Nikol Paşinyan Ermənistanın baş naziri seçilib

Ancaq bu ölkənin gələcəyi hələ suallar altında qalmaqdadır

Ermənistan Respublikası  ona  görə problemlərdən qurtula bilmir ki, onun kökündə haram var. Yəni başqa xalqın ərazisində, siyasi məqsədlə, məkr və hiylə yolu ilə yaradılıb. Erməni xalqı ona görə lənətlənib və Tanrı qarğışına tuş gəlib ki, onlar yaşadıqları istənilən ölkənin ərazilərinə iddia edib, oranı öz ata-baba torpaqları kimi mənimsəməyə çalışıb, terror, təxribat, separatçılıqdan əl çəkə bilməyiblər. Məhz  həmin səbəblərdən  öz himayədarlarının köməyi ilə yaratdıqları uydurma dövlətləri bu gün də problemlər içərisində çapalayır.

Bu ölkədə sosial problemlər o qədər dərin kök salmışdı ki, prezident Serj Sarkisyanın əlindən bezən xalq sabahın necə olacağını düşünmədən, Nikol Paşinyanın xalq üçün hansısa addımı atıb-atmayacağının fərqinə varmadan, robota çevrilmiş kimi addım ataraq, hətta ali savadı olmayan bir adamın arxasınca getdi və qaniçən dövlət başçısını yıxmağa nail oldu. Serj Sarkisyanın yıxılmasının əsas səbəblərindən biri onun öz xalqına amansız zülmlər etməsi idisə, digər səbəbi də Azərbaycan Ordusunun 2016-cı ilin aprelində Ermənistanın rəhbərliyinə, silahlı qüvvələrinə və xalqına verdiyi dərs idi.

Kütləvi informasiya vasitələrinin yaydığı “Nikol Paşinyan Ermənistanın baş naziri seçildi” sərlövhəli məlumatı oxuyarkən, istər-istəməz hələ 2014-cü il iyulun 22-də Azərbaycan mətbuatında oxuduğum bir yazının sərlövhəsini xatırladım: "Ermənistanın gələcəyi sual altındadır". NFORM.az  agentliyinin müxbiri öz xəbərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının sədri Donald Tuskla keçirdiyi mətbuat konfransındakı çıxışından seçdiyi sitatla başlayırdı:  "Sarkisyanın demokratiyadan danışmağa haqqı yoxdur." Dövlət başçımız əlavə edirdi ki, Ermənistan rəhbərliyinin uzaqgörənliyi varsa, nəhayət, anlayacaq ki, qonşuları ilə münasibətləri normallaşdırmasa, Ermənistanın gələcəyi sual altında olacaq.

Sən demə, cənab Donald Tusk Azərbaycandan əvvəl Ermənistanda olub və həmin ölkənin prezidenti Serj Sarkisyan ölkəmizin ünvanına ittihamlar səsləndiribmiş. Bu haqsızlığı cavabsız qoymaq istəməyən Azərbaycan Prezidenti elə həmin Donald Tuskun yanındaca deyir: “Avropa İttifaqı Şurasının sədri ilə mətbuat konfransında Ermənistan prezidenti Azərbaycanın demokratiyadan uzaq olduğunu dedi. O, demokratiya haqqında danışa bilməz, çünki 2008-ci ildə əvvəlki prezident tərəfindən sadəcə, təyin edilmişdi, baxmayaraq ki, guya seçkilər keçirmişdilər”.

Ermənistan rəhbərliyinin bu gün düşdüyü bəlaların kökünü xatırladan dövlət başçımız demişdi ki, Ermənistanda 2008-ci ildə keçirilən “seçkilər”də insanlar qətlə yetirilmişdi: “Belə olan halda, bu insan bu haqda ümumiyyətlə, heç danışmamalıdır. Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaq məsələsinə gəldikdə, mənə elə gəlir ki, bu ittihamın Azərbaycan tərəfindən gəlməsi daha təbii görünərdi. Çünki beynəlxalq ictimaiyyət aydın şəkildə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalıdır. Hal-hazırda biz danışıqlar formatı üzərində müzakirə aparırıq ki, münaqişənin dinc yolla həllinə nail olaq. Lakin münaqişənin məhz səbəbləri yaddan çıxarılmalı deyil. Erməni separatçıları Dağlıq Qarabağda Ermənistan tərəfinin dəstəyi ilə Azərbaycana qarşı təcavüzə keçdilər və münaqişənin ilk qurbanları azərbaycanlılar oldu. İşğal etnik təmizləmə siyasəti ilə, Xocalıdakı soyqırımla nəticələndi. Azərbaycan ərazisinin 20 faizi işğal altında düşdü və biz bu işğalın nəticələri ilə üzləşdik”.

Bu gün Ermənistan ziyalıları, xüsusən, Serj Sarkisyan rejiminin zülmünü öz canı və ailəsi üzərində hiss etmiş yüz minlərlə insan dünya mətbuatının təmsilçilərinə deyir ki, erməni xalqına zülm etmiş qatil Serj Sarkisyan ədalət məhkəməsi qarşısında cavab verməlidir”. Üç il qabaq Azərbaycan Prezidenti də Avropanın ən mötəbər beynəlxalq təşkilatlarından birinin rəhbəri ilə görüşdə məhz həmin çağırışı səsləndirmişdi:  “Təcavüzkar ədalət məhkəməsi qarşısında cavab verməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi qəbul olunub. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbi qeyd olunur. İşğala, təcavüzə heç bir əsaslandırılma verilə bilməz. Nə qədər tez Ermənistan bu reallığı anlasa, o qədər onların özləri üçün yaxşı olar”.

Çox təəssüf ki, Serj Sarkisyan və ətrafındakılar həmin reallığı anlamaq istəmədilər və ona görə də bu qatil 2008-ci ildə mənimsədiyi hakimiyyəti 2018-ci ildə başqa yolla ələ keçirmək istəyəndə, məhz öz xalqı tərəfindən “burnu sındırıldı”. Onun istefası tələbi ilə meydanlara axışan ziyalılar deyirdilər ki, qonşu dövlətlərə ərazi iddiası edilməsi, xalqın və ölkənin müharibə şəraitində yaşaması Ermənistanı regional əməkdaşlıqdan, qonşularından təcrid edir. Bunun nəticəsində Ermənistanda hərtərəfli yoxsulluq baş verir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı səviyyədə yaşayır. Bu təcavüzün, işğalın nəticəsidir.

Azərbaycanla münaqişənin davam etməsinin Ermənistan üçün nə qədər zərərli olduğunu xatırladan mitinq iştirakçısı,   Milli Şura partiyasının deputatı Qaqik Minasyan  bildirib ki, çətin kommunikasiya imkanları Ermənistandan ixrac edilən məhsulların dəyərini artırır. Erməni deputat bundan əlavə bildirib ki, Azərbaycanla müharibə Ermənistanın investisiya cəlbediciliyini azaldır. Ermənistanın hakim partiyasının deputatı bildirib ki, Ermənistanın iqtisadiyyatı çöküb və ermənilər fahişəlik və saxtakarlıqla pul qazana bilirlər.

Kütləvi informasiya vasitələri yazırlar ki, Ermənistan cəmiyyətində, ermənilər arasında hamı Serj Sərkisyan kimi, Robert Köçəryan kimi və onların ətrafında olanlar kimi cinayətkar, axmaq deyillər, tərbiyəsiz fikirləşmirlər. Onların içərisində də, dünyada gedən proseslərlə bağlı, Ermənistandakı və Azərbaycandakı vəziyyətlə bağlı düzgün mühakimə yürüdənlər, araşdırma aparanlar, nəticə çıxaranlar var. Və belələri bu  fikrə gəlirlər ki, Ermənistan uzun illərdir hər şeydən –  bütün iqtisadi məsələlərdən, beynəlxalq layihələrin hamısından təcrid olunmuş vəziyyətdədir. Bildirilir ki, Ermənistan Azərbaycan torpaqların işğal edib, ancaq vəziyyət elə gətiribdir ki, artıq Ermənistan ermənilərsiz qalmağa məhkumdur.  Ermənistandan miqrasiya axını getdikcə sürətlənir. Ermənistanda qalanlar və Dağlıq Qarabağda qalan ermənilər səfalət içərisindədir. Ermənistanda əsasən cinayətkarlar yaxşı yaşayırlar. Erməni cəmiyyəti yoxsulluq içərisində yaşayır. Bunu beynəlxaq təşkilatlar qeyd edirlər.

Bütün bunların nəticəsi olaraq Serj Sarkisyan devrildi, Ermənistandakı müharibə partiyasının fəaliyyətinə son qoyuldu və əsl himayədarının ünvanını ustalıqla gizlədə bilən Nikol Paşinyan yıxdığı baş nazirin kürsüsünə sahib çıxmağı bacardı. Əlavə edək ki, müxalifətçi deputat Nikol Paşinyan Yerevanda aprelin 13-dən davam edən kütləvi etiraz aksiyalarına rəhbərlik edirdi. Doğrudur, Serj Sarkisyanın mafiyası və beynəlxalq aləmdəki tərəfdarları külli miqdarda maddi vəsaitə malikdirlər. Ancaq onların maddi imkanı baş nazir seçkisini cəmi bir həftə ləngitməyə kömək edə bildi. Mayın 1-də parlament səslərinin çoxunu qazana bilməyən Nikol Paşinyan bir həftə sonra həmin “zirvə”ni fəth edə bildi.

Nikol Paşinyan Ermənistanın yeni söz sahibi oldu. Bəs bundan sonra nə olacaq?  Ermənistanı,  erməni xalqını nə gözləyir? Bundan başqa, heç bir dövlətçilik və idarəetmə təcrübəsi olmayan Nikol Paşinyan Serj Sarkisyan və Robert Koçaryan kimi yüz milyonlar toplamış qaniçən, quldur mafiya başçılarının qarşısında duruş gətirə biləcəkmi? Meydanda onu dəstəkləyənlərin hamısının  yeni hökumətdən pay umacağı təqdirdə vəziyyətdən çıxmaq mümkün olacaqmı? Ermənistanın öz qonşuları--xüsusən, Türkiyə və Azərbaycanla münasibətləri hansı müstəvidə inkişaf edəcək? Ermənistan forpost ölkə olaraq qalacaq, yoxsa Qərbə meyil edəcək? Bütün bunlar hələ cavabı məlum olmayan suallardır. Yəni Ermənistan yağışdan çıxıb, yağmura düşmüş vəziyyətindədir.

Çox güman ki, yaxın günlərdə həmin sualların hamısının olmasa da, bəzilərini cavabını öyrənə biləcəyik. Hələlik isə  politoloq Elxan Şahinoğlunun bəzi mülahizələrini yada salaq: “Ermənistanın yeni baş naziri seçilmiş Nikol Paşinyan parlamentdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycanla danışıqlara hazırdır. Bu azdır, biz onu konstruktiv mövqeyə gətirməliyik. Onun iki yolu var, sülh, əmin-amanlıq və ölkəsi üçün inkişaf arzulayırsa,  keçmiş lideri Levon Ter-Petrosyan kimi münaqişənin “mərhələli həll planı”nı qəbul etməli, xələfləri kimi status-kvonun davamını istəyirsə əvvəlkitək İrəvanda erməni gənclərinin tabutlarını  qarşılamağa hazır olmalıdır. Seçim Paşinyanındır. Onun düşünmək üçün bir neçə ay vaxtı var.

O ki qaldı, baş nazir Paşinyanın daxili siyasətdə atacağı addımlara, onun geniş manevr imkanları yoxdur. Komandasını və proqramını ayaqüstü formalaşdırmalı, islahalatlar aparmaq və sosial durumu normallaşdırmaq üçün əlavə resurslar tapmalıdır ki, o da səfil Ermənistanda yoxdur,  Rusiya isə daha müftə pul vermək istəmir. Paşinyan küçənin vasitəsilə hakimiyyətə gəldi, ölkəsini uçurumdan qurtarmasa elə həmin küçənin təzyiqi ilə də yola salınacaq”.

Bax belə. Ermənistan dövləti və cəmiyyəti bu gün həmişəkindən daha çox suallar və qeyri-müəyyənliklər içərisindədir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında