Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişaf yolu

AXC-nin həyata keçirdiyi islahatlar xalqın güzəranını yüksəltməyi nəzərdə tuturdu

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olmuşdur. Cəmi 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən AXC xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarını yarada bildi. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş AXC demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə gördüyü işlərlə Azərbaycan xalqının tarixində parlaq səhifə yazmışdır.

AXC-nin həyata keçirdiyi islahatlar, xüsusən sosial-iqtisadi sahədə görülən işlər əhalinin yaşayışına müsbət təsir etmişdi. Çünki AXC hakimiyyətdə olduğu sosial-iqtisadi sahədə bir sıra demokratik qərarlar qəbul etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında qeyd olunduğu kimi, bu qərarlardan bir hissəsi mövcud dönəmin çətinliyi, Çar Rusiyasının müdaxilələrindən dolayı gecikmiş, yaxud həyata keçməmişdir. İstiqlalın görkəmli lideri olan Məhəmməd Əmin Rəsulzadə sosial ədalətsizliyin aradan qaldırılmasının başlıca vəzifə olduğunu bildirərək, Cümhuriyyətdə iqtisadi islahatların nə qədər vacib olduğunu “Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır” fikri ilə ifadə etmişdir.

Xalq Cümhuriyyəti bolşevik fikrindən fərqli olaraq özəl mülkiyyəti, yəni fabrik, zavod, torpaq, istehsal əraziləri üzərində özəl mülkiyyəti dəstəkləmiş və bunun əksinə siyasətin “insanların şəxsi təşəbbüs qüvvəsini zorla əlindən almaq” kimi qiymətləndirmişlər. Bununla bərabər, AXC özəl mülkiyyətə hədd qoymaq və istifadə edilməyən özəl mülkiyyəti yeni sahiblərinə vermək prinsipini də müdafiə etmişdir. Başqa sözlə “hər kəs əkib-becərə bildiyi qədər torpaq (özəl mülkiyyətə) sahəsinə sahib olmalıdır” deyən AXC, bu qərarla insanlar arasındakı maddi uçurum fərqini aradan qaldırmağa çalışmışdır.

Bununla bərabər AXC dövlət mülkiyyətini də müəyyən etmiş və bu mülkiyyət dövlət, bələdiyyə mülkiyyəti şəklində ayrılmışdır. Bəhs olunan mülkiyyətə - yeraltı qaynaqlar, dəmir yolu, su, teleqraf, işıq və sair bunun kimi sosial rifahı yüksəltməyə xidmət edən sahələr daxil edilmişdir.

 

AXC-nin iqtisadi inkişaf strategiyası

 

Cümhuriyyətin iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün birbaşa müdaxilələrindən ən önəmlisi yeni pul vahidinin dövriyyəyə buraxılması və gömrük fəaliyyətinin yaxşılaşdırılması olmuşdur. “Bakı bonu” adlı yeni kağız pullar milli valyutanın möhkənləndirilməsi, onun alıcılıq qabiliyyətinin yüksəldilməsi məqsədini güdürdü. Bəhs edilən zamanda keçmiş dövrlərdən qalma yüksək inflyasiya da diqqətçəkici idi və AXC bu məqsədlə maliyyə, vergi, bank-kredit sistemi, 1919-cu ilin sentyabrında isə AXC Dövlət Bankını yaratdı. Dövlət ayrıca xammal ixracatında yaranmış çətinlikləri ortadan qaldırmaq və xəzinə gəlirlərini yüksəltmək üçün ixrac olunan hər xammal üçün 25 faiz gömrük rüsumu da nəzərdə tutmuşdu. 1920-ci ilin fevral ayında qəbul edilmiş yeni gömrük qaydaları daxili bazarı tənzimləmək, idxal və ixrac disbalansını ortadan qaldırmaq məqsədini güdmüşdür. AXC hətta, 200-dən çox ölkəyə gömrüksüz idxal olunan mal siyahısını müəyyənləşdirmiş və xarici sərmayədarları ölkəyə çəkmək üçün onlara endirimli Bakı bonları təklif etmişdir. Göründüyü kimi, AXC-nin maliyyə və gömrük siyasətində təktərəfli deyil, həm daxili, həm də xarici bazarı nəzərə alacaq şəkildə müəyyən edilmiş, ixracatı xammaldan hazır məhsullara yönəltmək üçün xarici sərmayədarlara cəlbedici təkliflər irəli sürülmüşdür. Cümhuriyyətin gömrük siyasətindəki diqqətəlayiq qərarlardan biri də gömrük qadağalarının əsaslandırılması olmuşdur. Yəni, hər hansı bir məhsulun xaricə satılması və ya idxal edilməsinə qoyulmuş qadağalarda məhsulların əhali üçün nə qədər gərəkli olduğu diqqətə alınmışdır. Nəticədə, ilk olaraq konyak, üzüm və digər spirtli içkilərin ixracatına icazə verilmişdir (Cümhuriyyətdən öncə qadağan edilmişdir). Əhalinin gəlirlərini yüksəldən yeni qanunu hökumət, “əhali üçün spirt ancaq texniki və tibbi məqsədlər üçün vacibdir. İxracatına icazə verilən konyakın spirtlilik dərəcəsi 85 faiz, digərləri isə 40-45 faizə qədərdir. Bundan dolayı bu məhsulların xaricə satışı heç bir mənfi təsiri ortaya çıxarmır” fikri ilə əsaslandırmışdır.

Cümhuriyyətin ixrac olunan mallar qarşılığında xəzinəyə qarşılıqsız 25 faiz ödəməsi qərarı isə gəlir əldə etmək, həm də riski ortadan qaldırmaq məqsədi güdürdü. Çünki, bəhs olunan illərdə qonşu ölkələrin əksəriyyəti xarici ticarətdə “əmtəə mübadiləsi”nə (malın malla dəyişimi) üstünlük verirdilər. Azərbaycanın azad ticarətə (valyuta qarşılığında) keçmiş olması mal qıtlığı yaradacaq, ölkədə hər şey ixrac ediləcəkdi. Bu isə valyuta bolluğu yaradacaq və ancaq qiymət artımını qaçılmaz edəcəkdir. Bundan dolayı 25 faizlik gömrük rüsumu zəruri addım idi.

Yuxarıda da bəhs edildiyi kimi, Cümhuriyyət dönəmində inflyasiya yüksək idi və günü-gündən yüksələn qiymətləri insanların yaşam standartlarını endirirdi. Bu məqsədlə AXC 1918-ci il 3 iyun, 21 sentyabr, 13 oktyabr, 1919-cu il 10 fevral, 21 aprel, 1920-ci il 5 yanvar tarixli qərarlarla hökumət qulluqçularının maaşı (iki il müddətində 6 ayrı qərarla) artırıldı. Bundan başqa, həmin illərdə “Qulluqçulara müavinət verilməsi”, “Maaşlara müvəqqəti əlavələr” kimi qanunlar da qəbul edilmişdir. Nəticə etibarilə 1919-cu il iyun tarixli qərarla minimum əməkhaqqı yüksəldilmişdir.

 

Milli hökumətin maliyyə siyasəti

 

XIX-XX əsrin əvvəllərində Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olduğundan onun iqtisadi həyatı bilavasitə həmin ölkə ilə sıx bağlı idi. Digər qonşu ölkələrdə sənaye inkişaf etmədiyindən Azərbaycan ehtiyac duyduğu sənaye və fabrik məmulatlarını əsasən Rusiyadan əldə edirdi. Lakin həmin dövrdə çarizmin Rusiya imperiyası ərazisində yürütdüyü mürtəce hakim millətçilik siyasətinin təsiri altında böyüməkdə olan rus sənaye kapitalı bütün Cənubi Qafqaza, o cümlədən Azərbaycana öz sənayesini yaymağa və inkişaf etdirməyə ixtiyarı olmayan, Rusiyaya özünün müxtəlif növ xammalını göndərərək oradan fabrik məmulatlarını idxal etməyə möhtac qalan bir müstəmləkə kimi baxırdı. Yeri gəlmişkən, qeyd edək ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandan Rusiyaya əsasən neft və neft məhsulları, həmçinin pambıq, balıq, düyü, şərab, meyvə, xam ipək, gön-dəri, xalça və s. göndərilir, oradan isə taxıl, kartof, çay, qənd, bitki yağları, manufaktura malları, dəmir, meşə tikinti materialları, sement, aptek, kimyəvi mallar gətirilirdi.

Rusiya ilə əmtəə mübadiləsi başlıca olaraq Vladiqafqaz dəmir yolu vasitəsilə həyata keçirilirdi. Neft və neft məhsulları isə əsasən dənizlə Həştərxana daşınırdı. Məsələn, 1916-cı ildə Bakı rayonundan aparılan və ümumi həcmi 408,8 milyon pud olan neft məhsullarının 366,4 milyon pudu Xəzər dənizi vasitəsilə daşınmışdır ki, bu da Xəzər dənizi vasitəsilə daşınan bütün əmtəə mallarının 89,6 faizini təşkil etmişdir.

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları da əsasən dənizlə və dəmir yolu vasitəsilə daşınırdı. Azərbaycanı Rusiya və digər xarici ölkələrlə əlaqələndirən əsas yol-nəqliyyat xətləri - Qara və Xəzər dənizləri, Vladiqafqaz və Zaqafqaziya dəmiryolları, eləcə də Volqa çayının su-nəqliyyat xətti olmuşdur. Qışda Volqa çayında naviqasiya dayandırıldıqdan sonra isə Volqa çayının su-nəqliyyat xəttini Vladiqafqaz dəmir yolu xətti əvəz edirdi.

Azərbaycan Rusiya və Qərbi Avropa ölkələri ilə əlaqəni Qara dəniz vasitəsilə (əsasən Batum və Poti vasitəsilə) yarada bilirdi. Zaqafqaziya dəmir yolu xətti Qara və Xəzər dənizlərini əlaqələndirməklə yanaşı Vladiqafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz dəmir yolu xətti yaradırdı. Zaqafqaziya dəmir yolu xətti özunun yolayrıcıları (Culfa-Təbriz) vasitəsilə İranla, (Gümrü-Sarıqamış) vasitəsilə isə Türkiyə ilə əmtəə mübadiləsini mümkün edirdi. Beləliklə, Azərbaycan Şərqlə, eləcə də Şərqin Qərblə ticarət əlaqələrində böyük tranzit yolu rolunu oynayırdı.

Cümhuriyyət hökuməti tərəfindən ölkədəki maliyyə məsələlərinə də diqqət yetirilirdi. Hökumətin 3 mart 1919-cu il tarixli qərarı ilə Bakı bonunun Zaqafqaziya bonuna sərbəst dəyişdirilməsinin elan edilməsi maliyyə nazirinə tapşırıldı. Daha sonra hökumətin 26 may 1919-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Bankı təsis edildi. Hökumətin 26 may 1919-cu il tarixli digər qərarı ilə Maliyyə Nazirliyinə 250 manatlıq pul nişanının buraxmasına icazə verildi.

Ölkənin iqtisadi inkişafı ilə bağlı məsələlər Azərbaycan Parlamentində də müzakirə edilərək müvafiq qanunlar qəbul edilirdi. 1919-cu il dekabrın 11-də Azərbaycan Respublikası ərazisindən xarici ölkələrə xammalın ixrac edilməsinin yeni şərtləri haqqında Azərbaycan Parlamenti tərəfindən qanun qəbul edildi. Həmin qanunda göstərilirdi ki, Azərbaycan Respublikasının ərazisindən xammalı, yəni pambıq, ipək, barama, həmçinin tam emal edilməmiş gön, dəri və başqa xammalı sərbəst surətdə ixrac etmək istəyən şəxs və təşkilatlar bütün xammalın 25 faizini pulsuz olaraq xəzinəyə təhvil verməlidir. Bu şərti yerinə yetirmiş eksportçu təşkilatlar və şəxslər müəyyən etdikləri xammalı şərbəst surətdə xaricə ixrac edə bilərlər.

Cəmi iki ilə yaxın yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi, iqtisadi islahatları ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Az bir zamanda atılan sosial-iqtisadi addımlarla əhalinin rifahı yüksəlmişdir. AXC xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratmışdır.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında