Ancaq bu məsələdə ikili standartların davam etməsi BMT-nin nüfuzuna xələl gətirə bilər
{nl}
İndiki şəraitdə BMT baş katibinin öz səlahiyyətlərindən səmərəli istifadə etməsinin, habelə beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində baş katib ilə birlikdə məsuliyyət daşıyan üzv dövlətlərin ona göstərməli olduqları köməyin əhəmiyyəti də artır.
{nl}
Heydər ƏLİYEV, Ümummilli lider
Nyu-York, 29 sentyabr 1994-cü il
{nl}
Sərlövhəyə çıxarılan bu ifadələr Azərbaycan rəsmilərinin və bütövlükdə xalqımızın dilindən səsləndirilsə də, əslində bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən tezislərdir. Çünki istənilən ölkədə insanlara qarşı törədilən haqsızlıqlar dünya ictimaiyyəti tərəfindən qınanmalı və müvafiq tədbirlər həyata keçirilməlidir. Bunu müasir dünyanın bayraq etdiyi demokratik dəyərlər, insan hüquqlarının qorunması və bu istiqamətdə qəbul olunmuş beynəlxalq konvensiyaların təməl prinsipləri tələb edir.
Hətta, son zamanlar beynəlxalq tribunalardan tez-tez səsləndirilir ki, "demokratiya heç bir ölkənin daxili məsələsi deyil". Yəni hansısa ölkədə demokratik prinsiplər pozulursa, oraya beynəlxalq ictimaiyyətin müdaxiləsi zəruridir. Çox gözəl səslənir və çox müsbət qarşılanır. Amma, bu prinsiplərin həyatda tətbiqi zamanı bütün dünyanın gözü qarşısınıda ikili standartlara yol verilməsi məhz həmin tezislərin müəlliflərinin - özünü dünyanın ictimai fikrini formalaşdıran qüvvə kimi tanıtmış ölkələrin və beynəlxalq təşkilatların nüfuzuna sarsıdıcı zərbə vurur. Həmin tendensiya son zamanlar daha kəskin şəkildə özünü göstərdi.
2011-ci ilin ilk rübündə Şimali Afrikanı silkələyən ictimai-siyasi proseslər haqqında yayılan məlumatlar dünyanın hər yerində böyük maraqla və diqqətlə qarşılanırdı. Xüsusən, zorakılıq və hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmiş Liviya Cəmahiriyyəsinin prezidenti, diktator-polkovnik Müəmmər Qəddafinin hakimiyyətinə son qoyulması üçün başlanan ümumxalq hərəkatı planetin hər yerində müsbət qarşılanırdı. Çünki Qəddafi dünyanın sivil ölkələrində olduğu kimi hakimiyyətə seçkilər yolu ilə deyil, hərbi çevrilişlə gəlmişdi və ölkəni əsl diktator kimi idarə edirdi. Onun etiraz aksiyalarına göstərdiyi münasibət də hakimiyyətə çevriliş yolu ilə gələnlərin əxlaqının və ənənəsinin göstəricisi idi. Məhz bu məqamları əsas götürən dünya ictimaiyyəti Liviya xalqının müdafiəsinə qalxdı. Həmin prosesin önündə Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər beynəlxalq təşkilatın getməsi isə dünyanın hər yerində təqdir olundu. Ancaq bu hadisələr dünyada gedən proseslərin müsbət məcrası ilə yanaşı naqis cəhətlərini də qabartmış oldu. Yüz milyonlarla türkdilli insan sanki bir səslə danışırmış kimi dünya siyasətini istiqamətləndirənlərə haqlı bir sual verdi: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası öz qətnamələrinin icrasını bu şəkildə operativliklə təmin edə bilirsə, onda nə üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması barədə qəbul olunmuş qətnamələr 20 ildir ki, havadan asılı qalır?
Maraqlı, təəccübləndirici və hətta, sarsıdıcı məqamdır. Ermənilər qədim Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradır, sonra azərbaycanlılara qarşı soyqırımı törədir, yüz minlərlə insanı öz tarixi-etnik torpaqlarından deportasiya edir, daha sonra BMT üzvü olan müstəqil Azərbaycan Respublikasının ərazisinin 20 faizinin işğalını reallaşdırır, BMT üzvü olan ölkəni 1 milyon qaçqın və məcburi köçkünün problemləri ilə üz-üzə qoyurlar... Amma demokratik prinsipləri və insan hüquqlarını "pozmurlar". Bu nə məntiqdir? Üstəlik, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda konstruktiv mövqe tutmaq istəyən siyasətçiləri fiziki cəhətdən yox etmək üçün bütövlükdə parlamenti gülləbaran edir, amma ölkə öz "demokratik imicini qoruyur". Ermənistan rəhbərliyi ölkənin sovet dönəmindən qalan varidatını talan etdikdən, xalqı aclıq və məhrumiyyətlər girdabına saldıqdan sonra ABŞ, Rusiya və Almaniyada törədilən çoxsaylı maliyyə fırıldaqlarının və iqtisadi təxribatların bilavasitə iştirakçısı kimi çıxış edirlər... Amma Ermənistan "demokratik ölkə" olaraq qalır. BMT başda olmaqla bütün beynəlxalq təşkilatların və aparıcı dövlətlərin terrorçuluğa, qanunsuz silah alverinə və narkoticarətə qarşı birgə mübarizəni gündən-günə genişləndirdiyi halda Ermənistan rəhbərliyi işğal olunmuş Azərbaycan torpaqlarından sırf həmin məqsədlərlə istifadə edir. Dünya ictimaiyyəti bu iyrənc hallara göz yumur və Ermənistan öz "demokratik imicini qoruyur". Dünya türklərini narahat edən və milyonlarla insanın haqlı narazılığına səbəb olan həmin məsələləri artıq hamı dilə gətirir. Hamı ikili standartlara son qoyulmasını tələb edir. Bu tələblər artıq ayrı-ayrı şəxslərin dilindən deyil, həm də dövlət rəsmilərinin bəyanatlarında səsləndirilir.
Qeyd olunan tendensiyaya Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun münasibəti ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Dövlət rəsmisi mətbuata verdiyi müsahibədə qeyd edir ki, BMT Təhlükəsizlik Şurasının çıxardığı bir qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, bu qurumun adıçəkilən şurasının Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə 20 ilə yaxındır ki, icra edilmir. Bu hal dünya siyasətində ikili standartların mövcudluğundan, dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malik olan ölkələrin ikili siyasətindən xəbər verir.
Haqlı narazılıq və haqlı iraddır. Çünki Azərbaycan rəsmiləri BMT tribunasından işğalçı Ermənistan haqqında qəbul olunmuş qətnamələrin nə üçün icra olunmadığını soruşanda BMT rəsmiləri bu qətnamələrin icra mexanizmlərinin olmadığını bəhanə edirdilər. Bəs necə oldu, Liviya haqqında çıxarılan qətnamənin icrasını təmin edən mexanizm dərhal tapıldı və hətta, hərbi əməliyyatlara NATO-nun qoşulması da təmin edildi. Liviya rəhbərliyi dünya ictimaiyyətinin çağırışlarına qarşı hörmətsizlik edirdisə, Ermənistan dünya ictimaiyyətini ümumiyyətlə tanımaq istəmir, istənilən beynəlxalq konvensiyanı ayaq altına atır, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarlarını sadəcə gərəksiz bir kağız parçasına çevirir. Bu bir faktdır ki, rəsmi İrəvan dünya ictimaiyyəti üçün Tripolidən qat-qat təhlükəli bir mövqe nümayiş etdirir. Ona görə də Azərbaycan dövlətinin mövqeyini ifadə edən Əli Həsənov dünya ictimaiyyətinə çağırış ünvanlayır: "ATƏT-in Minsk qrupunun çoxillik fəaliyyətinin heç bir nəticə verməməsini və onun işğalçı Ermənistana təzyiq etmək istəməməsini nəzərə alaraq, beynəlxalq birlik Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də Liviyada olduğu kimi, çevik münasibət göstərməli və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etməlidir. Beynəlxalq birlik ikili standartlara son qoymalı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır". Əlavə edək ki, BMT özü qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmır, etinasızlıq göstərirsə, kimdənsə bu hörmətin, diqqətin gözlənilməsi məntiqsizlikdir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxış və nitqlərində dönə-dönə qeyd etmişdir ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa böyük önəm veririk və bu əməkdaşlığın perspektivinə inanırıq.
Ulu öndərimiz Heydər Əliyev isə 1994-cü ilin sentyabrında Nyu-Yorkda, BMT Baş Məclisinin 49-cu sessiyasındakı tarixi çıxışını bu nikbin notlarla başa vurmuşdu: "BMT Baş Məclisinin bu yüksək tribunasını belə bir ümidlə tərk edirəm ki, siz xalqımın səsini eşidəcəksiniz, xalqımın səsi ürəklərinizə yol, tapacaqdır". Biz də bu inam və ümidlə yaşayırıq. Çünki dünya xali deyil. Həm də bu gün Azərbaycan Respublikası dünya üçün gərəkli və sivil bir dövlətə çevrilib, Ermənistan isə şər mənbəyinə və ya qara yaraya. İnanırıq ki, dünyanın ayıq başla düşünən siyasətçiləri Tripoli kimi İrəvana da öz yerini göstərəcəklər.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.