Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı mühüm rol oynamışdır

9 May – Qələbə Günü

Böyük insan fəlakətinə yol açmış 1941-1945-ci illər müharibəsinin başa çatmasından 73 il ötür. Məhz 9 may tarixində sovet qoşunları və müttəfiqlər Adolf Hitlerin eybəcər rejiminə son qoymuşdular. Milyonlarla insanın məhvinə  səbəb olmuş dəhşətli müharibənin zəfərlə başa çatmasında Azərbaycan xalqı da mühüm rol oynamışdır. 350 min soydaşımız dünyada sülhün bərqərar olması yolunda canından keçmişdi. Bu gün Azərbaycan xalqı 9 May qəhrəmanlarının xatirəsini ehtiramla yad edir və dövlətimiz müharibə veteranlarının qayğısız yaşamaları üçün zəruri sosial müdafiə tədbirləri həyata keçirir.

1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının xüsusi xidmətləri vardır. Təqribən 680 min nəfərdən çox Azərbaycan vətəndaşının cəbhəyə çağırılması məlumdur. Böyük əraziləri əhatə edən müharibə teatrlarında mərdliklə vuruşan soydaşlarımızın qəhrəmanlıqları tarixi sənədlərdə öz əksini tapmışdır. Azərbaycanda yaradılmış 416, 77, 223, 396 və 402-ci diviziyaların döyüş yolu Şimali Qafqazdan başlamış, Berlinə qədər davam etmişdir. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər Moskva, Leninqrad, Kiyev, Stalinqrad uğrunda döyüşlərdə  Ukrayna, Belorusiya və Baltikyanı respublikaların azad edilməsində böyük hünər göstərmişlər.

1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış azərbaycanlı əsgərlərin mülki əhalinin təhlükəsizliyinin müdafiəsində şücaət göstərmələri ilə də tarixə düşmüşlər. Azərbaycanlı təyyarəçi Hüseynbala Əliyevin qəhrəmanlığı bu gün şücaət rəmzi kimi böyüyən nəslə nümunə göstərilir. O, Leninqradı düşmənin hava hücumundan qoruyan zaman 17 ölümcül yara almasına baxmayaraq, təyyarəsini yerə endirməyi bacarmışdı. Bu şücaətinə görə Hüseynbala Əliyev ölümündən sonra  Lenin ordeni ilə təltif olunmuşdu. Daha bir igid soydaşımız İsrafil Məmmədov 1941-ci il  dekabrın 8-də  Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüşlərdə komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin hücumunun qarşısını almışdı. Bu döyüşdə İsrafil Məmmədov 70-dən çox faşist əsgərini məhv etdiyi üçün dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O, bu yüksək ada layiq görülmüş ilk azərbaycanlı kimi tarixə düşmüşdü. Ümumiyyətlə, Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox azərbaycanlı döyüşçü  iştirak etmiş və “Moskvanın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur. Keçmiş SSRİ-nin digər böyük şəhərlərinin müdafiəsində də soydaşlarımız işğalçıların darmadağın edilməsində fərqlənmişdilər.

İkinci dünya müharibəsinin tarixində miqyasına görə dünya döyüş tarixinə düşmüş Stalinqradın müdafiəsi uğrunda vuruşmada  Həzi Aslanovun tank alayı və Baloğlan Abbasovun snayperlər dəstəsi xüsusi igidlik göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Faşistlərlə döyüşlərdə göstərdikləri böyük qəhrəmanlıqlara görə hər iki soydaşımız Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. General Həzi Aslanov Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin faşistlərdən təmizlənməsində göstərdiyi xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını almışdı.

Bundan başqa, soydaşlarımızdan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar Ukrayna şəhərlərinin, xüsusilə də Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya isə Berlinə qədər irəliləmiş və faşist rejiminin süquta yetirilməsinə öz töhfəsini  vermişdi.

77-ci diviziyanın döyüş yollarında Heybət Heybətov, Tərlan Əliyarbəyov, Mahmud Əbilov, Məmmədbağır Bağırov, Hacıbaba Zeynalov, Hüseyn Məmmədov kimi generallar formalaşmış və nümayiş etdirdikləri böyük sərkərdəlik məharəti ilə keçmiş sovet rəhbərliyinin müvafiq mükafatlarına layiq görülmüşdülər. Burada qeyd etmək yerinə düşər ki, müharibə illərində general rütbəsi almış Həzi Aslanov və Yaqub Quliyevlə yanaşı, Heybət Heybətov da bu yüksək hərbi rütbəyə layiq görülmüş üçüncü azərbaycanlı generaldır.  Azərbaycanlı generalın komandanlığı altında diviziyanın Mozdokdan Millerova şəhərinə qədər döyüş yolu keçdiyi məlumdur və Azərbaycan hökumətinin ardıcıl köməyi nəticəsində diviziya müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bilmişdi. 402-ci milli atıcı diviziyanın da Böyük Vətən müharibəsinin uğurla başa çatmasında özünəməxsus rolu olmuşdur.

416-cı diviziyanın keçdiyi döyüş yolu  böyük qəhrəmanlıq salnaməsidir. Belə ki, Kyustrin şəhərinin alınmasında iştirak etmiş bu diviziyanın 1373-cü alayı Berlinin müdafiə xəttini yararaq, aprelin 21-də şəhərin kənarına daxil olmuşdu. 416-cı diviziyanın Berlində keçirdiyi döyüş əməliyyatları hərbi rəhbərlik tərəfindən yüksək qiymətləndirilmişdi. 30 ay fasiləsiz döyüşlər apararaq, Bakıdan Praqaya qədər beş min kilometr məsafə qət etmiş 416-cı diviziyanın zabit və əsgərlərindən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmiş, diviziyanın özü Qırmızı Bayraq və II dərəcəli Suvorov ordenləri ilə təltif edilmişdi. Bir sözlə, Azərbaycanın oğul və qızları faşistlərin məhv edilməsində böyük şücaət göstərmiş və qanlı müharibənin qələbə ilə başa çatmasında  yaxından iştirak etmişdilər. Azərbaycanlı döyüşçülərin partizan dəstələrinin tərkibində Avropanın bir sıra ölkələrində faşistlərə qarşı müqavimət hərəkatında fəal iştirak etmələri və bu prosesdə böyük qəhrəmanlıq göstərmələri də məlumdur. Bu gün də antifaşist mübarizəsində Mehdi Hüseynzadənin, Mirdamət Seyidovun, Cavad Həkimlinin və başqalarının xidmətləri böyük hörmətlə yad edilir.

Azərbaycan xalqının İkinci dünya müharibəsinin müsbət sonluqla yekunlaşmasında iştirakı təkcə igid oğul və qızlarının döyüş meydanına göndərməsi ilə məhdudlaşmadı. Faşistlərin tarix səhnəsindən silinməsində Bakı neftinin də misilsiz rolu oldu. Bu gün tarixçilər etiraf edirlər ki, Bakı nefti olmadan sovet ordusu müharibədə qələbə qazana bilməyəcəkdi. Müharibə illərində sovet ordusunun yanacağa olan tələbatının 80 faizini məhz Azərbaycan ödəmişdi. 1941-ci ildə keçmiş SSRİ-də təqribən 33 milyon ton neft istehsal olunmuşdu ki, bunun da 23,6 milyon tonu Azərbaycanın payına düşürdü. Bundan əvvəl, Azərbaycanda bu qədər neft hasil olunmamışdı. Qeyd etmək yerinə düşər ki, müharibə illəri ərzində Bakıda ümumilikdə 75 milyon ton neft istehsal olunmuşdu ki, bu da ümumittifaq səviyyədə hasil olunan neft həcminin dörddə-üçünə  bərabər idi.

Bundan başqa, neft məhsullarından 22 milyon ton benzin istehsal olunmuşdu. Keçmiş SSRİ-də istehsal olunan aviasiya benzinin təqribən 85 faizi Bakının payına ­düşürdü. Azərbaycandan cəbhəyə 1 milyon tondan artıq B-78 markalı yüksək keyfiyyətli benzin göndərildiyi də məlumdur. Sovet ordusunun məşhur sərkərdələri də Azərbaycan neftinin əhəmiyyətini vurğulayırdılar. Marşal Konstantin Rokossovski xatirələrində yazırdı: “Sovet tankçılarının hər reydində, alman faşist qüvvələri üzərində hər bir qələbədə Bakı neftçilərinin uğur payı var”. Məşhur marşal Georgi Jukov da xatirələrində Bakı neftinin vacib roluna toxunurdu: “Bakı neftçiləri cəbhəyə Vətənimizin müdafiəsi, düşmən üzərində sürətli qələbə üçün nə qədər lazımdırsa, o qədər də yanacaq verirdilər”.

Məhz Azərbaycanın strateji əhəmiyyətini anlayan Adolf Hitler sovet ordusunu yanacaqdan məhrum etmək üçün Qroznı və Bakının neft yataqları üzərində nəzarəti ələ keçirməyi planlaşdırmışdı. Bu məqsədlə nasistlərin lideri 23 iyul 1942-ci ildə “Edelveys” kodu ilə hərbi planı təsdiqləmişdi. Həmin plana görə, almanlar sürətlə hərəkət edərək Qafqazı və Bakını ələ keçirməli idilər. A.Hitler Bakını tutaraq sovet ordusunu yanacaq təminatından məhrum etməklə yanaşı, Azərbaycandan həm də Yaxın və Orta Şərq regionlarına sıçramaq üçün plasdarm kimi istifadə etməyi düşünürdü. Bunun üçün faşistlər əməliyyata böyük texnika və canlı qüvvə ayırmışdılar.

Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər. Stalinqrad döyüşlərində faşistlərin ağır itkiyə məruz qalmaları da A.Hitleri mühasirəyə düşəcəklərindən ehtiyatlanaraq, qoşunlarını Qafqaz regionundan çəkməyə vadar etmişdi. Faşistlərin Qafqazı işğal etmək planı iflasa uğradıqdan sonra  Bakı nefti sovet ordusunun Berlinədək irəliləməsində oynadığı misilsiz rolu davam etdirmişdi. Bir sözlə, yüzlərlə şəhərin və minlərlə kəndin yer üzündən silinməsinə, milyonlarla insanın həlak olmasına səbəb olmuş müharibədə qazanılmış qələbəyə Azərbaycan xalqı müstəsna  töhfə vermişdi.

Bu gün Azərbaycanda da 9 May – Qələbə bayramı qeyd edilir və qanlı müharibədə həlak olmuş 350 min soydaşımızın xatirəsi yad olunur. Bununla yanaşı, hazırda veteranlara dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev veteranlar haqqında belə deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.

Bu siyasət bu gün də davam etdirilir. Veteranlara ­Prezident təqaüdünün verilməsi, onlara birdəfəlik maddi yardımın göstərilməsi, mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriya və xəstəxanalarda pulsuz müalicə olunmaları buna bariz nümunədir. Prezident İlham Əliyev Böyük Vətən Müharibəsində iştirak etmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə 20 fevral 2018-ci il tarixdə sərəncam imzalamaqla veteranlara diqqət və qayğının davamlı olduğunu təsdiqlədi.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında