Prokurorluq orqanları Heydər Əliyev siyasətinə daim sadiq qalaraq qanunun aliliyinə dönmədən əməl edirlər

Aqillər dahi şəxsiyyətləri uca, möhtəşəm dağa bənzədirlər. Ondan uzaqlaşdıqca, əzəməti daha aydın nəzərə çarpır. Bu mənada ulu öndərimiz Heydər Əliyevin fiziki yoxluğunu illər bizdən ayırdıqca, onun güc-qüdrəti, iradəsi, siyasi zəkası, vətəndaşlıq hünəri sayəsində gerçəkləşən ideyaları gözlərimiz önündə daha aydın canlanır. Ümummilli liderin Vətən, xalq qarşısında böyük xidmətlərinə görə qərinələr, əsrlər boyu düşüncələrdə, qəlblərdə yaşayacağı qənaəti möhkəmlənir.

Xatırladım ki, böyük şəxsiyyət 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi ali vəzifəyə seçiləndə respublikada sosial-iqtisadi həyatın bütün sahələrində bir gerilik, ətalət hökm sürüdü, bu isə xalqın milli-mənəvi birliyinə öz mənfi təsirini göstərirdi. Ona görə də həmin vaxt dahi öndərin ən mühüm vəzifələrindən biri respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda özünü kəskin büruzə verən tənəzzülün qarşısını almaqdan ibarət idi. O illərdə respublikada kosmopolit bir ovqat hökm sürdüyündən milli kadrların hazırlanmasına, milli dilin inkişaf etdirilməsinə və dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində ciddi addımlar atılmır, hətta bu yöndə irəli sürülən təşəbbüslərin qarşısı kəskin şəkildə alınırdı. Belə bir şərait isə şübhəsiz ki, milli şüura malik olan, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə öz mənfi təsirini göstərirdi.

Respublikada yaşanan iqtisadi böhran nəticəsində əhalinin sosial durumu ağırlaşmışdı. Mövcud tənəzzülü aradan qaldırmaq üçün ümummilli liderin rəhbərliyi ilə, ilk növbədə, yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlandı, köklü struktur dəyişikliklərinə başlanıldı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsulların tətbiqi diqqət mərkəzində saxlanıldı. Bununla da qısa müddət ərzində iqtisadi potensialın gücləndirilməsinə nail olundu. Azərbaycanın iqtisadi həyatında o vaxtadək nəzərə çarpmayan uğurlar əldə edildi.

Yeri gəlmişkən, heç kəsə sirr deyil ki, Azərbaycan dövlət suverenliyi və iqtisadi müstəqillik əldə etdiyi ötən əsrin 90-cı illərinin əvvəllərində xarici iqtisadi əlaqələrin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına inteqrasiya prosesinin gerçəkləşməsi də məhz o dövrdə əsası qoyulan potensiala əsaslanırdı.

Ümummilli lider Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illər ərzində Bakıda genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri görüldü, müasir Azərbaycanın memarlıq ansamblı yaradıldı, qədim tarixə malik neçə-neçə memarlıq abidəsi isə bərpa edildi, paytaxtın ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan tarixi şəxsiyyətlərin əzəmətli heykəlləri ucaldıldı, onların ev-muzeyləri fəaliyyətə başladı, yeni inzibati mərkəzlər, çoxsaylı yaşayış binaları tikilərək istifadəyə verildi.

O zaman Azərbaycanda ali təhsil müəssisələrinin, onların fakültə və ixtisaslarının sayı artırılmaqla bərabər, yüzlərlə gənc keçmiş sovetlər ittifaqının nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Bununla ulu öndər Azərbaycanın elmi və kadr potensialını yüksəltmək, gələcəyin müstəqil ölkəsi üçün gərəkli kadrlar yetişdirmək, dəyərli təhsil ənənəsinin əsasını qoymaq, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliğini reallaşdırmaq məqsədi güdürdü.

Burada həmin vaxt ölkəmiz üçün taleyüklü bir məqamı da xatırlatmaq istərdim. Heydər Əliyevin respublikanı idarə etdiyi 1970-1980-ci illərdə azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə xüsusi önəm verməsinin nəticəsi idi ki, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə sovet ordusu sıralarında azərbaycanlı zabitlərin çəkisi artdı və həmin zabitlər sonradan milli ordu quruculuğu prosesində mühüm rol oynadılar.

Ulu öndər gələcəyin müstəqil Azərbaycanını düşünərək, xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində də mühüm tədbirlər həyata keçirirdi. Keçmiş SSRİ-nin xarici siyasəti çərçivəsində Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişlənməsinə böyük səy göstərirdi. Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, keçmiş SSRİ respublikalarında və xarici ölkələrdə də mütəmadi şəkildə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Bütün bunlar isə son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə dünya miqyasında bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

Burada tarixi bir həqiqəti də xatırlatmaq istərdim. Əsrlərdən bəri milli dövlətçilik arzusunda olan xalqımız XX əsrin əvvəllərində nail olduğu müstəqilliyi çox tez itirib. Əsrin sonlarında isə dövlətimizə rəhbərlik edən şəxslərin səriştəsizliyi nəticəsində bu əvəzsiz nemət-müstəqillik əvvəlki taleni yaşamaq təhlükəsi ilə üzləşmişdi. Ölkə sosial-iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələb və çağırışı ilə siyasi hakimiyyətə qayıtmasaydı, şübhəsiz ki, ikinci dəfə əldə edilən dövlət müstəqilliyimiz də məhv olacaqdı.

Bəllidir ki, ədalətin, qanunçuluğun bərqərar, üstün olduğu dövlətdə yaşamaq bütün zamanlarda hər bir xalqın arzusu olub. Azərbaycan xalqı da XX əsrin sonunda dövlət müstəqilliyini bərpa edərkən bu idealla yaşayırdı. Lakin təəssüflər olsun ki, 1991-1992-ci illərdə respublikadakı faktiki hakimiyyətsizlik, siyasi hərc-mərclik, cinayətkarlığın sürətlə artması haqq və ədalətin keşiyində durmalı olan dövlət qurumlarının fəaliyyətinin ciddi şəkildə aşınmasına, o cümlədən məhkəmə-hüquq sistemində qeyri-sağlam mühitin yaranmasına rəvac vermişdi. Heydər Əliyev 1993-cü ilin iyununda respublika rəhbərliyinə qayıdanda Azərbaycan, sözün həqiqi mənasında, iflas həddində idi, hüquqi dövlət, ədalət və qanunçuluqdan danışmaq isə, ümumiyyətlə, mümkün deyildi. Ermənistanın ölkəmizə qarşı işğalçı müharibəsinin davam etməsi, respublikada bütün sahələri bürüyən böhran, tənəzzül, siyasi didişmələr Azərbaycanı parçalanmaq və dövlət olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Belə bir zamanda ölkəyə rəhbərliyi, onun gələcək taleyi ilə bağlı tarixi məsuliyyəti üzərinə götürən Heydər Əliyev müdriklik, ədalət, həqiqət üzərində təşəkkül tapan dövlətçilik konsepsiyası ilə milli müstəqilliyimizi əbədi və sarsılmaz etdi. Məhz böyük öndərin iradəsi, siyasi zəkası, vətəndaşlıq hünəri sayəsində dövlətçiliyimizin inkişaf yolundakı maneələr aradan qaldırıldı. Belə ki, 1994-cü ilin oktyabr və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin qarşısı alınandan, ölkədə ictimai-siyasi sabitlik təmin ediləndən və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulandan sonra Azərbaycanın sosial-iqtisadi inkişafının möhkəm hüquqi bazası yaradılmağa başlandı.

Böyük öndərin rəhbərliyi altında hazırlanan, geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan yeni Konstitusiya ölkəmizdə dövlət quruculuğunda fundamental islahatlara yol açdı. Konstitusiyada müstəqil və şəffaf məhkəmə sisteminin fəaliyyətini müəyyənləşdirən əsas prinsip və normalar öz əksini tapdı.

Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan dərhal sonra bəyan etdi ki, qarşıda əsasən iki məsələ dayanır: dövlət müstəqilliyini əbədiləşdirmək və Azərbaycan vətəndaşı üçün xaos və anarxiyadan uzaq, firavan, ədalətin bərpa edildiyi bir cəmiyyət formalaşdırmaq. Bu isə ulu öndərimizin insan hüquqlarına və ədalətə nə dərəcədə önəm verdiyini göstərirdi. Məhz həmin önəmin nəticəsi idi ki, ümummilli lider dünyanın demokratik ölkələrində mövcud olan ən mükəmməl təcrübələri də nəzərdən keçirdikdən sonra Azərbaycanda möhtəşəm hüquq islahatlarına başladı. Həmin islahatların ən mühüm tərkib hissələrindən olan məhkəmə hakimiyyəti sahəsində nəinki respublikamızda, həm də bütün postsovet məkanında misli olmayan yeniliklərə imza atıldı.

Ulu öndər cəmiyyətdə ədalətin bərqərar edilməsini, möhkəmlənməsini arzulayırdı. Qüdrətli şəxsiyyətin aşağıdakı sözləri də onun Azərbaycanda hüquqi dövlət quruculuğuna yetirdiyi diqqətin ən bariz ifadəsi idi. “Biz hüquqi dövlət qururuq. Hüquqi dövlətin əsasını təşkil edən qanunlardır. Biz qanunsuzluqları, ədalətsizlikləri aradan götürəcəyik, ancaq bir iş qanunsuz olursa, o biri qanunsuz işlə qanunsuzluğu aradan götürmək olmaz. Bir şey ədalətsizliklə olubsa, ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Ədaləti bərpa etmək lazımdır”.

Artıq dillərdə aforizmə çevrilən bu tezis ümummilli liderin idarəçiliyində hər zaman diqqət mərkəzində saxlanılıb. Məhz elə buna görə də onun geniş fəaliyyətində zəngin mənəviyyatından qaynaqlanan qanunçuluğa, hüquq qaydalarına, ədalətə daim önəm verilib.

Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prioritet istiqamət kimi diqqət mərkəzində idi. Çünki xarici investorlar o illərdə sovet dönəmindən qalan qanunlarla idarə edilən respublikaya sərmayə qoymaq istəmir, mövcud şəraitdə fəaliyyət göstərməyin mümkünsüzlüyünü bildirirdilər. Ona görə də ulu öndərimiz sırf müstəqil Azərbaycanın qanunlarını, hüquq sistemini yaratmaq üçün şəxsən özünün rəhbərliyi ilə siyasi-hüquqi fəaliyyətə başlamaq qərarını verdi.

Yuxarıda xatırlatdığım kimi, müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Məhz ulu öndərimizin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olundu və “cəzanın labüdlüyü” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görüldü.

Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xüsusi diqqət göstərdi. Bu mənada ulu öndərin 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərindən qorunmasına yönəldi və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratdı.

Həmin illərdə respublikamızda separatçılıq meyillərinin və dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında ölkə rəhbəri tərəfindən prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyuldu. Prokurorluq orqanlarının əməkdaşları dövlətimizin suverenliyinə və müstəqilliyinə qarşı ağır cinayətlər törədən şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilməsində tam məsuliyyəti ilə çalışaraq onlara göstərilən etimadı doğrultdular.

O zaman dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində digər dövlət orqanları ilə yanaşı, prokurorluğun da xüsusi rolu olmuşdur. Ümummilli lider Heydər Əliyev ölkəni ağır vəziyyətdən çıxarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, qanunsuz silahlı dəstələri aşkarlayaraq ləğv etmək, təhlükəli cinayətlər törədənləri yaxalamaq və bu kimi digər mühüm vəzifələrin yerinə yetirilməsində digər hüquq-mühafizə orqanları kimi, prokurorluğa da arxalanmış, ona inanmışdır. Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır.

Qeyd edim ki, dahi rəhbərin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılan Hüquq İslahat Komissiyası da bu və digər qanunların təkmil, beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını gerçəkləşdirdi. Ulu öndərin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” müvafiq fərmanları insan hüquq və azadlıqlarının təminatına xidmət sahəsində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində yeni səhifə açdı.

1998-ci il iyunun 18-də ümummilli liderin müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” isə hüquqi islahatlarda yeni mərhələ açdı. 1998-ci ildə Azərbaycanda məhkəmə-hüquq sisteminin ali instansiyası - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı.

Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu faktın özü ümummilli liderin nə qədər humanist bir insan olduğunu, onun yaratdığı dövlətin isə dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübuta yetirdi. Heydər Əliyev bu barədə deyirdi: “Bütün bunlar Azərbaycan xalqının çoxəsrlik ənənələrindən irəli gəlir, ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verir, cəmiyyətimizi insaniləşdirir, insan ləyaqətinə hörmət və ehtiramı, bütünlükdə ölkəmizdə demokratiyanın inkişafını nümayiş etdirir, xalqımızda nikbin gələcəyə inam yaradır. Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm. Ölüm cəzasının ləğvini məhz bu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirirəm”.

Vurğulamaq istərdim ki, son 15 il ərzində hərbi prokurorluq işçiləri müstəqilliyimizin əbədi olması, xalqımızın səadəti, rifahı naminə Heydər Əliyev ideallarına sədaqət nümayiş etdirmiş, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərlərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirmişlər.

Onu da xatırlatmaq istərdim ki, hazırda hərbi prokurorluq orqanları respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə ulu öndərin siyasətinə və onun ideallarına sadiq qalaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri dönmədən həyata keçirirlər.

Son illər ərzində hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində çoxşaxəli tədbirlər görülüb. Məhz elə bunun məntiqi nəticəsidir ki, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində hərbi hissələrdə törədilən cinayətlərin, xüsusən də qəsdən adam öldürmə, intihar, habelə fərarilik və digər bu kimi hərbi xidmət əleyhinə olan cinayətlərin sayı getdikcə azalıb.

Fuad MƏMMƏDOV,
Tərtər hərbi prokuroru,
ədliyyə polkovniki


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında