Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimiz tarixində yeri və rolu

Azərbaycan Xalq Cümhuriyyəti – 100

(əvvəli qəzetin 19 may 2018-ci il tarixli sayında)

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri məktəblərin milliləşdirilməsi oldu.

Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali, ibtidai və orta tədris müəssisələrində dərslər dövlət dilində aparılmalı idi.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti gənc millətin müqəddəratı üçün ali məktəbin əhəmiyyətini yaxşı başa düşürdü. Ali məktəb yaradılması ölkənin iqtisadi və mədəni inkişafının mənafeyinə uyğun idi. Bu baxımdan, parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Parlament tərəfindən təsdiq edilən qanun Bakıda dörd fakültədən: şərq şöbəli tarix-filologiya fakültəsindən, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin təsis edilməsini nəzərdə tuturdu.   İlk milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq, vətən qarşısında çox mühüm tarixi xidmətlərindən biri idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və parlamenti vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan parlamenti hökumətin təklifinə əsasən, 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə, 1919-1920-ci tədris ilində xaricə təhsil almağa göndəriləcək tələbələrə vəsait ödənilməsi üçün dövlət büdcəsindən Xalq Maarifi Komissarlığına 7 milyon manat ayrılmışdı. Avropanın ali məktəblərinə göndəriləcək hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya universitetlərinə yola salınacaq azərbaycanlılara isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılması nəzərdə tutulmuşdu. Xalq Maarifi Nazirliyi tərəfindən xarici ölkələrə göndəriləcək tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 azərbaycanlıya Fransanın, 4 nəfərə İtaliyanın, 1 tələbəyə İngiltərənin, 6 nəfərə isə Türkiyənin müxtəlif universitet və institutlarında oxuyacaqları ilə bağlı rəsmi sənəd verilmişdi. Yerdə qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Həmin dövrdə orada gedən vətəndaş müharibəsi səbəbindən Azərbaycanın şimal qonşusuna tələbə göndərmək mümkün olmadı.

Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də təntənəli şəkildə yola salındılar. Təxminən 1 ay sonra – fevralın 11-də Parisə çatan gənclər orada Paris Sülh Konfransında (1919-1920-ci illər) iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən yüksək səviyyədə qarşılandılar. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında böyük bir nitq söylədi. Sonra isə azərbaycanlı gənclər təhsil almaq üçün Avropanın müvafiq ölkələrinə yola salındılar.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti bu hadisədən cəmi bir neçə ay sonra bolşeviklər tərəfindən devrildi. Nəticədə, milli hökumətin diqqətlə seçərək, böyük ümidlərlə xarici ölkələrə göndərdiyi tələbələr çox çətin vəziyyətə düşdülər. Onlara pul göndərilmədiyindən soydaşlarımız Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova müraciət etmək məcburiyyətində qaldılar. Tələbələrə  maddi yardım göstərilməsi məsələsi  müzakirələrdən sonra müsbət həll olundu. Lakin 1922-ci ilin sonlarında Nəriman Nərimanovun Moskvaya işləməyə göndərilməsindən sonra xaricdə oxuyan tələbələrə münasibət yenə də dəyişdi. Belə ki, maddi sıxıntılar ucbatından bəzi tələbələr ən ağır sahələrdə işləməyə məcbur oldular. Bəziləri həbsxanalara düşdülər. Çıxış yolu tapmayıb intihar edənlər də oldu. Amma böyük əziyyətlər bahasına təhsilini başa çatdırıb, yüksək ixtisaslı mütəxəssis kimi sovet Azərbaycanına qayıdanların çoxu  isə sonralar repressiya illərində “qırmızı terror”un qurbanı oldular.

Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət olaraq, insan hüquq və azadlıqlarının qorunmasına da böyük diqqət yetirirdi. Vicdan azadlığı məsələsi Cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil edirdi. Bakıda Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılması qərara alınmışdı. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi və Azərbaycan Xalq Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa Rəfibəyovun sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi.

 Azərbaycan Xalq Cümhuriyyəti çox çətin ictimai-siyasi vəziyyətdə ilk addımlarını atmaqla yanaşı, ona yardımla bağlı edilən müraciəti də cavabsız qoymamışdı. Belə ki, Cənubi-Qərbi Qafqaz Hökuməti 25 yanvar 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edərək ondan hərbi və maddi yardım istəmişdi. Cənubi-Qərbi Qafqaz hökumətini rəsmən tanıyan Azərbaycan hökuməti özünün ağır durumda olmasına baxmayaraq, hərbi təlim keçmək üçün Gürcüstan yolu ilə zabitlər və silah almaq üçün xeyli qızıl pul göndərmişdi. Baş nazir Fətəli xan Xoyski Cənubi-Qərbi Qafqaz Hökumətinə qarşı düşmənçiliyi Azərbaycan hökumətinə qarşı düşmənçilik hesab etdiyini bildirmişdi. Azərbaycan hökuməti 1919-cu ilin fevralında Cənubi Qafqaz respublikalarının iştirakı ilə Tiflisdə keçirilən sülh konfransına Cənubi-Qərbi Qafqaz hökumətinin nümayəndələrinin də qatılmasını təklif etmişdi. Lakin Ermənistan və Gürcüstan nümayəndələri etiraz etdikləri üçün Cənubi-Qərbi Qafqaz hökuməti nümayəndələrinin həmin konfransda iştirakı baş tutmamışdı. 1919-cu il martın 25-də Cənubi-Qərbi Qafqaz hökuməti müstəqilliyini elan etdi və özünü Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti adlandırdı. Lakin aprelin 12-də Qarsda ingilis komandanlığı Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin parlament və hökumət üzvlərini həbs etdirdi və bununla bu Cümhuriyyət süquta uğradı. Azərbaycan Xalq Xümhuriyyəti hökuməti ingilislərin Cənubi-Qərbi Qafqaz cümhuriyyətini süquta yetirməsini kəskin şəkildə pisləmişdi.

1918-ci ilin noyabrında Naxçıvanda Araz-Türk Respublikası müvəqqəti müstəqilliyini elan etdi. Bu respublika bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə respublikanın bütün əhalisinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi. Araz-Türk Respublikasının əhalisi 1 milyоn nəfər, ərazisi 8,7 min kvadratkilometr olmaqla (Naxçıvan Muxtar Respublikası. Bakı: Elm, 2001, 220 s., s. 33) tərkibinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. bölgələr daxil idi. Respublikanın paytaxtı Naxçıvan şəhəri, hökumətin sədri isə Əmir bəy Nərimanbəyov olmuşdur. Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə və yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. Türk ordusunun polkovniki Xəlil bəy Araz-Türk Respublikasında səlahiyyətli nümayəndəliyin başçısı təyin olunmuşdu. Bundan başqa, türklərin Naxçıvanda 5 zabit və 300 əsgəri qalırdı. Araz-Türk Respublikası qısa müddət fəaliyyət göstərməsinə (1918 noyabr – 1919 mart) baxmayaraq “bölgənin azərbaycanlı əhalisinin qüvvələrinin düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsini, bölgənin ermənilərə keçməsinə imkan verməməklə, onun toxunulmazlığını və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etdi”.

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Cümhuriyyət dövründə qonşu ölkələr Azərbaycana qarşı bir sıra ərazi iddiaları irəli sürürdü. Bu zaman Azərbaycanın ərazisi 113,9 min kv. km idi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk günlərdən başlayaraq, bütün ölkələrlə dostluq və əməkdaşlığı özünün xarici siyasətinin başlıca məqsədi elan etmişdi. Hökumət hələ qalib ölkələr tərəfındən rəsmən tanınana qədər müstəqil dövlət kimi öz suveren hüquqlarını həyata keçirməyə başlamışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul, Tehran, Tiflis, İrəvan, Kuban və Donda diplomatik nümayəndəlikləri, Batum və Ukraynada baş konsulluqları, Krım və Petrovsk-Portda konsul agentləri, Bakıda isə Gürcüstan və Ermənistan Cümhuriyyətlərinin diplomatik nümayəndəlikləri, İranın baş konsulu, Belçika, Hollandiya, Yunanıstan, İsveç və İsveçrənin konsulları, İngiltərə, ABŞ və Ukraynanın vitse-konsulları, Litva, Polşa və Finlandiyanın konsul agentləri fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və onun Xarici İşlər Nazirliyi bütün mövcudluğu dövründə Birinci dünya müharibəsinin qalib ölkələri olan İngiltərə, ABŞ və Fransadan öz suverenliyinin tanınmasını təkidlə tələb edirdi. 1919-cu ilin yanvarında Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyəti bu yöndə yorulmadan çalışırdı. Nümayəndə heyətinin nə qədər gərgin fəaliyyət göstərdiyini Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyəti hökuməti sədrinə ünvanladığı məktublar aydın sübut edir. Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətinin varlığını yalnız Denikin orduları Sovet Rusiyası tərəfindən məğlub edildikdən, keçmiş Rusiyanı bərpa etmək ümidləri boşa çıxdıqdan sonra de-fakto tanıdılar.

Həmin dövrün mürəkkəb bеynəlхаlq siyаsi şərаiti, müstəqil dövlətimizə qarşı хаrici təzyiqlərin аrtmаsı nəticəsində Аzərbаycаn Хаlq Cümhuriyyəti süqut еtsə də, хаlqın təfəkküründə аzаdlıq, dеmоkrаtiyа və müstəqil dövlətçilik idеyаlаrı dərin kök sаldı. AXC-nin süqutunu tezləşdirən mühüm səbəblərdən biri də o zaman ölkədə daxili sabitliyin, xüsusən də, milli birliyin olmaması, siyasi partiya və fraksiyaların bir-birinə qarşı barışmaz mübarizəsi, dövlətçiliyin möhkəmləndirilməsi üçün zəruri olan tədbirlərin addım-addım həyata keçirilməsi əvəzinə, hər 5-6 aydan bir yeni hökumət təşkil edilməsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə xаlqın birlik, bütövlük və müstəqillik аrzulаrınа müvəqqəti sоn qоyuldu. Yüz minlərlə sоydаşımız rеprеssiyа və təqiblərə məruz qаldı, bir qismi isə siyаsi müһаcirət еdib bütün dünyаyа səpələndi. Müһаribələrdə və rеprеssiyа illərində minlərlə övlаdını itirən Vətənimizin еlmi-mədəni inkişаfınа, ictimаi-siyаsi irəliləyişlərinə vurulаn zərbələr хаlqımızın güclü, dövlətimizin qüdrətli оlmаsınа ciddi mаnеçiliklər törətmişdir.

XX yüzilliyin sonlarında Azərbaycan ikinci dəfə müstəqillik qazandı. 1991-ci il 18 oktyabr tarixli Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı bəyan etdi ki, Azәrbaycan Respublikası 1918-ci il mayın 28-dәn 1920-ci il aprelin 28-dәk mövcud olmuş Azәrbaycan Demokratik Respublikasının varisidir. Aktda göstərilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları – parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini ərazimizə yeridərək, suveren Azərbaycan Respublikasını işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və xalqımızın çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu. Aktın 1-ci  maddəsində göstərilir ki, “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”.

 Hesab edirik ki, Heydər Əliyev tərəfindən vaxtilə xalq düşməni adı ilə unudulmuş şəxslərin adlarının tarixə qaytarılması, bərpa edilməsi elmdə böyük tarixi xidmətdir. Azərbaycan Xalq Cümhuriyyəti uzun illər tarixin unudulmuş səhifəsi idi. Azərbaycan müstəqilliyinin bərpa edilməsindən sonra Xalq Cümhuriyyəti tarixinin həqiqətlərinin üzə çıxarılmasında, onun Azərbaycan tarixində yerinin və əhəmiyyətinin göstərilməsində Heydər Əliyevin nəinki siyasi xadim kimi, eyni zamanda, böyük tarixçi kimi yüksək xidməti vardır. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi haqqında Prezidentin 1998-ci il 30 yanvar tarixli sərəncamı böyük tarixi hadisə oldu. Sərəncamdа dеyilir: “Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir. 1918-ci ildə Аzərbаycаndа yаrаnmış rеspublikа quruluşu yаşаmış, müstəqillik һissləri хаlqımızı һеç vахt tərk еtməmişdir”.

Prezident sərəncamının yerinə yetirilməsinin nəticəsi olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədlər və materiallar külliyyatı 7 cilddə hazırlanıb 1998-ci ildə nəşr edildi. Cümhuriyyət tarixinə dair elmi-tədqiqat işləri aparılmağa başlandı. Ulu öndər Heydər Əliyevin göstərişi ilə AMEA-nın Tarix İnstitutu tərəfindən 7 cildlik “Azərbaycan tarixi”nin akademik nəşri işıq üzü gördü.

Ümummilli liderimizin müdrik siyasətini uğurla davam etdirən cənab İlham Əliyev də xalqımızın şanlı tarixinə lazım olduğu dəyəri verməkdədir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamında göstərilir ki,  “Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı cənab İlham Əliyev yekun nitqində bildirmişdir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, habelə öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.

Dövlətimizin başçısı cənab İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. Bu bəyanat da sübut edir ki, ölkəmizdə dövlət səviyyəsində dövlətçilik ənənələrinə, dövlətçilik tarixinə böyük önəm verilir. Cümhuriyyət dövrü tariximizin şanlı səhifələrindən biri hesab edilir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması onun milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Əsrin əvvəllərində, 1918-1920-ci illərdə qurulmuş və cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, əsrin sonlarında, 1991-ci ildə müstəqil dövlət kimi tarix səhnəsinə qədəm qoyan Azərbaycan Respublikası artıq öz tarixinin üçüncü onilliyinə qədəm qoyub. Ölkəmizdə milli dövlətçilik günbəgün inkişaf edir və möhkəmlənir. Biz belə bir dövlətin vətəndaşları olduğumuzdan qürur duyuruq.

İradə HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü,
Azərbaycan Respublikasının Əməkdar müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında