Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Brüssel, 12 iyul 2018-ci il
Dünyanın bütün ölkələri və əksər beynəlxalq təşkilatları ilə qurduğumuz əməkdaşlıq münasibətləri xalqımızın maraqları və milli dövlətçiliyimizin mənafeləri baxımından gözlənilən nəticəni verməkdədir. Dövlət başçımızın iyulun 10-dan 12-dək davam edən Brüssel səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan Prezidentinin bu səfər çərçivəsində Avropa İttifaqı Şurasının sədri Donald Tusk, BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə görüşləri, eləcə də, NATO-nun rəsmi tədbirlərində iştirakı gənc müstəqil dövlətimizin qarşısında duran vəzifələrin həlli məqsədilə atılan addımlar kimi qiymətləndirildi.
Ekspertlərin fikrincə, NATO üzv dövlətlərinin Brüsseldə keçirilən Zirvə toplantısı Azərbaycan üçün xüsusilə önəmli olmuşdur. Belə ki, zirvə toplantısının yekununda qəbul etdilən kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə “Qətiyyətli Dəstək” missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib.
Bildirilir ki, ki, 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər. Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Azərbaycan Respublikası Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədi və NATO-nun Brüssel Zirvə toplantısının kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir.
Məlum məsələdir ki, bu gün Azərbaycan dövləti Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən başqa özünün daxili və xarici problemlərinin hamısını həll etmişdir. Adıçəkilən münaqişənin ədalətli şəkildə həllinə nail olmaq üçünsə, beynəlxalq aləmdə hüquqi baza formalaşdırmağa, kifayət qədər tərəfdaş və müttəfiq toplamağa nail olmuşuq. Elə NATO-nun sonuncu Zirvə toplantısında səsləndirilən fikirlər də bu arqumentin təsdiqi kimi qiymətləndirilir: “Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir”.
Prezident İlham Əliyev “Qətiyyətli Dəstək” missiyası üzrə Şimali Atlantika Şurasının görüşündəki çıxışında ölkəmizin bu qurumla əməkdaşlığa verdiyi önəmi xatırladıb: “Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb.
Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Biz Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edirik. Özündə 200-dən çox ictimai xidməti birləşdirən “ASAN xidmət” Əfqanıstanda tətbiq olunur”.
Politoloqların fikrincə, Prezident İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Bu gün beynəlxalq aləmdə hamıya məlumdur ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu artır. Bakının liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Qeyd olunur ki, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır.
Dövlət başçımızın bu səfəri sübut etdi ki, Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirir. Eyni zamanda , Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Sərhədlərin toxunulmazlığı məsələsi Avropa İttifaqı tərəfindən ilk dəfə --xüsusi olaraq qeyd edilmişdir. Bu gün Avropada hamı etiraf edir ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına əhəmiyyətli töhfələr verir.
Dövlət başçılarının Brüssel səfəri başqa bir neçə cəhətdən də əlamətdar və yaddaqalan olmuşdur. Belə ki, istər Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycana və Prezidentimizə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirdilər. Yəni Azərbaycan əhəmiyyətli ölkə, söz sahibi kimi bir daha özünü təsdiq etdi.
İşğalçı Ermənistanın “inqilabçı” baş naziri Nikol Paşinyan isə Brüssel səfərindən bütün dünyanın gözü qarşısında məyus və əliboş qayıtdı. Erməni mətbuatı hələ dövlət başçılarının Brüssel səfərindən əvvəl yazırdı ki, Nikol Paşinyan “inqilabın lideri” kimi Avropa İttifaqından və həmin qurumun rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyir. Səfərdən sonra məlum oldu ki, Ermənistan mediasının iddia etdiyi “qırmızı xalçalar” xülya imiş. Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı.
Ermənilər qırmızı xalçalar əvəzinə Paşinyana göstərilən “qırmızı xətt”in şahidi oldular. Belə ki, Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini də cəlb etmək cəhdləri məhz Brüsseldə iflasa uğradı. Avropa Birliyinin xarici işlər naziri Federika Mogerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir. Xatırladaq ki, Mogerini Nikol Paşinyanla keçirdiyi görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb. Mogerini konfliktin sülh yolu ilə həllini bir daha dəstəkləyib: “Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan, tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir”, - deyə bildirib.
Bu isə , o deməkdir ki, Paşinyanın baş nazir postunu tutar-tutmaz, irəli sürdüyü “Dağlıq Qarabağ danışıqların müstəqil tərəfi olmalıdır” tələbini artıq Avropa Birliyi də rədd edərək, Ermənistanın yeni rəhbərliyini reallıqla barışmağa, heç bir ön şərt qoymadan danışıqları davam etdirməyə səsləyib.
Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin və NATO sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunması fonunda Ermənistana başqa bir sillə də çəkildi. Belə ki, Ermənistan NATO-nun yekun sənədinə “xalqların öz müəqddəratını təyinetmə prinsipi”ni də daxil etmək istəyirdi və işğalçının bu cəhdi də iflasa uğradı.
Bundan başqa, Nikol Paşinyan Serj Sarkisyanın talan etdiyi Ermənistan büdcəsinin dəhşətli dərəcədə kasıbladığını Avropa rəsmilərinə də çatdırmaq istəyirdi. Brüssel səfəri ərəfəsində Avropa İttifaqından 70-80 milyon avro vəsait alacağını deyən “inqilabçı” baş nazirin həmin istəyi də fiaskoya uğradı. O, Brüsseldə sızıldamışdı ki, bu qədər vəsait Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Belə görünür ki, Nikol Paşinyan hələ ki az da olsa nüfuzu qaldığı müddətdə seçkilər keçirib məsələni tez həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsini gözləməyi məsləhət gördülər.
Nəticə ondan ibarətdir ki, Cənubi Qafqazın iki dövlət başçısının Brüssel səfəri tamamilə fərqli olan iki siyasətçinin və iki dövlətin obrazını yaratdı: Birinci tərəfdə beynəlxalq aləmdə sözü keçən lider – Prezident İlham Əliyev və güclü, böyük hörmət sahibi olan Azərbaycan, ikinci tərəfdə isə ötən əsrin 90-cı illərinin “Qafqaz boyeviklərini” xatırladan savadsız, ali təhsilsiz, heç bir idarəçilik təcrübəsi olmayan Nikol Paşinyan və cılız, kiməsə lazım olmayan, küçə dilənçisi qədər zəif olan Ermənistan. Təkcə Avropa deyil, bütün dünya bu dövlətləri olduğu kimi gördü və qiymətləndirdi.
Xatırladaq ki, NATO-Azərbaycan əlaqələrinin bu səviyyəyə yüksəlməsi heç də səbəbsiz deyil. Şimali Atlantika Alyansı ilə ölkəmiz arasında münasibətlərin qurulması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn böyük öndər Qərbə inteqrasiyanın Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan etmişdi.
Ötən dövr ərzində Avratlantik məkanın mühüm təşkilati strukturlarından biri olan NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Ölkəmiz əvvəlcə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olduqdan sonra -- 1994-cü il mayın 4-də “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşuldu. Beləliklə, Azərbaycan bu proqrama qoşulan 16-cı ölkə olmuşdur. Sovet İttifaqının keçmiş respublikaları arasında isə sənədi imzalayan 4-cü ölkədir..
Təbii ki, hər bir dövlətin istər ölkələrlə, istərsə də beynəlxalq hərbi-siyasi, iqtisadi-mədəni və digər təşkilatlarla əlaqələri onun milli mənafeyinin tələblərindən irəli gəlir. Bu baxımdan, Azərbaycanın xarici siyasəti də düzgün və düşünülmüş əsaslar üzərində qurulub. NATO ilə münasibətlərdə rəsmi Bakı qarşı tərəfin müxtəlif səviyyəli əməkdaşlıq təkliflərini özünün maraqları prizmasından dəyərləndirir. Bu, bir həqiqətdir ki, Şimali Atlantika Alyansı ilə əməkdaşlıq Azərbaycan üçün nə qədər lazımdırsa, Azərbaycanla sıx əlaqələr NATO üçün bir o qədər vacib və zəruridir. Ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Qafqazda, Şərq ilə Qərbin arasında çox mühüm strateji və geostrateji mövqedə yerləşir. Azərbaycan Şərqin Qərbə, Qərbin də Şərqə açılan qapısıdır.
Beləliklə, ulu öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliklə işləyib hazırladığı xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən prinsipial surətdə və qətiyyətlə davam etdirilməsinin nəticəsidir ki, beynəlxalq aləmdə Azərbaycanın maraq və mənafelərini müdafiə edən qərar və qətnamələr davamlı olaraq artır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.