş və artıq qərar da qəbul edilmişdir.
Azərbaycanın ev sahibliyi etdiyi Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin həmin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla, ümumilikdə, 800-dən artıq şəxs iştirak etmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə öz töhfəsini verir.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Bu, ilk növbədə, ölkəmizin dünya birliyində  yüksək reytinqə sahib olmasından, etibarlı tərəfdaş kimi tanınmasından xəbər verir.  Digər tərəfdən isə Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək, özü də bizim ölkəmizdə. Bununla da, Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.  Xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub.  Yeri gəlmişkən, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetlərindən biri də, ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsidir. Bu siyasətin əsasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi təşkil edir. Bu istiqamətdə  son illər ərzində həyata keçirilən siyasi kurs münaqişənin həlli üçün hüquqi bazanı daha da  möhkəmləndirib. Təbii ki, bu hüquqi bazanın əsasını  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları  təşkil edir.  Bunlarla yanaşı, 2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatların da oxşar qərar və qətnamələr qəbul etməsi dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin prioritetləridir. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatlar  da var. Bu, problemin  həlli üçün hüquqi bazanın yaradılması deməkdir.  Eyni zamnda, münaqişənin həlli üçün iqtisadi zəmin də yaradılmış, güclü ordu formalaşdırılmışdır. Son illər ölkə başçısının rəhbərliyi ilə görülən kompleks tədbirlər nəticəsində  ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edib. Məhz bunun nəticəsidir ki, erməni lobbisi və ermənipərəst qüvvələr  nə qədər canfəşanlıq etsələr də, heç bir dövlət, hətta Ermənistanın özü qanunsuz Dağlıq Qarabağ rejimini  bu vaxta qədər tanımayıb.
Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş xarici siyasət kursu artıq Ermənistanı dünya birliyində işğalçı dövlət kimi tanıdıb.  Xarici  ölkələrin dövlət rəsmiləri, diplomatları dəfələrlə bəyan ediblər ki, Ermənistan öz silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən  qeyd-şərtsiz çıxarmalıdır. 
Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio  Mattarella da ölkəsinin ATƏT-ə sədrliyi çərçivəsində  Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycana öz töhfəsini verəcəyini vurğulamış, bu münaqişənin  hərbi yolla deyil, beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmişdir.  Bundan  əlavə, dövlətimizin başçısı Brüsseldə NATO-nun sammitində iştirak etmiş, həmçinin Fransaya səfəri zamanı  bir sıra əhəmiyyətli görüşlər keçirmiş, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bir daha diqqətə çatdırılmışdır. Bu, Azərbaycanın mövqeyinin möhkəmlənməsi,  xarici siyasətin növbəti uğuru deməkdir.
Bir müddət əvvəl  Rusiya siyasi elitasının məşhur nümayəndələrinin, Dövlət Dumasının deputatlarının Cəbrayıl rayonunun 2016-cı ilin aprel müharibəsindən sonra  bərpası mümkün olan Cocuq Mərcanlı kəndinə gəlmələri, burada beynəlxalq konfrans keçirmələri də Ermənistana ciddi zərbədir. Nəzərə alsaq ki, Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir, bu konfransın Ermənistana göz dağı olan Cocuq Mərcanlıda keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Azərbaycanı Rusiyanın  etibarlı  müttəfiqi adlandıran “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri, Kremlin ideoloqu Aleksandr Dugin konfransda  bəyan edib ki,  Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bizim burada olmağımız onu göstərir ki, Rusiya həm ictimaiyyət, həm də dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Bu bəyanat bir daha təsdiqləyir ki, artıq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəkləyir. 
ABŞ Prezidenti Donald Trampın  Prezident İlham Əliyevə  Respublika Günü və Azərbaycan  Demokratik Respublikasının 100 illiyi münasibətilə ünvanladığı  təbrik  məktubunda da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyinin dəstəklənməsi özünü açıq şəkildə büruzə verir. “Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm”– deyən ABŞ Prezidenti əlavə edib ki, qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə, dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır.
Göründüyü kimi, Azərbaycan  Prezidentinin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət ölkəmizin dünya birliyindəki  reytinqini getdikcə yüksəldir.
 
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında