Paşinyanın son bəyanatları beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanıb

Azərbaycanın tarixi ərazilərini (Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu) 30 ilə qədərdir ki, işğal altında saxlayan Ermənistan hakimiyyəti bu gün də öz ampluasında qalmaqdadır. İşğalçı ölkənin yeni baş naziri Nikol Paşinyan da ölkəsinin əvvəlki rəhbərləri Serj Sarkisyan və Robert Koçaryan kimi 1992-ci ildən beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar prosesini pozmağa çalışır. Bunun əyani sübutu Paşinyanın baş nazir seçildikdən sonra səsləndirdiyi qeyri-peşəkar bəyanatlardır.  
 
Bu günlərdə o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib ki, Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur, buna nə hüquqi, nə də mənəvi ixtiyarı çatır. Yeni və təcrübəsiz, üstəlik heç ali təhsili belə olmayan Paşinyan bu fikrini “Dağlıq Qarabağın parlamenti, prezidenti və hökuməti olan müstəqil dövlət” olması ilə  əsaslandırmağa çalışıb və əlavə edib ki, onun Ermənistanda baş nazir seçilməsində Qarabağ ermənilərinin heç bir iştirakı olmayıb. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda yalnız Ermənistanı təmsil edə bilər, Qarabağ ermənilərinin adından isə heç cür danışa bilməz.   
Paşinyanın sayıqlamalarına görə, Dağlıq Qarabağın köklü sakinləri olmuş, lakin ermənilər tərəfindən tarixi torpaqlarından qovulmuş azərbaycanlılar ermənilərdən fərqli olaraq, Azərbaycan vətəndaşıdırlar, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər. Buna görə də Azərbaycanın dövlət başçısı danışıqlarda onları təmsil edə bilər. 
Ermənistanın siyasi reallıqları hələ kifayət qədər dəyərləndirə bilməyən, üstəlik tutduğu vəzifənin məsuliyyətini dərk etməyən diletant baş naziri bundan sonra Azərbaycanla aparılacaq sülh danışıqlarında, əslində, Qarabağın erməni icmasının iştirakını tələb edir. O, əlbəttə, yaxşı dərk edir ki, indiyədək 26 il müddətində aparılmış danışıqlar Ermənistan və Azərbaycan arasında baş tutub. Çünki artıq beynəlxalq aləmdə təsdiq edilib ki, Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır. Ermənistan işğalçı dövlət, Azərbaycan isə işğala məruz qalandır. Bundan belə Qarabağ ermənilərinin danışıqların iştirakçısı olmasını tələb etmək və bunda israr etmək, sadəcə, sülh prosesini pozmaq cəhdidir. 
Axı Paşinyan yaxşı bilir ki, Azərbaycanın Qarabağ bölgəsini Ermənistan işğal edib, rəsmi İrəvan burada özünün hərbi hissələrini yerləşdirib, Qarabağ ərazisində Ermənistan vətəndaşları hərbi xidmət keçir, ərazi faktik olaraq Ermənistan ordusu tərəfindən qorunur. Bundan əlavə, qondarma Dağlıq Qarabağ rejiminin büdcəsinin formalaşması və təchizatında Ermənistan iştirak edir.
Başqa bir fakt. Qarabağın erməni icmasının danışıqlara qoşulmasında israr edən Paşinyan Azərbaycan icmasının iştirakını əsassız hesab edir. Bilirsinizmi, niyə? Ona görə ki, azərbaycanlılar Qarabağdan “Azərbaycana getməklə bu ölkənin vətəndaşı olublar”. Ona görə də İlham Əliyev onların adından danışa bilir. Bütün dünya bilir ki, azərbaycanlılar öz ev-eşiyindən Ermənistanın təcavüzü nəticəsində zorla qovulub.
Bu təcavüz nəticəsində Azərbaycana dəymiş maddi ziyan, beynəlxalq qiymətləndiricilərin hesablamalarına görə, 818 milyard 880 milyon ABŞ dolları təşkil edir. 30 minə qədər insan həyatını itirib, Ermənistan Xocalı soyqırımı kimi insanlıq əleyhinə beynəlxalq cinayət törədib. Bütün bunlar Paşinyan üçün əhəmiyyətsizdir. Belə məlum olur ki, Paşinyan da özündən əvvəlki Ermənistan rəhbərləri kimi, beynəlxalq ictimaiyyəti caşdırmaq, münaqişənin tarixi və mahiyyəti ilə bağlı yalan və böhtan dolu bəyanatlarla danışıqlardan yayınmaq xətti götürüb.
Amma bu dəfə o, heç kəsi aldada bilməyəcək. Çünki artıq 90-cı illər deyil və Azərbaycan Ordusu düşməndən qat-qat güclüdür. Bu ordu istənilən anda Paşinyanın sərsəm bəyanatlarına lazımi cavabı verir və gələcəkdə də verəcək. Necə ki, 2016-cı ilin aprelində erməni ordusuna ağır zərbə vuruldu və bu günlərdə Naxçıvanda 11 min hektar ərazi erməni işğalından geri qaytarıldı. 
Mübariz HƏMİDOV, 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında