Ulu öndərlə görüşün unudulmaz təəssüratı

Həyatda elə hadisələr olur ki, bütün ömrün boyu  yaddaşdan silinmir və o unudulmaz anları tez-tez xatırlayır, hafizəndə canlandırırsan. Bu günlərdə yolum Cəlilabada düşmüşdü. Abadlıq, quruculuq işləri məni məftun etdi. Ayaq saxladım, ulu öndər Heydər Əliyevin
rayon mərkəzində gül-çiçəyə qərq olmuş xiyabanda ucaldılmış möhtəşəm heykəlini ziyarət edib, önündə baş əydim.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı digər rayonlarımızda olduğu kimi, Cəlilabadın da simasını dəyişdirib. Abadlaşdırılmış, asfaltlanmış küçələr, meydançalar, xiyabanlar göz oxşayır. Kəndarası yollar təmir olunur, rayonda yeni iş yerləri açılır, fermerlər, iş adamları üçün hərtərəfli şərait yaradılır. Rayon mərkəzində yaşayış evləri, yeni məktəblər inşa olunur, köhnələri təmir edilir. Hər addımında yeniliyin və tərəqqinin şahidi olursan...

Ümummilli liderimizin abidəsi önündə bir qədər fikrə daldım.

Ulu öndər Heydər Əlirza oğlu Əliyev! Taix boyu əbədi anılacaq görkəmli və nəhəng bir şəxsiyyət! Həmişə həyatı bahasına, Vətəni və milləti naminə qeyri-adi işlər görmüş, möcüzələr yaratmış bir insan! Millətin iftixarı, müdrik siyasətçi, misilsiz, unudulmaz xidmətiylə sevilən dahi, təkrarolunmaz bir düha! Müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı!

Xəyal məni 36 il əvvələ – Heydər Əliyevin Azərbaycan  KP MK-nın birinci katibi kimi Cəlilabadda olarkən onun qəbulunda olduğum, yaddaşımdan silinməyən anlara apardı.

1982-ci ilin yay ayları idi, Azərbaycan Yazıçılar İttifaqında ədəbi jurnalın şöbə müdiri vəzifəsində çalışırdım. Heydər Əliyevin səfərə çıxdığı hökumət qatarı ilə Xanlar, Göygöl və Cəlilabad rayonları üzümçülərinin zona müşavirəsinə mənim də gedəcəyimi bildirmişdilər. Elə bu dəm xəyalən 5 il əvvəli xatırladım. 1977-ci ilin əvvəlləri idi. Azərbaycan Yazıçılar Birliyinin orqanı, ermənicə “Krakan Azərbaycan” (“Ədəbi Azərbaycan”) jurnalında erməni müəllifin bir povesti çap olunmuşdu. Povestdə təsvir olunurdu ki, guya Şəmkir dağlarında seyrə çıxan iki erməni bir-biri ilə söhbət edirlər. Xaricdən gələn erməni yerli erməniyə sual verir: “Bu cənnət erməni torpağında sizdən başqa daha kim yaşayır?” Yerli erməninin cavabı belə olur: “Burada bizdən başqa, bir də turk yatağanları yaşayırlar”.

Bu, respublikada böyük əks-səda doğurdu. Jurnalda Azərbaycan əleyhinə yazılmış povestin çap olunduğunu eşidən Heydər Əliyev dərhal qəti göstəriş verdi ki, ermənicə jurnal üçün bir nəfər azərbaycanlı yazıçı, Azərbaycan KP MK-nın orqanı, qəzeti üçün isə bir nəfər jurnalist seçilməlidir. Tapşırmışdı ki, onlar hər iki dili mükəmməl bilən, zəngin biliyi və geniş həyat təcrübəsi olan bacarıqlı qələm sahibləri olmalıdır. Həmçinin hər iki qələm sahibinin redaksiyaların ştatında yer alması barədə göstəriş verilmişdi. Ulu öndər Heydər Əliyev qətiyyətlə xəbərdar etmiş və tapşırmışdı ki, bundan sonra xalqımızın və respublikamızın əleyhinə bir daha nə yazarlar, nə də jurnalistika sahəsində fəaliyyət göstərən qələm sahibləri belə hərəkətlərə yol verməməlidirlər.

Beləliklə, mən ermənicə “Krakan Azərbaycan”  jurnalına öz vəzifə ştatımla tənqid-publisistika şöbəsinin müdiri vəzifəsinə daimi işə göndərildim.

Ən maraqlı və təəccüblüsü bu oldu ki, Azərbaycan  Respublikası Ali Sovetinin deputatı, ermənicə “Krakan Azərbaycan”  jurnalının baş redaktoru Samvel Qriqoryan məni vəzifəyə qəbul edərkən ərizəmin üzərində dərkənarı “ədəbi işçi vəzifəsinə təyin edilsin” kimi yazdı. Erməni  ki, erməni. Azərbaycan Yazıçılar Birliyinin katibi, rəhmətlik İsaq İbrahimov onu başa saldı ki, ay insan, Əli müəllimin jurnalda şöbə müdiri ştatı barədə birbaşa Heydər Əliyev yoldaş şəxsən özü göstəriş verib və onun tapşırığı mütləq yerinə yetirilməlidir.

Jurnalist Qafar Mehdiyevi (Çaxmaqlı) isə Azərbaycan KP MK-nın orqanı olan ermənicə “Kommunist” qəzetinin redaksiyasına daimi işə təyin etdilər.

Azərbaycanda yaşayan ermənilər bu iki aparıcı mətbuat orqanı olan jurnalın və qəzetin redaksiyalarına Əli Vəkilin və Qafar Çaxmaqlının işə qəbul olunmaları əleyhinə Moskvaya, Lenin mavzoleyinə ünvanlanmış minlərlə şikayət məktubu göndərdilər. Bütün ərizə və şikayətlər Heydər Əlirza oğlu Əliyevdən idi.

Lakin erməni daşnakları ulu öndərə heç nə edə bilmədilər.

Çünki o, cəsarətli bir siyasi xadim, qətiyyətli, dahi bir xalq adamı idi! Misilsiz və millətsevər qeyrətli bir rəhbər idi! Kremldə də sözü keçən dahi şəxsiyyət idi!..

Qeyd etdiyim kimi, 1982-ci ilin yayında Heydər Əliyevin səfərə çıxdığı qatara məni də dəvət etdilər. Axşam ulu öndər Bakı dəmir yolu vağzalında hamımızla səmimi salamlaşdıqdan sonra qatara mindi. Xanlar rayonuna yola düşdük. Səhər tezdən Heydər Əliyevin gərgin, məhsuldar, yaddaqalan iş günü başladı. İsti yay günündə sahələri gəzən, üzümçülərlə görüşən, faydalı məsləhətlər verən görkəmli rəhbər yorulmaq bilmirdi. Onun Xanlar üzümçüləri ilə görüşləri axşam rayon mədəniyyət sarayında keçirdiyi ümumrayon müşavirəsi ilə yekunlaşdı. Heydər Əliyev adəti üzrə yenə də geniş və məzmunlu çıxış etdi, rəhbərliyə iradlarını bildirdi, tövsiyələrini verdi.

Axşam Xanlardan yola düşən qatar səhər tezdən Cəlilabada yetişdi. Qeyd etdiyim kimi, üçvaqonlu hökümət qatarının sərnişinləri arasında Azərbaycan Yazıçılar Birliyindən 4 nəfərin də adı vardı.

Həmin səfərin yaddaqalan və hamıya xoş təsir bağışlayan bir cəhətini də qeyd etməliyəm. O vaxt Azərbaycan Respublikasının indiki Prezidenti cənab İlham Əliyev də atası ilə birlikdə səfərə çıxmışdı. İlham Heydər oğlu ağlı, kamalı, nəcib insani keyfiyyətləri ilə hamını heyran qoymuşdu.

Məndən başqa Azərbaycan Yazıçılar Birliyinin daha üç üzvü - Atif Zeynallı, İntiqam Qasımzadə və Əhəd Muxtar da hökumət qatarının sərnişinləri arasında idi. Ümummilli liderimizin fenomenal, qeyri-adi yaddaşa malik olduğu hamıya məlumlur. Yolda şair Atif Zeynallı bildirdi ki, Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri olanda onun qəbuluna getmişəm: “Görəsən məni xatırlayacaqmı?” – “Əlbəttə, xatırlayacaq! Onun yaddaşından heç nə silinən deyil”, dedim.

Rəhbərin iş günü Cəlilabadda da gərgin və mənalı keçdi. İş günü başa çatdıqdan və müşavirə bitdikdən sonra Mədəniyyət sarayı direktorunun kabinetində Heydər Əlirza oğlu yazıçıları qəbul etdi. Əvvəlcə Atif
Zeynallı “şair, filologiya elmləri doktoru” kimi təqdim olundu.

Heydər Əliyev dedi: Sən Dövlət Təhlükəsizliyi Komitəsində mənim qəbulumda olubsan, Atif Zeynalov.

Biz təəccüb içində qaldıq: şairi Atif Zeynallı yox, pasportdakı soyadı ilə -
Zeynalov adlandırmışdı.

Atif Zeynallı gülə-gülə dedi ki, Heydər müəllim, Misir Respublikasına getməliydim, icazə vermirdilər. Qəbulunuzda oldum, məsələni müsbət həll etdiniz.

İkinci tanışlıq İntiqam Qasımzadə ilə oldu. Yazıçı-publisist, “Azərbaycan” jurnalının əməkdaşını dinləyən Heydər Əliyev dedi: “Sənin adın müharibə ilə bağlıdır, atan Böyükağa Qasımzadəni yaxşı xatırlayıram. Böyük Vətən müharibəsi illərində maraqlı yazılarla mətbuatda tez-tez çıxış edirdi”.

“Ulduz” jurnalının əməkdaşı, şair Əhəd Muxtarın milliyyətcə talış olduğunu biləndə ulu öndər ona Azərbaycan dili ilə yanaşı, öz ana dilində də şeirlər yazmağını məsləhət gördü.

Qeyd edim ki, özümüzü təqdim edəndə hansı ali məktəbi bitirdiyimizi də deyirdik. Növbə mənə çatdı:

– Əli Vəkil, şair-tərcüməçi, İrəvan Pedaqoji və Azərbaycan Dövlət İncəsənət institutlarının məzunu, Azərbaycan Yazıçılar İttifaqının orqanı olan, ermənicə “Ədəbi Azərbaycan” jurnalının şöbə müdiri.

Heydər Əliyev səmimi gülümsədi:

– Maraqlıdır, bir ali məktəbi İrəvanda, birini də Bakıda bitirmisən. Qonşu xalqın dilini mükəmməl bildiyindən həm də tərcümə ilə məşğul olursan. Erməni dilini məktəbdə keçmisən, yoxsa institutu o dildə bitirmisən?

– Xeyr, Heydər müəllim, orta məktəbi də, ali məktəbləri də öz ana dilimdə oxumuşam. Amma İrəvanda yaşadığım 17 ildə əlifbanı da, dili də sərbəst öyrənmişəm, - deyə cavab verdim.

– Onlarla necə yola gedirsən? – deyə ulu öndər soruşdu.

Heydər Əliyev “Ədəbi Azərbaycan” jurnalının redaksiyasında mənimlə birgə işləyən erməniləri nəzərdə tuturdu. Sizin qəti tapşırığınız olan yerdə onlar respublikamıza, habelə mənə nə edə bilərdilər?, - dedim.

– Orada daha bizim əleyhimizə yazı dərc olunmur ki? – deyə Heydər Əliyev xəbər aldı.

– Xeyr, Heydər müəllim, mən həm də redaksiya heyətinin üzvüyəm. Jurnalda dərc olunan bütün yazıları oxuyuram, - deyə cavab verdim.

Heydər Əlirza oğlu gülə-gülə əlavə etdi:

– Qorxub eləmə, möhkəm dayan. Onlar sənə heç nə edə bilməzlər.

Dahi şəxsiyyətin qətiyyətlə dediyi həmin sözlər heç vaxt yadımdan çıxmır. Beləliklə, mən 13 il ermənilərlə eyni redksiyada çalışaraq xalqımızın, ədəbiyyatımızın mənafeyini qorudum...

Bu yubiley günlərində ulu öndərin yaddaşıma həkk edilmiş əbədi heykəli bütün əzəməti, möhtəşəmliyi və parlaqlığı ilə gözlərim önündə yenidən canlanır. Heydər Əliyev sadəcə ölkənin rəhbəri və millətin lideri deyildi, bü müdrik, xilaskar, mərd və qorxmaz şəxs həm də səmimi, mehriban, xeyirxah və nəcib bir insan idi.

Heydər Əliyev istər Milli Təhlükəsizliyi Komitəsinin sədri işləyərkən, istərsə də 1969-cu il 14 iyul plenumundan sonra Azərbaycana rəhbərlik etdiyi illərdə daşnak ermənilər İrəvanda mənimlə rastlaşanda bir ağızdan deyirdilər: “Bəxtəvər sizin başınıza, indi sizin Heydər Əliyev kimi görkəmli lideriniz var! Amma, əslində, erməni xalqının qənimi, qəti düşməni gəldi. Bundan sonra Azərbaycanda yaşayan ermənilərin vay halına”.

Heydər Əliyev mərd, cəsarətli, yenilməz, cəsur, görkəmli bir dövlət xadimi idi.

Heydər Əliyevin Xanlar rayonuna həmin səfəri ilə bağlı atdığı cəsarətli addım uzun müddət insanların yadından çıxmadı. Sovet hakimiyyəti qurulandan sonra, bir qayda olaraq, Xanlar Rayon Partiya Komitəsinin I katibi vəzifəsində milliyyətcə erməni işləyirdi. Lakin Heydər Əliyevin rayona həmin səfəri ərəfəsində raykomun  birinci katibi Qasparyan vəzifəsindən azad edilmişdi. Rayon partiya komitəsinin ikinci katibi isə Murad Aşurov idi. Rayon haqqında ətraflı məlumat alaraq Bakıya qayıdan ulu öndərimiz Murad Aşurovu raykomun birinci katibi vəzifəsinə məsləhət gördü. Daşnaklar yana-yana qaldılar.

Bu, böyük xoşbəxtlikdir ki, ulu öndərin yolunu, Vətən, dövlət və millət üçün görduyü işləri onun Azərbaycan naminə böyüdüb boya-başa çatdırdığı varisi – möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir.

Əli VƏKİL, şair


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında