Xalqın xidmətində olmaq imtiyaz deyil, məsuliyyətdir...

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin  vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar  edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı  olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o,  xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir. 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

Hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayram günü kimi qeyd olunur.  Bu bayram ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü kimi qeyd edilmişdir. Həmin qətnamədə BMT-nin üzvü olan dövlətlərə tövsiyə olunmuşdur ki, dövlət qulluğunun dövlətlərin inkişafında əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etsinlər. Dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında önəmini, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin günü “Dövlət qulluqçularının peşə bayramı günü” kimi təsis etmişdir. Respublikamızda çalışan çoxsaylı dövlət qulluqçuları  öz bayramlarını 2006-cı ildən etibarən təntənəli şəkildə qeyd edirlər.

 
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri bu gün də özünü göstərməkdədir. Dövlət qulluğu sahəsində köklü islahatlara məhz ulu öndərin ölkəyə rəhbərliyi dövründə başlanılmışdır. Ümummilli liderimizin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli maraqların həllinə qadir və müasir tələblərə cavab verən dövlət idarəçilik prinsiplərini təsbit etdi. 1996-cı ildə Hüquq İslahatları Komissiyası, 1998-ci ildə isə Dövlət İdarəçiliyi Sistemində İslahatların Aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hər iki komissiyanın gördüyü işlər, əsasən, ölkədə demokratik proseslərin inkişafına, qəbul edilən qanunların beynəlxalq standartlara uyğunlaşdırılmasına, habelə dövlət idarəçiliyi sisteminin modernləşməsinə yönəldilmişdir. Bu qanunvericilik aktlarının böyük bir qismi bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, habelə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəlmişdir. Bununla da ölkəmizdə dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırılmışdır.
Ulu öndər Heydər Əliyev dövlət idarəçiliyinin modernləşdirilməsi və beynəlxalq sistemə uyğunlaşdırılması istiqamətində islahatları davam etdirmişdir. Bu baxımdan  29 dekabr 1998-ci il tarixli fərmanla yaradılan Dövlət İdarəçiliyi Sistemində İslahatların Aparılması üzrə Dövlət Komissiyasının qarşıya qoyduğu vəzifələr diqqəti xüsusi cəlb edir. Dövlət komissiyası dövlət quruculuğunun inkişaf etdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, həmçinin sərbəst bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşdırılması sahəsində kompleks tədbirlər görmüşdür. Bütün bunlara  baxmayaraq, 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunun qəbul edilməsi ilə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu. “Dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları da məhz bu qanunla gündəmə daxil oldu. 
Yeni qanun dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyərək, həyata keçirilən kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirir. Bu qanun dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması və inkişafını stimullaşdırır.
Ümummilli liderin dövlət idarəçiliyindəki zəngin təcrübəsi müstəqilliyini yeni bərpa etmiş respublikamızın beynəlxalq aləmə inteqrasiyasında öz rolunu göstərmişdir. Dövlət qulluğunun inkişafı ilə əlaqədar bir-birinin ardınca qəbul olunan qanunvericilik aktları da bundan xəbər verirdi. Məhz ulu öndərin  ölkəyə rəhbərliyi dövründə “Dövlət qulluqçularının icbari sığortası haqqında”, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında”, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” qanunlar və daha 6 qanun, habelə 18 fərman qəbul olunmuşdur.
Göründüyü kimi, dövlət qulluğunun əsas vəzifələri sırasına vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarətin həyata keçirilməsi, dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətinin yerinə yetirilməsinin təmin olunması daxildir. Həmçinin kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisidir. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında bunu xüsusi olaraq vurğulamışdır: “Müstəqil Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alındı, dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edildi, demokratik, hüquqi dövlət quruculuğu prosesi başlandı. Onun rəhbərliyi altında həyata keçirilən idarəçilik fəaliyyəti insanlarımızda dövlətçilik şüurunu gücləndirdi, hakimiyyət və idarəetmə orqanlarının işinə inamı artırdı.”
Müdrik şəxsiyyət  Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də apardığı siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində  yüksək  rolunu göstərmişdir.  2003-cü ildə Azərbaycanda Avropa Birliyinin TASİS Proqramı çərçivəsində dövlət qulluğu sahəsində islahatlara yardım üzrə layihənin icrasına başlanılması və 24 ay davam etdiyi müddətdə ölkəmizdə dövlət qulluğu və inzibati islahatların həyata keçirilməsi üzrə konsepsiya hazırlandı. Dövlət qulluğu sahəsindəki islahatları sürətləndirmək, dövlət qulluğunu daha yaxşı təşkil etmək məqsədilə Azərbaycan 
Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiyanın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci maddəsinə müvafiq şəkildə vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun həyata keçirilməsi üçün dövlət qulluğuna qəbulun bərabərlik, şəffaflıq və müsabiqə əsasında keçirilməsi ilə bağlıdır. 
Komissiyanın qarşısına qoyulan əsas vəzifələr dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasəti həyata keçirmək, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlamaq, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirməkdir. Buraya, həmçinin dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlamaq, dövlət qulluqçularının peşə hazırlığı, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirmək və ondan səmərəli istifadə olunmasını təmin etmək, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 28.1-ci maddələrinə müvafiq olaraq, mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmək və digər məsələlər  də daxildir. 
Beynəlxalq ekspertlər tərəfindən də etiraf olunur ki, Azərbaycan  müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Belə islahatlar çevik dövlət idarəçilik sisteminin formalaşdırılmasında, insan hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunmasında,  ən əsası isə, Azərbaycanın dünya birliyinə inteqrasiyasının sürətləndirilməsində, müstəqil demokratik dövlət imicinin formalaşdırılmasında böyük əhəmiyyət kəsb edirdi.
Dövlətimizin başçısının rəhbərliyi ilə keçirilən bütün tədbirlərdə məmurların, dövlət qulluqçularının əsas vəzifələrinin  xalqın xidmətçisi olmaları diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bu məsələyə daha kəskin münasibət bildirərək demişdir ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür: “Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır  – özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. 
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun da dövlət qulluqçuları üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Qanunda birmənalı olaraq qeyd edilir ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.
Dövlət başçısının rəhbərliyi ilə respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bazaları əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması və  Nizamnaməsinin təsdiq edilməsi  xüsusi qeyd edilməlidir. 
Dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş islahatlar və tədbirlər, demokratik proseslərin inkişafına verilən önəm ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşur. Sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin beynəlxalq standartlar səviyyəsində formalaşdırılmasında dövlət qulluqçularının üzərinə daha məsul vəzifə düşür. 
 Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında