Azərbaycan intellektual diasporunun formalaşması və lobbiçilik fəaliyyəti

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamları keçmişimizə, zəngin irsimizə və böyük şəxsiyyətlərimizə hörmət və ehtiramı özündə əks etdirməklə indiki və gələcək nəsillərə dəyərli nümunə olmaqla yanaşı, həmçinin beynəlxalq nöqteyi-nəzərdən müstəqil dövlətçiliyimizin tarixinə hüquqi-demokratik baxışın dərin ifadəsidir. Eyni zamanda, bu, ulu öndər Heydər Əliyevin “Tarix bizim üçün dərs olmalıdır” prinsipinə sədaqətlə yanaşıldığını təsdiq edir.

XX əsrin əvvəlləri Azərbaycan dövlətçiliyində keşməkeşli dövr olsa da, şanlı hadisələrlə tarixə həkk olunmuşdur. Bu dövrdə baş verən ictimai-siyasi proseslər, inqilablar, quruluşların dəyişməsi və hakimiyyətlərin bir-birini əvəz etməsi dünyanın siyasi xəritəsinin yenilənməsinə gətirib çıxardı, xüsusilə, 1917-ci ildə keçmiş Rusiya imperiyasını əhatə edən coğrafiyada yaşayan və tarixi dövlətçiliyi olan xalqların həyatında milli baxımdan yeni mərhələnin başlanmasına rəvac verdi. Belə bir mürəkkəb şəraitdə “millətlərin öz müqəddəratını təyin etməsi hüququ haqqından” istifadə edən bu xalqlar ulu əcdadlarından miras qalan mənəvi dəyərlərinə sahib çıxdı, öz azadlıqlarına qovuşdu, “de-yure” müstəqil dövlətlərini yaratdı, beynəlxalq aləmə bəyan etdi və “de-fakto” tanıtdılar.

Azərbaycanın aydın düşüncəli ziyalıları və milli mücahidləri yaranmış ziddiyyətli vəziyyəti dərindən təhlil edərək düzgün nəticə çıxardılar və bundan ən ali nemət olan istiqlaliyyətimiz üçün bəhrələndilər. Bununla da, əlverişli coğrafiyaya, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqı türk-müsəlman şərqində ilk suveren dövlətini yaratmağa müvəffəq oldu.

Bu hadisə məhz Azərbaycanın dövlət maraqları baxımından həyati əhəmiyyətli səhifənin açılmasının əsasını təşkil edir. Min bir əziyyət, zəhmət və itki bahasına ərsəyə gələn istiqlaliyyətin ömrü çox qısa olsa da, Azərbaycan xalqı müstəqil dövlətçiliyə sahib bir xalq kimi “millətlər arasında öz imzasını çəkməyə” müvəffəq olmuş, bunun sayəsində isə 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək müstəqilliyinə qovuşmuşdur. Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Respublikasının suverenliyini XX əsrin əvvəllərində mövcud olmuş 113,9 kvadratkilometr ərazidə olmasa da, 86 min kvadratkilometr sahədə tanıdı və müstəqil dövləti öz sıralarına üzv qəbul etdi.

Azərbaycan Respublikası ­Prezidentinin müvafiq sərəncamında qeyd edildiyi kimi, “Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, “azərbaycançılıq” məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan etibarən Respublika Günü olaraq təntənə ilə qeyd edir”.

Bir köklü xalq kimi öz tariximizə sahib çıxmaqla keçmişimizə nə qədər dəyər verdiyimizi və yüksək keyfiyyətlərə malik olduğumuzu göstərdik. Əsrlər boyu özümüzdə cəmləşdirdiyimiz adət-ənənələrimizi yaşadaraq gələcək nəsillərə ötürülməsini konkretləşdirdik. Milli dövlətçilik sahəsində institusional quruculuq sistemini formalaşdıra bildik. Beynəlxalq aləmdə ortaya haqlı mövqe qoyduq və bu arealda ilk demokratik respublikanın, insanlara bərabər hüquqlar verən və qadınlara seçib-seçilmək imkanı yaradan dövlət qurduğumuzu nümayiş etdirdik.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamlarında orijinal yanaşma və elmi təhlillə qeyd edilmişdir ki, “1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır”.

 

Məcburi miqrasiyanın əsasları

 

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə xaricə axının miqyası xeyli azalsa da, 1920-ci ilin 27 aprel tarixində Xalq Cümhuriyyətinin süqutu onun qurucuları və tərəfdarlarının bolşeviklərin ciddi təqib və təzyiqlərə məruz qalmasına səbəb oldu. Onlar ölkəni tərk etmək məcburiyyətində qaldılar. Təsadüfi deyildir ki, bu dövr azərbaycanlıların kütləvi miqrasiyası dövrü kimi tarixə düşmüşdür. Bu proses xarakter etibarı ilə daha çox siyasi mahiyyət kəsb etmişdir.

2018-ci ildə Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz bir dövrdə müstəqilliyin, suverenliyin xalqımızın neçə-neçə istedadlı simasının, görkəmli ziyalısının, tanınmış şəxsiyyətinin taleyi hesabına başa gəldiyini daim xatırlayırıq. Təbii ki, bu insanların adlarını saymağa bir məqalə kifayət etməz. Azərbaycan tarixinin minnətdarlıq salnaməsinə çevrilən bu dövr həmin vətən fədailərinin zəhməti hesabına başa gəlmişdir. Onların bir çoxu baş verən ictimai-siyasi hadisələrin hökmü, yaranmış qeyri-sabit şəraitin tələbi ilə doğma vətənini tərk etməyə məcbur olmuş və bir də geriyə dönə bilməmişdir. Əksəriyyəti də son mənzilə elə qürbətdə yola salınmışdır.

Tarixçi-alim X.İbrahimli bu kontekstdə baş verən məcburi miqrasiyanın əsaslarını belə səciyyələndirir: “Bütövlükdə 1920-ci ildən sonra ayrı-ayrı dövrlərdə Azərbaycandan mühacirətə gedənləri dörd qismə bölmək olar:

Birinci qismə hələ 27 apreldən əvvəl H.Ağayevin rəhbərliyi ilə Tiflisə, Ə.M. Topçubaşovun rəhbərliyi ilə Parisə göndərilən nümayəndə heyətləri, eyni zamanda, ADR dövründə təhsil almaq üçün Avropaya göndərilən 80-ə yaxın tələbə;

ikinci qismə 27 aprel işğalı ərəfəsində və ondan az sonra ölkəni tərk edənlər;

üçüncü qismə ΙΙ Dünya müharibəsi başlayana qədər təqiblərdən, repressiyalardan yayınanlar, sürgündən, həbsxanadan qaçanlar;

dördüncü qismə isə ΙΙ Dünya müharibəsində əsir düşən və könüllü olaraq almanların tərəfinə keçənlərdən, vətənə qayıtmaqdan imtina edib xaricdə qalanlar daxil idi”.

 

İntellektual diasporun formalaşması

 

Məhz bu şəxsiyyətlər milli ruhu özlərində yaşadaraq xarici ölkələrdə böyük maddi və mənəvi əziyyətlərə baxmayaraq, vətən yolunda xidmətlərini yeni şövqlə davam etdirdilər.

XX əsrin əvvəllərində bolşeviklərin təzyiq və təqiblərindən qurtulmaq üçün mühacirət edən vətənpərvər soydaşlarımız və nüfuzlu ziyalılarımız Azərbaycan diasporunun təşkilatlanması prosesinin, hətta lobbi işinin əsasını qoymuş oldular. Miqrasiya etmiş azərbaycanlıların əksəriyyəti əvvəlcə İran, Türkiyə, sonra isə Qərbi Avropa ölkələrində və ABŞ-da məskunlaşmağa məcbur oldular. Mühacirət edənlərin içərisində AXC-nin dövlət, ictimai-siyasi xadimləri, Müsavat və digər partiyaların üzvləri, iri sahibkarlar, onların övladları var idi. Həmin şəxsiyyətlər arasında bir neçəsi də vardır ki, onların ismi-şərifini xüsusilə vurğulamaq olar. Azərbaycan milli hərəkatının görkəmli nümayəndələri Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Xəlil bəy Xasməmmədov, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, Mirzə Bala Məmmədzadə, Məmməd Əmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və digərləri dünyanın müxtəlif dövlətlərində Azərbaycan siyasi mühacirətinin əsasını qoyaraq istiqlalçılıq və dövlətçilik düşüncəsinin gələcək nəsillərə ötürülməsində və milli mentalitetimizin yaşadılmasında müstəsna xidmət göstərmişdilər.

Bir haşiyə çıxmaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin əksəriyyəti xaricdə təhsil almış və öz dünyagörüşünü genişləndirmişdir. Həmin şəxslərin xaricdə təhsil almasına təşəbbüs göstərən, maddi-mənəvi dəstək olan şəxslərdən birincisi böyük milyonçu və mesenat H.Z.Tağıyev olmuşdur. Məhz bu səbəbdən dövlətçiliyin qurulmasında onun xüsusi yeri və rolu vardır, çünki təhsil almağa göndərdiyi Vətən övladları yeni düşüncə və ideya ilə geri dönərək bu yolda fəaliyyətə başlamışlar. Məsələ burasındadır ki, Azərbaycanın ilk dünyəvi təhsilə malik savadlı-ziyalı qanadı olan bu şəxslər elə tələbəlik dövründən başlayaraq, Azərbaycan icmalarının yaranmasına, diasporunun formalaşmasına səy göstərmişlər və lobbiçilik etmişlər. Eləcə də AXC dövründə və onun süqutundan sonra miqrasiyaya məruz qalan soydaşlarımız bu istiqamətdə konseptual fəaliyyət göstərmişlər.

Məqalədə elmi ictimaiyyətə və bütövlükdə cəmiyyətimizə az məlum olan, adına az rast gəlinən belə şəxsiyyətlərdən biri Şəfi bəy Rüstəmbəyli haqqında qısa söz açmağı zəruri bildik. Həyatını xalqının azadlığına və müstəqilliyinə, tərəqqisinə, hərtərəfli inkişafına həsr etmiş, lakin tutduğu yolu axıradək başa çatdırmağa imkan tapmamış hüquqşünas, jurnalist, naşir, redaktor və dövlət xadimi Ş. Rüstəmbəyli də bu sıradadır.

“Azərbaycan” qəzetində İ.Əliyevanın dərc olunan məqaləsində qeyd edilir ki, son nəfəsinədək əqidəsindən dönməyən, məsləkinə sadiq qalan Şəfi bəy Cümhuriyyət dövrünün rusca yazan jurnalisti, “Azərbaycan” qəzetini yaradan böyük insanların sırasında dayanan mühərrir, bu nəşrin rus variantının ilk redaktoru olub. O, adıçəkilən qəzetin tarixində həm də Parlamentə üzv seçilən ilk redaktor kimi də qalıb.

Şəfi bəy Rüstəmbəylinin adı təkcə “Azərbaycan” qəzetinin deyil, ümumiyyətlə, Azərbaycanın istiqlal tarixində əbədi qalan görkəmli şəxsiyyətlərdəndir. O, 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində dünyaya göz açmış, orta təhsilini Gəncə klassik gimnaziyasında almışdır. 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. Həmin ilin sonunda universitetdə yaradılmış “Azərbaycan Həmyerlilər Cəmiyyəti”nin (“Zemlyaçestvo”) rəhbərlərindən biri seçilmişdir. Cəmiyyətin sədri Kiyev Universitetinin tibb fakültəsinin tələbəsi Mir Əbülfət xan Talışlı, katibi Xəliyulla Yenikeyev, xəzinədarı Şəfi bəy Rüstəmbəyli idi. Onlar Rusiya imperiyasında təhsil alan müsəlman tələbələrin bir-biri ilə əlaqələrini yaratmaq və qurultay çağırmaq üçün xüsusi komissiya təşkil etmişdilər.

Şəfi bəy həm də Ümumrusiya müsəlman tələbələrinin qurultayının nizamnaməsinin hazırlanmasında fəallıq göstərmişdi. Qurultaya hazırlıq zamanı cəmiyyətin üzvü, Kiyev ali qadın kurslarının dinləyicisi Sona xanım Axundovanın mənzilində 1913-cü il aprel ayının 17-də komissiyanın birinci iclası olur. Elə bu vaxt polis Şəfi bəy də daxil olmaqla cəmiyyətin 17 üzvünü həbs edir. Bir aydan sonra onların dilindən iltizam alınır və sərbəst buraxılırlar.

Ümumrusiya müsəlman tələbələrinin qurultayının Azərbaycanın müstəqillik şüurunun formalaşmasında müstəsna əhəmiyyəti olub. Yeri gəlmişkən, ötən əsrin əvvəllərində yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda reallaşan Qafqaz müsəlmanlarının qurultayında atılmışdır. Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçmişdir.

İndi isə əsas mətləbə keçək, yəni sadalananların fonunda intensivləşən miqrasiyanın detallarını, ayrı-ayrı ölkələrdə diasporun formalaşması və lobbiçilik fəaliyyəti istiqamətində atılan ilk addımları nəzərdən keçirək.

Azərbaycanla Türkiyə arasındakı tarixi köklər, etnik mənsubiyyət birliyi, sosial, mədəni, iqtisadi, siyasi bağlılıq tarix boyu bu ölkəni soydaşlarımızın ilk pənah apardığı və sığınacaq tapdığı ikinci vətənə çevirmişdir. İran və Rusiyanın Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanı parçalayaraq işğalının rəsmiləşdirdiyi zaman mövcud rejimin qadağaları ilə razılaşmayaraq doğma yurdlarını tərk etmək məcburiyyətində qalanlar Osmanlı dövlətində məskunlaşmışdılar. Sonralar məhz Şərqdə ilk hüquqi-demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ən yaxın müttəfiqi də Osmanlı Türkiyəsi olmuş, mötəbər ali məclislərdə, xüsusən də iştirak etdiyi Paris sülh konfransında (1919-cu il) onun haqq səsini müdafiə etmişdir.

 

Lobbiçilik istiqamətində ilk addım

 

1919-cu ilin yanvarında Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin Paris Sülh Konfransının əsas simalarından biri olan ABŞ Prezidenti Vudro Vilsonla görüşməsi, ona nümayəndə heyətinin Memorandumunu, həmçinin Azərbaycan haqqında məlumat xarakterli materiallar təqdim etməsi, daha sonra isə AXC-nin müstəqilliyinin “de-fakto” tanınmasına nail ola bilməsi uğurlu diplomatik gedişatla bərabər, Azərbaycan lobbiçiliyinin ilk həmləsi kimi dəyərləndirilə bilər. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin Paris Sülh Konfransındakı fəaliyyətinə lobbiçilik kontekstində də baxmaq gərəkdir. Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri “Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri” adlı kitabçası idi.

Fransız və ingilis dillərində böyük tirajla yayımlanan milli maraqlar baxımından “həyati vacib əhəmiyyətli” həmin broşurda Azərbaycanın mənşəyi haqqında məlumat verilir, xanlıqlar, çar Rusiyası dövründə vəziyyət şərh edilir, Azərbaycanın türk yurdu olması göstərilir, Zaqafqaziya Seymi, onun zəifləməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında tarixi icmal yerləşdirilir, bolşeviklərin və ermənilərin təcavüzkar hərəkətləri haqqında danışılırdı.

1949-cu il fevralın 1-də Ankarada M.Ə.Rəsulzadənin və bir qrup mühacirin təşəbbüsü ilə yaradılmış Azərbaycan Kültür Dərnəyi azərbaycanlıların diaspor potensialının artırılmasında xüsusi əhəmiyyət kəsb edirdi. İlk rəhbəri Həmid Atanan olan dərnəyin fəaliyyəti yalnız bu ölkədə yaşayan həmvətənlərimiz tərəfindən deyil, eləcə də Türkiyə ictimaiyyətinin razılığı ilə qarşılanmışdı. Azərbaycan diasporunun şaxələnməsində ciddi fəallıq göstərmiş bu dərnəyin təşkil etdiyi mədəni-kütləvi tədbirlərdə Azərbaycan tarixinin və mədəniyyətinin təbliği məsələlərinə xüsusi yer verilmişdi.

Azərbaycan Xalq Cüm-huriyyətinin süqutundan sonra Azərbaycan xalqının ən ali təbəqəsi, ziyalı elitası Vətənin xoşbəxtliyini, müstəqil gələcəyini təmin etmək əzmində və qabiliyyətində olan ziyalıları heç olmasa sağ qalıb nə isə etmək ümidi ilə Türkiyəyə mühacirət etmişdilər. Onların sırasında Əhməd bəy Ağaoğlu, Xəlil bəy Xasməmmədov, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, Mirzəbala Məmmədzadə, Məmməd Əmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Şəfi bəy Rüstəmbəyli və digər zəka sahiblərimizi Türkiyə öz qoynuna alaraq təqiblərdən və ölümün pəncəsindən qurtarmışdı.

İkinci Dünya müharibəsində Almaniyaya əsir düşmüş soydaşlarımızın çoxu da Türkiyədə özlərinə sığınacaq tapmışdılar. Türkiyədə diasporumuzun ilkin özəyi olan Azərbaycan Kültür Dərnəyinin fəaliyyətinin genişlənməsində bu mühacirlərin əvəzsiz xidmətləri olmuşdur. Dərnəyin uğurlu fəaliyyəti nəticəsində keçən əsrin 40-cı illərinin sonunda Antalya, Aydın, Bursa, İstanbul, İzmir, Kayseri, Manisa və digər şəhərlərində onun yerli şöbələri açılmışdı.

XX əsrin əvvəllərində Azərbaycan-Almaniya münasibətləri daha da genişlənmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Almaniyanın Hamburq, Leypsiq, Münhen, Reyn və başqa şəhərlərindəki universitetlərinə təhsil almaq üçün 50 nəfər azərbaycanlı göndərilmişdir.

AXC-nin süqutundan sonra siyasi təqiblərə məruz qalan vətənsevərlərin bir qismi Almaniyaya mühacirət etmişdi. Bunlardan biri çarizmə qarşı M.Ə.Rəsulzadə ilə çiyin-çiyinə mübarizə aparmış, Moskvada Hərbi Akademiyada təhsil alan, mayor rütbəsi daşıyan Əbdüləli bəy Fətəlibəyli-Düdənginski olmuşdur. Sağlam düşüncəyə və dəmir iradəyə malik Düdənginskinin gərgin və mənalı ömür yolu olmuşdur. O, Finlandiya ilə müharibədə iştirak etmiş və “Qırmızı ulduz” ordeni ilə təltif edilmişdi. Sonralar Böyük Vətən müharibəsi zamanı könüllü əsir düşmüşdü. Müharibə qurtardıqdan sonra Münhendə işə başlamış, “Azadlıq” radiostansiyasının Azərbaycan şöbəsinə rəhbərlik etmişdi. Düdənginskinin rəhbərlik etdiyi və 1944-cü ilin qışınadək mövcud olan “Mühacir Azərbaycan hökuməti” alman hökuməti tərəfindən tanınmışdı. Yeri gəlmişkən, 1943-cü ildə Ə.F.Düdənginskinin təşəbbüsü ilə Berlin şəhərində keçirilən Milli Azərbaycan qurultayı Almaniyada Azərbaycan diasporunun təşəkkülündə və təşkilatlanmasında böyük rol oynamışdır.

İkinci Dünya müharibəsindən Azərbaycan da kənarda qalmamış və bir sıra azərbaycanlı döyüşçülər keçmiş sovet ordusu sıralarında Almaniyaya qarşı vuruşaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. Hələ müharibənin əvvəlində faşist ordusu 2 milyon sovet əsgərini əsir almışdı ki, bunların da iki yüz minə yaxını azərbaycanlı idi. Osmanlı ordusunun generalı Nuru Paşa tərəfindən türk-tatar əsirlərindən ibarət legionlar yaratmaq təşəbbüsü irəli sürülsə də, Adolf Hitler əvvəl buna razı olmamış, lakin onun yaxın silahdaşı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) rəhbərlərindən biri Alfred Rozenberq Hitleri bunun vacibliyinə inandırdıqdan sonra, 1941-ci ilin noyabrında buna icazə verilmişdi.

A.Hitler üçün Cənubi Qafqaz Bakı neftinə, Batumi isə coğrafi mövqeyinə görə əhəmiyyətli idi. Məhz bu məsələ ilə əlaqədar faşist hökumətinin Şərq Nazirliyi təşkil edilmişdi. Bu nazirliyin işinə 1941-ci ildə Məmməd Əmin Rəsulzadə dəvət olunmuşdu. Lakin AXC-nin lideri, yüksək siyasi biliyə və zəngin təcrübəyə malik olan M.Rəsulzadə bu işə ancaq Almaniyanın Azərbaycanın müstəqilliyini tanıması şərtilə razı olacağını bildirmişdir.

1941-ci ilin dekabr ayının 22-də A.Hitlerin göstərişi ilə başqa milli hərbi hissələrlə yanaşı, Qafqaz müsəlmanlarından da ibarət xüsusi hərbi dəstələrin yaradılması barədə əmr verilmişdi. Müsəlmanlardan təşkil olunmuş bu hərbi hissə iki yerə - Azərbaycan və Şimali Qafqaz legionlarına bölünmüşdü. Əsir düşmüş Qafqaz müsəlmanlarından “Vətən”, “Dönməz”, “Qorxmaz”, “Aslan” və başqa döyüş legionları təşkil edilmişdir. 1942-ci ilin yanvarında 1-ci Türküstan Legionu yaradılmışdır. Bu taburda müəyyən sayda azərbaycanlılar da var idi. Taburun yaradıcısı və birinci komandiri mayor A.Mayer-Mader idi. Tabur müxtəlif döyüşlərdə iştirak etmiş, lakin Mayer-Maderin ölümündən sonra zəifləmişdi. Əvvəlcə M.Ə.Rəsulzadə legionların yaradılmasının əleyhinə çıxmasa da, sonradan o, dərindən təhlil edərək düzgün qənaətə gəlmişdir ki, legionların yaradılması azərbaycanlıların bir yerə cəmləşdirilərək məhvinə gətirib çıxaracaqdır. Ona görə də bunun əleyhinə getdi.

1942-ci ildə alman ordusunda Azərbaycan legionerlərinin sayı 100 min nəfərə yaxın idi. Lakin Azərbaycan icması alman rəsmiləri ilə respublikamızın sonrakı taleyi barədə razılığa gələ bilmirdi. 1943-cü il noyabrın 6-da Berlində M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Milli Azərbaycan Komitəsinin qurultayı keçirilmişdir. Həmin qurultayda faşistlər tərəfindən işğal edilən şərq torpaqlarının idarəsinə rəhbərlik edən A.Rozenberq və Qüds müftisi Əl Hüseyn iştirak etmişdi. Qurultay Almaniya ilə yanaşı, Avropa ölkələrində yaşayan azərbaycanlıların fəaliyyətində də dəyişiklik etdi. Belə ki, Azərbaycan mühacirlər icmasının fəaliyyəti İkinci dünya müharibəsi illərində azərbaycanlı hərbi əsirlərin qətlə yetirilməsinin qarşısını almaqla yanaşı, Avropada yaşayan azərbaycanlıların da birləşməsinə şərait yaratdı. 1945-ci il martın 17-də Almaniya Azərbaycanın dövlət müstəqilliyini tanıdı. İkinci Dünya müharibəsindən sonra sağ qalmış azərbaycanlı legionerlər və müxtəlif illərdə Avropanın digər ölkələrinə mühacirət etmiş, səpələnmiş soydaşlarımız 1951-ci ildə Almaniyanın Münhen və 1952-ci ildə Ştranberq şəhərlərində keçirilən konfranslara fəal sürətdə qatıldılar.

Azərbaycan siyasi mühacirətinin geniş fəaliyyət göstərdiyi ölkələrdən biri də Fransa idi. Bu ölkədə azərbaycanlılar “Azərbaycan Mühacirləri Assosiasiyası”nı yaratmış, qəzet və jurnallar, kitablar çap edərək Azərbaycanı təbliğ edirdilər. 1926-cı ildə buradakı Femina teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası tamaşaya qoyulmuş, 1933-cü ildə isə Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin “Qarabağın folkloru və dialekti” adlı əsəri Fransada çap olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Avropaya miqrasiya edənlər arasında sonralar dünya ədəbiyyatına öz əvəzsiz töhfələrini vermiş azərbaycanlılar da var idi. Bunlardan xüsusilə, AXC-nin naziri Mirzə Əsədullayevin qızı, məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Fransada yaşayıb-yaratmış Ümmülbanu (Banin) və mültikulturalizm cərəyanının banilərindən biri, jurnalist-yazıçı Məhəmməd Əsəd bəy fərqlənirdilər. M.Əsəd bəyin “Əli və Nino” əsəri Avropa oxucuları arasında çox böyük rəğbət və şöhrət qazanmışdı.

Bir sözlə, Azərbaycan mühacirləri yaşadıqları ölkələrdə çoxşaxəli fəaliyyət göstərərək, həmin ölkələrin dövlət, siyasi, ictimai dairələri ilə də yaxın əlaqələr qurmuş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli xidmət göstərmişlər. Onlar say etibarı ilə çox olmasalar da, Azərbaycan ziyalılığının təcəssümü kimi,  diasporumuzun formalaşması və inkişafında həlledici rol oynamışlar.

Göründüyü kimi, böyük vətən fədailəri yenilmədilər, Azərbaycan yolunda qarşılıqsız xidmətlərini yeni mərhələdə və kontekstdə davam etdirdilər. Yüksək iradə və əzmə sahib olan həmin şəxslər- Azərbaycan Xalq Cüumhuriyyətinin ləyaqətli övladları məcburi miqrasiyanın əsasında intellektual diasporun formalaşmasına öz töhfələrini verdilər. 

Bu gün sədaqətlə varisliyini yeni müstəvidə yerinə yetirən müstəqil Azərbaycan Respublikası ötən dövrdə çətin sınaqlardan keçmişir. Əsrin sonunda xilaskarlıq missiyasını üzərinə götürən ulu öndər Heydər Əliyev  müdrikliyi ilə bu ağır işin öhdəsindən uğurla gəlmişdir. Ümummilli lider digər sahələrlə yanaşı, Azərbaycan diasporunun da tarixi inkişaf yolunun öyrənilməsi və yeni tələblərə uyğun dirçəldilməsi məsələsini diqqət mərkəzində saxlamışdır. Bununla da sözügedən sahəyə yeni nəfəs gətirilmişdir.

Hazırda yeni dünya nizamı kontekstində bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davamlı olaraq uğurla həyata keçirilir.

Yəhya BABANLI,
tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında