Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti

Ümummilli lider Heydər Əliyev Şərqdə ilk müsəlman demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verməklə yanaşı, cümhuriyyətin qurucularının fədakar və misilsiz mübarizəsini çox yüksək qiymətləndirirdi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyətdən sonra süquta uğrasa da, müstəqillik ideyası 70 illik sovet imperiyası dövründə millətimizin qəlbində və şüurunda yaşamışdır.

Respublikamız sovetlər imperiyasının tərkibində olduğu dövrdə  ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının müstəqil Azərbaycan dövləti ideyalarını həyata keçirmək istiqamətində çox böyük işlər görmüşdür. Belə ki, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, hərbi kadrların hazırlanması üçün hərbi məktəblərin yaradılması, milli – mədəni dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi gələcək müstəqil Azərbaycan dövlətinin ilkin rüşeymləri idi.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ideyasının həyata keçiriləcəyinə öz varlığı kimi inanır və həmin vaxtın yaxınlaşmasını aydın görərək bu istiqamətdə müdrikliklə, böyük ustalıqla iş aparırdı. Onun müstəqil Azərbaycan dövlətinin qurulması istiqamətində apardığı iş xalqımızın uzun illər qəlbində yaşatdığı azadlıq ideyalarını daha da gücləndirirdi.

Sovet imperiyasının mövcudluğu dövründə, 1990-cı ilin  noyabrında Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, muxtar respublikanın adından sovet sosialist sözlərinin çıxarılması, üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi barədə respublika Ali Soveti qarşısında vəsatət qaldırması olduqca müdrik, cəsarətli və uzaqgörən bir addım idi.

1993-cü ilin kəşməkeşli iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyəti qurucularının  müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi  bünövrəsini qoydu, ölkəni parçalanmadan və müstəqilliyimizi itirilmə təhlükəsindən qorudu. Möhkəm təməllər üzərində qurulan Azərbaycan Respublikası artıq dünyanın önəmli və müasir ölkələrindən birinə çevrilərək dünya birliyində öz layiqli yerini tutub.

Ümummilli lider Heydər Əliyevin 10 illik prezidentlik dövründə gördüyü işlər xalqımızın tarixi-hüquqi yaddaşını özünə qaytardı, müstəqil dövlətçilik ənənələrinin inkişafına təkan verdi. Bu dövr Azərbaycan dövlətinin qurulması ilə yanaşı, ölkədə demokratiyanın inkişafı, insan haqlarının qorunması, siyasi-iqtisadi və sosial islahatların reallaşdırılması ilə əlamətdardır. Uzun illər ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çalışan, bu dahi şəxsiyyətin həyata keçirdiyi misilsiz işlərin bilavasitə iştirakçısı olmuş bir insan kimi demək istəyirəm ki, o fəaliyyətinin bütün dövrlərində Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucularının fəaliyyətlərinə çox böyük önəm verirdi. Rəsmi dövlət tədbirlərində və söhbətlərində cümhuriyyətin qurucularını böyük hörmət və ehtiramla  xatırlayaraq onların hər biri haqqında müsbət fikirlər söyləyirdi.

Yadımdadır 1994-cü ilin əvvəllərində Heydər Əliyev YAP İdarə Heyətinin iclasında bir qrup tarixçinin iştrakı ilə dövlət bayramı günü ilə əlaqədar məsələni müzakirə edirdi. Müzakirədə iştirak edənlərin bəziləri Səfəvilər, bəziləri Atabəylər, Qaraqoyunlular və Ağqoyunlular, başqa bir qrup isə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin önəmini vurğulayırdılar. Ulu öndər Heydər Əliyev birmənalı olaraq mayın 28-nin Respublika Günü kimi qeyd olunmasını təklif etdi.

Ulu öndər Heydər Əliyev demişdir: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini,  Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir.”

Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin keçirilməsi, dərsliklərdə, milli ensiklopediyada həmin dövrün geniş və dolğun əks etdirilməsi, xarici ölkələrə səfərlər zamanı cümhuriyyət qurucularının  məzarlarının ziyarət edilməsi dövlətin öz tarixinə sahib çıxmasının nümunəsidir.

1991-ci il mart ayının 7-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında millət vəkili Heydər Əliyev SSRİ-nin dağılmasının, müstəqil Azərbaycan dövlətinin yaranmasının labüdlüyü haqqında çox geniş və olduqca məzmunlu tarixi çıxış etdi,  gələcək dövlət müstəqilliyimizin təmin edilməsinin aydın proqramını xalqa çatdırdı.

Sovet imperiyasının dağılması ərəfəsində yaranmış tarixi şərait və xalqımızın qəlbində yaşatdığı tarixi müstəqillik arzularına uyğun olaraq apardığı mübarizə nəticəsində Azərbaycan 1991-ci il oktyabrın 18-də ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Həmin dövrdə öz müstəqilliyini bəyan edən  Azərbaycan dövlətinin  möhkəmlənməsinin qarşısının alınması üçün bəzi xarici qüvvələr və daxildə olan imperiyapərəst ünsürlər böyük maneələr və problemlər  yaratmağa başladılar. Ermənistanın əsassız torpaq iddiası ilə bağlı Azərbaycana hərbi təcavüzü, separatçı qüvvələrin ölkənin cənubunda və şimalında baş qaldırması, daxildə müxtəlif təxribatlar törədilməsi ölkədə mürəkkəb vəziyyət yaratdı.

O vaxtkı hakimiyyətin səriştəsizliyi, hərc-mərclik, Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf yeddi rayonun işğalı, insanların öz doğma yurd – yuvalarından didərgin düşməsi nəticəsində 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi, separatçı qüvvələrin ölkəni parçalamaq cəhdləri müstəqil Azərbaycan dövlətini böyük təhlükəyə məruz qoymuşdu. 

Yaranmış ağır böhran vəziyyətində xalq böyük dövlətçilik və idarəçilik təcrübəsi olan, tarixi sınaqlardan çıxan Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün müasir tariximizə Milli Qurtuluş Günü  kimi yazıldı. Bu günün müstəqillik tariximizdə və taleyimizdə oynadığı rol illər ötdükcə daha aydın dərk olunur. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində yeni era açdı.

Müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə çox uğurlu xarici siyasət aparıldı, ilk növbədə qonşu ölkələr - Rusiya Federasiyası və İran İslam Respublikası ilə diplomatik əlaqələrdə olan gərginlik aradan qaldırıldı. Sonrakı illərdə isə dünyanın inkişaf etmiş bütün dövlətləri ilə diplomatik əlaqələr yaradıldı və əməkdaşlıq haqqında ölkəmizin maraqlarına xidmət edən ikitərəfli sazişlər bağlandı.

Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, Avropa Şurasının,  Avroatlantika Tərəfdaşlıq Şurasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür.

Əvvəllər Azərbaycanın Avropa Şurasına qəbul edilməsində müəyyən süni əngəllər yaradılırdısa, Heydər Əliyevin bu sahədə apardığı gərgin və səmərəli iş öz bəhrəsini verdi və  2001-ci ildən Azərbaycan Avropa dövlətləri sırasında öz layiqli yerini tutdu və Avropa evinin tamhüquqlu etibarlı sakininə çevrildi.

Ulu öndər Heydər Əliyev ilk növbədə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ciddi kadr islahatları apararaq mühüm dövlət vəzifəsinə təcrübəli və səriştəli kadrlar təyin etməklə olduqca çevik, işgüzar və monolit komanda yaratdı. Ümummilli lider həmin dövrdə respublikamızın müstəqilliyinin təmin olunması və dövlət quruculuğu ilə bağlı ən mühüm məsələləri geniş müzakirə edərək bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirirdi.

İlk növbədə ölkədə ictimai-siyasi sabitlik yaradıldı, işğalçı qüvvələrin hücumlarının qarşısı alındı, ölkənin iqtisadi potensialından səmərəli istifadə olundu, torpaqlarımızı qorumağa və işğal altında olan ərazilərimizi azad etməyə qadir olan çox qüdrətli ordu yaradıldı. Əminliklə deyə bilərik ki, Azərbaycan ordusu artıq öz qüdrətini göstərir. O dövrdə atəşkəsin əldə olunması respublikamız üçün zəruri idi. Məhz bu imkandan istifadə edən ölkə başçısı müstəqil dövlətin ilk Konstitusiyasının qəbuluna və parlament seçkilərinin keçirilməsinə nail oldu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi. 

Azərbaycan Respublikasının 1995-ci ildə demokratik əsaslarla seçilmiş ilk parlamenti gərgin və səmərəli fəaliyyət göstərərək müxtəlif qanunlar və qərarlar qəbul etdi, müstəqil dövlətimizin qanunvericilik bazası təkmilləşdirildi. Artıq respublikamızda olduqca işgüzar, təkmilləşmiş parlamentarizm təcrübəsi formalaşıb. Məhkəmə hüquq sistemində də əsaslı islahatlar aparılıb və ölkədə Konstitusiya Məhkəməsi və üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir.

İqtisadi islahatları dərinləşdirmək və respublikamızın iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədilə dövlət idarəçilik sistemi yenidən quruldu, Nazirlər Kabinetinin səlahiyyət və funksiyaları bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırıldı.

Müstəqil Azərbaycanın iqtisadi yüksəlişinə, onun əhalisinin güzəranının yaxşılaşdırılmasına və sosial problemlərin həllinə güclü təkan verən amillərdən ən başlıcası məhz ulu öndər Heydər Əliyevin böyük bacarıq və uzaqgörənliklə həyata keçirdiyi iqtisadi islahatlardır. Respublikada aparılan ardıcıl məqsədyönlü iqtisadi islahatların mühüm nəticələrindən biri də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün şəraitin yaradılması yolu ilə iqtisadiyyatın gücləndirilməsi,  əhalinin rifahının yüksəldilməsi  olmuşdur.

Həyata keçirilən uğurlu siyasət çox qısa bir zamanda iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. 1996-cı ildən başlayaraq Azərbaycanda inflyasiyanın səviyyəsi 2-3 faizdən yuxarı qalxmırdı. 1996-cı ildə  ümumi daxili məhsulun artım sürəti 1,3 faiz,  1997-ci ildə 5,8 faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10 faiz təşkil etmişdir.

Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nəticəsində ümumi daxili məhsulda qeyri – dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 30 faizdən 2003-cü ildə 73 faizə çatmışdır. Hazırda kənd təsərrüfatı məhsulunun 99 faizi özəl bölmədə istehsal olunur.

Əmək haqlarının, pensiya və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət son illər ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin etmişdir.1995-2003-cü illərdə orta aylıq əmək haqqı və pensiyaların həcmi 6 dəfədən çox artmışdır.

Müasir dünyada Azərbaycanın öz layiqli yerini tutmasında ulu öndərin əvəzolunmaz bəşəri xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanmasının çox böyük önəmi, müstəsna əhəmiyyəti vardır. Heydər Əliyevin dahiyanə uzaqgörənliklə mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ölkəmizə böyük uğurlar gətirib. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektoruna məxsus karbohidrogen ehtiyatlarının xarici neft şirkətləri ilə birgə mənimsənilməsinə dair “Əsrin müqaviləsi” adlı nəhəng kontraktın imzalanması ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsi idi. Neft amilini müstəqilliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın digər sahələrinin tərəqqisi, xalqın rifahının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü vasitə və ən əlverişli mənbə adlandıran ulu öndərimiz tam əmin idi ki, biz bu vasitədən səmərəli və məqsədyönlü istifadə etməklə yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirəcəyik.

“Əsrin müqaviləsi ” çərçivəsində həyata keçirilən qlobal layihələr, o cümlədən Bakı – Tbilisi – Ceyhan neft, Bakı – Tbilisi – Ərzurum qaz boru kəmərlərinin tam gücü ilə fəaliyyət göstərməsi iqtisadi dividendlər – milyardlarla dollar həcmində mənfəət gətirməklə yanaşı, Azərbaycanı regionun lider dövlətinə, siyasi güc mərkəzlərindən birinə çevirib. Təsadüfi deyil ki, bu gün BTC haqlı olaraq onun yaradıcısı olan Ümummilli liderimizin adını daşıyır. Bu qəbildən olan digər Transmilli layihələr Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrilərək ölkəmizin dünya iqtisadi məkanına sürətli inteqrasiyasına  əlverişli zəmin yaradır.

Beləliklə, Heydər Əliyevin rəhbərliyi altında 1993-2003-cü illər ərzində Azərbaycan Xalq Cümhuriyyətinin axıra çatdıra bilmədiyi mühüm tədbirlər reallaşdırıldı. Ölkədə möhkəm ictimai-siyasi sabitliyə nail olundu, ölkənin iqtisadiyyatı gücləndi, qüdrətli ordu yaradıldı.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı 16 may 2017-ci il tarixli sərəncamı və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ” ili elan olunması varislik ənənələrinə və müstəqil dövlət ideyalarına sədaqətin bariz nümunəsidir.

Prezident İlham Əliyev demişdir: “Bu il biz müstəqilliyimizin yüz ilini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkədir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib , öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan  müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik dəyərlərinə sadiq olmasının bariz nümunəsidir.”

Ötən illər ərzində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirib. Azərbaycan dövlətinin daxili və xarici siyasəti dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilir.

Müstəqil Azərbaycan dövləti bu gün regionda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin,  Bakı – Tbilisi –Qars dəmir yolunun  işə düşməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsidir.

2012-ci ildən başlayaraq Azərbaycan qazını böyük həcmdə Avropa bazarlarına çıxarmaq məqsədilə böyük iqtisadi əhəmiyyətə malik Cənub Qaz Dəhlizinin çəkilişinə başlanıb. Qoyulan sərmayənin çox böyük hissəsi xarici təşkilatlar və banklar tərəfindən həyata keçirilib və böyük dividendlər gətirəcək layihə bu il istifadəyə veriləcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar, Azərbaycanın gələcəyi üçün tarixi əhəmiyyət daşıyır və vaxt keçdikcə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir. Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqlarına sülh, əmin-amanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycanın nəinki regionda, eləcə də dünyadakı siyasi nüfuzunu, iqtisadi qüdrətini daha da artırır. Bütün kənar  təzyiqlərə baxmayaraq,  Azərbaycan bu layihənin həyata vəsiqə almasına nail oldu və  bununla da regionu yalnız enerji layihələri ilə deyil, həmçinin nəhəng nəqliyyat infrastrukturu ilə birləşdirdi. Beləliklə, Azərbaycan Avropa və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir. Təsadüfi deyil ki, bu gün dünyada, xüsusən Qərbin enerji bazarında Azərbaycanın xüsusi yeri var.

Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə çalışan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına  layiqli töhfə verir. Dünya ölkələri, xüsusən də Qərb enerji təhlükəsizliyi məsələlərində Azərbaycanla əməkdaşlığı genişləndirmək marağını açıq şəkildə ortaya qoyub. Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz-Baltik-Aralıq dənizləri və Avropa
İttifaqı regionunda enerji əməkdaşlığı istiqamətində genişmiqyaslı iş aparılır. Cənub Qaz Dəhlizinin həyata keçirilməsində TANAP qaz layihəsinin reallaşdırılmasında da Azərbaycanın önəmli strateji rolu danılmazdır.

Müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu daim artmaqdadır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət nəinki keçmiş ittifaq respublikaları,  eləcə də bütün region üçün bir nümunə, model sayıla bilər. Azərbaycan müstəqil, tarazlaşdırılmış, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsinə, Qərbə-Avroatlantik strukturlara, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib.

 2011-ci ilin  оktyаbr аyındа gənc  Аzərbаycаn dövlətinin 155 ölkənin səsini qаzаnаrаq dünyаnın ən nüfuzlu təşkilаtı sаyılаn BMT Təhlükəsizlik Şurаsının qeyri - daimi üzvü sеçilməsi və ölkə Prezidenti İlham Əliyevin bu mötəbər təşkilatın kürsüsündən iclasa sədrlik etməsi müstəqillik tariximizin yaddaqalan, qürurverici məqamıdır. 2013-cü ildə ilk “Аzərspаcе - 1”, 2015- ci ildə “Аzərspаcе - 2”  süni pеyklərimizin kоsmоsа çıхаrılmаsı, 2015-ci ilin iyun аyındа I Аvrоpа Oyunlarının Bakı şəhərində  keçirilməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkə olmasının bariz nümunəsidir.

Bakı şəhərində İstiqlaliyyət abidəsinin ucaldılması Xalq Cümhuriyyətinin tarixi fəaliyyətinə və onun qurucularının adlarının əbədiləşdirilməsinə dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin ideallarına sadiqliyinin əyani göstəricisidir.

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu, onun maddi – texniki bazasının möhkəmləndirilməsi və ordunun müasir silahlarla təchizatı artıq öz bəhrəsini verir. İlham Əliyevin apardığı gərgin iş sayəsində dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın bir çox beynəlxalq təşkilatlar, o cümlədən  Avropa Şurası tərəfindən işğalçı dövlət kimi tanınması, yürütdüyü təcavüzkar siyasətin pislənilməsi Azərbaycanın diplomatik qələbəsidir. İndi ölkəmizin qarşısında yalnız bir problem Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dayanır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəinki Azərbaycan üçün, həm də Cənubi Qafqaz regionunun təhlükəsizliyi baxımından böyük maneədir. Son on beş il ərzində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv edilərək 245 min məcburi köçkün yeni inşa olunmuş müasir qəsəbələrə köçürülmüş, hər cür şəraiti və lazımi avadanlığı olan fərdi evlərlə təmin olunmuşdur.

Ali Baş Komandan, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ordu quruculuğuna çox böyük diqqət göstərilir. Müharibə şəraitində olan ölkəmiz üçün güclü, qüdrətli ordu yaradılması olduqca vacibdir. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən Ermənistandan qat - qat güclüdür, bölgədə ən qüdrətli orduya malikdir və Azərbaycanın hərbi xərcləri bütövlükdə Ermənistanın büdcəsinə bərabərdir.

Münaqişənin sülh yolu ilə həllinə üstünlük verməsinə, sülhsevər siyasətinə baxmayaraq, Azərbaycan istənilən yolla öz torpaqlarını işğaldan azad edəcək. Prezident İlham Əliyev Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır. Odur ki, bu taleyüklü problemin məhz inkişaf və güclü dövlət prizmasından həlli daha aktualdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu   2016-cı ilin aprel ayında  erməni işğalçı qüvvələrinin təxribatlarının qarşısını alaraq 4 günlük döyüşlərdə silahlı qüvvələrimizin döyüş qabiliyyətini əyani nümayiş etdirdi. Ordumuz Goranboy rayonu yaşayış məntəqələrinə və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndinin ətrafındakı yüksəklikləri, eləcə də Seysulan yaşayış məntəqələrini erməni silahlı qüvvələrindən azad etdi. Füzuli rayonunun olduqca strateji əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyi geri qaytarılmışdır. Ağdərə- Madaqiz istiqamətində yollara nəzarət tam ordumuzun nəzarətinə keçdi.

Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması tam təmin edildikdən sonra yaşayış məntəqəsi  yenidən qurulmuş və insanlar öz doğma yurdlarına qayıtmışlar.

Xalqımız əmindir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyəcək, işğal altında olan ərazilərimiz azad ediləcək, qaçqın və məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar və Azərbaycan BMT tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edəcək.

Möhtərəm İlham Əliyevin 15 illik Prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri  və iştirakçıları kimi qəti əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində bir neçə on illərə bərabər sürətli inkişaf yolu keçib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasət düzgün istiqamətdədir.

Azərbaycanın bugünü və gələcək taleyi baxımından önəmli tarixi hadisə olan 11 aprel Prezident seçkiləri yaddaşlara iqtidar xalq birliyinin daha bir parlaq təcəssümü, xalqımızın öz liderinə olan sonsuz inam və etibarının, dərin məhəbbətinin əyani təsdiqi kimi həkk olundu. Azərbaycan seçicilərinin iradəsi və beynəlxalq təsisatların rəyi ondan ibarətdir ki, tam aşkarlıq, demokratik, azad və şəffaf şəraitdə keçirilən
Prezident seçkilərində Azərbaycan vətəndaşları dövlətçilyimizin daha da möhkəmlənməsinə, demokratiyanın inkişafına və özlərinin  firavan gələcəyinə yekdilliklə səs verdi.

Yusif Hümbətov,
“Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri,
YAP İdarə Heyətinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında