Milli Məclisin növbəti iclası keçirilmişdir

Martın 18-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Milli Məclisin sədri Oqtay Əsədov deputatları və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdir. Sonra gündəlikdəki qanun layihələri müzakirə olunmuşdur. 
Əvvəlcə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilmişdir.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirmişdir ki, "İctimai televiziya və radio yayımı haqqında" Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Mətbuat Şurası (MŞ) tərəfindən irəli sürülmüş namizədlərin altıillik səlahiyyət müddəti başa çatmışdır. Bununla əlaqədar olaraq həmin qurumlar yeni namizədlərini irəli sürmüşlər. Sonra səsvermə keçirilmiş və AHİK-in nümayəndəsi Aqil Dadaşov, AMEA-dan Muxtar İmanov və MŞ-dan Cahangir Məmmədli İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına üzv seçilmişlər.
İclasda "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavələr və dəyişikliklər edilmişdir. Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qanunlara təklif olunan dəyişikliklər barədə ətraflı məlumat vermişdir. Əlavə və dəyişikliklərdə deyilir ki, istehlakçının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması, eləcə də qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
"Dövlət rüsumu haqqında" qanuna təklif olunan dəyişikliklər barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat vermişdir. O demişdir ki, dəyişikliklərə əsasən dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində müvafiq xidmət göstərən hər bir dövlət orqanının yerləşdiyi binanın (otağın) görünən yerində asılmalıdır. Bu qanun da səs çoxluğu ilə təsdiq edilmişdir.
"Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara da dəyişikliklər edilmişdir. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdir ki, ilk iki qanuna təklif olunan dəyişikliklərdə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələsi əksini tapmışdır. Bu dəyişikliklər hakimlərin ailə üzvlərinin də pensiya təminatının "Əmək pensiyaları haqqında" Qanuna uyğunlaşdırılmasını nəzərdə tutur. Ə.Hüseynlinin sözlərinə görə, "Əmək pensiyaları haqqında" Qanuna təklif olunan dəyişiklik də digər iki qanuna nəzərdə tutulan dəyişikliklərin məntiqi davamıdır.
Ə.Hüseynli gündəlikdəki digər iki məsələ - "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara edilən dəyişiklikləri də şərh etmişdir.
Bildirilmişdir ki, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunvericiliyə görə əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş təhqiqat orqanları həyata keçirirlər. Təklif olunan dəyişiklik isə ondan ibarətdir ki, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini isə yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirsinlər. Ə.Hüseynlinin sözlərinə görə, bu, bizim qanunvericiliyimiz üçün müəyyən mənada yenilikdir.
İclasda iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qanunlara edilən dəyişikliklərin əhəmiyyətindən danışmışdır.
Sonra adları çəkilən qanunlara təklif olunan əlavələr və dəyişikliklər səs çoxluğu ilə qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında