Zəmanəmizin lideri

Bu, bir həqiqətdir ki, dövlətin beynəlxalq koordinatlar sistemində tutduğu mövqeni şərtləndirən parametrlər sırasında coğrafi şərait, əhalinin sayı, təbii ehtiyatlar, iqtisadi güc, müdafiə qüdrəti, milli əxlaq və diplomatiyanın rolu kifayət qədər böyükdür. Burada digər həqiqət ondan ibarətdir ki, bu parametrlər dövlətin statusunun təyinatında nə qədər əhəmiyyətli olsa da, həlledici deyildir. Bu statusda məhz dövlətin şəksiz lideri olan unikal şəxsiyyət fenomeni çıxış edir. Xarizmatik lider mövcudluğu təhlükə altında olan dövlətin xilaskarı funksiyasını yerinə yetirir, onun sonrakı inkişafını təmin edir. Azərbaycanın çağdaş tarixində bu, Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarmış, ümummilli fəlakətin–vətəndaş müharibəsinin qarşısını almış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoymuş və atəşkəs rejiminin tətbiqinə nail olmuş, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.

Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Aforizmə çevrilmiş bu ifadə ulu öndərin şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiyməti əks etdirir. O, xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzun­ömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur.

O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz onun adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili əsl milli intibah dövrü olmuşdur. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982 və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində, ulu öndərin Vətənə fədakar xidməti və hakimiyyətinin hər iki mərhələsində ölkəmizin nəhəng miqyasda nailiyyətlər qazanması baxımından oxşardır. Başqa sözlə, eyni missiyanın iki mərhələsidir.

Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy ədalət zəfər çalsın!”– deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqqi mənasında, ədalətin zəfər çalmasına nail olmuşdu. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Bakı məişət kondisionerləri, Salyan plastmas emalı zavodları, Sumqayıtda kompressor zavodu, Üst trikotaj fabriki, Bakıda tikiş, ayaqqabı hissələri fabrikləri, Şampan şərabları zavodu, Gəncədə ət kombinatı, qənnadi fabriki, Əlvan metallar emalı zavodu, Lənkəranda konserv zavodu, çay fabriki, Naxçıvanda Şüşə Qablar zavodu, Kəlbəcərdə “İstisu” mineral su zavodu, Yevlaxda yunun ilkin emalı fabriki və s. kimi böyük iqtisadi potensialı olan müəssisələr məhz həmin illərdə tikilib istifadəyə verildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.

1969-cu ildən sonra Azərbaycanda geniş tikinti-quruculuq işlərinə start verildi. Respublika sanki tikinti meydanını xatırladırdı. 1975-1985-ci illərdə ümumi sahəsi 22, 2 milyon kvadratmetr olan mənzillər inşa edildi ki, bu göstərici Azərbaycanda bütün əvvəlki illərdə tikilmiş mənzillərin 70 faizini təşkil edirdi. Yeni iş yerlərinin yaradılması nəticəsində iqtisadiyyatda çalışanların ümumi sayı 1985-ci ildə 2,4 milyon nəfərə çatmışdı. Bu, 1970-ci ilin müvafiq göstəricisindən 1,5 dəfə çox idi. 1969-cu ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-ci ildə 4-cü yerə çıxdı.

Həmin dövrdə kənd təsərrüfatının dirçəldilməsi və sonrakı inkişafı sahəsində də böyük islər görüldü. Möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərin əvvəllərində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində qısa müddət ərzində qidalılıq balansını itirmiş torpaqlar əsl məhsuldar torpaqlara çevrildi. İlk növbədə kənd təsərrüfatının su təchizatı yaxşılaşdırıldı. Bu məqsədlə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur-Abşeron kanallarının tikintisi başa çatdırıldı, Naxçivan Muxtar Respublikasında “Arpaçay”, Lənkəranda “Xanbulançay”, Masallıda “Viləşçay”, Şəkidə “Əyriçay”, Şəmkir və Ağstafa su dəryaçaları, “Bəhramtəpə” suvarma şəbəkəsi, İsmayıllıda “Aşıq Bayram” gölü istifadəyə verildi.

Əvvəllər əsassız olaraq azaldılmış taxıl, pambıq, meyvəçilik sahələri, habelə qoyunçuluq və quşçuluq yenidən bərpa olundu. Kənd təsərrüfatı üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində də ciddi addımlar atıldı. Yalnız Azərbaycan Respublikası Kənd Təsərrüfatı Akademiyasında 1970-1975-ci illərdə 40 min nəfərə yaxın ali təhsilli, respublikanın orta ixtisas məktəblərində isə 86, 4 min nəfər orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisi hazırlandı.

Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq 1981-ci ildə respublika tarixində ilk dəfə olaraq 402 min ton taxıl, 1 milyon 151 min ton pambıq, 1 milyon 616 min ton üzüm, 644 min ton tərəvəz, 41 min ton ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpağı, 125 min ton mal-qara və quş əti, 340 min ton süd, 294 milyon ədəd yumurta və 12 min ton yun tədarük edildi.

Ümumən, həmin illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə artdı.

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”,–deyən möhtərəm Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də əhəmiyyətli addımlar atıldı.

Həmin dövrdə Azərbaycanda məktəbəqədər tədris müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.

Ötən əsrin 70-ci illərində və 80-ci illərinin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyuk işlər görüldü. Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikildi.

Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı yolundakı böyük xidmətlərindən biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradıldı, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açıldı. Əgər 60-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakultə, 450 kafedra vardısa və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bütün bu uğurlar da möhtərəm Heydər Əliyevin ali təhsilin inkişafına, respublikanın kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən biri də 1970-1980-ci illərdə onun şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratması olmuşdur. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin edirdi, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olduqları ölkələrdə şərəflə qoruyurlar.

“Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür,”–deyən ümummilli liderin qənaətinə görə, milli özünüdərkə xalqın yaratdığı və yaşatdığı mədəni sərvətlərə dərindən yiyələnməklə çatmaq olar. Ulu öndər başqa bir fikrində isə qeyd edirdi ki, məşhur filosof Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsirəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Abbasqulu ağa Bakıxanovun və realist yazıçı Mirzə Fətəli Axundovun, görkəmli satiriklər Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqa korifeylərin adları bu mədəniyyətin çoxəsrlik tarixini bəzəyir. Biz Azərbaycan xalqının bu və ya digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrini, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar.

Vətənsevər hər bir azərbaycanlı isə Heydər Əliyevə xalqımızın həmin görkəmli simalarının bizə miras qoyduqları misilsiz ədəbi irsə olduqca böyük dəyər verdiyinə və onları yaddaşlarda əbədiləşdirdiyinə görə minnətdar olmalıdır.

Heydər Əliyev böyük siyasi ustalıqla 59 yaşında “pantürkist-millətçi” ittihamı ilə Sibirə sürgün edilmiş dahi Hüseyn Cavidin nəşini şairin 100 illiyində Vətənə gətirməklə, əslində, milli hissə və duyğuya malik olan şəxsiyyətlərin hamısının cənazəsini, ruhunu öz doğma vətənlərinə–Azərbaycana qaytarmış oldu.

Danılmaz həqiqətdir ki, 1930-cu illərdə SSRİ-nin dövlət mükafatı “Rusca-azərbaycanca lüğət”ə verilirdisə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1970-ci illərdə “Azərbaycan dili” dərsliyi eyni etimada layiq görüldü. Bu mükafatların arxasında böyük siyasi mətləblər gizlənirdi. Başqa sözlə, birinci halda rus dilinin (ruslaşdırma) təbliğinə, ikinci halda isə doğma dilimizin (milliləşmənin) inkişafına görə ali mükafat verilmişdi. Bu, ulu öndərin millətin genetik kodunun mühüm komponenti hesab etdiyi milli dilə verdiyi əvəzsiz dəyər idi. Elə bu məntiqlə də Heydər Əliyev böyük səylər hesabına 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdu.

Bütün bu və digər xidmətləri ilə Heydər Əliyev ədəbi-mədəni irsimizin, dilimizin, ziyalılarımızın, ən başlıcası isə milli özünüdərk və kimliyimizin əvəzsiz himayədarı və hamisi zirvəsinə yüksəlmiş oldu.

Təbii ki, fitri istedadı və iti fəhmi hesabına ölkəmizin perspektiv müstəqilliyini proqnozlaşdıran Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxımdan ümummilli liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanması sahəsində atdığı uzaqgörən addımların ölkəmizin Ermənistanın təcavüzünə məruz qaldığı zamanda necə misilsiz əhəmiyyət daşıdığının bir daha şahidi olduq.

Bu da bir həqiqətdir ki, Sovet dövlətində bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, ələlxüsus, müsəlman dövlətlərində milli hərbi kadrların hazırlanması yönündə cəhdləri, bir qayda olaraq, qısqanclıqla qarşılayır və buna mane olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi.

"Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?" – bu sözləri mərhum Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi.

Ulu öndər Heydər Əliyev 1973-cü ildə böyük çətinliklə belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilər. Amma buna nail olmaq üçün, həqiqətən, böyük siyasət və uzaqgörənlik lazım idi. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına rəsmi Moskva laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını "əsaslandırmağa" çalışırdılar. Amma H.Əliyev bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı. Həmin vaxtdan 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdır.

Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası, əslində, real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhəsi (1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayırdı. Həmin mərhələdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün həyata keçirdiyi səbatsız daxili və xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyanın bəzi dairələrinin himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin konkret mövqeyi və qətiyyəti var idi. Belə ki, 1969-1982-ci illərdə həyata keçirdiyi siyasət nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Akademik Ramiz Mehdiyev Heydər Əliyev fenomeni ilə bağlı tədqiqatlarında çox düzgün olaraq qeyd edir ki, “akademik Aqanbekyanın M.Qorbaçovun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə ilkin razılıq verilməsi barədə bəyanatı və bununla da münaqişənin ilkin qığılcımının közərməsi məhz Heydər Əliyevin Siyasi Büro üzvlüyündən istefasından cəmi üç həftə sonra baş verdi”.

Bundan savayı, AXC –Müsavat cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.

Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüz növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində, respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.

Burada bir haşiyə çıxmaq istəyirik. Məlum olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson F.D. Ruzveltlə birlikdə) Avraam Linkolnun büstü bağışlanmışdı. Bu, təsadüfi olmayıb, rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkolun ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə mübarizə aparmalı olmuş və nəticədə ölkə miqyasında 600 mindən artıq itkinin verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilmişdi. Amerikalılar indiyədək seçdikləri bütün prezidentlər arasından yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolndur. Zənnimizcə, amerikalıların Heydər Əliyevlə Avraam Linkoln arasında paralel aparmalarının motivi gün kimi aydındır. Hər ikisi öz xalqının və dövlətinin xilaskarıdır.

Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan başqa, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiyaya düşdü və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin olundu.

Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin anadan olmasının 95-ci ildönümünü onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək keçirir. Eyni zamanda, xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,–qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Əgər əvvəllər Azərbaycan beynəlxalq koordinatlar sisteminin subyekti idisə, indi onun fəal aktoruna çevrilmişdir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT TŞ-ya 2012-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqləmişdir. 155 ölkənin Azərbaycanın lehinə səs verməsi, əslində, dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.

Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır.

Elman NƏSİROV,
Milli Məclisin deputatı,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında