Zəngin tarixi-mədəni irsimizin, adət-ənənələrimizin əsasında müasir, güclü Azərbaycan qurmuşuq

Hər bir xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər, adət-ənənələr onun ən qiymətli sərvətidir. Milləti də məhz millət edən və onu digərlərindən fərqləndirən əsas cəhətlərdən biri milli adət - ənənələridir. Bu dəyərlər hər bir xalqın tarixi, dili, dini, adət-ənənələri, mentaliteti, mədəniyyəti, ədəbiyyat və incəsənətidir. Tarixi faktlar da təsdiqləyir ki, bütün dövrlərdə milli adət - ənənələr dövlətin qüdrətli və uzunömürlü olmasında böyük rol oynayıb. 
 
Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan və seçilən Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə millətlər arasında özünəməxsus yer tutur. Qədim köklərə malik ölkəmiz əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmiş, onu nəsildən-nəslə ötürmüşdür. Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan özünün zəngin adət-ənənələri, milli əxlaqi və mənəvi dəyərlər sistemi ilə zaman-zaman bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş, mədəni irsi, yüksək mənəviyyatı ilə daim diqqət mərkəzində olmuşdur. 
Ta qədimdən formalaşan və xalqımızın yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən adət - ənənələrimiz millətimizin keçmişi ilə bugünü və gələcəyi arasında əbədi bir mənəvi körpü rolunu oynamaqdadır. 
Milli- mənəvi dəyərlər sistemində hər birimiz üçün əziz olan Novruz bayramı özünəməxsus yer tutur. Bu bayram bir daha adət - ənənələrimizin qədimliyini, zənginliyini göstərir. Dünyanın hansı diyarında azərbaycanlı yaşayırsa, orada mütləq Novruz bayramı böyük təntənə ilə qeyd edilir. Hətta şahidi olmuşam ki, həmin yerlərdə yaşayan digər xalqların nümayəndələri də azərbaycanlıların milli adət-ənənlərinə böyük maraq göstərir, hörmətlə yanaşır, hətta böyük həvəslə bayram şənliklərinə qoşulurlar. Ən əsası, bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab əməl hesab edilir. Bax, bizim adət-ənələrimizi digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də elə budur. Başqa bir cəhət isə adət-ənənələrimizə olan inamdır. Hətta müxtəlif xalqların nümayəndələri də etiraf edirlər ki, Azərbaycanın adət-ənənələrini dəfələrlə sınamışıq. Bu sınaq özünü doğrultuğundan artıq bizdə həmin dəyərlərə inam, hörmət – ehtiram yaranıb.
Şahidi olduğum bir hadisəni yada salmaq istəyirəm. Ötən il Novruz bayramı ərəfəsində Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndinə getmişdim. Muğanlı rayonun ən böyük kəndlərindəndir. Azərbaycanlılarla gürcülərin bir yerdə yaşadığı bu kənddə bizim millətin nümayəndələri daha çoxdur. Hər iki millət, necə deyərlər, bir-birinə tam qaynayıb-qarışıb, hətta qız alıb-veriblər. Elə bir neçə il əvvəl qonaq getdiyimiz ailədə də kişi azərbaycanlı, evin xanımı isə gürcü idi. Lakin... həmin xanım sonradan İslamı qəbul edərək özünü müsəlman sayır.
Ailənin başçısı əslən Azərbaycanın Qarabağ bölgəsindən olan Elçindir. O, hərbi xidmətini başa vurduqdan sonra Qardabanidə qalıb, ailə qurub və indiyə qədər də orada yaşayır. Gürcü qızı ilə ailə qursa da, adət-ənənəmizi qoruyub saxlayıb və bu gün də ailə, necə deyərlər, müsəlman adət-ənənəsi ilə yaşayır. Ailənin xanımı da tamamilə bizim adət-ənənələrimizi qəbul edib. Biz orada olanda axır çərşənbə idi. Süfrədəki nemətlərdən hiss olunurdu ki, Novruz bayramına hazırlıq görülüb. Səməni, şəkərbura, paxlava, şəkərçörəyi və digər şirniyyatlar, kişmiş, qoz, fındıq, boyanmış yumurtalar süfrəni bəzəyirdi. Həyətdə tonqal qalanmasına da hazırlıq görülmüşdü. Evin xanımı Lalə (əvvəlki adı Lidiya olub) ailə üzvlərinin hər birinin adına şam yandırırdi. Deyirdi ki, yaxınlıqdakı kimsəsizlərə, ehtiyacı olanlara, tək yaşayanlara da bayram sovqatı hazırlayıb. Novruz bayramında kimisə sevindirmək böyük savabdır.
Elimizin-obamızın, bütün soydaşlarımızın sevimlisi olan, hətta dünyanın əksər ölkələrində tanınan müğənni Zeynəb Xanlarovanın şən mahnıları otağı bürümüşdü. Lalə xanım əsl bayram əhvali-ruhiyyəsində idi. Sevinclə deyirdi ki, bu axşam gərək hamı xoş söz danışsın. Heç kim qəlbə dəyən söz işlətməsin. Səbəbini soruşduqda dedi ki, bu gün mənim azərbaycanlı olmağımda, müsəlmançılığı qəbul etməyimdə əsas səbəblərdən biri adət-ənənələrə olan inamım və bu inamın həyatımı büsbütün dəyişməsi olub. Bu inam məni dinimi dəyişməyə, müsəlmançılığı qəbul etməyə, azərbaycanlı olmağıma qədər yüksəltdi.
Deyir ki, həyat yoldaşı ilə Azərbaycana getmişdi. Elçinin dədə-baba yurdu ermənilərin işğalındadır. Valideynləri dövlət tərəfindən tikilmiş müvəqqəti qəsəbədə yaşayırlar. Bu arada qeyd etdi ki, Azərbaycan dövləti məcburi köçkünlərə elə qayğı göstərir ki, onlar qaçqın və köçkün olduqlarını unudublar. Yalnız doğma yurdun, ata-baba ocaqlarının həsrətini çəkirlər. Lalə xanım deyir ki, Azərbaycanın rayonlarının birində axır çərşənbə günü qız-gəlinlər qulaqasdıya getməyə hazırlaşırdılar. Qayınanam dedi ki, sən də get. Soruşdum ki, qulaqasdı nə deməkdir? Dedilər ki, axır çərşənbə günü evdən çıxanda qulaqlarını tut və istədiyin evin pəncərəsinin qarşısında dayanıb qulaqlarını aç. İlk eşitdiyin söz nə olsa, o, sənin həyatında baş verəcək. Maraq məni bürüdü. Evdə həddi-buluğa çatmış iki qızım, bir oğlum var idi. (Gülə-gülə dedi ki, doğrusu, anaları ən çox narahat edən qızı ərə verməkdir). Mən də ürəyimdə tutduğum bu arzu ilə qız-gəlinlərə qoşulub qulaqasdıya getdim. Barmağımı qulağımdan götürən kimi, ilk eşitdiyim şən mahnı, musiqi oldu. Evə qayıdanda hamı eşitdiyini danışdı. Mən də ilk olaraq şən musiqi eşitdiyimi dedim. Hamı mənə sevinclə baxdı. Dedilər ki, yaxın vaxtlarda ailənizdə toy olacaq. Gürcüstana qayıdandan sonra bunu anama danışdım. Anam dedi ki, ay qızım, hər millətin öz adət-ənənəsi var. Təki toy olsun. 17 gündən sonra sanki möcüzə baş verdi. Böyük qızıma elçi gəldi. Özü də Qardabanidə yaşayan azərbaycanlı idi. Qızımı dayısı oğlu istəyirdi. Ancaq öz dayısı oğluna ərə getmədi. Dedi ki, müsəlmançılığı qəbul et, sonra . Axı, dayısı oğlu gürcü idi.Toy etdik. Üç aydan sonra o biri qızıma da elçi gəldi. Sonra oğlumuzu nişanladıq. İl yarım ərzində həyətimizdə üç toy oldu. Bundan sonra dedim ki, qurban olaram azərbaycanlıların adət-ənənələrinə. Qonşuluqdakı gürcülər də mənə qoşuldular. Sonra İslamı qəbul etdim. Yoldaşım kimi namaz qılmağa da başladım. 
Bu arada həyəti səs-küy, mahnı səsi bürüdü. Kosa ilə Keçəl deyişə-deyişə, oynaya-oynaya həyətə girdilər. Tonqalın ətrafında mahnı oxumaq, rəqs başlandı. Gürcülər azərbaycanlılara, azərbaycanlılar isə gürcülərə qarışmışdı. Yumurta döyüşdürənlər də var idi. Arada bir papaq da atılırdı. Sanki Gürcüstanda olduğumu unutmuşdum. Qonum-qonşudakı gürcülər də “Azərbaycanlıların bayram plovundan yeməyə gəlmişik”– deyib bayram şənliyinə qoşulurdular. Bir gürcü qadını isə sevinə-sevinə Azərbaycan dilində deyirdi ki, Lalə, sizə qulaqasdıya gəlmişdim. Yaxşı mahnı eşitdim. Sevinirəm ki, bizdə də toy olacaq. Lalənin ata-anası da qızının bayram təbrikinə gəlmişdi. Hətta atası, David Şaradze də evə papaq atdı. Dedi ki, Lalənin şabalıdlı plovundan olmaz. Qızımız deyir ki, Novruz bayramında bişirilən plovdan yeməsəniz, sizdən inciyərəm. 
Sonra da həyətə gələnlərin hamısı sevinclə tonqalın üstündən tullanırdılar. Lalə deyir ki, hər Novruzda qonşular gəlib tonqalın üstündən tullanır, bizim kimi “ağırlığmız-uğurluğumuz köhnə ildə qalsın” – deyirlər. Bunu deyəndən sonra sanki özlərində bir rahatlıq tapırlar.
Lalə, nəhayət həm də namaza başlamasının səbəbindən söhbət saldı. Deyir ki, yoldaşım həmişə namaz qılanda əllərini qaldırıb sakitcə nəsə deyirdi. Bir gün soruşdum ki, sən əllərini qaldırıb nə deyirsən? Dedi ki, mən uşaqlarıma, sənə, nəvəmizə dua edirəm. Bir də dua edirəm ki, Azərbaycanın başı üzərindəki qara buludlar çəkilsin, Allah ermənilərin cəzasını versin, ordumuz qüvvətlənsin, dədə-baba torpaqlarımız işğaldan azad edilsin. O vaxtdan mən də namaz qılanda dua edirəm. Dua edirəm ki, Allah Elçinin arzularını eşitsin. Sonra da gülə - gülə deyir ki, Allah mənim dualarımı eşitdi. İki il bundan qabaq eşitdik ki, azərbaycanlılar ermənilərin başını əzib, işğal etdikləri ərazilərdən qovublar. Çox sevindik. Həyətimizdə qurban kəsdik. Qurban kəsmək də müsəlmanların adət-ənənəsidir. Biz hər il həyətimizdə qurban kəsirik. Azərbaycanlıların qələbəsini eşidəndə sanki evimizdə toy-bayram oldu. Gündə 5- 6 dəfə Azərbaycanla danışırdıq. Şəhid olanlardan biri də Elçinin qohumu idi. Yas mərasiminə də getmişdik. 
İndi Ermənistanda ara qarışıb. Bir-birilərinə qənim kəsiliblər. Körpə uşaqları, hamilə qadınları, ağsaqqalları, ağbirçəkləri vəhşicəsinə qətlə yetirəndə bilmirdilərmi ki, bir gün Allahın qəzəbinə gələcəklər? Bax, indi həmin vəhşiliyin əzabını çəkirlər. Hələ bunlar azdır. Erməniləri bundan da pis günlər gözləyir.
Azərbaycanın dini mərasimlərinin də fərqli olduğunu deyən Lalə, bu adət-ənənələrə ehtiramla yanaşdığını bildirdi. Dedi ki, yas mərasimləri ilə bağlı azərbaycanlıların maraqlı adət - ənənələri var. Elçinin şəhid olan qohumunun hüzn mərasimində gördüm. Qadınlar zinət əşyaları taxmır, qara paltar geyinir, qara yaylıq bağlayırlar. Kişilər üzlərini qırxmırlar. Bu günlər ərzində mərhumun yaxınları, qohumları bayram şənliyi keçirmir, spirtli içki içmir, toy etmir, musiqiyə qulaq asmırlar. Hüzn sahibinə ehtiramla başsağlığı verir, hətta imkansızlara maddi kömək də edirlər. Deyir ki, Gürcüstanda isə tamam başqadır. Hüzn mərasimlərində spirtli içki içilir, sərxoşlar özlərinə vaxt keçirməyə sanki əlverişli yer tapırlar. Tez-tez dava-dalaş düşür. İnanın ki, atam da azərbaycanlıların adət-ənəsini çox sevir. Deyir ki, mənə müsəlmansayağı məclis qurarsınız...
Azərbaycana qayıdanda yol boyu fikirləşirdim ki, doğrudan da, adət-ənənələrimiz bizi digər xalqlardan tamamilə fərqləndirir. Ona görə də başqa xalqların nümayəndələri bizim adət-ənənələrimizi çox sevirlər. Gürcüstanda gördüklərim də bunu təsdiqlədi. 
Milli dövlətçilik, milli-mənəvi dəyərlər və adət-ənənələr sistemi ilə sıx daxili vəhdətdədir. Adət-ənənələr yetişməkdə olan gənc nəsildə onların Vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında əsl həyat məktəbi rolunu oynayır. Bu dəyərlər mənəvi baxımdan nə qədər zəngin olsa, həmin gənclər də bir o qədər cəmiyyət üçün dəyərli şəxs kimi yetişir və dövlətin daha da güclü olmasına öz töhfəsini verirlər.
Adət - ənənələrimizin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır, güclü və qüdrətli dövlət quruculuğu prosesinə öz töhfəsini verməklə bu gün də davam etdirilir. Biz zəngin tarixi mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin əsasında müasir, güclü Azərbaycan qurmuşuq.
 
Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti” 
 
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü və Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında