Paşinyanın əsassız iddiaları boşboğazlıqdan başqa bir şey deyil

Özündən əvvəlki cinayətkar rejimin – Köçəryan-Sarkisyan cütlüyünün erməni xalqı tərəfindən devrilməsinə dirijorluq edən Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan, çox təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz məşum sələfləri kimi Ermənistan tərəfindən törədilən  təcavüz faktını gizlətməyə, bununla da dünya birliyini aldatmağa cəhd edir. Bu günlərdə N.Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə bildirib ki, guya onun hüquqi və mənəvi baxımdan Dağlıq Qarabağın adından danışıqlar aparmağa haqqı yoxdur. Belə bir bəyanatı səsləndirməklə, N.Paşinyan faktiki olaraq rəsmi Bakı ilə konstruktiv danışıqlar aparmaqdan imtina etməyə çalışır. 
 
Ermənistanın baş naziri danışıqlardan mümkün qədər yayınmaq niyyətini ört-basdır etmək üçün saxta arqumentlər uydurur. Onun mülahizələrinə görə, “DQR” müstəqil parlamenti, prezidenti və hökuməti olan müstəqil dövlətdir. Guya onun baş nazir seçilməsində Dağlıq Qarabağdan olan ermənilər iştirak etməyiblər. Paşinyan həyasızcasına iddia edir ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcək. 
Bunlar naşı, populist, saxtakar bir siyasətçinin mənasız, sərsəm bir açıqlamalarıdır. Görünən budur ki, Ermənistanın hökumətinin rəhbəri sülh danışıqlarından qaçmağa cəhd edir. Qeyd etmək lazımdır ki, N.Paşinyanın bəyanatı Azərbaycan ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında qəzəb və hiddət doğurub. Bu barədə söz düşəndə Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli bunları dedi: 
– Ermənistanda son siyasi hadisələr baş verəndə ümid etmək olardı ki, qonşu ölkənin yeni baş naziri özündə siyasi iradə və cəsarət tapıb Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ədalətli mövqe nümayiş etdirəcək. Yeri gəlmişkən, bu, hər iki qonşu xalqın xeyrinə olardı. Təəssüf ki, bu, baş vermədi. Belə ki, inqilab dalğasında hakimiyyətə gələn N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ilk gündən qeyri-realist və qeyri-ciddi mövqe nümayiş etdirməyə başladı. Onun son fikirləri də baş nazirin bölgədəki reallıqları görməməsi, yaxud görmək istəməməsindən qaynaqlanır. 
Əslində Paşinyan özünün hakimiyyət ambisiyasının girovuna çevrilib. Onun  Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlar əsassızdır. Sağlam düşüncəli insanlar hesab edirlər ki, Paşinyanın erməni və dünya ictimaiyyətini aldatmaq cəhdləri fiaskoya uğrayacaq. Bəli, Paşinyanın iddia və bəyanatları uğursuz boşboğazlıqdan başqa bir şey deyil. 
Bu gün N.Paşinyan ermənilərə həqiqəti deyə bilmir. O, Aprel döyüşlərindən sonra qorxuya düşmüş ölkə əhalisi qarşısında Ermənistanın gücsüzlüyünü etiraf edə bilmir. Axı, Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı küçə və meydanlarda xalq qarşısında populist vədlər verib. Beləliklə, Paşinyan  artıq siyasi simasını itirən uğursuz bir siyasətçiyə çevrilib.  
Söhbəti qələmə aldı: 
 Məsaim ABDULLAYEV, “Xalq qəzeti” 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında