Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Ankarada qeyd edilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Türkiyənin Ankara şəhərində böyük coşqu və təntənə  ilə qeyd edilib. Ankara şəhərində Heydər Əliyev parkında düzənlənmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər   üzrə köməkçisi Əli Həsənovun, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahimin, Türkiyə Böyük Millət Məclisinin rəhbəri İsmayıl Kahramanın, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun və digər yüksək vəzifəli rəsmilərin, diplomatik korpus nümayəndələrinin qatıldığı tədbir hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb. Türkiyə mətbuatının da geniş yer verdiyi açılış mərasimində qonaqları salamlayan Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Azərbaycan Respublikasının və Silahlı qüvvələrinin yaranmasının 100 illik yubileyi vasitəsi ilə təbriklərini səsləndirib. “Bu tədbiri qardaş Türkiyədə qeyd etmək bizə şərəf hissi verir”—deyə səfir əlavə edib.

Türkiyə Böyük Millət Məclisinin rəhbəri İsmayıl Kahraman iki ölkə arasındakı dostluq və qardaşlığın təməlinin keçmişə dayandığını bildirib və artıq Azərbaycanla Türkiyə arasındakı münasibətlərin həm də strateji əhəmiyyət daşımasını vurğulayıb.

“Qarşılıqlı əlaqələrimiz hər sahədə yüksəlməkdədir. Cənab prezident İlham Əliyevin prezident seçkilərindən sonra xaricə ilk səfərini Türkiyəyə etməsi hamımızı sevindirdi. Azərbaycana bir neçə dəfə səfər etmişəm. Hər dəfəsində də böyük inkişaf görmüşəm. Azərbaycan gələcəyin ulduzu olaraq parlayır və parlamağa davam edəcək.”-deyə TBMM-in sədri vurğulayıb.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək yüz il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ulu öndər Heydər Əliyevin səyləri nəticəsində müstəqilliyini daha da möhkəmləndirmiş Azərbaycan Respublikasının varisi olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin başladığı yolu Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayan Əli Həsənov Azərbaycan ordusunun Türk Silahlı Qüvvələrinin dəyərli zabitlərinin dəstəyi ilə bölgənin və Avrasiyanın  ən güclü ordularından birinə çevrildiyini bildirib.

Həm Azərbaycanın, həm də Türkiyə ərazilərinə olan təhdidlərinə toxunan Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi “Bizim torpaqlarımıza göz dikirlər. Türkiyə ordusu da, Azərbaycan ordusu da öz ölkəsini, torpağını, haqlarını müdafiə etməkdədir.”—deyə qeyd edib. Əli Həsənov Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə xalqlarımızın gücü səfərbər edilərək bölgədə və dünyada sivil siyasət yürüdüldüyünü vurğulayıb.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Necdet Ünüvar çıxış edərək Azərbaycanı bu əlamətdar gün münasibəti ilə təbrik edib.

Tədbirdə Qazi Universitetinin gənclik orkestrinin ifasında klassik musiqilərlə yanaşı Azərbaycan musiqilərinin də səsləndirilməsi maraqla qarşılanıb.

Dünya şöhrətli muğam ustası Alim Qasımovun qızı Fərqanə Qasımova ilə birgə ifası  alqışlarla müşayiət olunub.

Sonda Azərbaycan Xalq  Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibəti ilə havaya fişəng atılıb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında