Vətən sənə əmanətdir, Azərbaycan polisi

Bu Vətən sənə əmanətdir, Azərbaycan polisi. Sən millətimin qürur və şərəf nişanısan. Sən ən dəyərli dövlət atributlarımızı – bayrağımızı və gerbimizi hər gün üstündə gəzdirən şərəfli bir peşənin sahibisən. Sən gücsüzə gücsən, köməksizə köməksən, haqlıya dayaqsan. Sən öz varlığınla nizamsan, intizamsan, məsuliyyətsən... İlk Qarabağ savaşında xalqın yanında olan, onun ən birinci dayağı, pənahı sən olmusan. Sıralarından yüzlərlə şəhid vermisən. Onların qanı ilə suvarılan bu torpaq sənə əmanətdir...

 

Əliyalın polis

 

Əynindəki forma ona çox yaraşırdı. Atası İlyas kişi də, anası Sərvinaz xanım da övladları Fəridin seçimini çox bəyənmişdilər. Fərid orta məktəbi əla qiymətlərlə başa vurub, Daşkənd Ali Milis Məktəbinə daxil olmuşdu. Cüssəli bədəni, zəhmli baxışları ona əsl polis görkəmi vermişdi. Əla qiymətlərlə oxuduğundan təhsil ocağının rəhbərliyi onu məktəbdə saxlamaq istəyirdi. Fərid isə leytenant kimi polis formasını geyəcəyi günü səbirsizliklə gözləyirdi. O, tez-tez Azərbaycandan narahatlıq dolu xəbərlər alırdı. Ermənilərin uydurma torpaq iddialarına və əliyalın həmvətənlərinə qarşı başladığı bu iyrənc siyasət onu narahat etməyə bilməzdi.

Vətəninin üstünü almış qara buludlar onu heç cür rahat buraxmırdı. Fərid vətənpərvər oğul kimi Azərbaycana qayıtmaq və xalqına xidmət etmək istəyirdi. İstəyirdi ki, bir polis olaraq həmvətənlərinin təhlükəsizliyinin keşiyində dursun və Qarabağda asayişin təmin olunmasına yardımçı olsun. Həm də son günlər eşitdiyi bu mahnı – “Hay ver mənə, cənab leytenant” onun ruhuna hakim kəsilmişdi. Qəti qərar vermişdi ki, Vətənin dar günündə ona hay vermək həm bir vətəndaşlıq, həm də bir zabit borcudur.

Vaxtı gəlib çatanda Fərid Vətənə dönməyə qərar verdi və daha çox təhlükəli bölgə hesab olunan Xocalıya təyinat aldı. Üç il ərzində yaxşı və nümunəvi xidmətinə görə dəfələrlə mükafatlandırıldı. Bu gənc polisin şücaəti erməniləri narahat etməyə başlamışdı. Fərid şəhərin təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz öz polis həmkarları ilə ayıq-sayıqlıq göstərirdi. Amma fevralın ilk günlərindən eşitdiyi xəbərlər və müşahidələri onun yuxusunu tamam qaçırmışdı. Ermənilər şəhər ətrafına xeyli sayda hərbi texnika yığmışdılar. Fərid anlayırdı ki, onlar əliyalındır, kömək gəlməsə mühasirəyə düşə və çoxlu sayda itki verə bilərlər. Fevralın qan qoxulu o günü Fəridin və yüzlərlə onun kimi oğulların ömür yoluna həm şərəf, həm də bir sınaq günü kimi yazıldı. “Olum, ya ölüm” dilemması qarşısında qalan bu gənc polis son mərmisi qurtaranadək vuruşdu. O, əsl polis olaraq şəhəri hamıdan sonda tərk etdi, özü də yaralı...

 

Xocalıdan Ağdama doğru

 

Köksünə sıxdığı bu balaca qızcığaz elə titrəyirdi ki, Fərid ağlamaqdan özünü güclə saxlayırdı. Meşənin sükutunu hayqıraraq pozmaq istəyirdi. Qıçından aldığı güllə yarasını da tamam unutmuşdu. Qanlı polis formasına bükdüyü bu balaca qızcığazı xilas etməyin yollarını axtarırdı. Getdikcə gücsüzləşməsi və havadakı sazaq içinə qəribə bir ümidsizlik gətirmişdi. Nə baş verdiyini bir anlıq da olsa fikirləşmək istəyirdi. Hər şey ona yuxu kimi gəlirdi. O, belə şeyləri ancaq filmlərdə seyr etmişdi, müharibə barədə kitablardan oxumuşdu.

Artıq dan yeri sökülürdü. Söykəndiyi palıd ağacının yarpaqlarının xəfif xışıltısı və köksünə sıxdığı bu balaca qızcığazın büzüşüb yatması ona çox qəribə gəlirdi. Sağ qaldığına inanmırdı. Ona tapşırılmış posta düşmənin atdığı raket mərmisi polis yoldaşlarının həyatına son qoysa da o, möcüzə nəticəsində xilas ola bilmişdi. Sol qıçından yaralanmasına baxmayaraq xidməti silahıyla 7 erməni quldurunu öldürmüş, mərmisi qurtardığından qorunmaq üçün yaxınlıqdakı meşəyə üz tutmuşdu. Burda qarşılaşdığı mənzərə isə onu tamamilə sarsıtmış, geri qayıtmaq istəsə də, əliyalınlığı və balaca qızın kimsəsizliyi onu fikrindən daşındırmışdı. Balaca qızcığazın öldürülmüş anasını “oyatmağa” çalışmasını gördükdə az qalmışdı ürəyi bir anlıq dayansın, qollarına dayaq verib özünü güclə saxlasa da için-için ağlamışdı. Başımıza gətirilən bu bəlaları törədənlərə nifrət püskürərək mütləq bu qisası alacağına and içmişdi.

Üz-gözü qan içində olan bu balaca qızcığaz onu ilk görəndə elə zənn etmişdi ki, o da ermənilərdəndir, amma Fəridin çiynində ay işığında parıldayan ulduzlar və yaxasındakı gerb ona çox tanış gəlmişdi. Elə zənn etmişdi ki, onu atası göndərib. Axı onun da atası polis idi. Qız anasından heç cür ayrılmaq istəməsə də Fərid ona anasını “oyatma”masını söyləmiş və atasının yanına aparacağına söz vermişdi. Təhlükənin sovuşmadığını bildiyindən buralardan tez uzaqlaşmağı düşünür və bu balaca qızcığazı da götürüb dayanmadan Ağdam istiqamətində irəliləyirdi. Ötən 5-6 saat ərzində onlar Xocalıdan xeyli uzaqlaşmışdılar. Fərid 3 il idi burada təyinatla polis baş leytenantı kimi fəaliyyət göstərirdi. Ərazini yaxşı tanıyırdı. Qarşıda hələ uzun bir dərə vardı, oradan keçə bilsəydi, qarşıdakı dağı aşan kimi Ağdam şəhərini görəcəkdilər.

Fərid səhərin qan qoxulu soyuq havasını ciyərlərinə çəkdikcə hiss edirdi ki, çox da uzaqlara gedə bilməyəcək, amma bütün qüvvəsini toplayıb irəliləyirdi. Hava tam aydınlaşana qədər bu dərəni adlayıb dağın zirvəsinə qalxmalı idi, yoxsa hər an təhlükə ilə üzləşə bilərdi. Bərk-bərk qucaqladığı bu balaca yavrunun yarıyuxulu “ana” çağırışı tez-tez sükutu pozsa da, onu sakitləşdirməyə çalışırdı.

 

“Sən mənim xilaskarımsan”

 

Artıq hava işıqlaşmış, uzaqdan hər şeyi aydın sezmək olurdu. Onlar da deyilən yerə çatmışdılar, uzaqdan Ağdam görünürdü. Fəridin halı qalmamışdı. Buradan belə qalan yolu qızcığaz tək getməli olacaqdı. O, münasib bir yer tapıb oturdu. Qucağındakı qızın. “Bu bizim Xocalı şəhəridir?” sualına Fəridin verdiyi cavab gözlənilməz oldu. Hə, bu da bizim şəhərdir, amma adı Ağdamdır. Qız bildirdi ki, bu şəhərlə bağlı çox eşidib, atası tez-tez bu şəhərə gedib-gəlir.

- Adın nədir, qızım?

- Mənə qızım demə!

- Niyə?

- Mənim atam sağdır, o, mənə qızım deyə bilər.

- Çox əla. Bəs adını deməyəcəksən?

- Adım Ümidədir, atamın da sənin kimi paltarında çoxlu ulduz vardı.

- Bəs sənin adın nədir?

- Fərid.

- Bu ulduzları sənə və atama kim verib?

- Bu sənin atanın və mənim kimi minlərlə polisin Vətənə olan sevgisinin və sonsuz məhəbbətinin nişanəsidir.

- Mənim də böyüyəndə çoxlu ulduzum olacaq. Atam da mənimlə fəxr edəcək...

- Fərid əmi, doğru deyirlər ki, polislər heç nədən qorxmurlar?

- Bəli, biz qorxsaq bəs səni və sənin kimi uşaqları kim qoruyar?! Sən bunu haradan bilirsən?

- Atamdan… O da heç nədən qorxmurdu, anama deyirdi ki, narahat olma biz tezliklə qalib gələcəyik. Böyüyəndə mən də polis olacağam. Mən də heç nədən qorxmayacağam, mənim də çoxlu ulduzum olacaq.

Fərid öyrəndi ki, Xocalı şəhərində 2-ci sinifdə oxuyan bu qızcığazın anası müəllimə, atası da polis imiş. Atasının Ağdam şəhərinə gedən yolda pusquya düşərək 2 gün bundan əvvəl öldürüldüyünü bilsə də, balaca Ümidəyə bu barədə heç nə demədi.

Fərid yolu nişan verib, dedi: “Get, rast gəldiyin adama Xocalı şəhərindən gəldiyini söyləyərsən, onları başa salarsan ki, ermənilər şəhəri işğal edib, insanları da öldürüblər...”. Qəhər onu boğdu.

Balaca qızcığaz son olaraq Fəridin qanlı yanağından öpüb, büründüyü polis formasını da götürərək dedi: “Səni heç vaxt unutmayacağam, sən mənim polis xilaskarımsan, bu formanı da polis olanda əynimə geyinəcəyəm”.

Fərid Ümidəni gözdən itənəcən izlədi və onun sağ-salamat Ağdam şəhərinə gedib çıxması üçün dualar etdi. Artıq taqəti qalmamışdı. Kürəyi üstə yerə uzanaraq son dəfə qara buludların zəbt etdiyi kimsəsiz göyləri seyr etdi. Yanağından süzülən iki damla göz yaşı muncuq dənəsi kimi yumurlanıb sinəsinə düşdü. Bir anlıq gözləri önündə müstəqil Vətəninin şən və firavan günləri canlandı. İçindən qəribə hisslər keçdi, demək bu yolda ölməyə dəyər. Axı Vətən oğulların çiyinlərində Vətən olur. Yolunda ölməyə oğulları olmayan Vətən kimə gərəkdir? Fərid düşünürdü ki, bir gün balaca Ümidələrin çiyinlərində bərq vuracaq ulduzlar çox qaranlıq gecələrə işıq saçacaq və Azərbaycan polisinin necə şərəfli bir yol keçdiyini bütün dünyaya sübut edəcək. Düşünürdü ki, nə yaxşı ki, son anda da bir insan taleyini xilas edə bildi, son anda da daşıdığı polis adına böyük şərəf gətirdi...

 

“Azərbaycan Respublikasına xidmət edirəm!”

 

Ümidə xilas olmuşdu. Ağdam şəhərində ona ilk rast gələn Milli Ordumuzun əsgərləri oldu. Polis formasına bürünmüş bu qızcığazın qana bulaşmış üz-gözünü görəndə onlar da çox sarsıldı. Ümidə başına gələnləri, Xocalı şəhərinin yerlə-yeksan edildiyini hıçqıra-hıçqıra ürək yanğısı ilə elə danışırdı ki, dinləyənlərin damarlarında qanı donurdu. Əynindəki formanın kimin olduğunu soruşanda o, dərhal Fəridi xatırladı və onları xilaskarının yanına göndərsə də artıq gec idi...

İllər yel qanadında ötdü. Ümidə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına daxil oldu. Xilaskarı Fəridə və atasına söz verdiyi kimi akademiyanı “əla” qiymətlərlə başa vurub baş leytenant rütbəsi aldı.

O, akademiyanı bitirərkən şəxsi heyət qarşısında çıxış edərək dedi: “Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, Azərbaycanın daxili işlər orqanları milli müstəqilliyin qazanılması və qorunması, torpaqlarımızın düşmən hücumundan müdafiəsi sahəsində əzmkarlıq nümayiş etdirib. Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil etmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyətinin 4 minədək qulluqçusu şəhid və yaralı olub. Amma bu, son deyil, müharibə hələ qurtarmayıb.

Mən də söz verirəm ki, atalarımızın yolunu şərəflə davam etdirərək hər zaman polis adının ucalığına, saflığına çalışacağam. Son damla qanıma qədər torpaqlarımızın bütövlüyü, Qarabağımızın azadlığı uğrunda vuruşacağam.

İndi doğulduğum Xocalı məndən çox-çox uzaqlarda olsa da, hər gün mənimlədir. İnanıram ki, biz mütləq o yerlərə qayıdacağıq, ona görə ki, o torpaq uğrunda atamın və atam kimi neçə-neçə polisin qanı axıb. Bu gün anamın nigaran ruhu o yerdədir, hər gün evimizin ətrafını dolanır. Mən bu gün bura məni ölümdən qurtaran, ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Fəridin formasını gətirmişəm. Mən də ömrüm boyu polis forması geyinəcəyəm. Sizcə öz xalqına xidmət etməkdən və bütöv varlığı ilə millətinə, dövlətinə bağlı olmaqdan şərəfli nə ola bilər?! Əgər sənə güvənir, sənə inanırlarsa və səni haqqın, ədalətin simvolu hesab edirlərsə, bundan qürurverici nə isə varmı? Söz verirəm ki, Azərbaycan polisi olaraq bütün varlığımla uca millətimə və müstəqil ölkəmə xidmət edəcəyəm. 100 yaşın mübarək, mənim həmişə gənc və müdrik Azərbaycan polisim!”

Ümidənin rütbəsini təqdim edən general cəsur Azərbaycan qızının gözlərinə baxaraq dilləndi:

- Qızım, səni təbrik edirəm. Əminəm ki, sən polis sıralarında şərəflə xidmət edəcəksən.

Ümidənin gözləri doldu:

- Təşəkkür edirəm, cənab general, Azərbaycan Respublikasına xidmət edirəm!

Ümidəyə elə gəldi ki, sanki çoxdan üzünü görmədiyi, səsini eşitmədiyi atası ona təşəkkür edir.

Ziyadxan HƏSƏNOV

Məqalə Azərbaycan polisinin 100 illik yubileyi ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən keçirilən müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında