Heydər Əliyevin əbədiyaşar ideyaları bu gün də, sabah da Azərbaycanın uğurlarının təminatçısıdır

 

 

 

 

 

 

 

 

 

 

 


“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri



“1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır böhran vəziyyətindən çıxış yolu var. O da cəsarətdir, düşünülmüş müstəqil siyasət və addımlardır”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 


Hələ sağlığında canlı əfsanəyə çevrilmiş, adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən müdrik siyasətçi və böyük nüfuza malik dövlət xadimi Heydər Əliyev siyasi uzaqgörənliyi, dərin təfəkkürü, polad kimi mətin iradəsi, iti zəkası, qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti ilə dünyanın nadir şəxsiyyətləri sırasında şərəfli yer tutmuşdur. O, müasir bəşər tarixinin iki müxtəlif ictimai-siyasi quruluşunda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş və siyasi mübarizədə yenilməzliyini ömrünün sonuna kimi qoruyub saxlamağı bacarmışdır. Azərbaycanı dünyaya tanıtmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən edən bu dahi şəxsiyyətin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini həyatımızda hiss edirik.

 

Azərbaycanı müstəqilliyə aparan milli məfkurənin formalaşması

 

Məlum olduğu kimi, xalqın bir millət kimi formalaşmasının əsas şərtlərindən biri onun kimliyinin təməlini təşkil edən milli-mənəvi dəyərlər sisteminə malik olmasıdır. Buna görə də, ulu öndər Heydər Əliyev mövcud reallığı nəzərə alaraq, xalqımızın itməmiş, lakin zəiflədilmiş dəyərlərinin canlandırılması üçün ömrü boyu çalışmış, hətta kommunist rejiminin çətin şəraiti də onu bu yoldan çəkindirə bilməmişdir. Xalqların milli-mənəvi dəyərlərinin zəiflədilərək ümumi “kommunist dəyərlər” sisteminin aşılandığı bir dövrdə Heydər Əliyev xalqımızın zamanın sınaqlarından çıxmış üstün milli-mənəvi dəyərlərinin saxlanılması üçün yorulmadan çalışaraq buna müvəffəq olmuşdur.

Tarixə qısa nəzər salsaq görərik ki, XX əsrin 20-30-cu illərində ermənilərin və qeyri millətlərin bədniyyətli nümayəndələrinin yuva salmış olduğu, xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə hələ sovet rejiminin ən güclü çağında məhz Heydər Əliyev başlamışdır. Odur ki, onun bu sahədəki xidmətləri vətən və xalq qarşısında adi xidmətlər kimi qiymətləndirilə bilməz. Başqa sözlə, Heydər Əliyev 1950-1960-cı illərdə qeyrətli və milli əhval-ruhiyyəli vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısını alır, milli kadrları hər cür təhlükədən qoruyurdu.

Hər kəsə məlumdur ki, 1960-cı illərin əvvəllərində respublika iqtisadiyyatında öz həllini gözləyən çoxsaylı problemlər mövcud idi. Ölkəmizin sənaye potensialı və digər göstəriciləri aşağı səviyyədə olduğu üçün Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi tanınırdı. Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün xalqa əsl rəhbər ola biləcək şəxsiyyətə böyük ehtiyac duyulurdu. 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev xalqımızın milli mənlik şüurunun alovlanmasına təkan verməklə, məqsədyönlü tədbirlər həyata keçirərək respublikamızı qısa müddətdə sürətlə inkişaf etdirdi və nəticədə Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye respublikasına çevrilməklə, Sovet İttifaqında ön sıraya keçərək öz layiqli yerini tutdu. Bununla da, bir çox cəhətdən özünü təmin etməklə, ümumittifaq büdcəsinə böyük töhfələr verən iki respublikadan biri oldu.

 

Peşəkar milli kadrların formalaşdırılması

 

Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr məhdudiyyət yaradırdı. Buna baxmayaraq, totalitar rejimin sərt tələblərinin qüvvədə olduğu bir dövrdə Heydər Əliyev Azərbaycana ilk dəfə olaraq fikir plüralizmi, demokratik düşüncə tərzi, güclü sosial ədalət duyğusu gətirməklə, keçmiş ittifaq rəhbərliyində çalışdığı illərdə müdrik bir siyasətçi kimi Azərbaycanın bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələni əsirgəmədi. Müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı milli kadrların hazırlanması istiqamətində Heydər Əliyevin gördüyü böyük işlər bu müdrik şəxsiyyətin uzaqgörənliyinin parlaq sübutu idi. Bu məsələnin vacibliyini dərindən dərk edən ümummilli lider Heydər Əliyev hələ sovetlər dönəmində, SSRİ-nin iflas təhlükəsi heç kimin ağılına gəlmədiyi bir vaxtda milli kadrların, xüsusilə peşəkar hərbçilərin hazırlanması istiqamətində misilsiz işlər görürdü. Belə ki, o, azərbaycanlı gənclərin hərtərəfli formalaşması üçün onların ali təhsil, o cümlədən xaricdə təhsil almalarına xüsusi önəm verməklə yüzlərlə şəxsin müxtəlif dövlətlərin ali təhsil müəssisələrində, həmçinin ali hərbi məktəblərində təhsil almaları istiqamətində əməli tədbirlər həyata keçirirdi. Digər istiqamət isə ölkə daxilində milli təhsil müəssisələrinin təkmilləşdirilməsi və yeni təhsil ocaqlarının yaradılması idi. Rusiyada fəaliyyət göstərən “Suvorov”, “Naximov” uşaq hərbi məktəbləri ilə yanaşı, milli respublikalar arasında ilk dəfə və yalnız Bakıda da belə bir məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, Heydər Əliyev buna nail oldu və 19 iyul 1971-ci il tarixdə Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hərbçi hazırlamış, SSRİ dövründə ittifaqın hər yerində qeyri-rəsmi olaraq “Heydər Əliyev məktəbi” adlandırılan bu təhsil ocağının ölkəmiz müstəqillik qazandıqdan sonra, milli ordu quruculuğu sahəsində əvəzsiz rol oynaması ulu öndərin siyasi uzaqgörənliyinin bariz təsdiqidir.

Ulu öndər Heydər Əliyev bütün bunlarla kifayətlənməyərək, mütəmadi olaraq, respublikanın təhsil müəssisələrində tədrisin səviyyə və keyfiyyəti ilə maraqlanaraq, bu sahəyə xüsusi diqqət yetirirdi. Bu isə öz növbəsində Azərbaycan gənclərinin təhsilə, xüsusilə ali hərbi təhsilə maraqlarının artmasına səbəb olurdu. Belə ki, onun 7 aprel 1973-cü il tarixdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində olarkən orada təhsilin keyfiyyəti və azərbaycanlı kursantların sayı ilə maraqlanması, tədrisin səmərəliliyi və yerli kursantların sayının artırılması barədə göstərişləri qısa zaman kəsiyində Azərbaycanın müxtəlif bölgələrindən gənclərin hərbi məktəblərə cəlb olunmalarına, nəticədə onların peşəkar hərbçi kimi yetişmələrinə böyük təsir göstərdi.

Bununla da, ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı.

 

Ədalətin bərpası və haqqın zəfəri

 

Azərbaycan inkişaf edib yüksəldikcə, onun rəhbərinin də nüfuzu artırdı. Heydər Əliyevin ali vəzifələrə seçilməsi, ardıcıl olaraq, ən yüksək fəxri adlar alması, habelə onun bilavasitə himayədarılğı ilə xalqımızın çoxsaylı mədəniyyət, incəsənət, elm xadimləri və digər ziyalılarına Sovetlər İttifaqının fəxri adları və mükafatlarının verilməsi, onların yüksək vəzifələrə təyinatı xalqımızı nə qədər qürurlandırırdısa, tarixi düşmənlərimiz olan erməniləri bir o qədər məyus edirdi. Bununla belə, onlar ilk vaxtlar bunu büruzə vermir, təfəkkür-tərzlərinə xas olan yaltaqlıqla vəziyyətdən çıxmağa çalışırdılar. 1982-ci ildə dahi öndərimizin ittifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə–SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi ermənilər üçün növbəti ağır zərbə oldu. Yeni vəzifənin də öhdəsindən xüsusi peşəkarlıqla gələn müdrik rəhbər Heydər Əliyevin şöhrəti artdıqca, ölkə rəhbərliyinin yüksək eşelonunda əyləşənlərin də ona qarşı qısqanclıq hissləri güclənirdi və bu ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra açıq-aşkar nəzərə çarpırdı. Yaranmış fürsətdən istifadə edən ermənilər onun vəzifədən uzaqlaşdırılması üçün hər vasitəyə əl atırdılar. 1987-ci ilin oktyabrında Heydər Əliyev vəzifədən istefa verməyə məcbur oldu. Həmin dövrdə ölkədə yenidənqurma pərdəsi altında bir-birindən mürəkkəb proseslər baş verirdi. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyası da ortaya atıldı. Buna qədər Heydər Əliyev amili, onun gücü, dəmir iradəsi və qüdrəti erməni millətçilərini bu kimi təxribatlardan çəkindirirdi. Təsadüfi deyildir ki, erməni millətçiləri Dağlıq Qarabağ məsələsini 1987-ci ildə, Heydər Əliyevin siyasi rəhbərlikdən getməsindən heç iki həftə keçməmiş qaldırmaqla onun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi fikrini ortaya atdı, bununla əlaqədar Xankəndidə və Ermənistanda fasiləsiz mitinqlər başlandı. Azərbaycanın o vaxtkı rəhbərliyi bu təxribatların qarşısında aciz olduğundan öz qətiyyətli mövqeyini ortaya qoya bilmədiyi üçün, həmin məsələ böyük bir problemə çevrildi və Azərbaycanın ağrılı illəri başladı. Bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları ölkəmiz üçün ciddi çətinliklər yaradırdı. Baş verənlərdən ən faciəlisi isə “Qanlı yanvar” qırğını və torpaqlarımızın işğal olunması idi. Sözsüz ki, o dövrdə Heydər Əliyev hakimiyyətdə olsaydı bu hadisələrin heç biri baş verməzdi. Əfsuslar olsun ki, Azərbaycanın o zamankı rəhbərliyi baş verənlərin qarşısını almaq üçün heç bir iş görməməklə günahsız insanları qurban verdi.

Məlumdur ki, o vaxta qədər Heydər Əliyevin yenidən fəal siyasətlə məşğul olmaq niyyəti yox idi. Bununla belə, ümummilli lider baş verənlərə biganə qala bilməzdi. Odur ki, “xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”-deyən ulu öndərin hər bir təhlükəni gözaltına alaraq, heç nədən və heç kəsdən çəkinmədən 1990-cı ilin sərt qış günlərində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib, respublikada “20 Yanvar” faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən son dərəcə cəsarətli və qətiyyətli bəyanatla çıxış etməklə, Azərbaycan xalqının yanında olduğunu bildirməsi, yeni tarixi epoxanın başlanğıcında Heydər Əliyevin müstəqillik uğrundakı mübarizəsinin mesajı olmaqla çox böyük əhəmiyyət kəsb edirdi.

Təbii olaraq bundan sonra ona qarşı təzyiqlər və təxribatlar kampaniyası geniş vüsət aldı və həmin kampaniya daxilində hətta onu həbs etmək belə istədilər. Buna baxmayaraq, o, heç nədən və heç kimdən çəkinməyərək Azərbaycana üz tutsa da, ona Bakıda yaşamağa imkan verilmədiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana qayıtdı və orada xalq onu böyük təntənə ilə qarşıladı. Qeyd olunmalıdır ki, həmin vaxt ermənilərin məkirli niyyəti, həmçinin Naxçıvanın da işğalına yönəlsə də, Heydər Əliyev buna imkan verməyərək Naxçıvanı qorudu və müstəqilliyin əldə edilməsi yolunda həlledici addımlar atdı. Məhz onun təşəbbüsü ilə ilk dəfə olarq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edildi və Azərbaycanın Ali Məclisinə bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması ilə müstəqilliyə doğru gedən yolda çox ciddi addımlar atıldı.

Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol müdrik liderin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvandan başlamışdır.

 

Xalqın iradəsinin təntənəsi, itirilmək təhlükəsində olan müstəqilliyin xilası

 

Hadisələrin məntiqi davamı olaraq, 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən, ulu öndər Heydər Əliyevin xalq arasında hörmət və siyasi nüfuzuna söykənməklə, bilavasitə onun liderliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyasının siyasi arenaya gəlməsi Azərbaycanda bütün məsələlərin demokratik və sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan çox mühüm bir hadisə idi.

Yeni Azərbaycan Partiyası öz düzgün fəaliyyəti, bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində qısa zaman kəsiyində, 1993-cü ildə iqtidar partiyasına çevrildi. Azərbaycan xalqı növbəti dəfə müdrikliyini göstərib öz dahi rəhbərinə üz tutaraq onun hakimiyyətə gəlməsini təkidlə tələb etməklə Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsinə şərait yaratdı. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, bu partiya nəinki Azərbaycanda, həmçinin Cənubi Qafqazda ən böyük partiyadır.

Azərbaycanı və xalqını canından çox sevən ulu öndər Bakıya gəldi. Lakin Azərbaycan və Bakı onun 1982-ci ildə qoyub getdiyi məkan deyildi. Eynən, vaxtilə Napoleon qalibiyyətli “Misir yürüşü”ndən sonra Fransaya qayıdanda gördüyü və Fransa Respublikasının hökumət rəhbərlərinə “Mənim çiçəklənən vəziyyətdə qoyub getdiyim Fransanı nə kökə salmısınız? Sizə sülh qoyub getdim, qayıdanda müharibə tapdım! Sizə İtaliyanın milyonlarını qoyub getdim, qayıdanda soyğunçu qanunlar və səfalət tapdım!”-deməklə təsvir etdiyi mənzərə ilə rastlaşan Napoleondan fərqli olaraq, ümummilli lider abad etdiyi ölkəni qayıdıb bərbad görəndə şikayətlənmədi, əksinə daha böyük cəsarət və həvəslə ölkəni bu dərin böhrandan, əslində dövlətçiliyi və müstəqilliyi itirmək təhlükəsindən xilas etmək üçün qısa müddət ərzində vətəndaş müharibəsinin dayandırılmasına nail oldu. Bundan sonra, Azərbaycanda sabitliyin bərpasını təmin etdi və böyük islahatların başlanmasına rəvac verdi. İndi hər bir Azərbaycan vətəndaşı çox gözəl bilir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, nəinki bugünkü möhtəşəm Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi.

 

Güclü iqtisadiyyat müstəqilliyin mühüm şərtidir

 

Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Ulu öndər üçün bu kəlam gəlişigözəl söz yığını deyildi. Çünki, onun üçün Vətənə–Azərbaycana xidmət həyatın, yaşamın özü idi və buna görə də o, ömrünün qalan hissəsini də xalqına həsr etdi. Hələ dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə Heydər Əliyev yeni iqtisadi sistemə keçidin zəruriliyini bəyan etməklə yanaşı, eyni zamanda keçid prosesində əhalinin sosial maraqlarının təminatını, xüsusən aztəminatlı insanların sosial müdafiəsini, iqtisadi potensialın ilk növbədə xalqın rifahına yönəldilməsini dövlətin strateji vəzifələrindən biri kimi qarşıya qoymuşdu. Heydər Əliyevin strategiyası bazar iqtisadiyyatına keçid şəraitində aparılan islahatların əhalinin rifahına mənfi təsirinin son dərəcə azaldılmasını və köklü iqtisadi islahatlar şəraitində etibarlı sosial müdafiə sisteminin qurulmasını tələb edirdi.

Hər kəsə məlumdur ki, Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan vətəndaş müharibəsindən xilas oldu, atəşkəs haqqında saziş imzalandı, əks halda, həmin vaxtlarda Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ olardı. Ancaq bütün bunlara baxmayaraq, ulu öndər 1994-cü ilin sentyabr ayında Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyəti olan “Əsrin müqaviləsi” kimi bir müqavilənin imzalanmasına nail oldu. Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi olan Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini də öz əlləri ilə qoymuşdur. Bundan sonra, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidməti idi.

Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsinin həyata keçirilməsi işində Heydər Əliyevin təşəbbüsü və gördüyü işlər müstəsna əhəmiyyətə malikdir. Əsas məqsədi Qədim İpək Yolunun bərpasından, Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan bu böyük layihənin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin müstəsna əhəmiyyətini dərk edən Heydər Əliyev, bütün qüvvəsini əvvəlcə BTC layihəsinin, sonra isə digər mühüm layihələrin reallaşdırılmasına yönəltmişdir. Tarix onun bu uzaqgörənliyini qısa bir zamanda təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim “İpək Yolu”nun bərpası, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn müdrik siyasəti olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə xidmət edirdi.

Azərbaycan iqtisadiyyatının son 20 illik inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev məntiqindəki "müstəqillik-iqtisadiyyat" dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə həmişə aktualdır, həmçinin dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış edir. Müstəqil şəraitdə, heç kimə ümid bəsləmədən iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, təkcə siyasi-mənəvi deyil, həm də yüksək milli gəlir əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt hesab edən Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizə yiyələnək və bu sərvətlərdən istifadə edərək xalqımızın daha yaxşı yaşamasına nail olaq".

Qeyd olunmalıdır ki, Azərbaycanın müstəqil dövlət kimi varlığı və inkişafı üçün respublikanın iqtisadi potensialı əsas şərt sayılsa da, bu potensialdan səmərəli istifadənin çox mühüm əhəmiyyət kəsb etməsi ulu öndər tərəfindən dəfələrlə vurğulanmışdır. Fəxrlə deyə bilərik ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımız Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində formalaşmışdır. Mövcud iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağın zəruri olduğunu bildirən Heydər Əliyev, bunu iqtisadiyyatın inkişafı, nəticədə ölkəmizin qüdrətlənməsinin və vətəndaşlarımızın rifahının yüksəldilməsinin əsas şərti kimi qiymətləndirirdi. İslahatlar aparılarkən xarici ölkələrin təcrübəsindən bəhrələnməyi daim tövsiyə etməklə yanaşı, həmin işdə kortəbii ehkamçılığa və tələskənliyə qarşı çıxan Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına uyğun olaraq təşkil olunmaqla yerli şərait, milli xüsusiyyətlər və ənənələr nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan üçün xarakterik xüsusiyyətlər nəzərə alınmaqla iqtisadi islahatların yüksək peşəkarlıqla aparılması sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi. Dünya təcrübəsi də bunu təsdiq edir ki, islahatların müvəffəqiyyəti düşünülmüş, əsaslandırılmış strategiya və taktikadan başqa, bir çox sosial-siyasi və ideoloji amillərdən də asılıdır.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı.

 

Hüquqi islahatlar dövlət quruculuğunun ayrılmaz tərkib hissəsidir

 

Məlum olduğu kimi, 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlığa qarşı mübarizə gücləndirilərək qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu barədə danışılarkən ulu öndərin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanının misilsiz rolu xüsusi vurğulanmalıdır. Bu sahədə aparılan islahatlar, o cümlədən sözügedən fərman hüquq-mühafizə orqanlarını qanunların pozulması hallarına, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər etməklə, “cəzanın labüdlüyü” prinsipinin real təmin olunması istiqamətində ən ciddi tədbirlər görülməsini təmin etdi. Məhz müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında “Heydər Əliyev Konstitusiyası” adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Heydər Əliyevin təşəbbüsü və şəxsi nəzarəti ilə həyata keçirilən islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirildi. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən bəhrələnərək, xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla mühüm işlər gördü. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə atılan addımların səmərəsini daha da artırdı.

 

Bağışlamaq güclülərə xas olan xüsusiyyətdir

 

1993-cü ilin iyun ayından ölkəmizdə icrasına moratorium qoyulmuş ölüm cəzası 10 fevral 1998-ci il tarixdə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edildi. Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən ən mühüm kefiyyətlərdən biri də onun siyasətinin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması idi. Geniş ürəyə və zəngin mənəviyyata malik olan Heydər Əliyev təqsirkarları qanunvericiliyə uyğun olaraq cəzalandırmağın tərəfdarı olsa da, onun xeyirxahlığı, insanpərvərliyi bəzi hallarda cinayətkarları bağışlamağa sövq edirdi. Azərbaycan
Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da qeyd olunanaların əyani göstəricisidir. Xüsusi vurğulanmalıdır ki, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, eyni zamanda onun təşəbbüsü ilə bu dövrdə qəbul edilmiş “Amnistiya haqqında” Milli Məclisin yeddi qərarı 60 mindən artıq şəxsə şamil edilmişdir.

 

Ulu öndər keyfiyyətcə yeni prokurorluq yaratdı

 

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması da, ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı–ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Müstəqil Azərbaycanın ali qanununda ilk dəfə olaraq ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi də Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin icrasının nəticəsi idi. Dahi rəhbərin qanunvericilik təşəbbüsü əsasında qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə “1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü”nün təsis edilməsi isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olmuşdur. Ulu öndər Heydər Əliyevin prokurorluğun, özünün dediyi kimi, çətin və şərəfli işini, həmçinin dövlətçiliyə olan sədaqətini dəyərləndirməklə, onun fəaliyyətinə yüksək qiymət verməsi hər bir prokurorluq işçisini qürurlandırmaqla bərabər, onların üzərinə daha böyük məsuliyyət qoymuşdur.

 Prokurorluğa göstərilən dövlət qayğısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 27.09.2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” da bu qayğının bariz təzahürüdür. Azərbaycan Prokurorluğunun tarixində inkişafın, təkmilləşmənin və hərtərəfli müasirləşdirmənin təməlini qoyan bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, fəaliyyətinin daha səmərəli təşkili, digər hüquq-mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsi, eləcə də, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratdı. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi də öz fəaliyyətində daim ümummilli lider Heydər Əliyevin ideyalarını və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin idarəçilik prinsiplərini rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini tələb edilən səviyyədə həyata keçirməklə Silahlı Qüvvələrdə qanunçuluğun və hərbi intizamın daha da möhkəmləndirilməsinə çalışır. Ulu öndər tərəfindən əsası qoyulmuş və möhtərəm Prezidentimizin uğurla davam etdirdiyi ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq son illərdə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı kəskin şəkildə azalmış, döyüş bölgələrində fərarilik cinayətlərinin kökü tamamilə kəsilmişdir.

 

Azərbaycanın parlaq gələcəyinə hesablanmış müdrik tövsiyə və xalqın seçimi

 

Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətindən biri də odur ki, o, zəngin idarəçilik irsi yaratmaqla, gələcək nəsillərin bundan yararlanması üçün geniş imkanlar açmışdır. Bu da ondan irəli gəlirdi ki, xalqımızın taleyi Ümummilli lideri daim düşündürən əsas məsələ idi. Bu səbəbdəndir ki, 2003-cü ildə Azərbaycan xalqı ölkənin gələcək taleyi ilə bağlı onun məsləhətinin intizarında olarkən, ulu öndər Azərbaycanın gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsi ilə xalqı düz yola istiqamətləndirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərə sonsuz inamı olan xalq verilən dəyərli tövsiyədən bəhrələnərək düzgün seçim etməklə, Azərbaycan xalqının bitib-tükənməz sevgisini qazanmış cənab İlham Əliyevi özünə lider seçdi.

Təbii və qanunauyğun bir haldır ki, bu gün də Azərbaycana ümummilli liderimizin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş və Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirən İlham Əliyev kimi müdrik lider, qətiyyətli şəxsiyyət və hərtərəfli biliklərə malik siyasətçi rəhbərlik edir.

 

Uğurların məntiqi və dinamik inkişaf

 

Möhtərəm Prezidentimiz İlham Əliyev dövlət idarəçiliyinin möhkəm təməl prinsipləri əsasında Azərbaycanın sürətlə qüdrətlənməsini özünəməxsus peşəkarlıqla təmin etməklə yanaşı, onun yüksək templə inkişafını bu gün uğurla həyata keçirir. Belə ki, inkişafın başlıca strateji əsaslarından olan ictimai-siyasi sabitlik və təhlükəsizlik mühiti yüksək səviyyədə təmin edilir, ölkə iqtisadiyyatı durmadan güclənir, ordumuz müasir tələblərə uyğun daha mükəmməl qurulur, iqtisadi mənfəətin dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, informasiya texnologiyalarının son nailiyyətləri həyatımızın ayrılmaz hissəsinə çevrilir. Təsadüfi deyil ki, ölkəmizin uğurları beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatlarında MDB ölkələri sırasında son illərdə Azərbaycanın liderliyini ardıcıl olaraq qoruyub saxlaması da bunun bariz nümunəsidir.

Bütün bunlarla yanaşı, ölkədə aparılan demokratik islahatlar da getdikcə daha geniş vüsət almaqla insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, tolerant bir mühit, vətəndaş cəmiyyəti formalaşdırılır. Buna görə də, hər bir vətəndaş dövlətlə sıx əlaqədə olmaqla onunla olan münasibətlərdə müəyyən edilmiş hüquq və vəzifələrini, mənsub olduğu dövlətin bugününə və gələcəyinə görə daşıdığı məsuliyyəti daha düzgün dərk edir.

Müstəqilliyin atributlarından sayılan Silahlı Qüvvələrin formalaşdırılması, bu gün qürur duyduğumuz Azərbaycan Ordusunun nailiyyətləri ulu öndər Heydər Əliyevin müdrik siyasətinin böyük uğurlarındandır. İftixar hissi ilə deyə bilərik ki, Milli Ordumuz dövlətimizin təhlükəsizliyini, əhalinin əmin-amanlığını ləyaqətlə qoruyur. Hər kəsə məlumdur ki, 2016-cı ilin aprel ayının 2-dən 5-dək təcavüzkar Ermənistanın silahlı qüvvələri işğal altında saxladıqları ərazilərimizi bir qədər də genişləndirməyə ciddi cəhd göstərdi. Silahlı Qüvvələrimizin mövqelərinə doğru irəliləmək üçün təxribatlara əl atan işğalçılar atəşkəsi ciddi şəkildə pozaraq geniş müharibə təhlükəsi yaratdı. Hərbçilərimiz böyük peşəkarlıq və şücaət göstərərək nəinki öz mövqelərini qoruya bildi, hətta düşməni mövqelərindən geri çəkilməyə məcbur etməklə, bir sıra mühüm strateji məntəqələri işğaldan azad etdi. Bu döyüş əməliyyatlarında Azərbaycan hərbçilərinin göstərdiyi peşəkarlıq və qəhrəmanlıq ordumuzun yüksək döyüş ruhunu və qabiliyyətini, torpaqlarımızı azad etməyə hər an qadir olduğunu və qələbə əzmini əyani nümayiş etdirdi. Bütün bunlar, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətinin, ordumuzun qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsi idi. Bu döyüşlər həm də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına əlverişli şərait yaratmaqla, böyük qayıdışın başlanğıcı oldu.

Azərbaycanın yüksək templə hərtərəfli qüdrətlənməsindən danışarkən dərin elmi bilikləri, geniş düşüncəsi, peşəkar idarəçilik qabiliyyəti, davranışı, xalqına və həyat yoldaşına olan sədaqəti, bir sözlə, əsl Azərbaycan xanımına xas müsbət cəhətləri ilə bütün dünya qadınlarına örnək olan Mehriban xanım Əliyevanın dövlət və xalq qarşısında genişmiqyaslı xidmətləri haqqında danışmamaq mümkün deyil. Onun ölkənin Birinci vitse-prezidenti kimi mühüm dövlət postuna təyin edilməsi də hazırkı inkişafımızın daha da sürətlənməsinə və milli maraqlara hesablanmış bir qərar idi. Heç kəsə sirr deyil ki, xalqımızın qəlbində Mehriban xanıma dərin, misilsiz inam və etimad var. İnsanların öz dərd-səri ilə bağlı müraciətlərinin çox böyük bir hissəsinin ona ünvanlanması bunun aşkar göstəricisidir. Təbiidir ki, bu həm də dövlətimizin ədalətinə və gücünə olan inamdır. Möhtərəm Prezidentin sosialyönümlü siyasətinin həyata keçirilməsində də
Mehriban xanımın zəhməti və fəaliyyəti misilsizdir. Sözsüz ki, onun bundan əvvəl iştirak etdiyi xarici və daxili siyasətdə bütün dünyada etiraf olunan fəaliyyəti hazırda yeni statusda daha yüksək səmərəliliklə davam edir, bu da öz növbəsində xalqımızın və dövlətimizin yeni uğurları üçün xüsusi əhəmiyyət kəsb etməkdədir.

Tarixi proseslərin təhlili və müxtəlif dövrlərin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, varislik prinsipinə riayət edilmədən xalqın rifahına xidmət edən ideyalar məcmusunun reallaşmasının və dinamik inkişafının davamlı xarakter alması mümkün deyil. Belə ki, bu halda mövcud olan mütərəqqi ideyalar aşınmalara məruz qalaraq məhvə məhkum ola bilər. Buna görə də, müdrik və uzaqgörən, xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil qaydada, demokratik prinsiplər əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün çox vacib amildir. Bu mənada siyasi sələfindən estafet kimi qəbul etdiyi strateji inkişaf kursunu yeni müstəvidə zənginləşdirməklə müasir dövrün tələblərinə uyğun şəkildə yüksək dinamizmlə reallaşdıran möhtərəm Prezidentimiz İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədləri gördüyü işlərlə doğrultmaqla, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır. Zəngin elmi biliyi, yüksək erudisiyası, uzaqgörən düşüncəsi, möhkəm siyasi iradəsi, qətiyyəti, praqmatizmi, nümunəvi idarəçilik qabiliyyəti, təvazökarlığı, sadəliyi və ən əsası Heydər Əliyev siyasi kursunun etibarlı qarantı olması ilə xalqın sonsuz rəğbətini qazanmış cənab İlham Əliyevin 11 aprel 2018-ci il tarixdə keçirilmiş Prezident seçkilərindəki növbəti parlaq qələbəsi dediklərimizi bir daha təsdiq etdi. Onun seçkilərin nəticələri elan olunduqdan sonra qələbəsini ilk olaraq məhz sadə insanlar arasında qeyd etməsi də xalqa bağlılığın parlaq təcəssümü idi. 18 aprel 2018-ci il tarixdə keçirilmiş andiçmə mərasimində “...Bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir. Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik, gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır. Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə dəfə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir...”- deyən cənab İlham Əliyevin növbəti inamlı nitqi isə hər bir azərbaycanlını qürurlandırmaqla xalqda özünəgüvən hissini bir qədər də artırdı.

Möhtərəm Prezidentimiz İlham Əliyevin özünü hər zaman xalqın birinci xidmətçisi kimi bəyan etməsi də məhz Heydər Əliyev ideyalarına, onun siyasi irsinə sədaqətin göstəricisidir. Xalqına bağlılığını və xalqla iqtidar arasında olan sıx birliyi təcəssüm etdirən belə bir optimist mövqenin 2003-cü ildən bəri getdikcə daha da möhkəmləndirilməsinin nəticəsidir ki, respublikamız sürətlə inkişaf edir. Bu isə xalqda belə bir əminlik yaradır ki, Azərbaycan xalqının lideri cənab İlham Əliyevin rəhbərliyi ilə təkcə özümüzün deyil, bütün dünyanın, hətta uğurlarımıza qısqanclıqla yanaşan rəqiblərimizin də etiraf etdiyi nailiyyətlərimiz bizə hər dəfə daha yüksək zirvələr fəth etməyə imkan verəcəkdir. Möhtərəm Prezidentimizin dərin zəkaya, yüksək erudisiyaya, zəngin dövlətçilik təcrübəsinə, polad kimi möhkəm iradəyə, öz xalqına sonsuz məhəbbətə və bəşər övladına qarşı humanizmə əsaslanan idarəçiliyinin nəticəsidir ki, əhali və ərazi cəhətdən böyük olmayan Azərbaycan dövləti çağdaş dünyanın sayılıb-seçilən, sadəcə regionun deyil, bəşəriyyətin mühüm problemlərinin həllində söz sahibi olan ölkəyə çevrilmişdir.

Cənab Prezident öz fəaliyyəti ilə sübut etdi ki, millətin əzəməti və qüdrəti onun sayı ilə deyil, liderinin böyüklüyü ilə ölçülür.

Qürurumuzu artıran daha bir amil ondan ibarətdir ki, xalqımızın və dövlətçiliyimizin taleyində misilsiz rolu olan, müasir Azərbaycanın qurucusu və onun müstəqilliyinin memarı, ölkəmizi davamlı inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş əvəzsiz tarixi şəxsiyyət–ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd edilməklə, əbədiyaşar liderimizin xatirəsi dərin ehtiramla anılır.

Qətiyyətlə deyə bilərik ki, fədakar həyatı, çoxşaxəli və möhtəşəm fəaliyyəti ilə "Dünyanın ən böyük azərbaycanlısı" adını qazanmış ulu öndərimizin əziz xatirəsi dünya tarixində və hər bir vicdanlı azərbaycanlının qəlbində əbədi olaraq qalacaqdır.

Xanlar VƏLİYEV,
Azərbaycan Respublikasının Hərbi prokuroru, 
ədliyyə general-leytenantı

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında