Ermənistanın yeni baş naziri ölkənin gələcəyi ilə bağlı neqativ proqnozlar üzündən qorxu və təlaş içindədir

“VZQLYAD.ru”: Paşinyan Ermənistanı məhv etmək iqtidarındadır

Rusiyada fəaliyyət göstərən Sosial Tədqiqatlar İnstitutu Ekspertlər Şurasının sədri Qleb Kuznetsov hələ aprelin 25-də qonşu ölkənin “Vzqlyad” qəzetinə verdiyi müsahibəsində açıq şəkildə demişdi: “Yerevanda hadisələrin bu şəkildə davam etməsi onu göstərir ki, Ermənistan artıq qonşu dövlətlərin heç biri üçün maraq kəsb etmir. Çünki Nikol Paşinyan və onun ətrafındakı adamlar elə səviyyədədirlər ki, onlar Ermənistan, Qafqaz və bütövlükdə region üçün təhlükə yarada bilərlər. Nikol Paşinyan isə Ermənistanı məhv etmək iqtidarındadır”.

Rusiyalı ekspertin bu proqnozu bilavasitə Nikol Paşinyanın Ermənistanın baş naziri seçildiyi gün özünü doğrultdu. Onun siyasətdən uzaq olmasının səbəbi məlumdur – universitetdən qovulduğuna görə ali təhsil ala bilməyib. Bəs onun belə huşsuz, yaddaşsız olmasının səbəbi nədir? Zərrəcə yaddaşı olsaydı, onda 2016-cı ilin aprel ayını unutmazdı.

Bundan başqa, Nikolun yaddaşsız olmasını göstərən çoxsaylı faktlar var. Məsələn, Serj Sarkisyanın son bir neçə ayda Rusiyaya “kəllə atmaq”, daimi himayədarından üz döndərmək istəkləri ortaya çıxanda, rus ekspertlər demişdilər ki, Ermənistanı dövlət kimi formalaşdıran da, onu indiyədək yaşadan da Rusiya olmuşdur. Ona görə də Moskvadan İrəvana xəbər göndərilmişdi ki, özünüzü yığışdırın. Baş nazir vəzifəsində Serj Sarkisyanı əvəz edən Paşinyan da elə sələfi kimi istənilən bəyanatda “qan-qan” deməklə terrorçu, təxribatçı, təhrikçi olduğunu sübut edir. Amma onun ağlı olsaydı, Sarkisyanın başına gələnləri unutmazdı. Bir də onu dərk edərdi ki, Sarkisyanın yıxılmasının əsas səbəbi meydanda tək qalması, himayədarlarının üz döndərməsi olub, Paşinyanın “qoçaqlığı” yox.

Bir daha Qleb Kuznetsovun yuxarıda qeyd etdiyimiz müsahibəsinə qayıdaraq xatırladaq ki, rus ekspert Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz dalğasını Ukraynadakı “Maydan” hərəkatı ilə müqayisə edir və bildirir ki, “Maydan” Krımın Ukraynadan ayrılması ilə nəticələnmişdi. Bu faktı ermənilərin yadına salan Kuznetsov əlavə edir ki, Nikol Paşinyanın məlum ərköyünlükləri də Dağlıq Qarabağın Ermənistandan birdəfəlik ayrılması ilə nəticələnə bilər. Ancaq Ukrayna Krımı əldən verdikdən sonra ayaq üstdə durmağı bacardısa, Ermənistan bunu edə bilməyəcək. Paşinyanın düşünülməmiş addımları Ermənistanı məhvə apara bilər.

Budur, Kuznetsovun ehtimalları doğrulur. Serj Sarkisyanın tərəfdarlarının “tərs keçi” adlandırdığı Nikol Paşinyan müharibə çağırışları ilə gündəliyə gəlir. Ekspertlər yazırlar ki, işğalçı ölkənin baş nazirinin hökuməti formalaşdırmağa başlamadan, ac-yalavac olan ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində heç bir addım atılmadan müharibə çağırışları etməsi sərsəmliyin göstəricisidir. Üstəlik, Paşinyan bu bəyanatları Ermənistanın xaricdəki havadarlarının İrəvanı dəstəkləməkdən imtina etdiyi bir dövrdə, Azərbaycan Silahlı Qüvvələrinin sürətli inkişafı fonunda dilə gətirir. Erməni ekspertlər soruşurlar ki, doğrudanmı Paşinyan ölkənin axırına çıxmaq istəyir?

Mətbuat xatırladır ki, Paşinyan Sarkisyanın dünənədək hakim partiya olmuş Respublikaçılar Partiyasının 6-7 deputatının dəstəyi ilə baş nazir olsa da, parlamentdə o, heç də hakim çoxluğu yox, azlığı təmsil edir. Bu da o deməkdir ki, parlamentli üsul-idarəyə malik Ermənistanda Paşinyanın təklifləri bir göz qırpımında tormozlana bilər. Təbii ki, belə də olacaq. Parlamentdəki köhnə çoxluq – Sarkisyan müxalifəti, sadəcə, fürsət gözləyir ki, ölkədə emosiyalar səngisin və Paşinyanın islahatlarla bağlı vədləri fiaskoya uğrasın, əhalinin güzəranı yaxşılaşmasın və narazı elektorat ondan məyus olmağa başlasın. Onda yəqin ki, yeni baş nazirin “qara günləri” başlayacaq. Ekspertlər yazırlar ki, Sarkisyanın partiyası və tərəfdarlarının sabotajçı və revanşist hərəkətləri həmin günü yaxınlaşdıra bilər.

Həmin arqumentin reallaşa biləcəyini sübut edən başqa bir fakt da var. Parlamentdəki respublikaçı çoxluğun başçısı Vaqram Baqdasaryan mayın 8-dəki səsvermədən dərhal sonra belə bir bəyanat vermişdi ki, “Paşinyan ona səs vermiş 6-7 respublikaçı deputatı özününkü, yaxud müstəqil saymağa tələsməsin. Onlar sadəcə, razılaşdırılmış qərarla, situasiyanın diktəsi ilə ona səs veriblər”. Yəni həmin deputatlar sabah yenidən Sarkisyanın yanında olacaqlar.

Bütün bunlar isə onu deməyə əsas verir ki, 2018-ci ilin yayı Ermənistanda “çox qaynar” keçəcək. Narazı, ac-yalavac əhali Paşinyanı baş nazir eləməkdə yanılmadığına qısa zamanda əmin olmaq istəyəcək. Əmin ola bilməyəndə isə etimadın tükəndiyini dilə gətirəcəklər. Beləliklə, qarşıdakı aylarda Sarkisyanın partiyası, onun müdafiə və təhlükəsizlik strukturlarında kök salan sadiq tərəfdarları Paşinyanın baş nazir kimi fiaskosunun təmin edilməsi üçün əllərindən gələni edəcəklər.

Nikol Paşinyanın imicmeykerlərinin onun baş nazir seçilən kimi Dağlıq Qarabağa getməsini məsləhət bilməsi də təsadüfi deyil. Çünki Qarabağ məsələsi Ermənistanın istənilən liderinin siyasi taleyində həlledici rol oynayır. Paşinyan da istisna olmayacaq. Məsələn, cəbhədə 2016-cı ilin aprelindəki kimi növbəti lokal hərbi uğursuzluq onun mövqeyinin sarsılmasına gətirə bilər və bundan rəqiblər dərhal yararlanacaqlar. Deməli, məntiqlə Nikol Paşinyanın hakimiyyətinin davamlılığı xeyli dərəcədə Azərbaycandan, ordumuzdan asılıdır. Xəyalpərəst erməni baş nazir doğrudan da öz xalqı üçün faydalı olmaq istəyirsə, o zaman ilk növbədə Azərbaycanla dil tapmalıdır.

Mətbuat yazır ki, artıq erməni politoloqları da yeni baş nazirin kəskin Qarabağ ritorikasından diksinməyə və məyus olmağa başlayıblar. Məsələn, erməni politoloq Ara Papyan “RİA-Ermənistan”a açıqlamasında deyib: “Paşinyanın Qarabağda nizamlama barədə bəyanatları İrəvanın öz mövqeyini daha da sərtləşdirdiyini göstərir. Bununla belə, onun açıqlaması praktik baxımdan heç bir siyasi əhəmiyyət kəsb eləmir, çünki aydındır ki, Dağlıq Qarabağ danışıq masasına qayıda bilməyəcək. Buna yüz faiz nə Bakı, nə də ATƏT-in Minsk qrupunun həmsədrləri razı olacaqlar”. Ara Papyan erməni cəmiyyətinə xatırladır ki, danışıqlar masasına qayıtmaqdan danışmaqla özümüz özümüzü aldadırıq.

“Kavkazplus” xəbər portalı da Paşinyanın Qarabağ səfəri ilə bağlı sensasion versiya irəli sürüb və tezliklə münaqişə zonasında hərbi toqquşmaların başlayacağı anonsunu verib: “Paşinyan Qarabağdakı separatçı hakimiyyəti dəyişməyi çox istəyərdi, lakin qondarma “DQR”in Ermənistandan ayrı təqdim edilməsi onun əl-qolunu bağlayır. Əsas səbəb Bako Saakyanın rəhbərlik etdiyi separatçı hakimiyyətin Qarabağdakı erməni hərbi birləşmələri üzərində böyük təsirə malik olmasıdır. Ermənistan ordusunun döyüş bacarığı olan əsas hissəsi məhz Qarabağa yerləşdirilib. “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırılsa da, onların əsas bazası Azərbaycanın işğal edilmiş ərazilərində qalır. Saakyan da faktiki olaraq, Sarkisyan qədər Paşinyanın düşmənidir”.

Adıçəkilən portal yazır ki, geosiyasi güclər – ABŞ və Rusiya da regiondakı vəziyyəti ələ almaq üçün “Qarabağ kartı”ndan istifadə edəcəklər: “Paşinyanı hakimiyyətə gətirən ABŞ üçün Qarabağda vəziyyətin kəskinləşməsi prinsip etibarilə sərfəlidir. Toqquşmada erməni ordusunun qaçılmaz məğlubiyyəti Rusiyanın “belinə yüklənəcək” və erməni cəmiyyətində “günahkar Moskva” obrazı gücləndiriləcək. Digər tərəfdən, Rusiyanın köməyi ilə “Qarabağ klanı” müharibəyə gedərsə, erməni ordusu məğlub olacaq və Azərbaycan öz ərazilərini qaytaracaq. Vaşinqton situasiyadan istifadə edərək, Qarabağda İrana qarşı Amerika bazası qura bilər. Beləliklə, yaxın vaxtlarda Qarabağda gözlənilməz təxribatlar müşahidə oluna bilər və bu müharibə regionda geosiyasi vəziyyəti dəyişdirəcək".

Beləliklə, kimlərinsə alət kimi istifadə etdiyi Nikol Paşinyan hələ ki, qarşıda onu və Ermənistanı gözləyən fəlakətlərdən xəbərsizdir. Baş verə biləcək hallardan xəbər tutanda isə artıq gec olacaq. Onda meydanda onu dəstəkləyənlər də olmayacaq, “qorxma, qorxma” – deyənlər də. Onda Paşinyanın gözü qarşısında zamanın və Azərbaycanın reallıqları olacaq. Qoy hələ danışsın.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında