Xalqa və dövlətə layiqli xidmət nümunəsi

Çağdaş Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilmiş 2018-ci ilin 11 aprel seçkiləri tamamilə azad, ədalətli və şəffaf şəraitdə keçməklə xalqımızın siyasi iradəsini əks etdirmiş, mütərəqqi islahatlar kursunun davam etdirilməsində keyfiyyətcə yeni mərhələ açmış, demokratikləşmə və sosial-iqtisadi inkişaf prosesinə yeni nəfəs vermişdir. Dünəninə, bugününə və sabahına biganə qalmayan Azərbaycan vətəndaşlarının yüksək mütəşəkkilliyi, siyasi fəallığı ilə müşayiət olunan bu prezident seçkiləri də ölkədə həyata keçirilən milli siyasətin alternativsizliyinin əyani təcəssümü kimi yadda qalmışdır. Xalqın müdrik seçimi Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu, milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləmiş, hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən siyasi kursun böyük ictimai etimada, dəstəyə malik olduğunu göstərmişdir.

Son 15 ildə Azərbaycanı davamlı inkişaf və tərəqqi yoluna çıxararaq təminatlı gələcəyə etibarlı zəmin yaradan mövcud siyasi kursun davam etdirilməsi cəmiyyətin həlledici çoxluğunun iradəsi kimi önə çıxmış, xalq birmənalı olaraq növbəti illərdə də öz taleyini cənab İlham Əliyevə etibar etmişdir. Bu dəyişməz seçim, eyni zamanda, Azərbaycan cəmiyyətinin öz layiqli liderinin liderlik keyfiyyətlərinə, parlaq şəxsiyyətinə sarsılmaz inam və rəğbətinin əyani təcəssümü olmuşdur. Ölkə vətəndaşları alternativi olmayan bu siyasətin son 15 ildə həyatımıza gətirdiyi nailiyyətlərə, dövlətçilik əsasları bu uğurlarla möhkəmlənən, xoşbəxt sabahına doğru inamla irəliləyən, inkişaf edən qüdrətli Azərbaycana səs vermişlər. Mütləq əksəriyyət 11 apreldə populist və irreal vədləri deyil, əməli işi, konkret nəticəni, firavan sabahı seçdiyini nümayiş etdirmişdir.

Son prezident seçkilərinin nəticələri göstərir ki, Azərbaycan cəmiyyəti bu günlərdə anadan olmasının 95-ci ildönümü təntənə ilə qeyd edilən ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir. İndi bu qənaətlə hamı bölüşür ki, müstəqil respublikamızın hazırkı möhtəşəm nailiyyətləri məhz ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyinin müxtəlif mərhələlərində müdrikliklə müəyyənləşdirildiyi inkişaf strategiyasına əsaslanır. Ümummilli liderin əbədiyyətə qovuşmasından ötən 15 illik zaman kəsiyi bizə Heydər Əliyev dühasının milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə dərk etmək imkanı verir.

Hər bir dövlətin mövcudluq tarixində ciddi sınaqlar qarşısında qalması, xalqın milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar çoxdur. Fəqət, ən çətin siyasi şəraitdə millətin iradəsini və istəklərini, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində dövlətlər öz varlığını davam etdirmiş, millətlər dirçəlmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.

Ulu öndər Heydər Əliyev bu mərhələdən Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Ulu öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. İcimai-siyasi sabitlik faktoru bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir.

Böyük strateq Heydər Əliyev Azərbaycanın həqiqi müstəqilliyinin təmin edilməsi üçün hər bir fərdin mənafeyinə cavab verən hüquqi islahatların aparılmasını da təmin etmişdir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada vətəndaşların sosial-iqtisadi hüquqları da dəqiqliklə əksini tapmış, hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin olunması dövlətin ali məqsədi kimi ön plana çəkilmişdir.

Ümummilli lider respublikanın qarşısında duran hədəfləri düzgün müəyyənləşdirməklə, dünya təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən ulu öndər Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı bilirdi ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Ulu öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk səmimi görüşlərdən biri 1996-cı ildə keçirilmiş həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu öndər Heydər Əliyev özünəməzsus təmkinlə, həssaslıqla sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda, Heydər Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüslərimizə müsbət yanaşmış, belə bir qurumun yaradılmasını dəstəkləmişdi.

1998-ci ilin prezident seçkilərində ulu öndərin vəkili olmuş şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsində, ölkədə siyasi sabitliyin möhkəmlənməsində, ümumilikdə rifah və tərəqqinin təmin olunmasında sahibkarlar sinfinin müstəsna rolu və imkanlarını daim yüksək dəyərləndirmişdir. Bu da təsadüfi deyildir - bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, hər bir fərdin inkişafında özünəməxsus mühüm rol oynayır. İlk növbədə ona görə ki, sahibkarlıq insan şəxsiyyətinin ifadə forması və inkişafı, onun qabiliyyət və tələbatları, əmək potensialının realizasiyası kimi mühüm məqamları özündə ehtiva edir.

1996-2003-cü illərdə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramının (1997-2000-ci illər üçün)”, habelə “Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Əmtəə birjası haqqında”, “Lizinq xidməti haqqında” və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunların qəbulu sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi mexanizmlərini təkmilləşdirmişdir.

Ümummilli lider sonrakı mərhələdə də sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlərin keçirilməsinə, iş adamlarını hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə xüsusi diqqət yetirirdi. Buna nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 10-da yerli, 25-də isə xarici sahibkarlarla görüşməsini, onların hər birinə şifahi və ya yazılı surətdə problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni idarəçilik metodlarından istifadənin ən gözəl və səmərəli forması kimi tarixiləşmişdir.

Ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü sahibkarlığın inkişafı strategiyası son 15 ildə onun ən layiqi davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. “Müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah” tezisi əsasında reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf etmiş cəmiyyət quruculuğu sahəsində mühüm uğurların əldə olunmasına imkan yaratmışdır. Cənab ­İlham Əliyev ötən dövr ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirmişdir. Yüksək siyasi iradəsi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi, milli maraqlara sadiqliyi, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olması dövlət başçısının son növbəti prezident seçkilərində də xalq tərəfindən yüksək dəstək almasını birmənalı təmin etmişdir.

Ötən 15 ildə xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət məsələləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini, başlıca ideya istiqamətini təşkil etmişdir. Dövlət rəhbəri cənab İlham Əliyev aprelin 18-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində ona yüksək etimad göstərmiş ölkə vətəndaşlarına səmimi minnətdarlığını ifadə etmiş, ölkənin davamlı inkişafı naminə həyata keçirilən islahatların bundan sonra da davam etdiriləcəyini vurğulamışdır: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir”.

Əminliklə demək olar ki, cənab İlham Əliyevin 15 illik prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən 15 ildə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir.

İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu nöqteyi-nəzərdən son 15 ildə regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerində tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilk mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.

Təcrübə göstərir ki, ictimai maraqların ifadəçisi olan hakimiyyət fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanaraq xalqa təmənnasız xidməti başlıca məqsədə çevirir. Bu məqsədin reallaşdırılması üçün monolit, güclü, peşəkar komandanın formalaşdırılması, habelə dövlət idarəçiliyinə müasirlik, dinamizm və təşəbbüskarlığın gətirilməsi obyektiv zərurətə çevrilir. Qlobal maliyyə böhranı şəraitində bu və digər mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır. Yeni dünya reallıqlarını obyektiv dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin son iki ildə yürütdüyü məqsədyönlü siyasət, bu mənada, təkcə qlobal iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlmişdir.

Ölkədə və regionda ümumilikdə, qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından dövlət başçısı rəhbəri olduğu komandanın bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır. Cənab İlham Əliyevin təşəbbüsü və xalqımızın azad siyasi iradəsinin təntənəsi kimi tarixiləşmiş 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi, 2017-ci il 21 fevral tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması bu mənada, postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir.

Dövlət başçısı cənab İlham Əliyev 2017-ci il yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ildönümü ilə bağlı keçirilən konfransda demişdir: “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.

11 aprel prezident seçkilərindən dərhal sonra dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gəncləri irəli çəkməsi ölkədə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlir.

Əminliklə demək olar ki, Azərbaycan cəmiyyəti tarixin heç bir mərhələsində son illərdəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır. Belə məsuliyyətli mərhələdə dövlət məmurları qarşısında vətəndaşların mənafeyi naminə daha səylə işləmək, islahatların düzgün, vaxtında reallaşdırılmasını təmin etmək, xalqın xidmətçisi olmaq kimi ümdə vəzifələr müəyyənləşdirilmişdir. Başqa sözlə, son illər həyata keçirilən islahatlar paketinin əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bir müddət əvvəl mətbuatda dərc edilmiş “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” məqaləsində idarəçiliyin müasirləşdirilməsi istiqamətində atılan addımlara xüsusi toxunaraq yazır: “Prezident İlham Əliyevin “Vətəndaşlar dövlətə deyil, dövlət vətəndaşlara xidmət etməlidir” prinsipini rəhbər tutması həyata keçirilən idarəetmə islahatlarında ilk növbədə, ölkə vətəndaşlarının maraq və mənafelərinin önə çəkilməsini bir daha təsdiq edir. İnstitusional islahatlar dövlət məmurları tərəfindən ölkə vətəndaşlarına göstərilən xidmətin daha da təkmilləşməsinə və yaxşılaşdırılmasına yönəldilmişdir. Ölkə rəhbərliyi tərəfindən tətbiq edilən idarəetmə texnologiyasının əsas cəhətlərindən biri hər bir məmurun fəaliyyətinin əldə edilmiş konkret nəticələr əsasında qiymətləndirilməsidir. Fəaliyyətin nəticələrə görə qiymətləndirilməsi prinsipi bir qayda olaraq, dövlət məmurlarının öz işinə daha məsuliyyətlə yanaşması ilə nəticələnir, digər bir tərəfdən də dövlət idarəetmə aparatının daha səmərəli və məhsuldar işləməsinə zəmin yaradır”.

Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın dinamik inkişaf etdiyini və rəqabət qabiliyyətinin artdığını göstərir. Hesabat dövründə iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunmuş, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaratmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclasında demişdir: “...2017-ci il sabitləşmə ili olubdur. Hətta 2017-ci ildə qeyri-neft sektorunun inkişafında çox müsbət nəticələr olmuşdur. Ancaq 2018-ci ilə gəldikdə şübhəsiz, qeyd edirdim ki, bu, uğurlu və sürətli inkişaf ili olacaqdır. Birinci rübün yekunları, sosial-iqtisadi göstəriciləri mənim sözlərimi təsdiqləyir. Beləliklə, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir”.

Nazirlər Kabinetinin iclasında açıqlanmış rəqəmlər göstərir ki, hesabat dövründə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulmuşdir və bunun da böyük hissəsi xarici sərmayədir. Hesabat dövründə ölkəmizin valyuta ehtiyatları 2,2 milyard dollar artaraq 44,2 milyard dollara yüksəlmişdir. Cəmi 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatları son illər ərzində ölkədə aparılan uğurlu neft strategiyasının nəticəsidir.

İlin ilk rübünün uğurlu nəticələri şübhəsiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin antiböhran strategiyasının məntiqi göstəricisidir. Bu strategiya Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişafına etibarlı zəmin formalaşdırır. Nazirlər Kabinetinin son iclasında deyilənlər də bir daha təsdiqləyir ki, 2014-cü ilin ortalarından etibarən dünya iqtisadiyyatını iflic edən qlobal böhran dalğası qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsi prosesində Azərbaycana tormozlayıcı amil olmamışdır. Böhranın ən pik mərhələsi sayılan 2015-2017-ci illərdə Azərbaycan üçün müəyyən çətinliklər yaransa da, hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər səmərə vermiş, nəticədə bir çox makroiqtisadi parametrlər üzrə inkişafa nail olunmuşdur.

Son iki ildə qeyri-neft sektorunun inkişafına və idxal-ixrac əməliyyatlarında balansın təmin edilməsinə nail olunmuşdur. Bu məqsədlə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə apelyasiya şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması reallaşdırılmışdır.

Ölkəmizdə istər sosial-iqtisadi inkişaf, istərsə də sahibkarlığın inkişafı istiqamətində atılan addımlar Azərbaycanın ən böyük sənaye şəhəri olan Sumqayıtda da özünü qabarıq göstərir. Şəhərin malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Sumqayıt şəhərinin son illərdəki möhtəşəm uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır. Şəhər rəhbərliyinin ötən illərdə əldə etdiyi uğurlar - inkişafın əsasını müəyyən edən idarəetmənin elmi əsaslarla düzgün aparılması, situasiyaların səmərəli idarə olunması qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin etmişdir.

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar Sumqayıt şəhərinin əhalisi tərəfindən də böyük razılıq hissi ilə qarşılanır, insanlarda mövcud problemlərin həllində tezliklə əsaslı dönüşə səbəb olacağı qənaətini yəqinləşdirir. Sumqayıt son illər yalnız yaşayış məntəqəsi kimi deyil, eyni zamanda, sağlam ictimai iqlim zonası və ölkənin sosial-iqtisadi inkişafında yeri olan ərazi təsərrüfat kompleksi kimi inkişaf edir. Şəhərdə sahibkarlarla münasibətlərin sağlamlaşdırılması, qarşılıqlı faydalı əlaqələrin inkişafı, səmərəli layihələrin dəstəklənməsi istiqamətində atılan addımları da xüsusi vurğulamaq lazımdır.

Xüsusi vurğulamaq lazımdır ki, 11 aprel seçkiləri Sumqayıt şəhərində də tamamilə azad, ədalətli, şəffaf şəraitdə keçərək xalqın siyasi iradəsini əks etdirmiş, demokratik norma və pinsiplər bütün mərhələlərdə gözlənilmişdir. Sadə, zəhmətkeş və qədirbilən sumqayıtlılar bu seçkilərdə böyük mütəşəkkilliklə, bayram oyqatı ilə iştirak edərək Azərbaycanı böyük uğurlara aparan siyasi kursun və layiqli liderin qələbəsinə səs vermişlər.

Son seçkilərin nəticələri də deməyə əsas verir ki, Heydər Əliyev dühasının müəyyənləşdirdiyi yolla inamla irəliləyən Azərbaycan xalqı onun ən layiqli davamçısı - cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək, gələcəyə böyük nikbinliklə, ümidlə baxır.

Mütləq əksəriyyət əmindir ki, Azərbaycan xalqının milli mənayefinə cavab verən bu siyasət qarşıdakı illərdə də davam etdiriləcək, respublikamız sürətli inkişaf tempini qoruyub saxlayaraq qabaqcıl dövlətlər sırasında layiqli yerini tutacaqdır.

Qüdrət KƏRİMOV,
“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında