AŞPA-da deputatın hazırladığı növbəti sənəd ermənilərin daha bir saxtakarlıq cəhdini ifşa etmişdir

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı əsas fəaliyyət istiqamətlərindən biri Ermənistanın və Dağlıq Qarabağdakı separatçıların fitnəkar əməllərini daim avropalı deputatların diqqət mərkəzində saxlamaqdır.
Deputat Rafael Hüseynovun hazırladığı növbəti sənəd ermənilərin daha bir siyasi riyakarlığını ifşa etmişdir. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olan cəhdlərin aradan qaldırılması zəruriyyəti" adlanan həmin yazılı bəyannamə bir sıra ölkələrin deputatları tərəfindən müdafiə edilərək imzalanmışdır.
R.Hüseynovun müəllifi olduğu və 20-yə yaxın Avropa Şurası üzvünün həmfikir çıxdığı yazılı bəyannamə nəşr edilərək yayılmazdan əlavə, Parlament Assambleyasının yaz sessiyasının ikinci iş gününün ilk açıq iclasında elan olunmuş və assambleyanın digər üzvləri də sənədə imza atmağa dəvət edilmişlər.
Sənəddə göstərilir: "20 ilə yaxın müddətdə davam edən, Dağlıq Qarabağ da daxil olmaqla, daha 7 Azərbaycan rayonunun işğalı, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi, hər iki tərəfdən minlərlə adamın həyatını itirməsi ilə nəticələnən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə nizamlanması Avropa Şurasının həllinə çalışdığı vacib məsələlərdəndir.
Münaqişəyə son qoyulması və tərəflər arasında fikir ortaqlığının əldə edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu ilə yanaşı, Parlament Assambleyası da ciddi səylər göstərir. PA həmin problemlə əlaqədar xüsusi qətnamə (25 yanvar 2005-ci il) qəbul etmiş, bu qətnamənin icrasına nəzarət məqsədi ilə ayrıca alt komitə yaratmışdır.
Lakin təəssüflər olsun ki, bütün ardıcıl səylərə baxmayaraq, münaqişənin həllində əhəmiyyətli dönüşə nail olunmamışdır. Bunun başlıca səbəblərindən biri vaxtaşırı olaraq tərəflər arasındakı inamsızlığı dərinləşdirən və əldə olunmuş müəyyən irəliləyişləri əngəlləyən qanunazidd addımların atılmasıdır.
Belə pozucu və qeyri-konstruktiv hərəkətlərdən biri separatçı Dağlıq Qarabağ rejimi tərəfindən dırnaqarası parlament seçkilərinin keçirilməsi niyyətidir. Dünyanın 40 ölkəsindən dini liderlərin aprelin 26-27-də Bakıda keçirilən zirvə toplantısına bütün ermənilərin katolikosunun da qatılması nə qədər müsbət və yaxınlaşmanı təmin edən amildirsə, separatçı rejimin heç bir qanuni əsası olmayan, heç kəs tərəfindən tanınmayacaq və mahiyyəti etibarilə ucuz siyasi şoudan ibarət seçki oyunu bir o qədər zərərli və arzuolunmazdır.
AŞPA-nın 1416 saylı qətnaməsi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi təsbit edir, oradakı rejimi qanundankənar sayaraq konkret olaraq separatçı adlandırır.
Assambleya 2010-cu il mayın 23-də Dağlıq Qarabağda "parlament seçkiləri" adı ilə keçirilməsi planlaşdırılan qanunazidd və saxtakar aksiyadan çəkinməyə çağırır.
Assambleya Ermənistan Respublikasını mümkün təsir vasitələrindən istifadə edərək nizamlama prosesinə qətiyyən fayda verməyən, nail olunmuş irəliləyişləri və danışıqlar prosesini pozmağa yönələn bu təşəbbüslərin qarşısını almağa dəvət edir."
Avropa Şurasının qaydalarına görə, yeni imzalar üçün açıq saxlanmış bu sənəd imzaların miqdarı artdıqca hər dəfə yenidən kütləvi şəkildə nəşr ediləcəkdir. Bu isə öz növbəsində Ermənistanın fitnəkarlığı haqqında məlumatların daha geniş dairədə yayılması üçün əlavə imkanın yaranması deməkdir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri, Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında