Ermənistan hakimiyyəti axıtdığı günahsız qanların cəzasını çəkir

İşğalçı ölkədə vəziyyət getdikcə kəskinləşir. Serj Sarkisyanı baş nazir vəzifəsindən qovan etirazçılar indi onun komandasının bütün üzvlərini tutduqları vəzifədən uzaqlaşdırmağa çalışırlar. “Xalqın namizədi” adlandırılan Nikol Paşinyan baş nazir postunu ələ keçirə bilmədikdən sonra vəziyyət daha da qəlizləşib. Məlum olduğu kimi, mayın 1-də Ermənistan parlamentində keçirilən xüsusi iclasda Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi təsdiq olunmayıb. Müxalif deputatın lehinə 45, əleyhinə 56 deputat səs verib, 2 nəfər səsvermədə iştirak etməyib. Qələbə üçün Paşinyanın 7 səsi çatmayıb. Ermənistan konstitusiyasına əsasən, belə olan halda 7 gündən sonra təkrar seçkilər keçirilməlidir. Lakin ikinci seçki turunun namizədləri ayrıca fraksiya deyil, ən azı deputatların üçdə biri tərəfindən təklif edilməlidir.

Əgər Ermənistanda növbəti dəfə hökumət başçısı seçilməzsə, Milli Məclis buraxılmalı və 30 gündən 45 günə qədər müddətdə növbədənkənar parlament seçkiləri keçirilməlidir. Yerli politoloqların fikrincə, bundan sonra ölkədə vəziyyət daha da ağırlaşacaq, qarşıdurma güclənəcək və çox güman ki, münasibətlərin aydınlaşdırılması silahlı münaqişə ilə nəticələnəcək.

Mayın 2-dən başlayaraq, Ermənistanda etiraz aksiyası iştirakçıları ölkənin əsas yollarını bağlayıb. Aeroporta gedən sərnişinlər çıxış yolunu piyada getməkdə görüblər. Bu arada metro işçiləri də işi dayandırıblar. İrana, Gürcüstana gedən yollar bağlanıb. Onsuz da iflic vəziyyətdə olan Ermənistanda, demək olar ki, həyat dayanıb. İndi etirazçılar siyasi hakimiyyətin “dəfninə” hazırlaşır. BBC-nin Azərbaycanca müxbiri Aleksey Manvelyanın Yerevandan verdiyi xəbərə görə, Nikol Paşinyanın elan etdiyi "total itaətsizlik aksiyası" paytaxtda və rayonlarda dərhal öz "nəticəsini” göstərib. Demək olar ki, ölkənin hər yerində nəqliyyatın hərəkəti iflic edilib.Yerevan metrosunun və Yerevan-Gümrü dəmir yolu qatarının da hərəkəti dayandırılıb.

Aksiyalar respublikaçılar fraksiyası üzvlərinin evləri önündə də təşkil edilib. Etiraz iştirakçıları burada "satqınlar!", "ar olsun!" kimi ifadələr işlədib, bir qrup gənc fəal isə Milli Məclisin hasarına "Sizdən zəhləmiz gedir!" plakatı asıb. Gənclərin bu ifadəsini mayın 1-də parlament iclasında çıxış edən müxalifəti təmsil edən deputat Sasun Mikayelyan hakim respublikaçılar partiyası nümayəndələrinə xitabən də demişdi. "Gənclər mübarizəyə qatılıblar, çünki onların sizdən zəhləsi gedir, çünki siz insanların taleyini zay etmisiniz!".

Etirazçıların lideri Nikol Paşinyan tərəfdarlarını ölkə üzrə bütün küçə və yolları bağlamağa çağırıb. Bununla da o, ölkənin baş nazirinin “xalqdan olan namizəd” seçilməsinə nail olmaq istəyir.

"Zvartnots" beynəlxalq aeroportu istiqamətində adamlar cərgə ilə düzülərək maşınlarla yolu kəsiblər. Hadisə yerinə çoxlu sayda qara geyimli, qara beretli xüsusi polis əməkdaşları gətirilsə də, onların əlində heç bir silah, xüsusi vasitə - dəyənək və sipər yoxdur. Polis kənara çəkilib, yolu kəsənlərə müqavimət göstərmir və buna cəhd də etmir. Yolu bağlayan əhali polisin bu hərəkətini alqışlayır, "Polis bizimdir!"-deyə qışqırır. Göründüyü kimi, Ermənistanın hüquq-mühafizə oqranı əməkdaşları da Serj Sarkisyan hakimiyyətindən cana doyubmuş və bunu etirazçılara müqavimət göstərməmələri ilə təsdiqləyiblər.

Siyasi şərhçilər son hadisələrə münasibət bildirərkən deyiblər ki, Ermənistan Serj Sarkisyan hakimiyyətinin axıtdığı günahsız insan qanının günahına batıb. Onların fikrincə, Serj Sarkisyan hakimiyyətə gəldiyi vaxtdan ölkədə aclıq, yoxsulluq, orduda ölüm halları baş alıb gedir. 2016-cı ilin Aprel döyüşlərini xüsusi vurğulayan ziyalılar bu döyüşə ehtiyac olmadığını bildirirlər.

“Armenpress.am” saytının siyasi sərhçisi Arkadi Manukyan yazır ki, Ermənistan hakimiyyəti belə bir döyüşə getməməli idi: “Kimsə hər hansı bir mübarizəyə qoşulanda, ilk növbədə öz qüvvəsini ölçüb-biçməli, sağına-soluna diqqətlə baxmalı, sonra mübarizəyə qoşulmalıdır. Ermənistan hakimiyyəti Rusiyanın sınıq-salxaq silahlarına , bir də kimlərəsə arxayın olub heç kimə fayda verməyən müharibəyə başladı. Nəticəsi nə oldu? Ermənistan biabırcasına məğlub oldu. Hərbçilərimiz silahlarını atıb canlarını zorla qurtardılar. Bu lazımsız, əhəmiyyətsiz döyüşdə ölənlərin, onların valideynlərinin günahı nə idi? Serj Sarkisyan və onun komandası günahsız insanların qətlə yetirilməsinin günahına batıblar. Öz cəzalarıdı, çəkməlidirlər”.

Son məlumata görə, etirazçılar yolları bağlamaq, itaətsizlik göstərmək qərarını dəyişərək, yenidən kütləvi mitinqlərə qərar veriblər. Müxalifətin lideri Nikol Paşinyan bu barədə Facebook vasitəsilə video müraciətində deyib ki, hazırda Yerevanda, respublikada bağlı olan yol qalmamalıdır: "Mən saat 17-dən bütün bağlı yolları açmağa çağırıram. Yolları açın ki, istəyənlər saat 19-da mitinqə gələ bilsinlər. Siz də yolları açıb Respublika meydanına gəlin!"

Artıq Ermənistanın bir sıra dövlət rəsmiləri də etirazçılara qoşulmaq qərarına gəliblər. Ermənistanın mədəniyyət naziri səlahiyyətlərini icra edən Armen Amiryanın istefa verməsi barədə məlumat verilmişdi. Bu barədə nazirliyin mətbuat katibi Ruzanna Xaçaturyan məlumat verib. Ermənistanın mədəniyyət xadimləri, aktyorları nazirdən xalq hərəkatına qoşulmağı tələb etmişdilər.

Bölgələrdən administrasiya işçilərinin də etiraz aksiyalarına qatıldığı haqqında məlumatlar yayılmaqdadaır. Tavuş rayon administrasiyası işçilərinin və vilayət mərkəzi İcevan şəhəri meriyası əməkdaşlarının tətil elan etdiyi bildirilir.

Vəziyyətin getdikcə gərginləşdiyini görən Ermənistan prezidenti Armen Sarkisyan "hadisələrə cəlb olunmuş siyasi qüvvələri" böhrandan çıxmaq üçün yaxın həftələr ərzində məsləhətləşmələri davam etdirməyə çağırıb. O, Milli Məclisin baş naziri seçə bilməməsindən təəssüfləndiyini bildirib və Ermənistanda siyasi böhranın davam etdiyini deyib.

Artıq şəhərin əksər zəruri obyektlərinin müxalifətin nəzarətində olduğu barədə məlumatlar yayılır. Müxtəlif şəhərlərdə etirazçıların səsləri artıq meriya binalarından eşidilir. Artıq ictimaiyyət nümayəndələri "Bu ölkədə özünə hörmət edən hər bir insan mövcud hakimiyyətin sonunadək mübarizə etməlidir", – deyərək, aksiya iştirakçılarına qoşulurlar.

Siyasi şərhçilərin fikrincə, etiraz dalğası getdikcə bütün ölkəni əhatə edə bilər. Artıq aksiyaya şagirdlər, tələbələr, həmçinin qızıl mədənində işləyən fəhlələr də qoşulublar.

“News.am” saytının verdiyi məlumata görə, Serj Sarkisyan tərəfdarları, daha dəqiqi, hakimiyyətdə yüksək vəzifə tutanlar Nikol Paşinyanın baş nazir olması ilə heç cür razılaşa bilmirlər. Onlar vəzifəni əldən vermək istəmirlər. Serj Sarkisyanın tərəfdarları, həmçinin Respublikaçılar Partiyasının üzvləri ilə gizli görüş keçirməsi və N.Paşinyanın baş nazir seçilməsinə bütün vasitələrlə mane olmaq tapşırığı verdiyi barədə də məlumatlar yayılıb.

Ermənistanda yaranmış hakimiyyətsizlik artıq asayiş keşikçilərinin də əl – qolunu açıb. Onlar, hətta, soyğunçuluğa da başlayıblar. “News.am” saytının verdiyi məlumata görə, polis polkovniki HSBC bankının filialına hücum edib. Bıçaq, qumbara və tüfənglə silahlanmış polis polkovnikinin banka hücumu nəticəsində mühafizə xidmətinin iki əməkdaşının yaralanması barədə polisə məlumat daxil olub. Yaralanan əməkdaşlardan biri ölüb. Cinayəti törədən şəxs pulları oğurlayaraq, hadisə yerindən qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. Saxlanma zamanı təqsirləndirilən şəxs polisə müqavimət göstərib. Polisdən bildiriblər ki, hadisəni törədən şəxs Dövlət Yol Polisinin video müşahidə mərkəzinin direktoru, polis polkovniki Daniel Danielyandır.

Faktlar da təsdiqləyir ki, Ermənistanda siyasi böhran elə bir həddə çatıb ki, artıq işğalçı dövlətdə silahlı münaqişə alovlanmaq ərəfəsindədir. Etirazçılar bildiriblər ki, uzun müddət Serj Sarkisyanın nəzarətində olan hakim Respublikaçılar Partiyası son addımları ilə mənəvi dəyərləri itirdiyini göstərdi. İndi onunla yalnız siyasi dəfni barədə danışmaq olar. Müxalifət lideri bildirirb ki, insanlar ölkədəki korrupsioner sistemdən, diktatorlardan xilas olmaq istəyirlər. Lakin Respublikaçılar Partiyası və onun hakimiyyətdə yüksək vəzifə tutan üzvləri Serj Sarkisyanın göstərişi ilə öz xalqı ilə “siçan-pişik” oynamaqda davam edir. Artıq ictimaiyyət nümayəndələrinə də bəllidir ki, Robert Koçaryan və Serj Sarkisyan parlamentin bütün fraksiyalarından olan deputatları Nikol Paşinyana səs verməməyə çağırıb və şəxsən təzyiq göstərməyə, onları təhdid etməyə başlayıblar.

Siyasi müşahidəçilərin fikrincə, Ermənistanın bu ağır vəziyyətdən yeganə çıxış yolu hakimiyyətə gələn şəxsin Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə maraq göstərməsindən asılı olacaq.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında