Nuh əyyamından qalma gedişdir: doğru yol, düz söz bədniyyət insanların qarşısını kəsəndə yalana, uydurmaya əl atırlar. Belələri birmənalı və birrəngli həqiqətə istədikləri donu geyindirməyə, ağlagəlməz mənalar verməyə çalışırlar. Bu pozulmaz gerçəyi indiyədək heç kəs, heç nə dəyişdirə bilməyib.
Bu il iyulun 3-də Gəncədə terrorçunun şəhərin mərkəzi meydanında icra hakimiyyəti başçısına və onun cangüdəninə öldürmək məqsədilə odlu silahdan atəş açması və bundan bir həftə sonra, iyulun 10-da yenə həmin şəhərdə və həmin ünvanda kütləvi iğtişaş törədən radikal dini ekstremist qrup üzvlərinin küt alətlərlə yüksək rütbəli polis işçilərini qətlə yetirmələri ətrafında bəzi internet media yayımlarında və sosial şəbəkədə üfürülən təxribatçı, qərəzli, həqiqəti əks etdirməyən yozumların cəfəngliyi bunu bir daha təsdiqləyir.
Baş verən qanlı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumat aydın və birmənalı idi: Rusiya Federasiyasının vətəndaşı Yunis Səfərov məqsədli şəkildə ictimai yerdə, göz qabağında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı terror aktı törədib. Hər iki şəxs müxtəlif dərəcədə güllə yarası alıb, cani zərərsizləşdirilib və həbs olunub.
Burada başa düşülməyən nə idi, əlavə yozuma ehtiyac vardımı? Bütün cinayətlər barədə operativ məlumatlar zamanı olduğu kimi, bu dəfə də, sadəcə, gözləməyə ehtiyac var idi ki, təfərrüatlar araşdırılsın, zəruri istintaq təhqiqatı aparılsın. Orası da başadüşülən olmalı idi ki, cinayət ətrafında əməliyyatların məxfiliyini qorumaq üçün əlavə açıqlamalar zaman, gözləmə tələb edir.
Bəd niyyətlərini gerçəkləşdirmək istəyənlər də məhz bu təfərrüat qıtlığından, gözləmə ehtiyacından istifadə edərək müxtəlif yalan versiyalar quraşdırdılar, məşhur novellada olduğu kimi, beyinlərə çuvallarda bomba olduğunu yeritməyə çalışdılar. Bu dəfə də nələr uydurulmadı, haralardan haralara gedilmədi. Üzdəniraq saytlarda, sosial şəbəkədə sıradan bir terror hadisəsini adi araqarışdıranlardan tutmuş siyasi radikallara qədər çeşidli pozucu dairələr sosial partlayış fitili kimi körüklədilər. Gəncə şəhərinin başçısı Elmar Vəliyevi qəsdən öldürmək istədiyini etiraf edən, insan qanına susamış qatili qondarma mülahizələrlə “haqq davası aparan qəhrəman” səviyyəsinə yüksəltməyə çalışdılar.
Bu qədər də hədyan olarmı? Tutaq ki, hansı düşmən qüvvələrsə Azərbaycanın ikinci böyük şəhərinin rəhbərinə yad torpaqlarda milli kimliyini itirmiş, öz ölkəsinin bədxahına çevrilmiş birisinin əli ilə güllə atdırır. Bəs adını həqiqət güzgüsü qoyan üzdəniraq media qurumları, sosial şəbəkələri kütləvi tribunaya çevirən müxalif siyasətbazlar niyə bu oyuna qoşulur, ölkəni yeni başıpozuqluqlara, sonu bilinməyən fəlakətlərə sürükləmək istəyirlər? Sensasiya düşkünü olan, yaxud asanlıqla üzdəniraq sifarişçilərin toruna düşən saytların məsuliyyətsiz təşkilatçıları və yönləndiriciləri baş vermiş qanlı cinayətə dolayı yolla haqq qazandırmaq üçün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin, guya, sərt davranışları ilə sakinləri narazı salması, hətta dindarlara toxunan hərəkətlərə yol verməsi barədə də saxta mülahizələr yaydılar.
Elə buna görə də ölkənin media məkanında və beynəlxalq miqyasda izlənilən sosial şəbəkədə yaranmış anormal vəziyyətə ilkin münasibətini bildirən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov KİV-ə açıqlamsında bildirdi ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücumla bağlı yanlış məlumatlar yayılmaqdadır. Silahlı hücum, həqiqətən, olub və bunu edən şəxs saxlanılıb. Hadisə nəticəsində icra başçısının mühafizəçisi yaralanıb. Onun özünün vəziyyəti yaxşıdır.
Mətbuat Şurasının sədri ictimai narahatlığa və narazılığa cavab olaraq qeyd etdi ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə profilləri Elmar Vəliyevin həyatını itirdiyinə dair deyilənləri fakt kimi ictimailəşdirməyə çalışırlar. Bir qrup isə məsələni dünən və bu gün ölkədə yaranmış elektrik enerjisi problemi ilə əlaqələndirərək öncəgörücülük edir, mülahizələr yürüdürlər.
Əflatun Amaşov media ictimaiyyətini baş vermiş hadisə ilə bağlı azad, demokratik KİV-in təməl prinsipləri olan obyektivliyə və peşəkarlığa sadiq qalmağa da çağırdı: "Nəzərə alaq ki, söhbət ölkənin ikinci böyük şəhərinin ölkə Prezidenti tərəfindən təyin edilmiş başçısından gedir. Hazırkı durumda jurnalist peşəkarlığı yalnız rəsmi məlumatlara istinaddan, dedi-qodulara əhəmiyyət verməməkdən keçir. Çox istərdim ki, media təmsilçilərimiz buna xüsusi diqqət yetirsinlər. Cəmiyyətdə çaşqınlıq yarada bilmə ehtimalı yüksək olan fikir və düşüncələrin ictimai rəydə reallıq kimi qəbul olunmaması son dərəcə vacibdir".
Yeri gəlmişkən qeyd edək ki, bütün bunlar ictimaiyyəti çaşdırmasa da, ciddi narahatlıq və narazılıq yaradırdı. Redaksiyamıza edilən zənglərdə, bölgələrdəki müxbir məntəqələrimizə müraciətlərdə bu yalan, təxribat xarakterli çağırışların qarşısının qanuni yolla alınması tələbləri ara vermirdi.
Nəhayət, iyulun 9-da Azərbaycan Respublikasının Baş Prokurorluğu da Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törədilmiş cinayət hadisəsi ilə əlaqədar bəzi saytlarda və sosial şəbəkələrdə təxribat xarakterli çağırışlara münasibətini bildirməli oldu.
Baş Prokurorluğun mətbuat xidmətinin mediaya açıqlamsında bildirildi ki, 2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.
Rəsmi açıqlamada birmənalı olaraq qeyd edildi ki, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
Bütün bunlara görə Baş Prokurorluq bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işlərinə başladı. Sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıldı.
İnternet mediasında körüklənən və baş vermiş terror hadisəsinin mahiyyətini qəsdən təhrif edərək bu qisasçılıq aksiyasını kütləvi iğtişaşlara yönləndirmək cəhdinə görə “criminalaz.com” və “bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxslərə “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən bir həftədə iki dəfə rəsmi xəbərdarlıq edildi. Lakin onlar həmin qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq 2018-ci il 3--6 iyul tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə bilə-bilə yalan, qanunla qadağan edilən informasiyalar yayımladılar.
Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla “topxeber.az” və “fia.az” internet saytlarının vəzifəli şəxsləri tərəfindən “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edildi.
Cəmiyyətin gözləntilərinə və mövcud şəraiti tövsif edən qanunların tələblərinə uyğun, həmin internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edildi, onlardan “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edildi. Baş Prokurorluq bir daha kütləvi informasiya vasitələrinə, o cümlədən sosial şəbəkə istifadəçilərinə (“Facebook”, “Twitter”, “Instagram” və s.) “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq da etməli oldu.
Lakin, nəyin bahasına olursa-olsun, Azərbaycanı inkişaf yolundan döndərmək istəyən, onu yenidən müti, sözəbaxan bir ölkəyə çevirmək istəyən qüvvələrin diktəsi ilə hazırlanmış və hərəkətə gətirilmiş pozuculuq aksiyaları ara vermədi. Bu yolda qan tökməkdən, kütləvi fəlakətlər törətməkdən çəkinməyən qüvvələr Gəncə terrorçusunu müdafiə şüarları altında gözünü qan örtmüş radikal ekstremistlər dəstəsini yeni bir inadla meydana atdılar.
Artıq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin KİV-də yayılmış birgə məlumatından da məlum olduğu kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxs mərkəzi meydanda icazəsiz yürüşə çıxdı. Dövlət əleyhinə çağırışlarla kütləvi şuluq salmaq istəyən dini-ekstremist qrupun üzvlərinin xidməti vəzifələrini yerinə yetirən, asayişin qorunmasına çalışan yüksək rütbəli polis əməkdaşlarına açıq hücuma keçdilər. Küt və kəsici-deşici alətlərlə qanun keşikçilərinə zərbələr endirən davakar, qisasçı dəstənin üzvləri Gəncənin Mərkəzi meydanında qan tökdülər. Yüksək rütbəli 2 polis zabiti qətlə yetirildi.
Operativ tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edildi. Respublikada sabitlik və təhlükəsizliyin etibarlı qorunması üçün hüquq-mühafizə orqanları bütün zəruri tədbirləri həyata keçirməyə başladı.
Düşmən qüvvələrin diktəsindən çıxa bilməyən, edilən xəbərdarlıqlara məhəl qoymayan məsuliyyətsiz, pozucu müxalifət qüvvələri və informasiya yayıcıları dövlətə, xalqın əmin-amanlığına qarşı növbəti və daha irimiqyaslı cinayəti də, guya, haqq davası kimi yozmağa çalışdılar. Bu yerdə xalqın da səbri tükəndi və ölkənin nüfuzlu insanları, Vətənə xidmət nümunələri ilə mötəbərlik qazanmış ayrı-ayrı tanınmış peşə sahibləri Azərbaycanın ciddi media orqanlarına üz tutaraq, heç bir əxlaq və qanun normasını gözləməyən pozucu ünsürlərin qarşısının qətiyyətlə kəsilməsini, cinayətkarların ciddi cəzalandırılmasını tələb etməyə başladılar.
İyulun birinci ongünlüyündə Gəncədə baş verən və xalqın dincliyini pozan cinayətkar hadisələrlə bağlı açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsəllələr şöbəsinin müdiri Əli Həsənov bildirdi: “Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici antiazərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil.”
Gəncə şəhərinin dini icmalarının təmsilçiləri isə KİV-lə yayılmış açıqlamalarında qətiyyətlə bildirdilər ki, ölkəmizdə aparılan dini siyasətə uyğun olaraq, icra hakimiyyətinin başçısı Elmar Vəliyev heç vaxt və heç bir halda dinə qarşı olmayıb. Gəncənin din xadimlərinin sözlərinə görə, baş verənlər dini don geyindirilmiş siyasi terror aksiyasıdır.
Gəncə şəhər “Şah Abbas cümə məscidi” dini icmasının sədri Hacı Əlisəftar Səfərəliyev bildirdi ki, müəyyən olunmuş qaydalar çərçivəsində bu vaxtadək Gəncədə bütün dini mərasimlər keçirilib. Elə bir dini mərasim yoxdur ki, baş tutmamış, keçirilməmiş olsun. Ramazan ayı yeni bitib. Bu müqəddəs ayda iftarlar verilib, özü də çox yüksək səviyyədə. Şəhər ziyalılarının, ictimaiyyət nümayəndələrinin və təbii ki, dindarların iştirakı ilə “İmamzadə”də iftar verilib. Qurban bayramı da onun kimi, hər zaman ən yüksək səviyyədə keçirilir. Qurbanlar kəsilir, ehtiyacı olanlara qurban payı verilir.
Din xadimi Kərbəlayi Ağakərim böyük razılıqla qeyd etdi ki, Gəncədəki İmamzadə türbəsi gözəl şəkildə bərpa və təmir olunub. Orada Həzrəti İmam Hüseynin adını daşıyan meydan da yaradılıb ki, bu da dindarların sərbəst şəkildə dini ayinləri icra etmələrinə imkan verir. Baş vermiş bu son hadisələri din adı ilə bağlayanlara qəti etirazımı bildirirəm. Azərbaycan güclü dövlətdir və bu hadisə də ölkə rəhbərinin öz nəzarətindədir. Bu hərəkətin, bu əməlin dinlə heç bir əlaqəsi yoxdur.
Şəhərin başqa bir din xadimi Hacı Qadir Zeynalov Gəncənin, guya dini dəyərlərə məhəl qoymayan və terrora hədəf olmuş başçısı barədə uydurulanları qəti inkar edərək dedi ki, mən Elmar Vəliyevə gördüyü bu işlərə görə hər zaman “Gəncənin əzizi” demişəm. O dindarlarla gözəl münasibətdə olub. Həmişə istəyib ki, məscidlərin və dindarların normal fəaliyyətini təmin etsin. Hər zaman istəyib ki, din adı altında öz məkrli niyyətlərini həyata keçirmək istəyənləri buradan uzaq tutsun. Hər il “İmamzadə”də iftar süfrəsi açılıb və hər birində də özü şəxsən iştirak edib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da jurnalistlərə açıqlamasında bildirdi ki, hadisələrin arxasında kimlərin və hansı məqsədlərin dayandığı hər kəsə bəllidir. Hüquq-mühafizə orqanları araşdırma aparır və nəticə hər kəsə aydın olacaq. Bu məsələdə əli olan hər kəs layiqli cəzasını alacaq. Bunun arxasında duran xarici və ya daxili dairələr varsa, onlar da ifşa olunacaq. Bəziləri bu hadisəni yanlış yerə yozur. Lakin artıq hadisənin mahiyyəti bəllidir. Gəncədə terror aktını törədənlərin kimliyi, onları müdafiə edənlər ortadadır. Bu, yalnız Azərbaycanın əleyhinə çıxış edən qrupların işidir. Azərbaycan güclü dövlətdir, kimlərsə din pərdəsi arxasında bu cür hadisələrlə ictimai-siyasi sabitliyi poza bilməz.
Ölkə Prezidentinin köməkçisi Əli Həsənov isə dövlətin konstitusiya quruluşunu qorumaq, vətəndaşların asayişini, ölkənin təhlükəsizliyini təmin etmək qüdrətini və əzmini ifadə edərək bildirdi ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir.
Bütün bu deyilənlər bir daha göstərir ki, araqarışdıranların, ictimai sabitliyi pozmaq, ölkəmizi indiki yüksəliş yolundan döndərmək istəyənlərin növbəti niyyətləri bir ovuc satqın və xəyanətkardan başqa, heç kəsi doğru yoldan sapdıra bilmədi. Şər qüvvələrin təxribatları, yalan və cinayətkar hərəkətləri cəmiyyətdə heç bir ciddi dəstək tapmadı. Həqiqət budur ki, qanunlarımız yalanların yayılmasının, bəd niyyətlərin gerçəkləşməsinin qarşısına möhkəm sipər çəkib.
Xalqın təmiz vicdanı, öz yurduna hədsiz sevgisi və tarixi bəlalardan çıxıb yüksəldilmiş dövlətçilyinə möhkəm sədaqəti, müstəqil dövlətini ən düzgün yolla uğurlara doğru aparan dövlət başçısına böyük rəğbəti və inamı isə düşmən qüvvələrin bütün bəd niyyətlərini bundan sonra da puça çıxaracaq.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.