Ulu öndər Azərbaycanın demokratik islahatlar platformasını yaratmışdır

Müstəqillik hər bir xalqın ən dəyərli sərvəti, milli mənliyinin təsdiqi, dövlətin varlığının mövcudluğu və dünya sivilizasiyasına qoşulması kimi fundamental prinsipləri özündə ehtiva edir. Müstəqillik asan yolla və istənilən tarixi dövrdə qazanılmır. Dövlətin öz müstəqilliyini əldə etməsi xalqın milli dövlətçilik ənənələrini formalaşdıra bildiyi ictimai-siyasi zəminin mövcudluğu şəraitində mümkün olur.

Müstəqil Azərbaycan dövlətçiliyinin təməl prinsipləri dünya birliyində özünəməxsus yeri və rolu olan respublikamızın güclənməsində, inkişaf və tərəqqiyə çatmasında, müasir Azərbaycanın daha yüksək intibaha doğru irəliləməsində mühüm rol oynamaqdadır. 1918-ci il mayın 28-də Şərqdə qurulan ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinın varisi olan müstəqil Azərbaycanın inkişaf yolu ötən illər ərzində asan olmayıb və demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atılan addımlar gərgin və qətiyyətli əməyin sayəsində mümkün olub.

Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq, onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq, respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlarla müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə başlamış və gələcək müstəqilliyimiz üçün zəmin hazırlamışdı.

Hər bir ölkənin öz milli maraqlarına cavab verən iqtisadi siyasət yürütməsi, sosial-iqtisadi inkişaf doktrinasını həyata keçirməsi üçün mütləq şəkildə suverenliyi, müstəqilliyi olmalıdır. Müstəqil ola bilməyən, dövlətçilik ənənələrini formalaşdırmayan ölkənin inkişaf strategiyasının reallaşmasından söhbət gedə bilməz.

Tarixi gerçəklik tam təsdiq edir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyanı iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs yerinə yetirə bilər. Məhz bu tarixi zərurətin məntiqi nəticəsi olaraq, müstəqil və milli iqtisadiyyatın yaradılmasının alt bazası, möhkəm sütunları birbaşa dövlət müstəqilliyinin təmin edilməsi ilə bilavasitə bağlıdır. Eyni zamanda, milli dövlətçiliyin sütunlarını möhkəmləndirmək, siyasi sabitliyin yeni ictimai münasibətlər şəraitində dönməzliyini təmin etmək, ölkədə kompleks islahatlara başlamaq, xarici dövlətlərlə əlaqələr yaradaraq, iqtisadi vəziyyəti normal inkişaf məcrasına yönəltmək üçün qətiyyətli idarəetmə qabiliyyəti olan liderin olması başlıca şərtdir.

Həmin dövrün ictimai-siyasi və sosial-iqtisadi mühiti barədə ulu öndər Heydər Əliyevin müdrik və dahiyanə bir fikrinə diqqət yetirməklə real təsəvvür əldə edə bilərik: “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq... Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.

Əslində, Azərbaycanda milli dövlətçiliyin əsaslarının yaradılması, müstəqil respublikanın suverenliyi ilə bağlı strukturların formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 90-cı illərin sonlarından başlayaraq Naxçıvan Muxtar Respublikasının timsalında reallaşdırıldı. Ulu öndər Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, tarixi dialektik qanunauyğunluq gerçəkləşdi– dövlətçiliyin əsaslarını hazırlayan milli liderin dövlətçilik institutunun sükanı arxasına keçməsi öz bəhrəsini verdi.

Ulu öndər Azərbaycanın demokratik islahatlar platformasını, inkişafın mükəmməl və özünütəsdiq vektorlarını yaratdı. Onun dövlətçilik təlimində güclü dövlət anlayışı bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapıb. Ulu öndərin müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirməsi, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim – azərbaycançılıq ideologiyası elmi-siyasi-nəzəri konseptual məzmununa görə mükəmməldir. Bu fundamental meyarlar və prinsipial fəaliyyət planı respublikamızın milli dövlətçilik strukturlarının formalaşmasına zəngin baza yaratmış oldu.

Həqiqi dövlət müstəqilliyinə qovuşmuş gənc respublikanın inkişaf ssenarilərini tərtib etmək, transkontinental qlobal siyasi gərginliklərin davam etdiyi bir şəraitdə müstəqil inkişaf strategiyasının hərtərəfli, əhatəli konturlarını müəyyənləşdirmək, sosial-siyasi sabitliyin dönməzliyinə dərin təməllər yaratmaq möhkəm iradə sahibinə, uzaqgörən, təmkinli, qətiyyətli və xarizmatik şəxsiyyətə, böyük siyasi təcrübəyə malik dühaya xas ola bilərdi. Ulu öndərin zəngin siyasi idarəetmə məharəti, milli dövlətçilik ənənələrinə dərindən bələd olması, islahatların mahiyyətini bütün təfərrüatları ilə dərk etməsi və həyata keçirmək qüdrətində olması, praqmatik keyfiyyətləri və digər nadir xüsusiyyətləri müstəqil Azərbaycanın əhatəli inkişaf strategiyasının hazırlanmasında mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı.

Ulu öndər Heydər Əliyev respublikamızın milli inkişaf strategiyasını müəyyən edərkən daxili ictimai prosesləri və milli reallıqlarla yanaşı, regional geosiyasi vəziyyəti, xarici meyilləri hərtərəfli şəkildə nəzərdən keçirərək müvafiq qərarlar qəbul edirdi. Burada ölkəmizin potensial imkanları, milli mənafeləri, xarici dövlətlərlə qarşılıqlı münasibətləri, iqtisadi əməkdaşlığın yolları, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmışdı.

Həmin dövrün ilk illərində həyata keçirilən islahatlar və əldə olunan mühüm nəticələr Azərbaycanın inkişaf konsepsiyasının nə qədər zəngin olduğunu, bu strategiyanın nə dərəcədə böyük uzaqgörənliklə düşünüldüyünü və ölkəmizin hərtərəfli tərəqqisini təmin etdiyini təsdiqləmiş oldu. Respublikamız qısa müddət ərzində idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət maliyyə qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atdı. İqtisadiyyatda liberallaşmanın təmin olunması üçün ilk addımların atılması, xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatı tələblərinin bərqərar olması Azərbaycanda maliyyə sabitliyini möhkəmləndirdi. 

Azərbaycan bazar iqtisadiyyatı və demokratiya yolunu prioritet olaraq seçdi. Bu paradiqmanın reallaşması iqtisadiyyatda liberalizmin dərin kök atmasına, sosial bərabərliyin öz yerini tutmasına, demokratik islahatların coğrafi hüdudlarının genişlənməsinə səbəb oldu.

Ümummilli liderin ölkənin siyasi, iqtisadi, sosial, ictimai, mədəni həyatında gördüyü işlərin miqyası olduqca böyükdür. Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyası bu gün yüksək intellektə, praqmatik və rasional düşüncəyə malik, enerjili və təşəbbüskar bir dövlət xadimi olan Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilir.

Sədaqət VƏLİYEVA,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında