Azərbaycan getdikcə güclənəcək. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə rəqabət apara bilmir və apara bilməyəcək. Tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir.
Aprel, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu gücləndirir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Həmin gün dünyanın, xüsusilə işğalçı Ermənistan dövlətinin nəzərləri Bakıya, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Azadlıq meydanında keçirilən təntənəli hərbi parada dikilmişdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri hərbi paradı dövlət və hökumət rəsmiləri, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri və müharibə veteranları da böyük maraqla izlədilər.
Paradda Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edirdi, çoxlu sayda hərbi texnikanın, gəmilərin, uçuş vasitələrinin, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikaların, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silahların nümayişi Azərbaycanda ordu guruculuğunun dövlət siyasətinin prioritetini təşkil etməsindən xəbər verirdi.
Hərbi paradda səsləndirilən fikirlərdən də bəlli oldu ki, Azərbaycan Ordusu yenilməzdir, güclüdür. Azərbaycan əsgəri vətənpərvərdir, mübarizdir, qorxmazdır, cəsarətlidir, yüksək hazırlıqlıdır. Azərbaycan əsgəri Vətəninə, xalqına, dövlətinə, Ali Baş Komandanına həmişə sadiqdir. Zaman bu deyilənlərin nə qədər həqiqət olduğunu dəfələrlə sınaqdan çıxarıb. Biz 2016-cı ilin aprelində cəmi dörd gün davam edən müharibədə də bunun şahidi olduq. Təkcə biz yox, işğalçı Ermənistanın hərbçiləri, habelə dünya ictimaiyyəti də ordumuzun işğal altında olan ərazilərimizi azad etmək iqtidarında olduğunu gördü.
Hərbi paradda vurğulandığı kimi, vətənpərvərlik ruhu ilə silahlanmış Azərbaycan əsgərinin qarşısında ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz. Hərçənd, aprel döyüşlərində də bəlli oldu ki, Ermənistan ordusu müasir silahlardan hələ də məhrumdur və Rusiyanın nuh əyyamından qalmış köhnə, heç nəyə yaramayan, sınıq-salxaq silahlarının ümidinə qalıb. Azərbaycanda isə 1200 adda silah-sursat istehsal olunur. Bundan başqa, ölkəmiz ən müasir silahları alaraq ordumuzun gücünü, qüdrətini daha da artırır, hərbçilərimizin Vətənin müdafiəsində ayıq-sayıq dayanmasına, düşmənin törətdiyi təxribatlara layiqli cavab verməsinə hər cür şərait yaradır. Azərbaycan əsgəri bu keyfiyyətlərini, qorxmazlığını, şücaətini, qəhrəmanlığını 2016-cı ilin Aprel döyüşlərində və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Şərur rayonu istiqamətində də bir daha nümayiş etdirdi. Məhz həmin qəhrəmanlığın bariz nümunəsi kimi bu gün Azərbaycan bayrağı Talış zirvəsində, Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərində əzəmətlə dalğalanır. Strateji əhəmiyyət daşıyan bu yüksəkliklərin geri qaytarılması sübut edir ki, Azərbaycan məhz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında öz tarixi torpaqlarını mütləq düşmən tapdağından azad edəcək, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində bütün vasitələrdən istiadə edərək buna nail olacaq, əzəmətli dövlət bayrağımız Şuşada, Xankəndidə, Laçında və işğal altında olan digər torpaqlarımızda da vüqarla dalğalanacaq.
Azərbaycanın hərbi qüdrəti Ermənistanda təlaş yaradıb. Bunu işğalçı ölkənin zabitləri, həmçinin dünyanın tanınmış politoloqları da təsdiqləyirlər. Bir neçə gün əvvəl Azadlıq meydanında keçirilmiş hərbi paradın xofu erməniləri ciddi təşvişə salb. Bunu düşmən tərəfin hərbçiləri də açıq-aydın etiraf edirlər. Erməni polkovniki, Tiqran Met Xüsusi Hərbi Təlim və Tədris Mərkəzinin direktoru Karyon Qumaşyan yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində Azərbaycan Ordusunun gücü qarşısında aciz olduqlarını təsdiqləyib. O, Azərbaycan Ordusunun qüdrətindən söhbət açaraq deyib ki, bu ordu hazırda ən müasir hərbi texnika ilə təchiz olunub və yüksək intizama malikdir.
Erməni polkovniki deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin hərbi paraddakı son bəyanatı ciddi çağırışdır. Ermənistan isə susqunluğunu saxlamaqdadır. O deyib ki, Azərbaycan Ordusunun son hərbi paradında dünyanın müxtəlif ölkələrinin nümayəndələri iştirak edirdilər. Prezident İlham Əliyev onların gözü qarşısında bu cür bəyanatla çıxış etdi.
Erməni polkovniki həyəcanla bidirib ki, Azərbaycan Ordusu Arpa kəndi istiqamətində öz mövqelərini irəli çəkməklə Ararat, Keşişkənd və Arpa kəndini nəzarətdə saxlayır. Bu reallıqdır.
Qumaşyan Ermənistan Müdafiə Nazirliyini də kəskin tənqid edərək deyib ki, bu gün ölkəsinin Müdafiə Nazirliyi öz adını tam doğruldur: “Çünki yalnız müdafiə olunur. Gözləyir ki, bizə hücum edəcəklər. Biz də müdafiə olunacağıq. Əgər müdafiə oluna bilsək” . O, təlaşla deyib ki, bu dəfə müharibə geniş miqyaslı ola bilər. Bunu Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnikası sübut edir. Erməni polkovniki deyib ki, Ermənistanda ordu talan olunan zaman Azərbaycan hərbi texnikanın modernləşdirilməsi və ordu quruculuğu ilə məşğul olub.
Erməni polkovniki bütün bunlarla yanaşı, hazırda Azərbaycan Ordusunun hazırlıq və döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu da etiraf edib. Bakıda keçirilən hərbi paradı diqqətlə izlədiyini vurğulayan Qumaşyan silahların yeni olduğunu, hətta sıra hazırlığının öz intizamına görə Cənubi Koreya ordusunu xatırlatdığını deyib. Onun fikrincə, müharibə şəraitində olan ölkəni bu cür vəziyyət çox ciddi narahat etməlidir: “Azərbaycan yeni silah-sursatını nümayiş etdirdi. Ehtimal ki, silahların bir qismi hələ məxfi saxlanılır. Bizim isə bunun qarşısında hansısa addım atdığımızı görmürəm. Biz bundan ciddi nəticə çıxarmasaq, vəziyyətimiz çox pis olacaq”.
Amerika Birləşmiş Ştatlarının Markett Universitetinin professoru, politoloq Piter Teysin fikirləri də maraqlıdır. O deyib ki, Ermənistan iqtisadiyyatının düzgün inkişafının yeganə resepti işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməkdir. Politoloq Ermənistanın yüksək vəzifəli hərbçilərinin xeyriyyə məqsədləri üçün toplanmış məhsulların oğurlanmasına, talan edilməsinə də münasibət bildirib. Deyib ki, Ermənistanın həbs edilmiş Milli Qəhrəmanı, sabiq deputat, general Manvel Qriqoryan korrupsiya yolu ilə külli miqdarda sərvət əldə edib və bununla da xaricdə Ermənistanın imicinə sağalmaz zərbə vurub. Politoloqun fikrincə, yüksək vəzifəli hərbçilərin bu cür hərəkətləri Ermənistan ordusunda baş alıb gedən kütləvi fərrariliyin səbəbidir.
Amerikalı professor bildirib ki, son 30 ildə Ermənistan ordusu yüksək hazırlıqlı taktika və döyüş nümayiş etdirməyib. Həmvətənləri və sıravi əsgərlər yoxsulluq şəraitində, yoluxucu xəstəliklər girdabında yaşadığı bir vaxtda erməni generalların lüks həyat tərzi keçirdiyi, rəsmi Yerevanın isə Azərbaycanın torpaqlarını işğal altında saxladığı müddətdə hər hansı bir uğur və irəliləyiş baş verməyəcək. Politoloq, həmçinin Ermənistan cəmiyyətinin son illər çox kədərli olduğunu, gənclərin həyat tərzini yaxşılaşdırmaq üçün ölkəni tərk etdiyini, erməni əsgərlərinin ac qaldığını, hərbi təchizat çatışmazlığını yaşadığını və daim gərginlik, əsəbi vəziyyətdə olduqlarını bildirib.
Politoloq vurğulayıb ki, əgər Nikol Paşinyan düşünülmüş xarici siyasət yeritməsə, Azərbaycanın imkanlarını, xüsusilə sonuncu paradda nümayiş olunan silah-sursatı, hərbi texnikanı düzgün qiymətləndirməsə, Ermənistan düşdüyü bataqlıqdan qurtula bilməyəcək. Onun fikrincə, Azərbaycanda keçirilən sonuncu hərbi parad Ermənistan üçün ibrət dərsi olmalıdır.
Göründüyü kimi, Azərbaycan Ordusunun hərbi qüdrəti, gücü, ən müasir silahlarla, hərbi texnika ilə təchizatı dünyanın da diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin dediyi kimi, düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Xalqımız tam arxayın ola bilər ki, ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da “Azadlıq” meydanında keçirilən təntənəli hərbi parada ordumuzun ən müasir silahlarla təchiz olunduğunu bir daha bəyan etmişdir: “Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır. Bu gün bu silahların kiçik bir hissəsi paradda nümayiş etdiriləcək.”
Prezident, Ali Baş Komandan son illər ərzində ən müasir texnika və silahlar alındığını da diqqətə çatdırmışdır: “Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmisi, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
Ölkə başçısı bəyan etmişdir ki, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Həmin bayraqlar hərbi paradda, "Azadlıq" meydanında nümayiş etdirildi. Bunun böyük mənəvi əhəmiyyəti var. Azərbaycan Prezidenti qətiyyətlə bildirmişdir: “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.