Milli dövlətçilik tariximizin dönüş nöqtəsi

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun, sadəcə, təqvimin bir vərəqi deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir səhifədir. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil oldu. Müstəqillik tarixinin 27-ci ilinə qədəm qoyan Azərbaycanın bu illər ərzində keçdiyi yola nəzər yetirdikdə, ümummilli lider Heydər Əliyevin xidmətlərinin miqyası, bugünümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın görünür. Müstəqilliyimizin ilk illərində həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması ucbatından ölkədə dərin siyasi böhran yaranmışdı. Xalqın qanı bahasına qazanılmış müstəqillik məhv olmaq həddinə çatmışdı.
 
Azərbaycan dövləti dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalanda xalqımız üzünü öz xilaskarına – ulu öndər Heydər Əliyevə tutdu. Həmin dövrdə ümummilli lider Naxçıvan MR Ali Məclisinin sədri idi. Bir reallığı da qeyd edək ki, ulu öndərin Naxçıvan MR Ali Məclisinin sədri kimi həyata keçirdiyi islahatlar o illərdə baş verən hadisələrin xronikasına nəzər salmaqla gözlərimiz önündə canlanır və müdrik şəxsiyyətin xidmətləri barədə aydın təsəvvür yaranır. 
Ulu öndər Heydər Əliyevin “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir”– fikirləri Azərbaycanın gələcəyinə. sabahına olan inamdan irəli gəlirdi. 
Hər bir ölkəni inkişafa aparan, imzalar arasında imzasının görünməsini şərtləndirən əsas amil məhz ölkəyə rəhbərlik edən liderin dövlət idarəçiliyindəki təcrübəsi, nüfuzu, milli maraqları hər şeydən öndə tutması, xalqına, Vətəninə bağlılığıdır. Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dahi liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu. Ümummilli lider daim dövlətimizin müstəqil siyasətini önə çəkərək, heç bir qüvvənin Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında olmadığını, göstərilən hər bir cəhdin qarşısının “xalq-iqtidar” birliyinin fonunda, qətiyyətlə alınacağını da diqqətə çatdırırdı. 
...Həmin vaxt Azərbaycanda cərəyan edən hadisələr, silahlı qarşıdurmalar, baş alıb gedən anarxiya, qeyri-qanuni silahlı qruplaşmaların insanları qorxu içərisində saxlaması vəziyyəti getdikcə ağırlaşdırırdı. Belə bir vəziyyətdə xalqı arxasınca apara biləcək bir liderə böyük ehtiyac yaranmışdı. Bu lider Böyük Azərbaycanlı Heydər Əliyev idi.
Respublikada yaranmış anarxiyadan istifadə edən qüvvələrin özbaşınalığı ölkədə ciddi kataklizmlərin daha da dərinləşməsinə gətirib çıxarırdı. AXC-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyi bütün sahələrdə özünü büruzə verirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və o vaxtkı iqtidarın Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərarın imzalanmasının ardından müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə tabe olmayan Surət Hüseynov tabeliyində olan qoşun hissələrinin Bakıya doğru istiqamət götürməsi əmrini vermişdi. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birləşmə arasında döyüş olmuşdu. Artıq ölkədə vətəndaş müharibəsinin simptomları görünürdü. Həmin vaxt Azərbaycanda cərəyan edən hadisələr, silahlı qarşıdurmalar, baş alıb gedən anarxiya, qeyri-qanuni silahlı qruplaşmaların insanları qorxu içərisində saxlaması vəziyyəti getdikcə ağırlaşdırırdı. 
Ulu öndər Heydər Əliyev yaranmış son dərəcə gərgin, məsuliyyətli anda xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək, iyunun 9-da Bakıya gəldi. Çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Beləliklə, Azərbaycanın bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına – müstəqilliyin itirilməsinə yol verilmədi, Azərbaycan dövlətinin varlığı qorundu.
Buna baxmayaraq, ölkədə hələ də dövləti parçalamağa, xarici təcavüzün daha da gücləndirilməsinə yardım etməyə çalışan qüvvələr mövcud idi. Onlar Azərbaycanın müstəqilliyini istəməyənlər idi. Sanki, Azərbaycan Xalq Cümhuriyyətini beşikdə boğmuş qüvvələrin davamçıları yenidən peyda olmuşdular. Şimal bölgələrində “Sadval” adı altında yaradılan qruplaşmalar bir sıra antiazərbaycan xarici dairələr tərəfindən maliyyələşdirilirdi. Təbii ki, burada bir sıra məqsədlər vardı. İlk növbədə tarixi Azərbaycan torpaqlarında yeni bir separatçı hərəkatın başlanması, silahlı qarşıdurmanın yaranması Azərbaycanın inkişafına problemlər yaradacaqdı.
 Separatçı qüvvələri dəstəkləyən, onları maliyyə və silahla təmin edən həmin xarici qüvvələr, təbii ki, ulu öndər Heydər Əliyevin siyasi bacarığına, qətiyyətinə, polad iradəsinıə yaxşı bələd idilər. Onlar bilirdilər ki, Azərbaycanda siyasi sabitliyin yaranması qısa müddət ərzində yeni inkişaf konsepsiyasının hazırlanmasına və Azərbaycanın getdikcə qüdrətlənməsinə, müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmə inteqrasiyasına yol açacaq. Məhz bunun qarşısını almaq üçün onlar hər vasitədən, AXC-Müsavat hakimiyyətinin etnik ayrı-seçkiliyi özündə əks etdirən bəyanatlarından ustalıqla istifadə edirdilər. Lakin antiazərbaycan qüvvələr ulu öndər Heydər Əliyevin strategiyası qarşısında aciz qaldılar və öz məkrli niyyətlərini sona qədər həyata keçirə bilmədilər.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. 
Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayır, ona mane olmağa çalışırdı. Vəziyyətdən məharətlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Ölkəmizlə bağlı dünyada formalaşdırılan mənfi fikirlər müsbət yönümdə dəyişdirildi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük siyasi-diplomatik potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. 
Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş yarandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun hər bir vətəndaşımızın milli qürur hissi duyduğu, milli dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutmasına aparan yolun başlanğıc nöqtəsidir. Eyni zamanda, Azərbaycan tarixinin ən möhtəşəm, gəncliyin ibrət dərsi götürəcəyi, yaddaşlarda yaşadacağı və gələcək nəsillərə ötürəcəyi parlaq səhifədir! 15 İyun müstəqil Azərbaycan dövlətinin, möhkəm özül üzərində qurulmuş dövlətçiliyimizin, dünyaya açılan qapıların, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, nurlu yoldur! Bu reallıqların hər birində ulu öndər Heydər Əliyevin imzası var. 
Bu il böyük iftixarla qeyd etdiyimiz, xalqımızın müstəqillik tarixinin şanlı səhifəsi, azadlıq arzusunun ifadəsi olan, 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ömrü heç iki il də davam etməmişdi. Onun varisi kimi yaranan müstəqil Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi, əgər düşünülmüş siyasət və güclü lider olmasaydı. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən ümummilli lider Heydər Əliyev hələ sovet dövründə –1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını muxtar respublikanın dövlət bayrağı kimi qəbul etmiş və bu, müstəqilliyə gedən yolun ilk qığılcımı olmuşdu.
Ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğumuz siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildik. Ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməli qoyuldu. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ulu öndərin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyimiz qorundu və möhkəmləndirildi. Ulu öndərin dediyi kimi, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, qorumaq ondan da çətindir.
Bu gün fəxrlə və qürurla deyə bilərik ki, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti dünya birliyinin layiqli üzvləri sırasına qoşulmaqdadır. Ümummilli liderin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanı dünya birliyində söz sahibinə çevirib. Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz də daim bu siyasi kursa sadiq qalacağını dəfələrlə bəyan edib: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxardı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.
Aydın ƏHMƏDOV,
YAP Suraxanı rayon
təşkilatının üzvü,
"BF-Group" şirkətinin rəhbəri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında