Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir

Hər bir millətin mövcudluğunda, tərəqqisində, dünyada nüfuz qazanmasında onun sağlam gəncliyinin olması mühüm önəm daşıyır. Çünki gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində  xüsusi rol oynayır, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırışlara operativ yanaşmaqla beynəlxalq inteqrasiya prosesinin fəal iştirakçısına çevrilirlər. Bu amilə daim əhəmiyyət verən Azərbaycan dövləti gənclər siyasətini prioritet istiqamət kimi diqqət mərkəzində saxlayır, gəncliyin demokratikləşmədə, sosial-iqtisadi sahələrdə uğurlar əldə etməsinə, islahatların gerçəkləşdirilməsi prosesinə qoşulmasına dəstək verir.

Bütün bunlarla bağlı ABŞ-ın və dünyanın ən məşhur ali təhsil müəssisələrindən sayılan Harvard Universitetinin (Kennedi adına Dövlət İdarəçilik Məktəbi) məzunu, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təqaüdçülərindən olan və hazırda dövlət sektorunda işləyən Əlikram İsayev söhbət zamanı dedi:

– Azərbaycanda gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə yüzlərlə yeni tədris müəssisəsinin, gənclər mərkəzinin açılmasını, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasını, müasir ixtisaslara yiyələnməsini təmin edib.  Bununla bərabər, ölkənin ictimai-siyasi, mədəni həyatının müxtəlif sahələrində həyata keçirilən islahatlarda gənclərin iştirakına xüsusi əhəmiyyət verib, onlara etimad göstərərək, müxtəlif vəzifələrə irəli çəkilmələrini, dövlət idarələrində  təmsil olunmalarını reallaşdırıb.

Ulu öndərimiz 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılmasını, gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsini qarşıya mühüm vəzifə kimi qoyub, gənclərə qayğını diqqət mərkəzində saxlayıb, problemlərinin həllinə həssaslıqla yanaşıb. Dövlətin gənclərlə bağlı siyasətinin vahid mərkəzdən idarə olunması məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında 26 iyul 1994-cü il tarixili fərman imzalayıb. Bununla da respublikada gənclər siyasəti ilə bağlı həyata keçirilən tədbirlər dinamik xarakter alıb. Ümummilli liderin 2 fevral 1997-ci il tarixli  fərmanı ilə həmin günün Gənclər Günü elan edilməsi də cəmiyyətin bu təbəqəsinə böyük diqqət və qayğının parlaq ifadəsinə çevrilib.  

Xatırladım ki, həmin vaxtdan etibarən 2 fevral-Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Bütün bunlar bir az əvvəl vurğuladığım kimi, gənclərin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

– Əlikram, ümummilli liderimizin gənclər siyasəti hazırda da uğurla həyata keçirilir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

– Dövlətimizin başçısı cənab İlham Əliyev prezidentlik fəaliyyətinin bütün dönəmlərində  ulu öndərin gənclər siyasətinə önəm verib. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli ilə bağlı mühüm tədbirlər həyata keçirib. Hazırda ölkəmizdə gənclər siyasətinin keyfiyyətcə yeni mərhələyə daxil olması da bunun bariz ifadəsi, sahəyə göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

Yeri gəlmişkən, burada bir məqamı xüsusilə qeyd etmək istərdim. Möhtərəm Prezidentimizin 16 aprel 2007-ci il tarixli müvafiq sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin taleyində mühüm rol oynayıb. Bu proqram hesabına minlərlə gənc kimi mənim də xaricdə təhsil almaq, dünyanın ən nüfuzlu universitetində oxumaq istəyim gerçəkləşib. 

Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi sosial-iqtisadi sahələrdə aydın nəzərə çarpır. Respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Cənab Prezidentin  7 iyul 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın, 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə   “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi, habelə 19 dekabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması gənclərin intellektual, fiziki və mənəvi inkişafını sürətləndirib, fəallığını, gələcəyə ümidlərini daha da artırıb, onların ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin edib. Ümumiyyətlə, bu mühüm addımların atılması  respublikamızda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını sürətləndirmək məqsədi daşıyıb.

Burada onu da vurğulamaq istərdim ki, cənab İlham Əliyev prezidentlik fəaliyyətində hər zaman gəncliyə inanıb, ona arxalanıb, eyni zamanda, sərhədlərimizin keşiyində duran, erməni təcavüzkarları ilə üzbəüz səngərlərdə dayanan gənc nəslə güvənib. Azərbaycan gəncliyi də, öz növbəsində, bu etimadı daim doğruldub.  Xalqımız Aprel döyüşlərində bunun bir daha şahidi olub.

– 11 aprel prezident  seçkilərində gənclər daha aktivlik nümayiş etdirdilər. Səs verən gənclərin mütləq əksəriyyətinin seçimi cənab ­Prezident İlham Əliyev oldu...

– Əvvəla onu deyim ki, demokratik seçkilər hər bir dövlətin, xalqın həyatında mühüm hadisəyə çevrilir. Bu mənada, Azərbaycanda da ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə hər zaman seçkilərə böyük önəm verilir, ölkə vətəndaşları bu proseslərdə aktiv iştirak edirlər. Konstitusiyamızda vurğulandığı kimi, respublikamızda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Təbii ki, dövlət hakimiyyətinin formalaşdırılması da bilavasitə xalqımızdan asılıdır. Başqa sözlə, xalqın seçdiyi hakimiyyət formalaşdırılmaqla dövlət idarə edilir.

Bu baxımdan, cəmiyyətimizin aparıcı təbəqəsi olan Azərbaycan gəncliyi də sözügedən dövrdə seçkilərdə fəal iştirak edib. Cari il aprelin 11-də keçirilən prezident seçkiləri də bu baxımdan istisna təşkil etmir. Bu mühüm siyasi kampaniyada gənclərimiz mövcud siyasətin uğurlu davamına, müasir Azərbaycanı dünyaya tanıdan, uğurlu inkişaf strategiyası quran cənab Prezident İlham Əliyevə səs verdilər. Çünki son 15 il ərzində həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafı üçün böyük imkanlar yaradıb. Məqsədyönlü siyasət nəticəsində yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncliyində özünə, öz bacarığına, qabiliyyətinə, istedadına inam hissi artıb.

Onu da bildirim ki, hazırda beynəlxalq aləmə inamla inteqrasiya edən, demokratik prinsiplər əsasında irəliyə doğru addımlayan, Avropanın aparıcı, nüfuzlu dövlətlərindən birinə çevrilən Azərbaycanda keçirilən 11 aprel prezident seçkiləri bir çox ölkələr üçün örnək oldu. Seçkilərin demokratik, ədalətli, şəffaf reallaşdırılması üçün bütün imkanlardan səmərəli istifadə edildi və bu mühüm siyasi kampaniya beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi.  

Əminliklə deyə bilərəm ki, son 15 il ərzində Azərbaycan gəncliyi cənab ­Prezidenti hər zaman dəstəkləyib. Çünki müasir Azərbaycan gəncliyi möhtərəm Prezident İlham Əliyev dövrünün yetirməsi olmaqla bərabər, həm də intellektual inkişafını, karyera yüksəlişini, respublikamızın dünyada nüfuzlu dövlət kimi tanınmasını məhz onun gerçəkləşdirdiyi strategiya nəticəsində görüb.   

– Azərbaycan Prezidentinin bugünlərdə Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən, “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisindən doğan gənclərə etimad və münasibətinin də bir daha şahidi olduq...

– Bu fikirlə bağlı öncə bir həqiqəti xatırlatmaq istərdim. Dövlətin inkişafında kadr siyasəti hər zaman mühüm rol oynayır və idarəetmə prosesində də bu amil önə çəkilir. Ümumiyyətlə, hər bir hakimiyyətin əldə etdiyi uğurların əsasında  geniş və qlobal miqyasda düşünməyi və lokal şəkildə fəaliyyət göstərməyi bacaran kadrların olması əsas şərtlərdən biridir. Aydındır ki, belə kadrlar sürətlə dəyişən  gerçəkliklərlə ayaqlaşmağı bacarır, daim irəliyə nəzər salır, baş verəcək hadisələri düzgün proqnozlaşdırır, eyni zamanda, yeri gəldikcə keçmiş təcrübədən yararlanmağı unutmurlar. Bütün bunlarla bərabər, həm də mənəvi keyfiyyətləri ilə xalqın rəğbətini qazanırlar. Bəli, idarəetmədə bu xüsusiyyətlərə malik kadr elitası olmadan qarşıya qoyulan vəzifələri gerçəkləşdirmək mümkün deyil. Elə buna görə də cənab Prezident siyasətində bu reallığa xüsusi önəm verir. Yeni hökumətin formalaşdırılması zamanı həmin prinsipə diqqət yetirilməsi də məhz bununla bağlıdır. 

Cənab Prezident çıxışlarının birində bu barədə deyib: “Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və Vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdırlar. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır”.

Bu gün cənab Prezident gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasını, onların məşğulluğunun təmin edilməsini, dövlət idarəçilik sistemində iştirakı istiqamətində kompleks tədbirlər həyata keçirilməsini əsas hədəflər kimi qarşıya qoyub.

Son illər ərzində gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması mövcud konsepsiyanın uğurla icrasının göstəricisidir. Bunu gənclərin artıq müşahidəçi qismindən birbaşa siyasi-ictimai proseslərin iştirakçısına çevrilməsi faktı da sübut edir. Bütün bunlar isə deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir.

Nazirlər Kabineti tərkibinin yeniləşdirilməsi zamanı  gənclərin rəhbər vəzifələrə təyin olunması da cənab Prezident tərəfindən dövlət idarəçiliyində yuxarıda bildirdiyim kimi, yeni yanaşmalardan, yeni ideyalar və innovasiyaların tətbiqindən xəbər verir.

Cənab Prezident inauqurasiya nitqində də yeni yanaşmaların əhəmiyyətini vurğulayaraq deyib: “Gənc kadrlar məhz bu prinsipləri rəhbər tutaraq, yeni islahatlar tətbiq edəcəklər. Məhz buna görə onlara etimad göstərilib və zəruri şərait yaradılıb. Düşünürük ki, bu yalnız kadr dəyişikliyi olmayacaq, həm də idarəetmədə yanaşma dəyişikliyi olacaq”.

Sonda möhtərəm İlham Əliyevin kadr siyasəti ilə bağlı bir fikrini də xatırlatmağı zəruri bilirəm. Ölkə Prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyini peşəkar və səriştəli kadrlar yaradacaqlar. Çünki həyat bunu tələb edir. İndi dövlət idarəetməsində insan potensialının üstünlüyünə, dövlət qulluqçusunun işgüzarlıq, mənəvi və  intellektual keyfiyyətlərinə daha çox əhəmiyyət verilir. Yalnız belə halda-peşəkarlığı yüksək olan kadrlar sayəsində dövlət qurumlarının səmərəli fəaliyyətini təmin etmək mümkündür.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında