ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş üçün şərait vardır

Martın 5-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşündən sonra Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində müəyyən irəliləyiş üçün şərait yaranmışdır. Latviyanın DELFİ agentliyinə müsahibəsində bunu ATƏT-in fəaliyyətdə olan sədri, Litva XİN başçısı Audronyus Ajubalis Cənubi Qafqaz regionuna səfərinin yekunlarına əsasən bildirmişdir. 
Ajubalis demişdir: "Minsk qrupunun həmsədrlərinin çox vaxt tənqid etdiklərinə baxmayaraq, bu qrup işləyir. Onu tənqid edənlərin isə qrupun fəaliyyəti barədə məlumatı yoxdur. Mənim fikrimcə, Rusiya prezidentinin vasitəçiliyi ilə həmsədrlərin münaqişə tərəflərinə təklifləri irəliləyiş üçün ciddi bazadır. Lakin Minsk qrupu tərəflərin problemini həll etməyəcəkdir. O, hər hansı planlar təklif edə bilər, lakin bütün tərəflərin siyasi əzmi olmasa, heç kəs vəziyyəti tənzimlənmə istiqamətində hərəkət etdirə bilməyəcəkdir".
ATƏT-in sədri qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi barədə öz təklifini xatırladaraq qeyd etmişdir ki, bu, etimad istiqamətində kiçik addım olardı. Latviya XİN başçısı demişdir: "İş elə gətirmişdir ki, mən regiona gedən gün bir azərbaycanlı oğlan öldürülmüşdür. Ertəsi gün mən Gürcüstandan Ermənistana tərəf gedərkən bir erməni hərbçisini öldürmüşdülər. Snayperlər tərəflərin heç birinə nə hərbi uğur gətirə bilər, nə də siyasi uğur. Əksinə, əgər snayperlər geri çəkilsəydi müsbət nəticə alınardı. Mən Ermənistanı nümunə göstərmək üçün öz snayperlərini birtərəfli qaydada geri çəkməsini təklif etdim, lakin rədd cavabı aldım".
ATƏT-in sədri razılıq hissi ilə bildirmişdir ki, Soçidə tərəflər sərhəddə baş verən hadisələrin təhqiqatı üzrə mexanizm barəsində məsləhətləşmələrə başlamaq barədə razılığa gəlmişlər. O, demişdir: "Yuxarıda adlarını çəkdiyim kədərli hadisələrdən sonra mən Dağlıq Qarabağ üzrə öz nümayəndəmin bu hadisələri araşdırmaq üçün yola düşməsini xahiş etdim". Ajubalisin sözlərinə görə, o, Azərbaycanda və Ermənistanda olarkən hər iki tərəfin silahlanmasından son dərəcə narahat olduğunu bildirmişdir. O, vurğulamışdır: "Bu, etimadın olmamasını göstərir, danışıqlar isə yalnız gərginlik olmadığı vaxtda aparılır".
Litva XİN başçısının sözlərinə görə, o, səfərdə olduğu müddətdə demokratiya, insan hüquqları və mətbuat azadlığı problemlərinə, təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi məsələlərinə diqqəti cəlb etmişdir. ATƏT-in fəaliyyətdə olan sədrinin fikrincə, "Ayrılıqda hər bir ölkədə hadisələrin inkişafına nəzər salsaq, islahatlar və demokratiya istiqamətində müəyyən müsbət irəliləyiş görmək olar. Bu irəliləyişin sürəti və qarşıya çıxan çətinliklər müxtəlifdir, lakin hər bir ölkədə müsbət dəyişikliklər müşahidə olunur. Əgər gərginlik mənbələri və dondurulmuş münaqişələr olmasaydı, bu proseslər daha sürətlə gedə bilərdi".

{nl}

Nigar Hüseynova AzərTAc-ın xüsusi müxbiri
Riqa


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında