Ermənistanda mayın 8-dən sonra nə baş verəcək: yeni üsyan dalğası, yoxsa silahlı qarşıdurma?

Bu gün Ermənistan parlamenti baş nazir seçilməsi üçün yenidən toplaşır. Xəbər verildiyi kimi, müxalifət lideri Nikol Paşinyanın mayın 1-də parlamentdə keçirilən seçkilərdə baş nazir seçilməsi baş tutmadı. Bundan sonra işğalçı ölkədə genişmiqyaslı aksiyalar davam etdirildi. Politoloqların fikrincə, mayın 1-də Ermənistan parlamentinin keçirdiyi xüsusi iclasda gözlənilən ssenari oldu və ölkənin baş naziri postu yenə də boş qaldı. Hadisələrin gedişi də təsdiqlədi ki, parlament faktiki qarşıdurma yolu tutdu. “Yelk” (“Çıxış”) deputat blokundan baş nazirliyə yeganə namizəd Nikol Paşinyanın namizədliyi dəstəklənmədi. Ölkədə ikihakimiyyətlilik sona yetmək əvəzinə, daha gərgin mərhələyə keçdi.

Xatırladaq ki, N.Paşinyanın baş nazir seçilməsi üçün 53 deputatın səsi kifayət idi. “Yelk”, “Sarukyan” blokları və daşnakların hesabına Paşinyan cəmi 45 səs toplaya bildi.  Paşinyana səs verməyənlər bunu onun savadsızlığı, dövlət idarəçiliyində fəaliyyətinin olmaması ilə əlaqələndiriblər. Baxmayaraq ki, Ermənistanda “rəngsiz” inqilabın lideri kimi tanınan N.Paşinyan parlamentdə çıxış etdi və ölkənin qarşısında duran əsas problemlərlə bağlı mövqeyini açıqladı, ancaq onun çıxışını qəbul etməyənlər də çox idi. Həmin şəxslər bu çıxışın Paşinyanın arxasında dayananlar tərəfindən hazırlandığını bildirdilər. Onu da qeyd etdilər ki, baş nazir olmaq sevdasına düşmüş Paşinyan verdiyi vədləri yerinə yetirmək iqtidarında deyil. Onun ən böyük xidməti odur ki, ölkəni Serj Sarkisyan əsarətindən, zülmündən xilas edib.

N.Paşinyan isə hələ də baş nazir olmağa israrlı və ümidlidir. O, Respublikaçılar Partiyasının da ona dəstək verəcəyini vurğulayıb. Deyib ki, Vaqram Baqdasaryan mənimlə görüşdə təsdiq etdi ki, onlar məni dəstəkləyəcəklər. Bunu fakt hesab etmək olar”. Buna baxmayaraq, ekspertlər bildirirlər ki, mayın 8-də Paşinyan yenə də Respublikaçılar Partiyasının sürprizi ilə qarşılaşa bilər. Çünki parlamentdə əsas çoxluğu təşkil edən respublikaçılardır.

Mayın 1-də baş tutmayan seçkilərdən sonra ölkədə kütləvi etiraz aksiyası başlandı. Ermənistanın qonşu dövlətlərlə giriş-çıxış yolları bağlandı. İrəvan, demək olar ki, tam blokadadadır. Vəziyyətin getdikcə gərginləşdiyini görən hakim Respublikaçılar Partiyası növbəti seçkilərdə müxalifətin irəli sürəcəyi namizədi dəstəkləyəcəyini bəyan etdi. Xatırladaq ki, Nikol Paşinyanla “Sarukyan” blokunun lideri Haqik Sarukyanın görüşündən sonra müxalifətin namizədinin yenə də Paşinyan olduğu açıqlandı. Hər şey mayın 8-də keçiriləcək parlamentin xüsusi iclasında həll olunacaq.

N.Paşinyan və tərəfdarları Respublikaçılar Partiyasının mayın 1-də keçirilmiş iclasdakı səsverməni bir daha təkrarlamayacağına ümid edirlər. Politoloqlar isə 8 may seçkisində də hakim partiyanın eyni yolu tutacağını bildiriblər. Çünki partiyanın fəallarından bir neçəsi bildirb ki, Nikol Paşinyanın Ermənistana rəhbərlik etməsini özlərinə və erməni xalqına təhqir hesab edirlər.

Erməni şərhçilərin qənaətinə görə, respublikaçıların güzəştə getməsinin səbəbi ölkədə başlanan etiraz aksiyasının qarşısını almaqdır. Əslində, partiyanın üzvləri üzdə özlərini geri çəkilən kimi göstərir, bu hərəkətləri ilə vaxt qazanmağı düşünürlər. Onlar Serj Sarkisyan və Robert Koçaryanın Moskvaya səfər etmələrinin yekununu gözləyirlər. Belə qənaətdədirlər ki, sabiq prezidentlərin Moskvaya səfəri vəziyyəti dəyişdirə və prosesdə həlledici rol oynaya bilər. Bütün bunların nəticəsi isə parlamentdə bu gün keçiriləcək baş nazir seçkisindən sonra bəlli olacaq: ya yeni üsyan dalğası başlayacaq, ya da qruplaşmalar arasında silahlı münaqişə.

Baş nazir vəzifəsinə yeganə namizədin Nikol Paşinyanın olması da narazılıq yaradıb. Çünki işğalçı ölkədə onun bu vəzifənin öhdəsindən gələ biləcəyinə ümid yoxdur. Bildirilir ki, ölkədəki anarxiya və xaos daha da dərinləşəcək. Parlamentin daimi komissiyalarından birinin üzvü Gevork Kastanyan isə deyib ki, yeni baş nazirin məsələsi praktiki olaraq həllini tapıb. Onun deməsinə görə, Paşinyanın hökumət başçısı postuna gəlməsi ilə heç nəyi dəyişməyəcək. Bunu onun mayın 1-də parlamentdəki çıxışı da təsdiqləyir: “ Xatırlayırsınızsa, o, Ermənistanın yeni hakimiyyətinin xarici siyasətdə dəyişikliklər etmək niyyətində olmadığını söylədi. Dedi ki, Ermənistan mənim baş nazirliyim dönəmində də Avrasiya Birliyi və KTMT-nin üzvü olaraq qalacaq. Guya bu, təkcə bir nəfərin yox, ümummilli hərəkatın məntiqi mövqeyidir. Bildirdi ki, Rusiya Ermənistanın strateji tərəfdaşıdır və ümumxalq hərəkatı Ermənistan-Rusiya münasibətlərinə təhdid yaratmır. Sonra dedi ki, Avropa Birliyi və üzvləri ilə münasibətləri dərinləşdirəcək, Avropa Birliyi ilə viza rejiminin liberalizasiyasına çalışacaq. ABŞ-la dostluq münasibətlərinin yeni stimula ehtiyacı var. Çinlə münasibətləri inkişaf etdirəcəyik və bildirdi ki, bu istiqamət çox vacibdir”.

G.Kastanyan deyib ki, onsuz da bu gün Ermənistan həmin siyasəti yeridir. Demək, Paşinyanın yeni idarəçilik metodu yoxdur: “O, dövlət idarəçiyində heç bir təcrübəyə malik deyil. Ona görə də baş nazir vəzifəsi onun üçün çox çətin olacaq. Paşinyanı dəstəkləyən şəxslər unutmamalıdır ki, o, baş nazir seçilərsə, ondan sonra ölkədə baş verənlərə məsuliyyət daşıyacaqlar. Nələrin baş verəcəyi isə Paşinyanın seçkisi baş tutandan sonra məlum olacaq”.

Komissiya üzvü xatırladıb ki, təkrar baş nazir seçkisində Paşinyanın namizədliyini üç müxalifət fraksiyası –“Sarukyan”, “Yelk” və “Daşnaksütyun” fraksiyaları irəli sürüb. Hakim Respublikaçılar Partiyası isə bəyan edib ki, onlar namizəd irəli sürməsələr də, Paşinyanın azı 35 səslə namizədliyi irəli sürüləcəyi halda, ona səs verəcəklərini vəd ediblər. Əgər bütün siyasətçilər verdikləri vədə əməl etsələr, o zaman Ermənistanda keçid dövrü başlayacaq və Nikol Paşinyanın komandası Seçki Məcəlləsində dəyişiklik edərək, Respublikaçılar partiyasının onlar üzərində qələbə qazanmasının qarşısını alacaq. Bundan ötrü növbədənkənar parlament seçkiləri keçirmək zərurəti yaranır.

Ermənistan mətbuatının verdiyi məlumata görə, bu gün keçiriləcək baş nazir seçkisində Paşinyanın qələbə qazanması ehtimalı yüksəkdir. Çünki parlamentdə onu dəstəkləməyənlərə qarşı təzyiqlər başlayıb. Siyasi şərhçilərin yazdıqlarına görə, Paşinyanın arxasında dayanan gözəgörünməz qüvvə artıq təzyiq vasitələrinə keçib. “Daşnaksütyun” Partiyasının fəal üzvü Arvam Vardanyan artıq belə bir təzyiqin yükünü çəkir. O, siyasi təşkilatdan uzaqlaşdırılıb, mayın 1-də parlamentdə keçirilən seçkilərdə Paşinyana səs vermədiyinə görə cəzalandırılıb. Bundan sonra Arvam Vardanyan deputat mandatından da imtina etmək məcburiyyətində qalıb. Bir qrup etirazçı isə deputat Karen Arzumanyanın evinin qarşısında toplaşaraq, ona qarşı sərt fikirlər səsləndirmiş və hədə - qorxu gəlmişdir. Etirazçıların bu addımı Arzumanyanın Paşinyana qarşı müxalif mövqedə dayandığına görə atılıb.

İşğalçı ölkədəki anarxiya və xaos getdikcə dərinləşir. Siyasi şərhçilər Ermənistanda daha təhlükəli və qorxulu hadisələrin baş verəcəyindən təlaşlanıblar. Ehtimal edilir ki, əgər Paşinyan bu dəfə də baş nazir seçilməsə, qarşıdurma silahlı münaqişəyə çevriləcək və bu da insan tələfatı ilə nəticələnəcək.

Bir tərəfdən isə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyanın tələm-tələsik kadr islahatına başlaması vəziyyəti daha da kəskinləşdirib. Hökumətin xarici əlaqələr üzrə idarə rəisini, mətbuat xidməti rəhbərini və protokol xidmətinin rəisini tutduqları vəzifədən azad etməsi də həmin şəxslərin Nikol Paşinyanı dəstəkləmələri ilə əlaqələndirilir. Bundan başqa, Gümrüdəki dövlət universiteti və Yerevandakı orta təhsil müəssisələrinin biri qarşısında aksiyalar keçirilib. Bu barədə məlumat verən yerli kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, həmin təhsil müəssisələrinin rəhbərləri hələ də Serj Sarkisyanın şəklini başları üzərindən asıblar və Ermənistanda baş verən hadisələrin bir qrup öyrədilmiş quldur dəstəsi tərəfindən törədildiyini bildiriblər.

Etirazçıların ­nümayəndəsi – analitik İqor Muradyan “Aravot” qəzetinə müsahibəsində deyib ki, 2016-cı il aprelin əvvəllərində cəbhədə baş verənlər Ermənistana, onun başında dayanan Serj Sarkisyana, onun komandasına alçaldıcı hərbi məğlubiyyət gətirdi. Bu məğlubiyyətdən sonra Serj Sarkisyan erməni xalqından üzr istəyib sakitcə getməli idi. Ancaq Sarkisyan özünü elə apardı ki, guya məğlub olan Ermənistan yox, qarşı tərəfdir. “Bu əməliyyatlar həm də onu göstərdi ki, Ermənistan hakimiyyəti, silahlı qüvvələri zəif və qorxaqdır, xarici siyasət yürütmək iqtidarında deyil. Ermənistan alçaldıcı məğlubiyyətə uğrayıb və xaricilər bizim ölkəni itaətkar boyunduruğuna salaraq, elə bir vəziyyətə gətiriblər, ki, harada göstərsələr, orada dursun. Ermənilər təkcə döyüş meydanında uduzmadılar, onlar daha böyük miqyasda uduzdular və gülünc kukla vəziyyətinə düşdülər. Ölkəni bu hala salan Serj Sarkisyan və onun komandası oldu. Biz Ermənistanın müstəqilliyini görmürük və bunu hiss etmirik. Əvvəlki illərdə olduğu kimi, yenə də Rusiyanın əsarətindəyik. Onların hər bir tapşırığı Sarkisyan üçün qanundur. İndi getsin öz cəzasını çəksin”.

Analitikin fikrincə, ölkəni iflic vəziyyətinə salmış Serj Sarkisyan və onun komandası asanlıqla canlarını qurtarmamalıdırlar. Onlar törətdikələri cinayət əməllərinə görə qanun qarşısında cavab verməlidirlər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında