Azərbaycanda çağırışçıların vətənpərvərlik ruhunda tərbiyə edilməsi mühüm önəm daşıyır

Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə ölkəmizdəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyət ordu quruculuğuna da mənfi təsir etmişdi. Könüllü dəstələrdən yaradılan ordu istər struktur, istərsə də güc baxımından mövcud şəraitin tələblərinə cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli xarakter daşıyırdı. Vahid komandanlığın olmaması isə silahlı dəstələrin müxtəlif şəxslərin əlində cəmlənməsi ilə nəticələnmişdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası da ordu quruculuğunun elmi əsaslarla gerçəkləşdirilməsinə əngəl törədirdi. Məhz belə bir şərait, həmçinin səriştəsizlik ucbatından müstəqilliyini yenicə bərpa edən Azərbaycanda ordu quruculuğu prosesi istənilən səviyyədə getmirdi. Ordu qarşıda duran taleyüklü məsələlərin icrasını həyata keçirməyi yox, şəxsi istəkləri reallaşdırmağı daha üstün tuturdu.

Ulu öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışı ilə respublikada xaos, özbaşınalıq tədricən aradan qaldırıldı, bununla bərabər, ordu quruculuğunda da uğurlu islahatlara başlanıldı. Çox keçmədən Azərbaycan Ordusu cəbhədə uğurlu əməliyyatlar həyata keçirdi, bir sıra yaşayış məntəqələrimiz düşməndən azad edildi.

Yeri gəlmişkən, 1994-cü il may ayının 12-də atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda islahatların aparılmasını daha da sürətləndirdi. Orduya çağırışla bağlı bütün problemlər həllini tapdı, fərarilik halları aradan qaldırıldı. Dövlətçiliyi uca tutan zabitlər rəhbər vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.

Xatırladım ki, 1993-cü il noyabrın 1-də Prezidentin müvafiq fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Həmin gün keçirilən ilk iclasda ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, mühüm qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilən tədbirlər müəyyənləşdirildi. Qısa müddət ərzində reallaşdırılan islahatlar öz müsbət nəticəsini verdi, nizami ordunun formalaşdırılması istiqamətində müsbət nəticələr əldə edildi.

1993-cü il noyabrın 23-də Milli Şurada “Müdafiə haqqında” qanun qəbul olundu. Həmin qanunla ordu quruculuğunda məsul vəzifəli şəxslərin və orqanların fəaliyyəti sistemləşdirilərək məsuliyyət sahələri dəqiqləşdirildi. Bununla bərabər, ulu öndər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi şəxsən cəbhə bölgələrinə gedib, ordunun, əsgərlərin vəziyyəti ilə yaxından tanış oldu, konkret tədbirlər müəyyənləşdirdi. Şübhəsiz ki, bu, ordunun şəxsi heyətinin mənəvi hazırlığına mühüm təsir göstərirdi.

Dahi şəxsiyyətin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər hazırda onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir. Hərbi sahədə əsaslı islahatlar aparılması ilə yanaşı, ordumuzun yeni silah və texnika ilə təchizi diqqət mərkəzində saxlanılır. Təminatı yaxşılaşdırmaq üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müxtəlif təyinatlı silah-sursat istehsal olunur.

Son 15 ildə Azərbaycanda ordu quruculuğu prosesinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında çağırış və səfərbərlik prosesinin təkmilləşdirilməsi ilə bağlı məsələyə mühüm önəm verilib. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlıq, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib, onların əsasında isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Adıçəkilən qurum ötən müddətdə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mühüm işlər görüb, ilk növbədə həqiqi hərbi xidmətə çağırışın qanunlara müvafiq qaydada təşkil edilməsini uğurla reallaşdırmağa çalışıb. Bu da təsadüfi deyil. Çünki cəmiyyətin ordu haqqında rəyinin formalaşmasına gənclərin həqiqi hərbi xidmətə çağırılması prosesi mühüm təsir göstərir. Ona görə də qurum həqiqi hərbi xidmətə çağırışın qanunlara müvafiq qaydada təşkil edilməsinə daim mühüm vəzifə kimi yanaşır. Azərbaycan Respublikasının 16 yaşı tamam olan bütün kişi cinsli vətəndaşlarının tibbi yoxlamadan keçirilərək qeydiyyata alınmaları, çağırışçıların sayının dəqiq müəyyənləşdirilməsi, onların hərbi xidmətə yararlılıq dərəcəsinin, təhsil, ixtisas (peşə) və fiziki hazırlıq səviyyəsinin hərtərəfli öyrənilməsi kimi məsələlərə ciddi diqqət yetirir. Eyni zamanda, qoşun növləri üzrə ilkin təyinat verilərkən sözügedən Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən sağlam, fiziki cəhətdən hazırlıqlı çağırışçıların seçilmələri qarşıda mühüm vəzifə kimi durur.

Son illərdə çağırış sistemində çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına, yoxlamaların keçirilməsinə nəzarət artırılıb. Bu isə Xidmətin yerli idarə, şöbə, bölmələrinin və aidiyyəti dövlət orqanlarının həmin sahəyə məsuliyyətlə yanaşmasına və çağırış sistemində şəffaflığın təmin olunmasına zəmin yaradıb. Onu da qeyd edim ki, qurum tərəfindən mərkəzləşdirilən uçot sistemlərinin təşkil edilməsi, o cümlədən hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması sahəsində xeyli iş görülüb. Vahid elektron informasiya sistemi vasitəsilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatının və uçotunun aparılmasına diqqətin artırılması həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərib.

Son illərdə Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılması və bu istiqamətdə dövlət siyasəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısında da təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoyub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu xoşagəlməz halların aradan qaldırılması üçün güclü siyasi iradə var, amma korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalı, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır.

General-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi adıçəkilən xidmət qurumu tərəfindən ötən müddətdə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində müvafiq tədbirlər görülüb, daxil olan məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb, qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə Hərbi Prokurorluğa göndərilib.

Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına və “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytının yaradılması vətəndaşlara bu qurumla operativ əlaqə saxlamaq, onları maraqlandıran mövzu və suallarla bağlı informasiya əldə etmək imkanı yaradılıb.

Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidməti də vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Etiraf edək ki, qurumda bu və ya digər məsələlərin elektron qaydada gerçəkləşdirilməsi əvvəllər nəzərə çarpan bəzi neqativ halların aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına müsbət təsir göstərib.

Xidmətin fəaliyyətində çağırışçıların hərbi xidmətə hazırlanması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi məsələləri də diqqət mərkəzində saxlanılır. Qurum tərəfindən həmin işə gənclərin hələ orta məktəbdə təhsil aldığı dövrdən başlanılır. Bu zaman hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması hərb tariximizlə sıx bağlı olan milli dəyərlərə əsaslanılaraq gerçəkləşdirilir. Şübhəsiz ki, burada əsas məqsəd gəncləri Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Ordusuna sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə olunması ilə bağlıdır. Başqa sözlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları müvafiq dövlət orqanları ilə birgə hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində gələcək döyüşçülərə Vətənin taleyi üçün yüksək cavabdehlik məsuliyyəti aşılayır.

Sonda onu da qeyd etmək istərdim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz fəaliyyətində gənclərin hərbi təhsilə marağını daha da artırmaq üçün orta təhsil müəssisələrində hərbi hazırlıq dərslərinin təkmilləşdirilməsini, fənn müəllimlərinin ixtisaslı kadrların sırasından seçilməsini, onların daimi olaraq təkmilləşdirilməsini də həmişə diqqətdə saxlayır.

Anar YUSİFOĞLU,
jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında