İctimai asayişin və sabitliyin keşiyində

Azərbaycan polisi – 100
Azərbaycan polisinin tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən başlanır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycan polis orqanları yaradıldı.
 
Azərbaycan polisi yarandığı gündən indiyədək–yəni bir əsr ərzində xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etmiş, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirmişdir.
1991-ci il 18 oktyabr tarixində “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunduqdan sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.
Müstəqilliyimizin ilk illərində, təəssüflər olsun ki, xalqımız qeyri-sabit ictimai-siyasi vəziyyətdə yaşamaq məcburiyyətində qaldı. Ölkədə naşı insanların siyasi hakimiyyəti ələ keçirmələri nəticəsində hərc-mərclik yaranmış, özbaşınalıq halları dözülməz həddə çatmışdı. Qanunazidd şəkildə yaradılmış silahlı dəstələr və ayrı-ayrı şəxslər ölkə daxilində kriminogen durumu gərginləşdirməklə əhalidə qorxu hissini son dərəcə artırırdılar. Belə bir şəraitin şahidi olan insanlarda dövlət orqanlarına inam getdikcə itirdi.
Respublikada baş verən hadisələr daxili işlər orqanlarından da yan keçmədi. Cinayətkarlıqla mübarizə aparmaq, daxili sabitlik yaratmaq, hüquq qaydasını qorumaq bilavasitə vəzifəsi olan daxili işlər orqanları siyasi oyunlara cəlb olunmuşdu. Peşəkar polis işçiləri sıxışdırılaraq işdən uzaqlaşdırıldılar. Onların əvəzinə səriştəsiz, polis adına ləkə gətirən, cinayətkarlığa qarşı mübarizə aparmaq qabiliyyəti və təcrübəsi olmayan şəxslər rəhbər vəzifələrə irəli çəkildilər. Bunun nəticəsi olaraq dövlətin digər qolları kimi daxili işlər orqanlarının da nüfuzu getdikcə itməkdə idi.
Xalq üzləşdiyi bu faciəli problemi aradan qaldıra bilən şəxs kimi nicatı ümummilli lider Heydər Əliyevdə görürdü. 1993-cü il iyun ayında xalqımızın israrlı tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev respublikamızı daha ağır faciələrdən, qardaş qırğınından və vətəndaş müharibəsindən qurtardı. Cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edildi. Cinayətkarlıqla mübarizə günün tələbləri səviyyəsində təşkil olundu və kriminogen durum nəzarətə götürüldü. Dövlətçiliyə təhlükə törətmək niyyətində olan cinayətkar qruplar qanuni şəkildə zərərsizləşdirildilər. İnsan hüquq və azadlıqları beynəlxalq standartlara uyğun olaraq təmin edildi. Təbii ki, ümummilli liderimizin düzgün kadr seçimi bu məsələdə əsas rol oynadı. Cənab Ramil Usubovu daxili işlər naziri təyin etməklə ulu öndər ən düzgün qərar qəbul etdi.
Ümummilli lider 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə ölkədə ictimai-siyasi asayişin qorunmasında, əhalinin sabit həyat tərzi sürməsində və təşkilati-hüquqi bazanın yaradılaraq möhkəmləndirilməsində çox mühüm rol oynadı.
Məhz ümummilli liderin rəhbərliyi və nəzarəti altında görülən ciddi tədbirlərlə əhalidə olan minlərlə qanunsuz saxlanılan odlu silah və sursat yığıldı. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr ləğv edildi. Az vaxt ərzində cinayətkar ünsürlər və silahlı dəstələr zərərsizləşdirildi. Bu isə vətəndaşlarımızın dövlətə, onun hüquq-mühafizə orqanlarına itmiş inamlarının bərpası ilə nəticələndi.
Əldə olunan uğurları və nailiyyətləri yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev polisin 80 illik yubileyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə belə demişdir: “Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və başqa qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir. Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bütün bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidmətin mənafeyini hər şeydən üstün tutmuşdur.”
Ümummilli liderin daxili işlər orqanlarının xidmətinə verdiyi bu yüksək qiyməti şəxsi heyət gələcəyə ünvanlanmış strateji vəzifə kimi qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2001-ci il tarixli fərmanı ilə “Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu” təsdiq edilmişdir.
Daxili işlər orqanlarının 90 illik yubileyi münasibətilə keçirilmiş toplantıda Prezident İlham Əliyev demişdir: “Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcuddur. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifələri ləyaqətlə icra edirsiniz.”
Daxili işlər naziri, general-polkovnik  Ramil Usubov da daxili işlər orqanlarının 90 illik yubileyi ərəfəsində mətbuata verdiyi müsahibədə qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçərək dövlətin mühüm təsisatı kimi formalaşmış və təşkilati cəhətdən möhkəmlənmiş daxili işlər orqanları bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətini daha da təkmilləşdirib, nailiyyətlərini artırıb...
Respublikada sabitliyin möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, dövlətçiliyin qorunmasında müstəsna xidmətlər göstərmiş Azərbaycan polisi həm də Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olmuş, 1710 nəfər yaralanmışdır. Polis sıralarından göstərdiyi igidliyə və hünərə görə 67 nəfər “Milli Qəhrəman” adına layiq görülmüş, habelə 1143 nəfər orden və medallarla təltif edilmişdir. 
Müstəqil Azərbaycan dövləti, bu gün demək olar ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatların və qurumların subyektidir. Bu isə o deməkdir ki, Azərbaycan hökumətinin icraya yönəlmiş qanunları beynəlxalq standartlara uyğun olmalı və icra orqanları işini o standartlar çərçivəsində qurmalıdır. Mövcud reallıqdan çıxış edərək deyə bilərik ki, bu gün Azərbaycan polisinin fəaliyyəti, iş prinsipi beynəlxalq təşkilatların ekspertlərinin tələblərinə tam uyğundur.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan polisi fəaliyyətini müasir tələblərə uyğun qurur. Daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Polis əməkdaşları qabaqcıl təcrübənin daha səmərəli tətbiqi məqsədi ilə Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən və daxili işlər orqanlarının fəaliyyətinin başlıca istiqamətlərini əhatə edən müxtəlif forum və müşavirələrdə mütəmadı olaraq iştirak edirlər.
Bir əsrlik yubileyi günlərində əminliklə deyə bilərik ki, Azərbaycan polisi, sözün həqiqi mənasında, asayişin və sabitliyin keçiyində ləyaqətlə dayanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları yerinə yetirməyə həmişə hazırıq!
Vüqar SƏRDAROV

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında