Zəmanəmizin ən böyük azərbaycanlısı

XX əsrdə Azərbaycanın bəşər tarixinə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri Heydər Əliyevdir. Zəmanəmizin ən böyük azərbaycanlısı, təkrarsız siyasətçi, xalqının və dövlətinin qürur ünvanı, müasir Azərbaycanın qurucusu və memarı. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü aydın təfəkkürə, geniş dünyagörüşünə, yüksək intellektə, dəmir məntiqə malik olan bu müdrik insanın şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Tarixi gerçəkliklər sübut edir ki, onun 30 ildən artıq rəhbərliyi dövründə ölkəmiz əsrə bərabər inkişaf yolu keçərək bu günə gəlib çatıb. Məhz o, uzaqgörən baxışları ilə Azərbaycanın tarixində dönüş yaradıb, onun bu gününü və gələcəyini müəyyən edib. Xalqın ən ağır günündə ona dayaq olub, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru yönləndirib, müstəqil və müasir Azərbaycan dövlətini qurub, ölkəmizi bütün dünyaya tanıdıb, bayrağımızı sərhədlərimizdən uzaqlarda ali məclislərdə dalğalandırıb. Heydər Əliyev qəbul etdiyi tarixi qərarları ilə, mühüm addımlar atmaqla xalqın sevgisini, rəğbətini, hörmətini qazanıb. Böyük tarixi şəxsiyyətin həyat yolu, ölkəmizin inkişafına yönəlmiş fəaliyyəti dövlətçilik tariximizin bir hissəsidir.

 Bu gün bütün sahələrdə yenilənən, sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən müstəqil ölkəmizin uğurlarından danışarkən təbii ki, keçilən yola, zamanında görülən işlərə, aparılan islahatlara nəzər salmaq lazımdır. Danılmaz həqiqətdir ki, bütün bu uğurların, möhtəşəm nailiyyətlərin kökündə ulu öndər Heydər Əliyev dühası, onun düzgün müəyyənləşdirdiyi müdrik siyasəti dayanır. Ulu öndər minilliklər boyu davam edən dövlətçilik tariximizin 30 ildən artıq bir dönəminə rəhbərlik etsə də, bu zaman kəsiyində onun böyük uzaqgörənliklə həyata keçirdiyi işlər, həyatın bütün sahələrində apardığı köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun və şərəfli səhifələrini təşkil edir.

 Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə sosial həyatın bütün istiqamətləri ilə yanaşı, təhsil sisteminin inkişafına verdiyi önəm  Azərbaycanın intellektual potensialının yüksəlməsinə, təhsil müəssisələri  şəbəkəsinin genişlənməsinə və millətin savadlanmasına şərait yaratdı. Ulu öndər Rusiyanın müstəmləkəsi altında yaşadığımız o ağır illərdə yaxşı bilirdi ki, milli inkişafın yeganə yolu xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Bu baxımdan o, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi.  Həmin illərdə maarif işinin yüksək səviyyədə təşkili, məktəb tikintisi prosesinin sürətlənməsi, fundamental və humanitar elmlərin inkişafı və s. ulu öndərin təhsil strategiyasının əsas prioritetlərini təşkil edirdi. Hakimiyyətin birinci dövründə həyatın bütün sahələrində müşahidə olunan irəliləyiş elm və təhsildən də yan keçmədi. 1971-1975-ci illərdə respublikamızda 198 elmlər doktoru və 1781 elmlər namizədi hazırlanmış, elmi-tədqiqat institutları, ali məktəblər, elm və tədris müəssisələri yüksək ixtisaslı kadrlarla təmin edilmişdi. 1970-80-ci illərin əvvəllərində ali təhsil sahəsində yaranan fundamental maddi-texniki baza, mütərəqqi ənənələr müasir ali təhsilimizin möhkəm bünövrəsini təşkil edir. 1969-1982-ci illərdə şəxsən Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində 250-dən çox ixtisas üzrə 15 min tələbə oxumağa göndərilmişdi. Təkcə 1978-ci ildə Sovetlər İttifaqının 151 ali məktəbində Azərbaycandan üç mindən çox tələbə oxuyurdu. Bunlar Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşmasına böyük təsir göstərdi.

 Ali təhsil sistemində aparılan köklü islahatları da unutmaq olmaz. Ötən əsrin 70-ci illərində ali məktəblərdə hökm sürən rüşvətxorluğun aradan qaldırılması, qəbul prosesində şəffaflığın və obyektivliyin təmin olunması üçün Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli və prinsipial addımlar bu gün də orta nəslin nümayəndələrinin yaxşı xatirindədir. Həmin illərdə ali məktəblər, eyni zamanda, böyük tərəqqi yolu keçdi, müasir tədris korpusları, yataqxana kompleksləri tikildi, maddi-texniki bazası möhkəmləndirildi, yeni ali məktəblər açıldı. 1970-83-cü illərdə Azərbaycanda 5 yeni ali məktəb, o cümlədən İnşaat Mühəndisləri İnstitutu yaradıldı, çoxlu ixtisas, kafedra, laboratoriyalar açıldı.

 Heydər Əliyev o illərdə gələcəkdə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək məqsədi ilə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, memarlıq və inşaat sahəsində də qurucu, yaradıcı gənc kadrların hazırlanmasının vacibliyini ön plana çəkirdi. İnşaata, memarlığa, ümumiyyətlə quruculuq işlərinə çox böyük əhəmiyyət verən Heydər Əliyev Cənubi Qafqazda ilk İnşaat İnstitutunun yaranması təşəbbüsü ilə Sovet İttifaqı rəhbərliyinə müraciət etdi, nüfuzu və iradəsi ilə bu qərarın verilməsinə nail oldu. Məhz onun təşəbbüsü ilə 1975-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Politexnik İnstitutunun memarlıq, inşaat, hidromeliorasiya və nəqliyyat fakültələrinin bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) təsis edildi. Bu dahi şəxsiyyətin uzaqgörənliyi, öz millətinə böyük sevgisinin təzahürü, onun gələcəyinə hesablanmış uğurlu düşüncəsinin nəticəsi idi.

 1975-ci ildə yaranan institut Azərbaycanda inşaat kompleksinin inkişafı və bütövlükdə iqtisadiyyatımız üçün çox vacib olan mütəxəssisləri yetişdirməyə başladı. İnstitutun əsasını Politexnik İnstitutundan ayrılan 4 inşaat yönümlü fakültə: memarlıq, inşaat, hidromeliorasiya və yol inşaatı fakültələri təşkil etdi. Qısa müddətdə onlara daha 2 fakültə – inşaat texnologiyası və sanitariya texnikası fakültələri də əlavə olundu, daha sonra isə iqtisadiyyat fakültəsi də yarandı. Yeni institutun maddi-texniki bazası qurulmağa başladı. Heydər Əliyev institutun inkişafı ilə daim maraqlanır, yeni korpusların inşasını nəzarətdə saxlayırdı. Tezliklə yeni yaradılan institut üçün 13 mərtəbəli tədris korpusunun tikintisi başladı. O dövrdə bu, ən böyük ali məktəb binası idi. Bunda sonra daha bir yüksəkmərtəbəli binanın inşası başlandı. Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin dəstəyi ilə hidromeliorasiya fakültəsinin 12 mərtəbəli binası 1985-ci ildə istifadəyə verildi. Tədris korpuslarında yeni laboratoriyalar, ixtisaslaşmış auditoriyalar yaradıldı, həmin dövr üçün ən müasir avadanlıqla təchiz olundu.

 Eyni zamanda, tələbə şəhərciyində də geniş islahat işləri aparılırdı. Doqquzmərtəbəli iki yataqxana binasının tikilib istifadəyə verilməsi yüzlərlə gəncin təhsil dövründə yaşayış problemini həll etdi. Tələbə şəhərciyində böyük yeməkxana, tələbə klubu, idman zalı və meydançalar da yaradıldı. İnkişaf edən təkcə institutun maddi-texniki bazası deyildi. Respublika rəhbərliyinin dəstəyi və qayğısı nəticəsində tələbə sayı ilbəil artır, kadr potensialı güclənirdi. 1980-ci ildə institutun artıq 10 min tələbəsi var idi.

 İnstitutun professor-müəllim heyəti də böyüyür və güclənirdi. Sovetlər ölkəsinin aparıcı ali məktəblərində – Moskva Memarlıq İnstitutunda, Moskva, Kiyev, Leninqrad İnşaat institutlarında Heydər Əliyevin göndərişi ilə ali təhsil, yaxud elmi dərəcə alan gənc mütəxəssislər və alimlər yeni yaradılan instituta müəllimlik fəaliyyətinə cəlb edilərək yüksək ixtisaslı mütəxəssis hazırlığına öz töhfələrini verirdilər. Ölkədə genişmiqyaslı tikinti-quruculuq işlərini həyata keçirən Heydər Əliyev memar və inşaatçı kadrların yetişdirilməsi ilə yanaşı, sahə elminin inkişafına da böyük önəm verirdi.

 “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”– kəlamını söyləyən ulu öndərimiz alimlərimizin diqqətini müasir şəhərsalmanın, memarlığın və inşaatın problemlərinə yönəldur, tətbiqi elmlərin inkişafına xüsusi önəm verirdi. Eyni zamanda, Azərbaycan memarlığının tarixini öyrənməyə, tarixin daş yaddaşında qorunub saxlanmış Azərbaycan memarlığının incilərini milli sərvətimiz kimi tədqiq etməyə və bərpa edərək gələcək nəsillərə çatdırmağa çağırırdı.

 Bu diqqət və qayğı ali təhsilə verilən böyük önəmlə yanaşı, həm də memarlığa olan məhəbbətin, quruculuq işlərinə böyük həvəsin təcəssümü idi. Məlumdur ki, dövlətimizin banisi ali təhsilini məhz memarlıq fakültəsində başlamışdır, onun rəssamlığa, layihələndirməyə, qurub-yaratmağa böyük həvəsi olmuşdur. Ali təhsilini tarix fakültəsində tamamlayan Heydər Əliyev memarlığa, inşaata olan həvəsini heç vaxt itirmədi, professional memar kimi ölkədə gedən irimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə rəhbərlik etməklə Azərbaycanın həyatında intibah mərhələsinin əsasını qoydu. Ölkənin gələcəyini, müstəqilliyini düşünərək böyük çətinliklər hesabına respublikamızda strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin inşasına nail oldu. Memarlıq və inşaat sahəsinin sürətli inkişafı o dövrdə təkcə paytaxtın deyil, əyalətlərin, kəndlərin də simasını dəyişdi. Bakıda və respublikanın başqa şəhərlərində memarların yüksək ustalığından xəbər verən ictimai və yaşayış binaları, bağlar, parklar, memarlıq ansamblları meydana gəldi.

 Həmin dövrdə respublikanın bütün şəhərlərinin baş planlarının layihələşdirilməsi ilə bağlı işlər aparıldı. 2005-ci ilədək olan dövrdə Bakının inkişafının “Bakıdövlətşəhərlayihə” İnstitutunun kollektivi tərəfindən hazırlanmış baş planı bu cür layihələr arasında xüsusi yer tuturdu. Heydər Əliyev Bakının Baş planının işlənib hazırlanmasını diqqətlə izləyir, bu planla bağlı ən mühüm problemlərin müzakirəsində şəxsən iştirak edir, şəhərin infrastrukturunun inkişafına xüsusi diqqət yetirirdi. Nəqliyyat problemlərinin həlli bu məsələnin ən vacib tərkib hissəsi idi. Bu məqsədlə sürət magistrallarının çəkilməsi nəzərdə tutuldu, Bakı Metropoliteninin şəbəkəsi xeyli genişləndirildi. Bakı Metropoliteninin istifadəyə verilməsi respublika əhalisinin həyat səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. Heydər Əliyevin böyük xidməti ondan ibarətdir ki, o, bu tikintiyə hərətərəfli dəstək verərək Bakı Metropoliteni stansiyalarının vaxtlı-vaxtında, özü də çox yüksək texniki və bədii səviyyədə tikilib istifadəyə verilməsinə şərait yaratdı.

Baş plana əsasən, Bakının və Abşeron yarımadasının yaşıllaşdırılması üçün geniş proqram həyata keçirilməsi nəzərdə tutulurdu. Heydər Əliyev bu problemlə də şəxsən məşğul olurdu. 1971-ci ildə “Bakının və Abşeron yarımadasının daha da yaşıllaşdırılması tədbirləri haqqında” qərar qəbul edildi.

 70-ci illərdə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir və başqa şəhərlərdə mənzil tikintisi xeyli geniş miqyas aldı. Respublika rəhbərliyi və şəxsən Heydər Əliyev respublikanın memarları və inşaatçıları qarşısında çox möhtəşəm vəzifə qoymuşdu: mənzilə ehtiyacı olanların hamısı 2000-ci ilədək müasir və abad mənzillərlə təmin edilməli idi. 1982-ci ildə respublikada mənzil fondunun ümumi sahəsi təqribən 64 milyon kvadratmetrə çatdırıldı. 70-ci illərdə ilk 5 mikrorayona 4-ü də əlavə olundu. Yaşayış binalarının və ictimai binaların nomenklaturasının genişlənməsi mikrorayonların memarlıq obrazını müasirləşdirməyə imkan verdi. Geniş və yaşıl həyətli doqquzmərtəbəli binaların yerləşdiyi yığcam yaşayış massivləri salındı.

 Şəhərin ən iri yaşayış rayonlarından biri Bakının şərqində salındı. 400 min nəfərin məskunlaşması üçün nəzərdə tutulan bu massivdə aparılan intensiv tikinti işləri qısa müddətdə abad və müasir yaşayış rayonu yaratmağa imkan verdi və minlərlə bakılı pulsuz mənzil aldı. Mənzil tikintisinin geniş miqyas alması, şəhər ərazisinin abadlaşdırılması, uşaq müəssisələri şəbəkəsinin, xəstəxanaların, poliklinikaların və kinoteatrların tikintisi ilə müşayiət olunurdu. Azərbaycanın digər şəhərlərində də boş ərazilərdə irimiqyaslı mənzil tikintisi aparılırdı. Gəncədəki Yeni Gəncə, Naxçıvandakı Yeni Naxçıvan mikrorayonları, Sumqayıtdakı 13-cü, 17-ci mikrorayonlar və başqaları memarlıq və kompozisiya həllinə görə ən uğurlu mikrorayonlar hesab olunur.

 Heydər Əliyev respublikanın paytaxtı Bakı şəhərində ictimai binalar tikintisinə xüsusi diqqət və qayğı göstərirdi. 70-ci illərdə arxitektura və şəhərsalma işləri sahəsində görülmüş mühüm işlərdən biri də Respublika sarayının ucaldılması və sarayın qarşısındakı geniş ərazinin təmizlənib abadlaşdırılması oldu. Bakıda ən iri tamaşa müəssisələrindən biri olan bu sarayın konsert zalı 2500 tamaşaçı tutur. Ulu öndər bu sarayın tikintisinə xüsusi diqqət yetirirdi. Ən mühüm ictimai və siyasi toplantıların keçirilməsi üçün nəzərdə tutulan bu binada aparılan bəzək işlərində bahalı materiallardan, mərmərdən, ağacdan və sintetik xalçalardan istifadə edilib.

 80-ci illərdə şəhərin qərbindəki sahilyanı esplanadanı tamamlayan təpədə də maraqlı arxitektura-abadlıq işləri görüldü. Şəhərin bu hissəsində “Gülüstan” sarayının və “Ziyafətlər evi”nin tikilməsi respublikanın memarlıq həyatında mühüm hadisə oldu. Bu tikililərin də ucaldılması və arxitektura tərtibatı Heydər Əliyevin nəzarəti altında idi. Azərbaycanın saray memarlığı ənənələrindən istifadə edərək möhtəşəm bina yaratmış “Gülüstan” sarayının müəllif kollektivi (memarlar N.Hacıbəyov və H.Əmirxanov)1982-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görüldü. Yüksək vəzifəli qonaqların qəbulu üçün nəzərdə tutulmuş “Ziyafətlər evi” (memar R.Əliyev) də ətraf mühitə harmonik şəkildə uyğunlaşıb, iri formalı və zərif detalları ilə təpənin ümumi panoramasını bəzədi.

 Ulu öndər zəngin maddi-mədəniyyət abidələrimizə də qayğı ilə yanaşırdı. ­70-80-ci illərdə məhz onun memarlıq irsimizə böyük qayğısı nəticəsində Bakıda və ölkəmizin digər bölgələrində 52 tarixi-memarlıq abidəsi bərpa olundu, “Bakı şəhərində İçərişəhər tarixi-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalandı.

 Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci gəlişindən sonra müstəqillik qazanmış Azərbaycanda dövlət quruculuğu prosesi başladı. Böyük problemlər və çətinliklərlə mübarizə aparan xalqımız addım-addım sivil, demokratik cəmiyyət, güclü iqtisadi potensialı olan dövlət qurmağa başladı. Eyni zamanda, bu dövrdə də elm və təhsilin inkişafı Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərini təşkil edirdi. Ulu öndər gərgin siyasi fəaliyyətində böyük, taleyüklü problemlərlə yanaşı, memarlığa və inşaata da yer ayırır, mütəxəssis hazırlığı məsələlərinə diqqət yetirir, gərgin iş rejimində universitetlərin qayğıları ilə maraqlanmağa da vaxt tapırdı. Ulu öndərin 2000-ci ilin 13 iyul fərmanı ilə ali məktəbimiz Memarlıq və İnşaat Universiteti adını aldı, yarımçıq qalmış obyekt kimi İqtisadi İnkişaf Nazirliyinə verilmiş binamız yenidən bizə qaytarıldı və onun tikintisinin başa çatması üçün büdcədən vəsait ayrıldı. İdman zalı və yeməkxana yerləşən bu binanın tikintisi başa çatdı və tələbələrin istifadəsinə verildi. Ümummilli lider universitetimizin professor-müəllim kollektivinin sosial problemlərinin həllinə də diqqət yetirirdi. 2002-ci ildə onun tapşırığı ilə şəhərin ən gözəl yerlərindən birində universitetimizin əməkdaşları üçün kooperativ binanın tikintisi üçün yer ayrıldı.

 Təhsil sistemində ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə başlanan islahatlar dövrü on beş ildir ki, davam edir. Ölkə Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər edib. Bu dövr ərzində təhsil sistemimiz struktur, idarəetmə, məzmun və maddi-texniki baza baxımından çox dəyişib, inkişaf edib. İslahatların sürəti 2003-cü ildən sonra daha da artıb, dövlət tərəfindən göstərilən diqqət nəticəsində yeniləşmə prosesi intensivləşib. Neft kapitalının insan kapitalına çevrilməsi ideyasını irəli sürən İlham Əliyev neftdən əldə olunan gəlirlərin hesabına bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Təhsilin inkişafına yönəlmiş çoxsaylı dövlət proqramının həyata keçirilməsi, son illər təhsilə qoyulan investisiyaların həcminin artması bu sahəyə çox ciddi dövlət qayğısı olmasına bir sübutdur.

 Müasir Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir. Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə Heydər Əliyev siyasi kursunun davamı və yeni şəraitdə onun inkişaf etdirilərək tətbiq olunması ölkəmizdə memarlıq və inşaat istiqamətində də böyük uğurları təmin edib. Şəhərsalma məsələlərinin həll olunması dövlətimizin həm sosial, həm də iqtisadi siyasətinin tərkib hissəsidir. Məskunlaşma prosesinin idarə olunması, istehsal qüvvələrinin yeniləşdirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, sosial sahənin ehtiyacları üçün tikinti işlərinin həyata keçirilməsi, daha sağlam və rahat yaşam mühiti yaradılması məsələləri Azərbaycan Prezidentinin siyasi kursunun ən önəmli istiqamətlərindən biridir.

 Son 15 ildə Azərbaycanda aparılan genişmiqyaslı tikinti və abadlıq işləri ölkənin simasını dəyişib, respublikamızın paytaxt və bölgələrini daha müasir, daha rahat və gözəl edib. Bütün sahələrdə renovasiya işləri həyata keçirilir, ekologiya problemlərinin həlli üçün tədbirlər görülür.

 Azərbaycan Prezidentinin siyasi iradəsi ilə həyata keçirilən bu tədbirlər ölkənin inkişafını, yeniləşməsini, xalqın rifahının və həyat şəraitinin müasir tələblər səviyyəsinə qalxmasını təmin edir. Görülən işlər, aparılan islahatlar bir daha təsdiqləyir ki, ölkə başçısı İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik təliminin, sınaqlardan çıxmış siyasi kursunun layiqli davamçısıdır. Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə dəyişən və inkişaf edən iqtisadiyyatımız, həyata keçirilən möhtəşəm layihələr, hər gün gözəlləşən və müasirləşən ölkəmiz Heydər Əliyev siyasi kursunun uğurla, ardıcıl davam etdirilməsinin real bəhrələri, samballı töhfələridir. Eyni zamanda bütün bu uğurlar Heydər Əliyevin arzularının həyata vəsiqə alması deməkdir. Heç şübhəsiz ki, Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər qazanacaq, daha uca zirvələri fəth edəcəkdir. Biz inanırıq ki, Heydər Əliyevin bizə və gələcək nəsillərə ərməğan etdiyi zəngin irs qiymətli bir xəzinə kimi sabaha gedən yollarımızda əbədi məşəl kimi şölələnəcəkdir.

Gülçöhrə MƏMMƏDOVA,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru,
professor, Əməkdar memar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında