Ulu öndərin xilaskarlıq və quruculuq missiyası

Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Xalqın müqəddəratını düzgün həll etmək iqtidarında olan dühalar elə xalqın ömrü qədər də əbədiyyət qazanır, bütünlükdə, bəşər tarixində iz qoya bilirlər. Azərbaycan xalqının ümummilli lideri, Azərbaycanın əbədilik rəmzi olan dahi Heydər Əliyev kimi... Ümummilli lider Heydər Əliyevin dünyaya göz açdığı 10 may gününü hər il xalqımız ümumxalq bayramı kimi qeyd edir və bu, Azərbaycan xalqının yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyət olan ulu öndərə milyonlarla insanın qəlbindəki sonsuz sevginin və qədirbilənlik duyğusunun parlaq ifadəsidir. Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür. Bu əlamətdar gün Azərbaycan dövlətinə və xalqına əsl xidmətin nə demək olduğunu bir daha dərk etməyə imkan verən xüsusi əhəmiyyətli tarixi bir hadisədir. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.

Bənzərsiz şəxsiyyət, böyük vətəndaş, ümummilli lider. Bu üç fenomen keyfiyyətin daşıyıcısı, qüdrətli insan Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində oynadığı rol misilsizdir. Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır.

XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir.

Çağdaş tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş Heydər Əliyev fenomeni respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanaraq fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqilliyimiz əbədiləşmişdir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Zaman ötdükcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı dəyişməz qalır. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daim yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur.

Heydər Əliyev bütün daxili, regional və beynəlxalq faktorları nəzərə alaraq Azərbaycanın təkrarsız milli inkişaf modelini yaratmışdır və milli inkişaf modeli əsasında ölkəmiz dönməz inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın milli inkişaf modelinə diqqət yetirəndə heyrətlənməmək, ulu öndərin zəkasının sərhədlərinin genişliyinə qibtə etməmək qeyri-mümkündür. Çünki Azərbaycanın milli inkişaf modeli müəyyənləşdirilərkən regionda və beynəlxalq aləmdə cərəyan edən proseslərin xarakteri dəqiqliklə nəzərə alınmışdır. Hər bir vəziyyətə uyğun çoxtərəfli fəaliyyət proqramı hazırlanmışdır. Bu baxımdan, Azərbaycanın milli inkişaf modeli Heydər Əliyev irsinin ən qiymətli elementlərindəndir. Bu modelin unikallığı ondan ibarətdir ki, mövcud problemlərin dinamik şəkildə aradan qaldırılması, davamlı tərəqqinin təmin olunması ilə bərabər, Azərbaycanın sabahına, gələcək nəsillərə böyük qayğı məsələsi də diqqət mərkəzindədir.

Görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyev yeganə dahi şəxsiyyətdir ki, bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə: sovet rejimi zamanı (1969-1986), keçid dövrü (1987-1990) və müstəqillik illərində (1991-2003) eyni siyasi qətiyyətlə möhtəşəm siyasi uğurlara imza atmışdır. Ümummilli lider Heydər Əliyev hələ sovet rejimi dövründə Azərbaycan xalqının müstəqil dövlətçilik konsepsiyasını formalaşdırmış, sonralar isə ilk tarixi fürsətdə elə özü də bu mühüm siyasi konsepsiyanı həyata keçirmişdir. Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları çətin olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü həmin zirvəni fəth etməkdə ona kömək etmişdir.

Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr yada düşür. Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1969-1987-ci illərdəki təkamülü, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və bacarıq, dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın və Azərbaycan xalqının taleyində Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası özünün ifadəsini təkcə onun respublikamıza uzun müddət rəhbərlik etməsində deyil, həm də bu rəhbərliyin zəngin məzmuna malik olmasında tapır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, bəlkə də yeni tarix adlandırmaq daha dəqiq olardı.

Bir qayda olaraq böyük tarixi şəxsiyyətlərin rolunu onların yerinə yetirdiyi missiyaya tam adekvat şəkildə qiymətləndirmək həmişə çətin olur. Dünya miqyaslı tarixi şəxsiyyətlərin yerinə yetirdiyi missiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın ictimai həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini müəyyən mənada öz üzərinə götürür. Bir sözlə, onlar tarixin elə özünü yaradırlar. Tarixi yaradan şəxsiyyətə isə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər məsuliyyət tələb edir.

Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsini özündə ehtiva edir. Azərbaycanın böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etməsi ölkənin inkişafının sadəcə prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü bürüzə verirdi.

Heydər Əliyevin ölkənin müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü bürüzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Həm də artıq qeyd edildiyi kimi, bu, sadəcə, ənənəvi həyat irəliliyişinin ardıcıllığı sistemindən irəli gələn adi inkişaf yox, keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli yüksəlişdir. Əslində, bu, Heydər Əliyevin quruculuq missiyasının təntənəsi kimi müasir Azərbaycanın yaradılması deməkdir.

Heydər Əliyev şəxsiyyətinin və onun tarixi xidmətlərinin əhatəli təhlili bir daha məlum sosioloji qanunauyğunluğu təsdiqləyir ki, xalqlar böyük zəka sahiblərinə həmişə ehtiyac duyur, çünki onlarsız tərəqqinin yeni-yeni mərhələlərini fəth etmək qeyri-mümkündür. Yalnız dahi insanların sayəsində tarixi inkişafa yeni nəfəs gətirilir, həyatın ayrı-ayrı sahələrində, müstəsna hallarda isə bütövlükdə milli yüksəlişin hərəkətverici qüvvəsi olan cəsarətli ideyalar meydana gəlir.

Azərbaycanın müstəqil dövlətçilik tarixini tam cəsarətlə xalqın taleyində şəxsiyyətin müstəsna roluna ibrətamiz nümunə olaraq göstərmək mümkündür. Xalqımızın indiki nəsilləri müstəqil dövlət quruculuğu sahəsində qazanılan diqqətəlayiq uğurlara görə Heydər Əliyevə minnətdar olduğunu gizlətmir. Əksinə, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, ümummilli lider adını qazanmışdır.

Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişmiş, bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlanmışdır. Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar tikilmiş, nəhəng yaşayış massivləri salınmış, bir çox sosial layihələr həyata keçirilmişdir.

Heydər Əliyevin çoşqun fəaliyyəti sayəsində Azərbaycan istər sosial-iqtisadi, istərsə də mədəni-humanitar sahələrdə keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında öncül mövqeyə çıxmışdı. Bu tarixi faktın özü bizim hazırkı müstəqilliyimizin 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən yaradılan iqtisadi və mənəvi potensialdan qaynaqlandığını göstərir. Siyasətşünaslar bu illəri haqlı olaraq Azərbaycanın dirçəliş və yüksəliş dövrü kimi səciyyələndirirlər.

Hələ sovet dövründə Heydər Əliyevin keçmiş ittifaq və dünya miqyasında qazandığı hörmət və şöhrət Azərbaycan xalqı üçün misilsiz iftixar mənbəyi idi. Siyasət aləminin patriarxı Heydər Əliyev Siyasi Büronun üzvü seçilir. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunur. Azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması qürurverici hadisə idi. Xalqın liderinin onun hüdudlarından kənarda tanınması və etiraf olunması qədər məfkurəyə və milli düşüncəyə emosional səviyyədə müsbət təsir göstərən digər amil təsəvvür etmək çətindir. Heydər Əliyevin dünyanın iki super dövlətlərindən birinin rəhbərlərindən olması gerçəkliyini dərk etmək öz-özlüyündə milli-birləşdirici amil kimi məfkurə daşıyıcısı rolunu yerinə yetirirdi.

 Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycanın xeyrinə işləyə bilərdi: onun bir əli Vətənin üstündə olacaqdı. İnsanlar bu düşüncələrində yanılmadılar. Heydər Əliyev İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.

Bir çox çətin məsələlər 1969-1987-ci illərdə məhz onun tərəfindən həll olundu. Lakin onun Azərbaycan xalqının milli dirçəliş fəlsəfi konsepsiyası tam həcmdə, əlbəttə ki, müstəqil Azərbaycanda həyata keçə bilərdi. Burada onun fəlsəfi baxışlarının əsasını ümumbəşəri ideallarla milli dəyərlərin həmahəngliyi təşkil edirdi. Azərbaycanın nadir geosiyasi mövqeyi Heydər Əliyev tərəfindən təkcə “Əsrin müqaviləsi”nin bağlanması və Böyük İpək Yolunun bərpası kimi irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsində istifadə olunmurdu. Bu mövqe həm də Heydər Əliyevin prezident postunda olduğu 10 il müddətində milli dirçəliş, azərbaycançılıq ideyasının formalaşdırılması fəlsəfəsinin reallaşdırılmasına xidmət edirdi.

Həmişə olduğu kimi, bir sistemdən digərinə keçid dövrü də kəskin ziddiyyətlər, maraqların toqquşması, siyasi baxışların amansız rəqabəti ilə müşayiət olunurdu. Heydər Əliyev iki dövrün ziddiyyətlərindən Azərbaycan üçün optimal çıxış yolu tapmaq kimi missiyanı üzərinə götürmüşdü.

Əgər 1969-1987-ci illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməz reallıqla bağlıdırsa, Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halına və deməli, yeni tarixi mərhələyə daxil olması da, artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə birbaşa əlaqədardır.

Azərbaycanın XX əsr tarixinin ən ecazkar hadisələrindən olan məşhur tarixi qayıdış ümummilli düşüncə səviyyəsində dərk edilən zərurət olduğundan, bu fenomen Heydər Əliyevin xilaskarlıq missiyasında özünün ifadəsini tapır. Xalq Heydər Əliyevin qayıdışına xilaskarlıq missiyası kimi yanaşdığından, Heydər Əliyevə də xilaskar kimi baxırdı.

Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm qayıdışı Azərbaycan tarixində həlledici rol oynadı. Heydər Əliyev öz dönüşü ilə dövlətimizi və xalqımızı xilas etdi. Ulu öndər həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Bu tarixi dönüş olmasaydı, bəlkə bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı unikal siyasi taktikalarla etibarlı şəkildə alınmışdır. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, stabillik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması həm də Azərbaycanın müstəqilliyini möhkəmləndirən əsasların yaradılması demək idi.

Müstəqil Azərbaycan dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl layihələrin təntənəsi həm də Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi kimi qavranılır.

Artıq hər bir cəmiyyət üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Çünki dövlətimizin idarəçilik sükanının arxasında dahi Heydər Əliyev dayanırdı. Azərbaycan Respublikasında çevik, mütərəqqi və demokratik elementlərlə zəngin idarəetmənin əsasını qoymaqla, ümummilli lider Heydər Əliyev həm də hərtərəfli inkişafa, mökəm dövlətçiliyə sarsılmaz zəmin hazırlamış oldu. Məhz ulu öndərin hazırladığı bu zəmin əsasında Azərbaycan öz inkişafının ən uca məqamlarını davamlı olaraq fəth edir, regional güc və təhlükəsizlik mərkəzinə çevrilməkdədir. Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin qorunub saxlanılması, ona istinad edilməsi qlobal müstəvidə Azərbaycan Respublikasının nüfuzunun, şöhrətinin və etibarının durmadan artmasını şərtləndirdi...

Bəli, ümummilli lider Heydər Əliyev bu cahanşümul məqsədləri müstəqil Azərbaycan adlı ünvanda reallığa cevirdi. Xalqımızın tarixi, siyasi uğurlarının zəfər trayektoriyası artıq davamlı, kəsilməz xarakter aldı. XX əsrin ikinci yarısında qlobal transformasiya və sarsıntılarla paralel müşayiət olunan zamanda, bəzi ölkələrin süqut, bəzilərinin isə yenidən yarandığı bir ərəfədə dünya siyasi xəritəsində xalqımız şanlı Azərbaycan tarixi adlı portretin cizgilərində özünü tanıdı, milli özünüdərk və mənlik mərhələlərini qət etdi. Milli ideal - ümummilli lider nümunəsində bu dövr üçün qələbələrlə başa çatdırıldı. İlk dəfə milli ideya nəzəri sxem kimi qalmayıb dövlətçiliyin varlığını təmin etdi, ona "əbədi, sarsılmaz və dönməz" (Heydər Əliyev) statusunu verərək dünya tarixinə həkk etdi. Beləliklə, Heydər Əliyevin 1993-cü ilin həyəcanlı anlarında möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Möhtəşəm xilaskarlıq, əzəmətli quruculuq missiyasının gözəl bəhrəsi meydana gəldi.

Sadalananların fonunda vurğulanması vacib sayılan həqiqətlərdən biri də budur ki, Heydər Əliyevin xilaskarlıq missiyası onun Azərbaycanın taleyində uğurla yerinə yetirdiyi digər tarixi vəzifə - quruculuq missiyası ilə qoşa addımlamışdır. Əslində, bunların hər ikisi müəyyən tarixi mərhələdə Heydər Əliyev şəxsiyyətinin miqyasının ifadəsi kimi çıxış etmiş, ölkənin həm mövcudluğunun, həm də inkişafının təminatı vəzifəsini yerinə yetirmişdir.

Bütün bunlar Heydər Əliyevi ümummilli lider zirvəsinə ucaltdı. Tariximizdə dəfələrlə qısa və ya uzun müddətə müxtəlif səbəblərdən milli ideyanın qarşısının alınmasına, dövlətçilik ənənəmizin davamlı inkişafına əngəl olan fasilə, məğlubiyyət, süqut kimi amillərə birdəfəlik sədd çəkildi.

Bunlar azərbaycanlıların neçə nəsilləri durduqca onlar üçün milli ideal və örnək olacaq Heydər Əliyev şəxsiyyətinin, XX əsrin sonlarında milli ideyamızın nadir subyektinin tarixi və əvəzolunmaz xidmətləridir. Heydər Əliyev yorulmaq bilmədən Vətənin gələcəyi naminə çalışırdı. Heydər Əliyev həmişə deyirdi: “Azərbaycan xalqı böyük xalqdır”. Onun bu yığcam cümləsində hamımızın fəxr etdiyi həqiqət həm təsdiq, həm də milli qürur hissiyyatlarının təntənəsi idi.

Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim - "azərbaycançılıq" ideologiyasını da yaratdı.

O, əməli işi ilə sübut etdi ki, dünyanı yalnız böyük dövlətlər idarə etmir, rəyləri ilə hesablaşılan kiçik xalqlar da vardır. O öz şəxsi nümunəsində azərbaycanlıların mətin iradəyə və sarsılmaz ruha, şanlı tarixi yol keçmiş xalqının böyük energetik və intellektual potensiala malik olduğunu bütün dünyaya nümayiş etdirdi.

Ulu öndər Heydər Əliyev həm də zəmanəmizin böyük filosofu və mütəfəkkiri kimi tanınıbdır. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Ona görə də təkcə xalqımız deyil, bütün dünya ölkələri bu görkəmli dövlət xadiminə, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir. Təsadüfü deyil ki, dünyanın bir çox görkəmli dövlət başçıları və ictimai xadimləri, nüfuzlu politoloqları ümummilli liderimiz barədə yüksək fikirlər söyləmişlər. Ulu öndərimiz bəşər tarixinə özünəməxsus siyasi dəst-xətt, idarəçilik üslubu və yaradıcılıq əzmi olan böyük şəxsiyyətlərdən biri kimi daxil olmuşdur.

Heydər Əliyev epoxası zəngin və çoxəsrlik Azərbaycan tarixində müstəsna yer tutur. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkənin hüdudlarını aşaraq, dünyada gedən qlobal proseslərə də öz təsirini göstərirdi. Buna görədir ki, o, ənənəvi və müasir, novator keyfiyyətlərin ideal sintezinə nail olmuş, bu dəyərlərin varisliyini təmin etmişdir. Xalqın rəğbətinin ən ali məqamına - ümummilli lider səviyyəsinə yüksəlmək məhz bunların sayəsində mümkün olmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Dünyadakı hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan adlı məkanda da reallaşdı. Heydər Əliyevin sayəsində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq tariximizdə ilk dəfə baş verdi və bu, əbədi proses olacaqdır.

İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaqdır. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.

Suveren Azərbaycan dövlətinin yaradıcısı olan ulu öndərin yorulmaz fəaliyyətinin coğrafiyası və tarixi çox genişdir. Bu tarixi şəxsiyyəti, fenomeni sözlə səciyyələndirmək çox çətindir. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı böyük ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, tarix memarıdır.

Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdikləri, nəzəri ifadə etdiyi, praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər araşdırılacaq və hər dəfə də yeni bir incəlik tapılacaqdır. Bu proses sonsuzdur. Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Heydər Əliyev irsi bu gün də Azərbaycanı yaşadır, inkişaf etdirir.

İndi ölkəmizdə Heydər Əliyevin müstəqil dövlətçilik təlimi, Heydər Əliyevin siyasi kursu və Heydər Əliyev fəlsəfəsi dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə yaradıcı şəkildə həyata keçirilir. Beləliklə, möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur. Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan artıq daha yüksək zirvələri fəth etməkdə, dünyanın qüdrətli dövlətlərindən biri kimi tanınmaqdadır. Ölkəmizin Prezidenti İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır. Onun apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycan durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.

Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin etibarlı qoruyucusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi inamla irəli aparır. Artıq Azərbaycan cəmiyyətində və bütün dünyada Prezident İlham Əliyevin intellektual-yaradıcı lider obrazı formalaşmış və möhkəmlənmişdir. Onun atdığı hər bir addım, verdiyi hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin olunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə və iqtisadi tərəqqinin davamlılığına hesablanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilmiş, iqtisadi, siyasi və sosial sahədə islahatlar paralel şəkildə aparılmışdır.

Ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın müxtəlif sahələrindəki çətinliklər haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində hər bir dövr üçün həllivacib vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf etmiş vətəndaş cəmiyyətinin və möhkəm demokratiyanın olduğu dövlət qurmaq istiqamətində durmadan irəliləyir.

Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin uğurlu gələcəyinin təminatıdır.

Həmin inkişafın başlıca yekunlarından biri də dövlət başçısı İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapmışdır: "Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!"

2018-ci ilin 11 aprel tarixində ölkədə keçirilən növbəti prezident seçkisinin nəticələri, Heydər Əliyevin siyasi varisi İlham Əliyevin inamlı qələbəsi, seçkidən sonra həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir və bundan sonra da hələ uzun müddət davam etmək resurslarına malikdir.

Böyük məqsədlərini reallaşdırmaq yolunda uğurları ilə dünya miqyasında tanınmış İlham Əliyevin yanında isə hər zaman istər ictimai, istərsə də siyasi fəaliyyətində daim Heydər Əliyev amallarını yaşadan, doğruldan, təbliğ edən Mehriban xanım Əliyeva dayanır. Mehriban Əliyeva ümummilli liderin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edir, həm də onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirir. Dövlət quruculuğu prosesində müxtəlif layihələri, təklifləri, təşəbbüsləri ilə ümumi işin gedişinə böyük təkan verir. Ölkə həyatının bütün sahələrində irəli sürdüyü uğurlu təşəbbüslər, həyata keçirdiyi proseslər cəmiyyətdə onun müsbət imicini formalaşdıraraq, nəticə etibarilə İlham Əliyevin siyasi nüfuzunun daha da yüksəlməsinə əməli töhfə verir. Mehriban xanımın fəaliyyəti, əməlləri yüz minlərlə insanın Heydər Əliyev kursu və İlham Əliyev missiyası ətrafında birləşməsinə, səfərbər olmasına əsaslı təminat yaradır.

İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı möcüzələr daha aydın görünəcəkdir. Müdriklik zirvəsinə qalxmaq hər insana nəsib olmur. Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi ulu öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoydu. Bu gün dahi öndərimiz aramızda olmasa da, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır və yaşadılır.

Asif ƏSGƏROV,
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı,
YAP Siyası Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında