Azərbaycanın ali qanunvericilik orqanı xalqın müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 İyunu – Milli Qurtuluş Günü elan etmişdir. Milli Məclisin 1997-ci il 27 iyun tarixli qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” – deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.
Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı iyunun 15-ni əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında reallaşdırılmış, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəylik yaradılması istiqamətində ardıcıl addımlar atılmışdır. Dünyanın müxtəlif qitələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə əlaqələrini gücləndirmək, onların dil, əqidə və əməl birliyini möhkəmləndirmək məqsədilə Bakıda Dünya azərbaycanlılarının qurultayları keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətini təhlil edərkən, öncə “Əliyev fenomeninin sirri nədədir?” – sualını cavablandırmaq lazım gəlir. Onun ən mühüm özəlliyi insanların ehtiyaclarını anlayan və xalqın layiqli həyat yaşaması üçün ağır məsuliyyəti yüklənmiş həqiqi dövlət adamı olmasıdır. Azərbaycan xalqının ən böyük şansı Heydər Əliyevin siyasi üfüqdə tam zamanında parlamasındadır.
O günlər respublikamız həyatının yeni mərhələsinə qədəm qoymaq ərəfəsindəydi. 1993-cü ilin iyununda xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müasir durumunu təsəvvür etmək doğrudan da çətin idi. Məhz onun sayəsində baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazandı. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edildi. 25 ildir ki, Azərbaycan xalqı bu hadisənin sevinci, firavanlığı ilə yaşayır.
Heydər Əliyev respublikaya rəhbərlik etməyə başlayan gündən ölkədə köklü islahatlara start verildi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. O, dəqiq bilirdi ki, bəşəriyyət tarixinin yeni mərhələsinə uyğunlaşmaq üçün ölkənin tamamilə dəyişməsi zəruridir.
Ulu öndər şəxsiyyəti o qədər mürəkkəb və çoxşaxəlidir ki, bu, birmənalı qiymətləndirilə bilməz. Əksinə olsaydı, müasir nəsillər Heydər Əliyev fenomenini öyrənməyə ehtiyac duymazdılar. Öz mənəvi inkişafı və digər insani keyfiyyətləri sayəsində ulu öndər zamanın fövqündə dayanır və baş verəcəkləri öncədən hesablaya bilirdi. Əslində, Heydər Əliyevin siyasi liderlik modeli Azərbaycan Respublikasının sərhədlərini aşaraq müasir qlobal lider tipinin formalaşmasına yol açıb. Obrazlı desək, ulu öndər əsrlər və qitələr miqyasında düşünürdü. Heydər Əliyev hələ illər öncə bu gün XXI əsrin prioriteti kimi müəyyənləşdirilən “Davamlı inkişaf məqsədləri”ndə yer alan hədəfləri coğrafi baxımdan kiçik Azərbaycan miqyasında gündəmə gətirmişdi. Belə qlobal düşüncə tərzi ulu öndərin intellektual gücü və liderlik potensialının ən bariz təzahürüdür. Və bunun sayəsində Heydər Əliyev böyük beynəlxalq nüfuza və reytinqə malik idi. O, siyasi filosof, əqli və intellektual novator cəsarətini özündə birləşdirən müasir qlobal lider idi.
Bəlli olduğu kimi, çağdaş dünyada vasitə qıtlığı yoxdur. Əksinə, maddi resursların həddən artıq olması fonunda biz ara-sıra daha çox xroniki məqsəd və strateji düşüncə qıtlığı ilə üzləşirik. Və bu boşluğu zamanında öz yenilikçi ideyaları ilə Heydər Əliyev doldurmuşdu. Ulu öndər XXI əsrin həqiqi lideri kimi bir neçə ölçüdə fərqlənməyə müvəffəq oldu. O, ilk öncə uzaqgörən strateq kimi siyasi proseslərin axarında hərəkət etməyib, onları yönləndirir və gələcəyi idarə edirdi. Bunun sayəsində Azərbaycan postsovet məkanında strateji planlaşdırma modelini sınayan ilk dövlət oldu və uzunmüddətli prioritetərini düzgün müəyyənləşdirərək bütün dünyanın diqqətini özündə cəmləyə bildi.
Heydər Əliyev bacarıqlı idarəçi kimi təkcə gələcəyi görməklə kifayətlənməyib, prioritet məqsədlərə çatmaq üçün əməli tədbirlər gerçəkləşdirirdi. O, fövqəladə bacarığı sayəsində siyasi prosesləri dərhal konstruktiv dəyişikliklər məcrasına yönəldə bilirdi. Təsadüfi deyil ki, onun adı siyasi brendə, qəbul etdiyi strateji qərarların keyfiyyət nişanına çevrilib. Üçüncüsü, o, heç şübhəsiz, cəsarətli novator idi. Onun təşəbbüslərinin diapazonu olduqca genişdir və Heydər Əliyev yeni qlobal imkanları aşkarlayıb onlardan faydalanmaqla modernləşmənin öncülü rolunda çıxış edirdi. Onun ideyalarının bir çoxu zamanı qabaqlayırdı. Heydər Əliyev Azərbaycandan kənarda da çoxları üçün etimadın qarantı idi. O, Qərblə də, Şərqlə də eyni məcrada dialoq qururdu və “dürüst siyasi düha” imici qazana bilmişdi. Müdrik dövlət adamı kimi Heydər Əliyev təhsilli nəsli ölkənin gələcəyi hesab edirdi. O, öz komandasına güclü, enerjili idarəçiləri cəlb etməkdən çəkinmirdi. Onun ən böyük uğuru, dövlət başçısı kimi uzaqgörənliyi özünə layiqli davamçı, Azərbaycana yeni təfəkkürə malik həqiqi lider və gələcəyi proqnozlaşdıran, yönləndirən əsl rəhbər yetişdirə bilməsindədir.
Xarizmatik şəxsiyyət olan Heydər Əliyev, həmçinin nadir inandırma qabiliyyətinə malik idi. 90-cı illərdə yüksək qeyri-müəyyənlik və siyasi risk şəraitində Azərbaycan lideri gələcəyin aşkar obrazını yarada və bu gələcəyin konturlarını cıza bilmişdi. Dünya miqyaslı siyasətçi həm də dünyanın vətəndaşı sayılırdı. O, qlobal dünya ilə ayaqlaşmaq zərurətini yaxşı dərk edirdi, ancaq Azərbaycanın dünyaya bərabərhüquqlu üzv kimi inteqrasiyasına üstünlük verirdi. Ulu öndərin liderlik modeli Azərbaycana uğurlu dövlət statusu qazanmaq və beynəlxalq siyasətin bərabərhüquqlu aktoru olmaq şansı qazandırdı.
Məhz ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan demokratik prinsiplərə əsaslanan dövlət quruculuğu sahəsində qətiyyətli addımlar atdı. O, orta statistik azərbaycanlını “cəngəllik” qanunlarına dayanaraq yaşamaq aqibətindən xilas etdi, sosium daxili mənəviyyat aşınmasının qarşısını aldı, saxta liderlərin siyasi anatomiyalarını, zərərli “siyasi layihələri”nin iflasını səciyyələndirən amilləri ortaya qoydu. Azərbaycan kütləvi inamsızlıq, permanent sosial kataklizmlər dönəmini məhz onun sayəsində adlaya bildi. Bir sözlə, ulu öndər Azərbaycanın uğur strategiyasının konturlarını cızdı. Azərbaycanın sərhədləri daxilində bütün yeni mədəni və intellektual dəyərlər üçün açıq, yeni səviyyədə bir toplumun formalaşmasına müvəffəq oldu. Azərbaycançılığı həmin toplumun həyat tərzində, əxlaqında əsas ideyaya çevirdi.
“Mənim xalqım –Azərbaycan xalqı indi azaddır. İndi müstəqil Azərbaycan var, heç kəsdən asılı olmayan, müstəqil yaşayan dövlət vardır. Xalqımız bu müstəqillik yolunda daha böyük nailiyyətlər əldə edəcəkdir. Çünki azad xalq həmişə öz imkanlarından istifadə edə bilər. Bütün çətinliklərin hamısı keçib gedəcəkdir, Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənəcəkdir, Azərbaycanın böyük iqtisadi gələcəyi göz qabağındadır. Azərbaycanda demokratiya qələbə çalacaqdır, Azərbaycan demokratik, hüquqi dövlət kimi dünya birliyində həmişə yaşayacaqdır” – deyən Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi müstəqillik yoluna qədəm qoymuş ölkəmizin mövqelərini möhkəmləndirdi. Böyük tarixi şəxsiyyət, məşhur siyasətçi, mahir diplomat və dövlət xadimi Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, ölkəmizi inkişaf etmiş dövlətlər cərgəsinə qoşmaq üçün bütün imkanlardan istifadə etdi. Azərbaycançılıq ideyasının yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişafı ulu öndərin xüsusi diqqqət yetirdiyi sahələrdən idi.
Gənc müstəqil dövlət, xüsusən Azərbaycan kimi xarici təcavüzə, böyük dağıntılara və itkilərə məruz qalmış ölkə müstəqilliyə nail olduqdan sonra iqtisadiyyatını öz daxili imkanları hesabına vaxtında inkişaf etdirə bilməzdi. Bu baxımdan Azərbaycana xarici investisiyanın cəlb olunması əsas məqsədlərdən biri idi. İqtisadi yüksəlişin həlledici şərti hesab olunan investisiya qoyuluşu sahəsində mühüm nailiyyətlər əldə olundu. Kapital qoyuluşunun artmasında ölkəmizə xarici kapital axını həlledici rol oynayır. Ölkə iqtisadiyyatına böyük həcmdə xarici investisiya yönəldilmişdir. Xarici investisiya qoyuluşunda “Əsrin müqaviləsi” və ondan sonrakı neft kontraktları mühüm rol oynayır. Bu müqavilələrin məntiqi sonucu kimi Azərbaycanda yalnız neft sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə xarici investisiya qoyuluşu xeyli artmışdır.
Yuxarıda sadalananlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin yalnız bir qismidir və bütün bunlar Azərbaycanın gələcək inkişafının – XXI əsrdə inkişafının əsas meyillərini müəyyən edir. İftixarla qeyd etmək lazımdır ki, ümummilli liderimiz Heydər Əliyev XX əsrdə qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin inkişaf meyillərini də uzaqgörənliklə göstərmişdir. Onun “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, ondan sonrakı başqa çıxış və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla, həm də XXI yüzilliyin siyasi və sosial-iqtisadi inkişafının bitkin konsepsiyası və aydın proqramıdır. Heydər Əliyev həmin müraciətində deyirdi: “Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.
Azərbaycanın mövcud uğurları və tərəqqi perspektivləri bu fikirləri bir daha təsdiqləyir. Hazırda ulu öndərimizin müdrik siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla, yaradıcılıqla davam etdirilir. Böyük sürətlə yeniləşən Bakı şəhəri və regionlarımız, xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr və digər uğurlarımız məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir.
Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənən uğurlarının təməlində, heç şübhəsiz, ölkədə reallaşdırılan çoxşaxəli, səmərəli və innovativ iqtisadiyyatın formalaşmasına əsaslanaraq sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılmasına yönəlik siyasi kurs, strategiya və uğurlu idarəçilik dayanır. Azərbaycan Respublikasının konseptual inkişaf istiqamətlərinin meyar göstəriciləri 1993-cü ildən başlayaraq formalaşıb, inkişaf edib və təcrübə ilə zənginləşib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar istiqamətindəki fəaliyyət, hazırda möhtərəm Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yeni mərhələyə qədəm qoymuşdur. Sosial-iqtisadi sahələrdə əldə olunan uğurlar beynəlxalq reytinq agentliklərinin (“Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s”) Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business” hesabatında Azərbaycan mövqeyini yaxşılaşdırmış, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Müstəqil Dövlətlər Birliyi və region ölkələri arasında lider mövqeyinə yüksəlmişdir. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatın”da Azərbaycanın iki pillə irəliləməsi də ölkədə iqtisadi islahatların düzgün istiqamətindən xəbər verir.
XXI əsrdə də Azərbaycanın inkişaf kursu Heydər Əliyevin Azərbaycanı dünyada tanıdan, onu daha aydın sabahlara aparan, Vətənə, xalqa xidmət kursunun davamıdır. Azərbaycanı gələcəyə aparan, müasir tarixin liderləri sırasına çıxaran inkişaf konsepsiyasında müasir dövrümüzün əsas çağırışlarından biri məhz insan inkişafı istiqamətindədir: artıq ölkədə “bilik iqtisadiyyatına” keçidin əsası qoyulub, bunun üçün həlledici olan insan potensialının adekvat inkişafı zamanında ön plana çəkilib. Bu isə iqtisadi modelin formalaşdırılmasında müvafiq tələblər irəli sürməklə bərabər, təhsil sisteminin də kökündən dəyişdirilməsinə, əlavə təhsil, həyat boyu təhsil kimi komponentlərin əhəmiyyətinin artırılmasına gətirib çıxarıb, eyni zamanda, əsas missiyası yaradıcılığın, innovasiyaların stimullaşdırılmasına və bazarın tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin əhəmiyyətini yüksəldib.
Bəlli olduğu kimi, innovativ cəmiyyətin qurulması kreativ düşünə bilən, yüksək intellektual səviyyəyə malik, problemlərin həllinə köklənmiş və generasiya etməyə hazır mütəxəssislərin formalaşdırılmasını zəruri edir. Bu gün dünyanı heyran qoyan inkişafın Azərbaycan modelinin baş tutmasının kökündə zamanında müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin bu zərurəti düzgün dəyərləndirməsi durur. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda dövlət idarəçiliyi cəmiyyət qarşısında duran dövlət vəzifələrini yüksək səviyyədə yerinə yetirir. Lakin dövlət idarəçiliyinin kadr potensialının inkişafı istiqamətində təkmilləşdirilməsinə ehtiyac da getdikcə artır. Çünki bu dövlətin gələcək uğur və inkişaf perspektivləri, qazanılmış nailiyyətlərin davamlı olması ilk növbədə onu yönləndirəcək yeni idarəetmə paradiqmasına, müasir sosial reallıqlara cavab verən kadrların yetişdirilməsinə bağlıdır. Həmin kadrlar həyatda və idarəetmədə köklü dəyişikliklərə hazır olmalı, bir çox hallarda dəyişiklikləri qabaqlamalı, bir növ “dəyişikliklərin bələdçisi” rolunda çıxış etməlidirlər. Bu işin həlli istiqamətində ulu öndər Heydər Əliyevin yaratdığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 sentyabr 2017-ci il tarixli fərmanına əsasən, dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını və əlavə təhsili həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının qarşısında da mühüm vəzifələr durur. Dövlət qulluqçularının təhsili prosesinin yüksək səviyyədə təşkili üçün Azərbaycan Respublikasının birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə akademiyanın nəzdində Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi fəaliyyətə başlayıb. Bu məktəb akademiyada ümummilli lider Heydər Əliyevin zəngin irsinin, dövlətçilik təcrübəsinin dərindən öyrənilməsinə, həmin təcrübədən idarəetmə kadrlarının hazırlanmasında istifadə edilməsinə, regional kadrların işlərindən ayrılmadan distant hazırlığının həyata keçirilməsinə, onlayn ölkələr və regionlararası tədbirlərin keçirilməsinə imkan yaradır. Başlıca məqsəd ölkənin insan resurslarının, ilk növbədə idarəetmə kadrlarının rəqabətqabiliyyətliliyinin yüksəldilməsidir.
Bu arada bir fakta nəzər salmaq yerinə düşür: hazırda G 7 ölkəni və Azərbaycanda əhalinin orta yaş göstəricilərinin müqayisəli təhlili ölkəmizdə insan potensialının inkişafı baxımından bizə üstün tarixi imkanlar qazandırır. Məsələ burasındadır ki, Azərbaycanda bu göstərici Almaniya, Böyük Britaniya, Yaponiya və Fransa kimi dünyanın demoqrafik baxımdan “qocalmaqda” olan aparıcı dövlətlərinin göstəricisindən üstündür. Göründüyü kimi, Azərbaycanın “innovativ sıçrayışı” üçün zəmin hazırlayacaq gənc insan potensialı var. Onların formalaşması, həm də həyatdan dərs almaları üçün ulu öndər Heydər Əliyevin timsalında həqiqi lider və əsl rəhbər örnəyi də var. Azərbaycanın sabahı naminə bu şansın dəyərləndirilməsi ölkənin ən yeni tarixinin, bu şanlı tarixi yazanların daha parlaq qələbələrinə yol açacaq.
Ziyafət HƏBİBOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru,
siyasi elmlər doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.