“Bakı prosesi”: regional təşəbbüsdən qlobal çağırışa

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

2008-ci ildə biz “Bakı prosesi”nə start verdik və ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına dəvət etdik. “Bakı prosesi” artıq bir reallıqdır. Biz Azərbaycanda multikulturalizm dəyərlərini təşviq edən çoxsaylı beynəlxalq tədbirlər keçirmişik. Dünya dini liderlərinin zirvə görüşü, bir neçə dəfə Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum təşkil etmişik.

 
 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti 
 

 

 

“Bakı prosesi” – 10

 
2003-2018-cü illəri əhatə edən müddətdə Azərbaycan siyasi, sosial-mədəni və iqtisadi sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Bu fakt artıq  beynəlxalq  ictimaiyyət tərəfindən və bir sıra xarici təşkilatların apardığı sosioloji tədqiqatların nəticələrinə görə  də öz təsdiqini tapıb. Azərbaycan artıq dünyada sayılıb – seçilən, müstəqil siyasət yeridən dövlət imici qazanıb. Təsadüfi deyil ki, dünyanın mötəbər təşkilatları öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verirlər. Belə tədbirlər  siyasi, iqtisadi və digər sahələrdə bir-birinin ardınca  uğurlar qazanan,  əsl  tolerantlıq nümunəsi olan  respublikamızı beynəlxalq ictimaiyyətin daha yaxından tanımasında böyük əhəmiyyət kəsb edir.
 
Ölkəmizin sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusi qeyd edilməlidir. Artıq  bu sahədə qazanılan  zəngin təcrübə digər ölkələrə nümunədir. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət – nüfuzlu qurumlar, tanınmış ekspertlər, ictimai-siyasi xadimlər respublikamızı mədəniyyətlərin, dinlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik ölkə kimi tanıdıqlarını dəfələrlə etiraf ediblər. 
Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir.  Ölkəmizdəki mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti  çoxmillətli və çoxkonfessiyalı  respublikamızı  dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıdıb. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər  respublikamızın mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisidir.
Bu baxımdan  “Bakı prosesi”  xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə “Bakı prosesi”   irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. 2008-ci il dekabrın 2-də  və 3-də təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsi dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi həmin konfransda “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi  qəbul edildi.
Bakı Bəyannaməsi ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il oktyabrın 13-15-də Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti  iştirak etdi.
Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edildi. 2010-cu ildə “Bakı prosesi” artıq regional təşəbbüsdən qlobal çağırışa çevrilməyə başlamışdır.
 

Qlobal əhəmiyyətli platforma

 
Bu il  “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edirik. “Bakı prosesi” inklüziv cəmiyyətin qurulması, onun davamlı inkişafına nail olmaq üçün dinlər, mədəniyyətlər və müxtəlif xalqlar arasında dialoq və əməkdaşlığı təşviq edən yeganə qlobal əhəmiyyətli platformadır. Bu platformanı fərqləndirən əsas xüsusiyyət onun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO kimi tərəfdaşlarının olmasıdır. Məhz bu səbəbdən BMT Baş Assambleyası özünün “Dinlərarası və mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh naminə əməkdaşlığın təşviqi” adlı qərarında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edərək, onu mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma adlandırmışdır. BMT-nin Baş katibi Antonio Quterreş də  2008-ci ildən bəri həyata keçirilən “Bakı prosesi”nin mədəniyyətlər arasında dialoqu dəstəkləmək üçün göstərilən səylərin ana xəttini təşkil etdiyini xüsusi olaraq diqqətə çatdırmışdır.
Bütün  bunları nəzərə alaraq,  Azərbaycan Prezidenti İlham Əliyev  “Bakı prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında  sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, 2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı prosesi” təşəbbüsü irəli sürülmüşdür. Konfransda mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı Bəyannaməsi qəbul edilmişdir.
Ötən illər ərzində ölkədə “Bakı prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilmişdir.  2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya mədəniyyətlərarası dialoq forumları, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. Elə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da deyilənlərin prizmasından istisna təşkil etmir. Forumda 120-dək ölkə rəsmisinin, 39 beynəlxalq təşkilatdan rəsmilərin, 50-dən çox qeyri-hökumət təşkilatlarının, təqribən 800-dən çox xarici nümayəndənin, həmçinin, dövlət və hökumət və beynəlxalq təşkilatların rəhbərlərinin, parlament rəsmilərinin, alimlərin, səfirlərin, tanınmış şəxslərin, 30-dan çox nazirin iştirak etməsi dövlətimizin siyasətinə dəstəyin ifadəsidir. Bu tədbirlər böyük strateji hədəflərə hesablanan prosesdir, həmçinin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük imkanlardan biridir.
Beynəlxalq miqyaslı tədbirlər sırasında Bakı Beynəlxalq Humanitar Forumu da xüsusilə  qeyd olunmalıdır. Çünki forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılması üçün tanınmış dövlət xadimlərini, Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini dəfələrlə bir araya gətirmişdir.
 

Humanitar dialoqlar məkanı

 
Artıq “Bakı prosesi” bəşəriyyəti narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib. Burada dünyanın bir çox ölkələrindən tanınmış siyasətçilər, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, görkəmli  ictimai-siyasi xadimlər bir araya gəlir və fikir mübadiləsi aparılır, yaranmış problemlərin həlli yolları axtarılır.
Bu vaxta qədər ölkəmizdə bu mövzuya həsr olunmuş ümumilikdə 40-dan çox sessiya və tədbirin keçirilməsi Azərbaycanın humanitar dialoq məkanına çevrilməsindən xəbər verir. Bu sessiyalarda dünyanı ən çox narahat edən qlobal problemlər, bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən məsələlər, insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi və digər məsələlər müzakirə olunub. Bu forumlar göstərdi ki, “Bakı prosesi” getdikcə daha geniş məsələləri əhatə edir, beynəlxalq aləmdə nüfuz sahibi olan iştirakçıların sayı artır. Bu, həmçinin onu göstərir ki, dünyanı narahat edən problemlərin dinc vasitələrlə, danışıqlar yolu ilə həllini tapmaq mümkündür. Azərbaycanın müstəqil bir dövlət olaraq bu proseslərin fəal iştirakçısı, təşkilatçısı kimi beynəlxalq aləmdə nüfuzunu  daha da artırır. 
Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlər sırasında artıq ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumunun da xüsusi yeri vardır. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılması üçün tanınmış dövlət xadimlərini, Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini  məhz Azərbaycanda  dəfələrlə bir araya gətirib. “Bakı prosesi” çərçivəsində keçirilən belə tədbirlərdə yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, parlament sədrlərinin, tanınmış alimlərin, səfirlərin, ictimai xadimlərin, habelə  dünyanın ən nüfuzlu beynəlxalq institutlarının təmsilçilərinin iştirakı Azərbaycanın dünya birliyində artan nüfuzunun göstəricisidir.
Dövlət başçısının “Bakı prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında imzaladığı  sərəncamda qeyd edildiyi kimi,  Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan “Bakı prosesi”ni xüsusi vurğulaması sivilizasiyalar arasında qədim dövrlərdən bəri körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda etirafı olaraq qiymətləndirilməlidir.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Son illər Bakının ev sahibliyi etdiyi sivilazasiyalar və mədəniyyətlərarası dialoq forumları da  bunu bir daha sübut edir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında