Millətin Qızıl Fondu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində onun xatirəsinə özümün mənəvi borcumu vermək niyyəti ilə məqbul bir mövzu seçmək barədə götür-qoy edərkən, yadıma bir əhvalat düşdü və xatirələrin izinə düşərək, bu sətirləri qələmə aldım.

...2000-ci illərin ortaları idi. Lənkəran şəhərində yenicə fəaliyyətə başlamış Heydər Əliyev Mərkəzində, zənnimcə, bütövlükdə pis keçməmiş müharizəm başa çatan kimi ön sıralarda əyləşmiş orta yaşlı bir dinləyici sual-cavabı, müzakirəni gözləmədən zaldan çıxdı və foyedə gülər üzlə mənə yaxınlaşdı: “Mənim bir sualım vardı, amma mövzuya aid olmadığı üçün auditoriyada soruşmadım”,– dedi.

Həmsöhbətim çoxdan məni görmək və bir məsələni aydınlaşdırmaq istədiyini söylədi: Yadınızdadırsa, 80-ci illərin sonlarında siz Bakıda– keçmiş Komsomol Məktəbində ixtisasartırma kursunda biz rayon komsomol katiblərinə bir neçə mühazirə oxudunuz. Sonuncu mühazirəniz yeni siyasi düşüncə barədə idi. Mühazirənin sonunda Naxçıvandan gəlmiş bir qız sizə sual verdi ki, bəs, mərkəzi mətbuatda, respublika mətbuatında, radio-televiziyada “Aliyevşina” adı ilə qızğın tənqidi təbliğat kampaniyası aparılır. Siz bu məsələyə heç toxunmadınız. Biz gənclərlə işləyirik. Onlar soruşurlar, biz cavab verməliyik. Bilmək istərdim, siz Heydər Əliyev barədə nə fikirdəsiniz?

Bu gözlənilməz sualla auditoriyaya ağır bir sükut çökdü və bir qədər sonra siz qətiyyətlə cavab verdiniz: “Heydər Əliyev millətin qızıl fondudur. Özünə hörmət edən millətlər öz qızıl fondu ilə belə davranmır...”

Ardınca “başqa kimin sualı var?” – dediniz. Dinən olmadı. Siz getdiniz və bir də geri qayıtmadınız. Tənəffüsdə biz həmin sualı verən qızı sıxma-boğmaya saldıq ki, niyə belə elədin. Zaqafqaziyada yeganə Ali Partiya Məktəbində vəzifə tutan elmlər doktoruna belə bir şəraitdə belə bir sual verərlərmi? Qız özü də peşman olduğunu söylədi, amma daha iş-işdən keçmişdi. O zaman söhbət gəzirdi ki, Sizi “KQB”yə aparıblar. Bilmək istəyirəm ki, necə oldu: Sizi apardılar, aparmadılar?

Düzü, mən bu hadisəni unutmuşdum. Amma müsahibim əhvalatı danışandan sonra təfsilatı ilə yadıma düşdü. Hətta o qızın orta sırada oturduğunu da xatırladım və olanını dedim: Aparmamışdılar. Aparsaydılar yəqin ki, heç vaxt yadımdan çıxmazdı.

İndi əlimdə qələm bu hadisəni xatırlayır və öz-özümə deyirəm: mən ki, təbiət etibarilə heç zaman “qəhrəman” olmamışam, bəs o anda bu nə nida idi, məndən qopdu? Düşünürəm ki, səbəbi özümdə axtarmamalıyam. O dövrdə bizim tay-tuşlarımızdan olan nəsli həyatın özü milli siyasət məsələlərinə çox həssas etmişdi. Üstəlik, mən humanitar ziyalılar mühitində böyümüşəm və görünür, bu da mənim həmin məsələyə daha həssas yanaşmağıma səbəb olub. Hakimiyyətdə olduğu illərdə mən Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi bütün işlərdə bilavasitə öz arzularımın, istəklərimin ifadəsini görmüşəm. Həm də tək mən yox, bütöv bir nəsil – o illərin gəncliyi...

Mənim aləmimdə Heydər Əliyev o illərdə başqa heç bir iş görməsəydi belə, yalnız bu sahədəki xidmətlərinə görə ən uca titullara layiq bir lider olardı. Sovet hakimiyyətinin bütün illəri ərzində ilk dəfə onun rəhbərliyi dövründə, məhz onun təşəbbüsü və ciddi səyləri ilə Azərbaycan dilinin dövlət dili elan edilməsi, Azərbaycan dilinin çoxcildlik elmi qrammatikasının müəlliflər heyətinə Dövlət Mükafatı verilməsi, repressiya qurbanları olmuş ziyalılarımızın təmiz adının özlərinə qaytarılması və onların xalqa tanıdılması, mütəfəkkir şairimiz Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilib, doğma torpağa tapşırılması və məzarı üzərində gözəl məqbərə tikdirilməsi, görkəmli dövlət xadimi, böyük ziyalı Nəriman Nərimanova paytaxtın mərkəzində möhtəşəm abidə ucaldılması, mənəviyyat abidələrimizin tapılıb üzə çıxarılması və qayğı ilə qorunub saxlanması, uzun illər ərzində ardıcıl ideoloji manipulyasiyalar nəticəsində müəyyən qədər “keyləşdirilmiş” tarixi yaddaşımızın dirçəldilməsi, bərpası, görkəmli alimlərimizin, ədəbiyyat və incəsənət xadimlərimizin xalqa və dünyaya tanıdılması, milli mənlik və ləyaqət hisslərini təbliğ edən, aşılayan alim, yazıçı və şairlərin təqiblərdən qorunması, onun irəli çəkdiyi və səlahiyyət verdiyi insanların əli ilə xaricdə yaşayan soydaşlarımızla əlaqələrin qurulması, tapdanmış milli haqlarımız uğrunda mübarizəsi... Heydər Əliyevin bu sahədəki titanik fəaliyyətinin yalnız üzdə olan nişanələridir. Ən başlıcası isə, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə heç kəs torpağımızdan bir qarış belə qopara bilməmişdi.

Güman edirəm ki, yalnız bu əməllərin sahibi olması onu Millətin Qızıl Fondu saymaq üçün kifayət edərdi. Lakin Heydər Əliyevin 1969-1982-ci illər ərzində xalq qarşısındakı xidmətləri qeyd olunanlarla məhdudlaşmır. Öz qüdrətli rəhbərinin həyata keçirdiyi ardıcıl siyasəti və göstərdiyi şəxsi nümunənin güclü təsiri altında milli ruhu oyanan, hissləri şərəf, ləyaqət, milli iftixar üstündə köklənən xalqa həm də çoxlu iş yerləri, bol çörək, normal məişət şəraiti, təhsil, səhiyyə xidməti, idmanın, mədəniyyət və incəsənət sərvətlərinin onlar üçün əlyetərli olması və i.a. da lazım idi. İnkar etmək mümkün deyil ki, məhz həmin illərdə Azərbaycan xalqı üçün bütün bu istiqamətlərdə misli– bərabəri olmayan işlər görülmüş və bu illər xalqımız üçün, sözün həqiqi mənasında, böyük intibah illəri olmuşdur. O zaman respublikamızda yüzlərlə yeni sənaye müəssisəsi tikilmiş, neftayırma, neft maşınqayırması zavodları yenidən qurulmuş, iri radiotexnika, elektrotexnika, cihazqayırma müəssisələri yaradılmış, bütünlükdə dünyanın 65 ölkəsinə 350 adda sənaye məhsulu göndərə bilən bir sənaye potensialı yaradılmışdır.

Çəkilən suvarma kanalları, kənd təsərrüfatının mexanikləşdirilməsi, yaradılan güclü maddi və mənəvi stimullar kənd təsərrüfatı məhsullarının istehsalını kəskin surətdə artırmağa və onun bazasında geniş potensiala malik aqrar-sənaye kompleksi yaratmağa imkan vermişdir. Bütün bunlar əhalinin güzaranının əsaslı surətdə yaxşılaşmasına, şəhərlərimizin, kəndlərin və qəsəbələrin görkəminin dəyişməsinə, abadlaşmasına səbəb olmuşdu. Təhsilin, elmin, ədəbiyyatın və incəsənətin bütün sahələrinin, idmanın inkişafı sahəsində də misli-bərabəri olmayan inkişaf templəri təmin edilmişdi.

Bu illərdə Azərbaycan öz rəhbərinin unikal təşkilatçılığı, bəhrələri göz qabağında olan coşqun fəaliyyəti sayəsində get-gedə daha artıq dərəcədə İttifaq üçün əhəmiyyətli bir məkana çevrilirdi. Artıq Ümumittifaq əhəmiyyətli bəzi sənaye sahələri, elmi-tədqiqat, layihə-konstruktor mərkəzləri, hərbi obyektlər burada qurulurdu. Azərbaycan İttifaq miqyaslı tədbirlərə, elmi konfranslara, görüşlərə ev sahibliyi edirdi. Bunların bir çoxu isə sırf elmi xarakterli tədbirlər olmaqdan çıxır və bütün ölkə üçün strateji əhəmiyyət kəsb edən ciddi ictimai-siyasi yük daşıyırdı. Xatirimdədir ki, o zaman artıq İttifaq miqyasında bəzi əlamətləri göz qabağında olan mənəvi böhranı qabaqlamaq, gənc nəslə cazibədar, pozitiv ideyalar, dəyərlər təklif etmək məqsədilə yeni gənclər siyasətinin hazırlanması ilə bağlı tədbirlər çərçivəsində Bakıda Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında keçirilən mənəvi tərbiyə məsələlərinə dair Ümumittifaq müşavirəsi bütünlükdə nəhəng bir ölkənin ideya-siyasi həyatında ünlü bir hadisəyə çevrildi. Bütün səviyyələrdə bu tədbirin adı tez-tez çəkilirdi. Bu, artıq Bakının Sovet İttifaqının təkcə təsərrüfat həyatına, elminə, təhsilinə, mədəni mühitinə deyil, habelə mənəvi, ideoloji durumuna da təsir etməyə başladığına bir işarə idi.

Bakıda digər belə bir tədbirin, özü də daha miqyaslı bir tədbirin 1982-ci ildə keçirilməsi planlaşdırılırdı. SSRİ-də ictimai elmlərin tədqiqi və tədrisi sahəsində vəziyyət və onun yenidən qurulması sahəsində qarşıda duran vəzifələrə həsr olunan bu Ümumittifaq elmi-praktik konfransının hazırlanması və keçirilməsi Bakıya həvalə edilmişdi. Bu, artıq Heydər Əliyevin strateji təfəkkürünə Mərkəzin ciddi ehtiyac duyduğundan xəbər verirdi. Çox güman ki, bir qədər sonra onun paytaxta, İttifaq idarəçiliyində yüksək vəzifəyə dəvət olunması da bununla bağlı idi.

İndi məmnuniyyət hissi ilə xatırlayıram ki, Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP Siyasi Bürosu üzvlüyünə namizəd Heydər Əliyevin təşəbbüsü, bilavasitə rəhbərliyi və təşkilatçılığı altında həmin nəzəri-siyasi tədbirin hazırlanması ilə gündəlik məşğul olan cəmi 5 nəfərlik işçi qrupunda mən də vardım. Hər bir elm sahəsindən ən görkəmli mütəxəssisləri cəlb etməklə hazırlanmış ilkin sənədlərlə tanış olduqdan sonra elmi konfransın ideya müəllifi olan respublika rəhbəri “ciddi, dəyişikliklər tələb edən ideyalar olmadığı üçün” onu geri qaytardı və yenidən necə işləmək barədə öz tövsiyələrini verdi. Yalnız bundan sonra mövzunun adındakı mənim üçün o zaman o qədər də əhəmiyyətli görünməyən “yenidənqurma” sözü ilk dəfə olaraq diqqətimi çəkdi və düşünürəm ki, bəlkə də bir qədər sonra SSRİ-də hakimiyyət olimpinə qalxan M.Qorbaçovun Heydər Əliyevə bu dərəcədə qısqanc yanaşmasının kökü elə belə məqamlarda gizlənirmiş.

Konfransa hazırlıq işləri başa çatmamış Heydər Əliyevi Moskvaya yüksək dövlət vəzifəsinə irəli çəkdilər. Respublika rəhbərliyinə yeni gələnlərinsə, görünür, bu yükün altına verilə biləcək çiyinləri yox idi və təbii olaraq, bu məsələ yavaş-yavaş unuduldu. Mən 1990-cı ilin yayında Naxçıvanda Moskvadan yenicə qayıtmış Heydər Əliyevi ziyarət edərkən bu tədbirlə bağlı mənim təəssüfümə bir növ şərik çıxdı və “tək o konfrans deyil ki” – dedi: “Mən gedəndə nə iş başlamışdımsa, hamısının altı- altında qaldı, üstü – üstündə!”.

Heç zaman nə iləsə bağlı kimdənsə giley-güzar etdiyini eşitmədiyim və mənim xəyalımda cəngavər sərkərdə xislətli möhtəşəm bir obraz kimi yaşayan Heydər Əliyevin bu incikliyinin arxasında nələrin gizləndiyini qismən anlasam da onu tam çılpaqlığı ilə lap bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada çapdan çıxmış “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası haqqında” kitabının sonuncu fəslini oxuyarkən təsəvvür edə bildim. Ümummilli liderin dövlət idarəçiliyi məktəbinin yetirməsi və onun ən yaxın silahdaşlarından biri olan müəllif burada konkret faktlarla 1980-ci illərin sonlarında Azərbaycanda rəhbər partiya-sovet vəzifələrində çalışan şəxslərin siyasi portretlərinin bütöv bir qalereyasını verir. Demə, Heydər Əliyevin qayğısı və diqqəti sayəsində yüksəlmiş bəzi vəzifə mənsubları nəinki zamanın “vəfa borcu testindən” keçə bilməmiş, hətta ona qarşı Moskvanın apardığı ədalətsiz siyasi kampaniyada çox fəal iştirak etmişlər. Hətta məhz onun tövsiyəsinə əsasən respublika birincisi – Azərbaycan KP MK-nın birinci katibi olmuş Kamran Bağırov Sov. İKP MK-nın, şəxsən Baş katib M.Qorbaçovun, MK katibi Y.Liqaçovun tapşırığı ilə Heydər Əliyev əleyhinə qızğın fəaliyyətlə məşğul imiş. Həm də o qədər məşğul imiş ki, Moskvaya yola düşərkən rəhbərin ona verdiyi əsas tapşırığı – “Qarabağ məsələsini yaddan çıxarmamaq” tapşırığını belə yada salmağa macal tapmamışdı.

Mən tək-tənha qonağı olduğum möhtərəm müsahibimin bayaq xatırladığım sözlərindəki gərginliyi sezərək söhbətin məcrasını dəyişdim: “Əsas olan xalqın Sizə münasibətidir” - dedim. Cavabında isə indiyədək heç yerdə səslənməmiş bir söz dedi. Mən bir vergülü də dəyişmirəm. Heydər Əliyevin o anda xüsusi vurğu ilə dediyi tarixi sözlərdir: “Mən Azərbaycana rəhbərlik etdiyim o 14 ilin hər bir günü üçün xalqımın qarşısında hesabat verməyə hazıram”.

Təbii ki, belə bir hesabatı verməyə ehtiyac qalmırdı. Hətta ona qarşı aparılan və heç bir çərçivəyə sığmayan genişmiqyaslı təbliğat kampaniyasına, məruz qaldığı ağır təzyiqlərə baxmayaraq, çoxları üçün o, artıq Millətin Qızıl Fondu idi.

Özü də o vaxt ki, hələ 20 Yanvar qırğını baş verməmişdi. Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını təhlükə altına qoyaraq, o, Azərbaycanın Daimi Nümayəndəliyinə gəlib xalqına qarşı edilən bu təcavüz aktına öz kəskin etirazını bildirməmiş, qoşunların dərhal Bakıdan çıxarılmasını tələb etməmiş, bu işdə şəxsən M.Qorbaçovu ittiham etməmiş və həmin ittiham informasiya kanalları vasitəsilə bütün dünyaya yayılmamışdı. Hələ o, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri də olmamış və bu ay 100 illiyini təntənəli qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi Ali Məclisə gətirtməmiş, Cümhuriyyətin dövlət rəmzlərinin bərpa edilməsi barədə Azərbaycan Respublikası səviyyəsində vəsatət qaldırmamışdı. Blokada şəraitində boğulan Naxçıvanı qardaş Türkiyəyə bağlayan “Ümid körpüsü” də salınmamışdı. Ölkənin vətəndaş müharibəsi ərəfəsində olduğu bir vaxtda xalqın təkidi ilə Bakıya gəlib və həyatını real risk qarşısında qoyaraq, artıq ilk qardaş qanı tökülən Gəncəyə getməmişdi. Ölkədəki ayrı-ayrı silahlı dəstələri tərksilah edib daxildə vətəndaş sülhü, cəbhədə atəşkəsə nail olmamışdı. Bugünkü genişmiqyaslı quruculuq işlərinin, ölkənin müdafiə qüdrətinin artırılmasının, yaxın və uzaq ölkələrlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasının başlıca maliyyə qaynağı olan “Əsrin müqaviləsi” də imzalanmamışdı. Hələ Heydər Əliyevin sədrliyi ilə hazırlanan Azərbaycan Respublikasının hüquqi, demokratik, dünyəvi dövlət modelinin əsaslarını qoyan, insan hüquq və azadlığına geniş təminat verən Konstitusiyamız qəbul edilməmiş, genişmiqyaslı siyasi, iqtisadı, hüquqi, inzibati islahatlar həyata keçirilməmiş, müasir dövlət qulluğu sisteminin yaradılması işinə start verilməmişdi. Azərbaycan diplomatiyasının gücünü reallıq kimi ortaya qoyan Lissabon sammiti də hələ qabaqda idi. Heydər Əliyev siyasi irsinin cövhəvi olan və minilliklərin qovşağında xalqımızın zəngin dövlətçilik tarixinə, son əsrdə qura bildiyi dövlətçilik formalarına müdrik bir siyasətçinin, təcrübəli bir dövlət xadiminin gözü ilə baxmaq nümunəsi olan, qarşıda Azərbaycanı gözləyən şanslar və risklərdən xəbər verən “Yeni əsrin və üçüncü minilliyin gəlişi ilə əlaqədar Heydər Əliyevin xalqa müraciəti” də bir vəsiyyətnamə sənədi kimi xalqa, dövlətə hələ xeyli sonra təqdim ediləcəkdi.

Heç şübhə yox ki, ömrünün son 10-15 ili ərzində sadalanan bu taleyüklü məsələlərdən hər hansı birini həll etmək Heydər Əliyev adını Millətin Qızıl Fonduna həkk etməyə tam əsas verərdi. Ancaq o xalqından bu mandatı çoxdan almışdı.

Görünür, o zaman həmin qısamüddətli komsomol kurslarında mühazirə zamanı verdiyim cavaba görə məni aparmalı olan, lakin aparmayan məmurun özünün də düşüncəsində əzəmətli, parlaq Heydər Əliyev obrazı vardı və şübhə etmirəm ki, xalqın, o cümlədən ziyalıların mütləq əksəriyyəti elə o zaman da Heydər Əliyevin yerini belə uca, ali bir məqamda görürdü.

Ulu öndərin özünün dediyi kimi, tarix həmişə hər şeyi öz yerinə qoyur. Heydər Əliyevin memarı olduğu müstəqil, demokratik, dünyəvi Azərbaycan Respublikası onun özü qədər inandığı siyasi varisi, bu günlər xalqın birlik, həmrəylik nümayiş etdirərək yenidən ölkə Prezidenti seçdiyi İlham Əliyevin rəhbərliyi altında yaşayır və uğurla irəliləyir, ulu öndərin “Azərbaycan dünyaya bir Günəş kimi doğacaq” idealını addım-addım reallığa çevirir.

Beləcə böyük ideallar uğrunda əzmlə, fədakarlıqla çalışan insanların yüksək əməlləri tədricən, bəzənsə heç hiss olunmadan, Millətin Qızıl Fonduna çevrilir.

 Əlikram ABDULLAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının I prorektoru,
fəlsəfə elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında