Şuşaya qayıdacağımız günü səbirsizliklə gözləyirik

 

 

 

 

 

 

 

 

 


İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Novruz bayramı münasibətilə
keçirilən ümumxalq şənliyindəki çıxışından

Bakı, 19 mart 2018-ci il

 


Talenin qismətidir ki, biz ermənilər kimi qəsbkar, işğalçı, separatçı, terrorçu bir xalq ilə qonşuluqda yaşamalı olmuşuq. Bu bədnam insanlar regiona köçüb gələndən indiyədək elə bir il olmayıb ki, hansısa xəyanətə əl atmasınlar. Onların gah Türkiyədə, gah Azərbaycanda, gah da hansısa başqa bir ölkədə fitnə-fəsad törətməsi bu xalqa bədnam imic qazandırıb. Amma bu da həqiqətdir ki, ermənilərin fitnə-fəsadlarından ən çox zərər çəkən məhz Azərbaycandır.

Ötən əsrin son onilliyində- dövlət müstəqilliyimizi bərpa etdikdən sonra düşmənlərimiz və bədxahlarımız bizə 1920-ci il ağrılarını yenidən yaşatmaq istəyirdilər. Çalışırdılar ki, milli dövlətçiliyimiz əldən getsin, ölkəmiz parçalansın, Azərbaycanın daha bir neçə rayonu ermənilər tərəfindən işğal edilsin. Çox təəssüf ki, ermənilər və onların havadarları buna çalışdılar və ərazilərimizin xeyli hissəsinin işğalına nail oldular.

Xalqımız ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışına nail ola bilməsəydi, bədxahlarımızın qarşıya qoyduğu bütün vəzifələr reallaşacaq və bugünkü qüdrətli Azərbaycan dövlətindən əsər-əlamət qalmayacaqdı. Hər halda, itkilərimiz oldu və onlardan biri də on illər boyu üzünə həsrət qaldığımız laçın qayalı, qartallar yuvası olan Şuşadır. Ümummilli liderimiz Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

Bu gün Şuşa şəhərinin işğalının növbəti ildönümüdür. 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadratkilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirmişdilər. Şəhərin intensiv artilleriya atəşinə tutulması səhər saat 6-dək davam etmiş, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücuma keçmişdi. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılmışdır.

Mütəxəssislər hesablayıblar ki, bu qədim diyarımızın işğal edilməsi ilə çox şey itirmişik. Şəhərin işğalı nəticəsində isə 480 günahsız vətəndaş qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min insan öz yurdundan didərgin düşmüşdür. Müvafiq qurumların məlumatlarına əsasən qeyd edilir ki, əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilmişdir. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla, bütövlükdə 279 dini, tarixi və mədəni abidə aiddir.

Artıq BMT-də, UNESCO-da və bütün beynəlxalq təşkilatlarda hamıya məlum olduğu kimi, ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv etmiş və ya son on ildə erməniləşdirmişlər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıtmışlar.

Tarixçilər yazırlar ki, bu işğalın təməli hələ ötən əsrin səksəninci illərinin ikinci yarısından - ulu öndər Heydər Əliyevin Moskvada yüksək vəzifələrindən kənarlaşdırılmasından sonra qoyulmuşdu. Həmin tarixdən sonra Dağlıq Qarabağın işğalı planı hissə-hissə həyata keçirilməyə başlanmış və Şuşa da bu xəyanətin qurbanı omuşdur. Sovet hakimiyyəti dövründə Dağlıq Qarabağ məsələsi bir neçə dəfə qaldırılsa da, ermənilər və onların himayədarları məqsədlərinə nail ola bilməmişdilər. Odur ki, onlar müəyyən tarixi məqamı gözləməyə məcbur olmuş, XX əsrin 80-ci illərinin sonlarında SSRİ hökuməti, xüsusilə onun başında duranların Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşmiş, Ermənistan ərazilərimizə hərbi təcavüzə başlamışdır.

Həmin qanlı hadisələrin şahidi olan şuşalılar danışırlar ki, ermənilər bu təcavüzə terror aktları ilə başlamışdılar. Belə ki, düşmən 1989-cu il avqustun 13-də Şuşaya gələn su kəmərini partlatmış, ayın 17-də Əsgəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa hücum etmiş, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşını karvanı ermənilər tərəfindən atəşə tutulmuşdur. Həmin il oktyabrın axırı, noyabrın əvvəllərində Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsilmiş və şəhər blokada vəziyyətinə düşmüşdür.

Şuşanın işğalının tarixçəsini özündə əks etdirən sənədlərdə isə göstərilir ki, sonradan bu terror, təxribat və xəyanət hadisələri intensivləşmiş, 1992-ci il mart ayının sonu, aprelin əvvəllərindən başlayaraq, Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanmışdı. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən “Qrad”, “Kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutulmuş və bu, səhərə qədər davam etmişdi. Şəhər ayın 8-də axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirmişdilər.

O dövr üçün ən müasir hesab edilən texnika ilə başlayan hücumlar nəticəsində son tunc və ilk dəmir dövrü abidələri – Şuşa və Şuşakənd daş qutu qəbirləri, Daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə aid Şuşa qalasının divarları, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin məqbərəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıquluların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin evi, Realni məktəbin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və sair tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilmiş və ya dağıdılmışdır.

Beynəlxalq aləmdə mövcud olan ikili standartların tətbiqi nəticəsində hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsinə nail ola bilmirik. Ancaq bəşər tarixində heç bir haqsızlıq, ədalətsizlik daimi ola bilməyib. Təbii ki, ermənilərin də bu baxımdan elə bir şansı yoxdur. Əslində, onlar heç zaman Azərbaycanın hansısa ərazisini işğal etmək iqtidarında olmamışlar. Sadəcə, güclü himayədarlarının dəstəyi nəticəsində həmişə qonşu torpaqlarından faydalanmışlar. İndi isə başqa zamandır. İndi azərbaycanlıların güclü dövləti də var, qətiyyətli lideri də, qüdrətli ordusu da. Odur ki, düşmən tapdağında olan bütün torpaqlarımız kimi, Şuşanın da işğaldan azad ediləcəyi günü hamımız birlikdə görəcəyik. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim dövlət bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. İnşallah!

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında